Azərbaycan
İbaya Barta. Həyat yoldaşımı «sözsüz» fəth etdim
https://cms-imgp.jw-cdn.org/img/p/502400118/univ/art/502400118_univ_sqr_xl.jpg
lfs məqalə 18

İBAYA BARTA | BİOQRAFİYA

Həyat yoldaşımı «sözsüz» fəth etdim

Həyat yoldaşımı «sözsüz» fəth etdim

 Məni Yehovaya yaxınlaşdıran çoxlu səbəblər olub. Yehovanın Şahidlərinin arasındakı məhəbbət, istiqanlı olmaları mənə xoş təsir bağışladı və həqiqəti Müqəddəs Kitab əsasında öyrətmələri məni heyran qoydu. Allahın həqiqətən insanların qayğısına qaldığını və onlara gözəl gələcək vəd etdiyini öyrənəndə çox sevindim. Amma həyat yoldaşım sevincimə şərik deyildi və bu mənə çoxlu problemlər yaşatdı.

Toy günümüz

 Mən 1952-ci ildə Rumıniyada anadan olmuşam. Anam vəftiz olunmuş Şahid olsa da, qeyri-fəal idi və ibadət görüşlərində iştirak etmirdi. Üstəlik, həmin vaxt Rumıniya kommunist rejimi altında idi, Yehovanın Şahidlərinin nəşrlərinin çapı və təbliğ fəaliyyəti qadağan olunmuşdu. Otuz altı yaşıma qədər Yehovanın kim olduğunu və Müqəddəs Kitabda nə yazıldığını bilmirdim. Amma 1988-ci ildə yoldaşım İşvanla birgə Satu-Mare şəhərində yaşayanda həyatımı dəyişən bir hadisə baş verdi.

Rədd edə bilməyəcəyim təklif

 Bir dəfə anam məni ziyarət etməyə gəlmişdi. O mənə dedi: «Xalanı görməyə gedirəm. Bəlkə, sən də gələsən? Sonra bir yerdə bazarlığa gedərik». Həmin vaxt görüləsi vacib bir işim yox idi, ona görə də getməyə razılaşdım.

 Xalamgilə çatanda gördüm ki, evdə Yehovanın Şahidlərinin ibadət görüşü keçirilir. Görüşdə doqquz nəfər var idi. Öyrəndim ki, anam yenidən fəal və şövqlü təbliğçidir. Həmin səhər orada eşitdiklərim mənə dərin təsir bağışladı.

 Görüş bitəndən sonra görüşü aparan qardaş mənə yaxınlaşdı və özünü təqdim edib dedi: «Mənim adım Yanoşdur. Fikir verdim ki, görüşə diqqətlə qulaq asırdınız. Eşitdikləriniz xoşunuza gəldi?» Mən ona heç vaxt belə bir görüşdə iştirak etmədiyimi və yenə gəlmək istədiyimi dedim. O soruşdu: «Müqəddəs Kitabı öyrənmək istəyərdiniz?» Bu rədd edə bilməyəcəyim təklif idi. Hiss edirdim ki, məni bu insanların yanına Allah gətirib.

 Növbəti gün Yanoş məni İda ilə tanış etdi. O mənimlə dərs keçməyə başladı. Bunu yoldaşım İşvana deməyə qorxurdum, çünki Yehovanın Şahidləri ilə dərs keçməyə başladığımı öyrənəndə necə reaksiya verəcəyini bilmirdim. Bu barədə onunla danışmağa dəfələrlə cəhd etdim, amma o mənim dediklərimə əhəmiyyət vermirdi. Bilirdim ki, etdiklərim onun xoşuna gəlmir.

 Buna baxmayaraq, mən Müqəddəs Kitabı öyrənməyə davam etdim və 1989-cu ildə vəftiz olundum. Dörd ay sonra Rumıniyada kommunist rejimi dağıldı və rejimin lideri edam edildi.

Təqiblər güclənir

 Kommunist rejiminin bitməsi ilə Yehovanın Şahidləri sərbəst fəaliyyət göstərə bildilər. Biz maneəsiz şəkildə ibadət görüşü keçirə və təbliğ edə bilirdik. Mənim vəziyyətimdə isə bu sərbəstlik daha çox təqib olunmağıma gətirib çıxardı. İşvan mənə dedi: «Nəyə inandığın mənə maraqlı deyil. Amma ev-ev təbliğə getməyini istəmirəm».

 Əlbəttə, mən təbliğ etməyi dayandırmadım (Həvarilərin işləri 4:20). Buna görə də ehtiyatlı davranmağa çalışırdım. Amma bir gün ev-ev təbliğ edərkən İşvanın dostları məni gördülər və İşvana xəbər verdilər. Evə gələndə ərim üstümə qışqırıb dedi: «Sən məni və ailəmizi rüsvay edirsən». Sonra bıçağı boğazıma dirədi və təbliğ etməyə davam etsəm, məni öldürəcəyini dedi.

 Çalışdım, İşvana vəziyyəti açıqlayım və onu məhəbbətimə əmin edim. Sözlərim bir müddət onu sakitləşdirdi. Amma yaxın bir qohumun dini nikah mərasiminə getmədiyim üçün o, yenidən qəzəbdən od püskürdü. Bundan sonra o məni daha çox təhqir etməyə başladı.

 Təəssüf ki, on üç il İşvanın qəzəbinə dözməli oldum. Bu illər ərzində o məni boşamaqla hədələyirdi. Bəzən o, qapını bağlayırdı və məni evə buraxmırdı. Bəzən isə əşyalarımı toplayıb, evi tərk etməyimi istəyirdi.

 Bu çətinliklərə dözməyə mənə nə kömək etdi? Mən dua edib, Yehovadan qəlb rahatlığı dilədim və həqiqətən, Onun mənə dəstək olduğunu hiss etdim (Zəbur 55:22). Yığıncaqdakı bacı-qardaşlar da mənə çox dəstək olurdular. Ağsaqqallar və bəzi təcrübəli bacılar xidmətdən soyumamağım üçün məndən köməklərini əsirgəmirdilər. Onlar mənə Müqəddəs Kitabda yazılan bir məsləhəti xatırladaraq deyirdilər ki, qadınlar Yehovaya sadiq qalaraq ərlərini «sözsüz» fəth edə bilərlər (1 Butrus 3:1). Vaxt keçdikcə bu sözlərin doğruluğuna əmin oldum.

Vəziyyət dəyişir

 2001-ci ildə İşvan insult keçirdi. Nəticədə, onun ayaqları tutuldu və o, yeriyə bilmədi. Bir ay xəstəxanada yatdı və həftələrlə reabilitasiyadan keçdi. Bu müddət ərzində mən hər zaman onun yanında idim. Ona yemək verirdim, onunla söhbət edirdim və onun üçün lazım olan hər şeyi edirdim.

 Yığıncağımızdan bəzi bacı-qardaşlar İşvanı görməyə gəlirdilər. İşvan onların məhəbbətini, qayğısını öz gözləri ilə görürdü. Çoxları bizə ev işlərini görməyi təklif edirdilər. Ağsaqqallar bizə təsəlli verib dəstək olmağa həmişə hazır idilər.

 Bu ziyarətlər İşvana dərin təsir bağışladı və o mənə qarşı etdiklərinə görə utandı. O həmçinin gördü ki, dostlarından heç biri onu ziyarət etməyə gəlmədi. Ona görə də xəstəxanadan çıxanda İşvan dedi: «Mən Müqəddəs Kitabı öyrənmək, Yehovanın Şahidi olmaq istəyirəm». Həmin an sevinc göz yaşlarımı saxlaya bilmədim.

 2005-ci ilin mayında İşvan vəftiz olundu. Yeriyə bilmədiyi üçün qardaşlar İşvanı vəftizin keçirildiyi hovuzun yanına gətirdilər, onu ehtiyatla suya saldılar və vəftiz etdilər. İşvan şövqlü təbliğçi oldu. Onunla təbliğdə keçirdiyimiz çoxlu xoş xatirələrimiz var. Bu, möhtəşəm bir hiss idi! Təsəvvür edin, bir vaxtlar Allahın Kəlamındakı həqiqətləri təbliğ etdiyim üçün məni təqib edən adam indi mənim yanımdadır və müjdəni başqaları ilə bölüşür.

 İşvan Yehovaya dərin məhəbbət bəsləyirdi, vaxt ayırıb Müqəddəs Kitabı oxuyur, ayələri əzbərləyirdi. O bu ayələri yığıncaqdakı bacı-qardaşlarla müzakirə etməyi çox sevirdi. İşvan bu fürsətdən istifadə edib onları ruhlandırırdı.

Dostlarımızla birgə regional toplantıda

 İşvanın səhhəti get-gedə daha da pisləşirdi. Bir neçə dəfə kiçik insultlar keçirəndən sonra danışıq qabiliyyətini itirdi və sonda yatağa düşdü. Bəs bu vəziyyət onu ruhani cəhətdən zəiflətdi? Qətiyyən yox! O bacardığı qədər oxumağa və öyrənməyə davam edirdi. Bacı-qardaşlar İşvanın yanına gələndə onlarla ünsiyyət qurmaq üçün sadə ekranlı elektron cihazından istifadə edirdi. Bir qardaş demişdi: «İşvanın yanına gəlməyi çox sevirəm. Onun yanından evə qayıdanda həmişə gümrah və yüksək əhval-ruhiyyədə oluram».

 Təəssüf ki, 2015-ci ilin dekabrında İşvan vəfat etdi. Bu mənim üçün çox böyük itki idi və mənə böyük kədər yaşatdı. Amma bir şey mənə təsəlli verirdi: ölümündən xeyli əvvəl İşvan Yehova ilə dost olmuşdu. Buna görə çox sevinirəm. Həm İşvan, həm də anam Yehovanın yaddaşındadırlar. Onları Yehovanın vəd etdiyi yeni dünyada qarşılamağı, yenidən onları bağrıma basmağı həsrətlə gözləyirəm.

 Anamla birgə xalamgilə getdiyimiz gündən otuz beş il ötüb və mən o günü heç vaxt unutmayacağam. İndi yetmişdən çox yaşım var və öncül kimi xidmət edirəm. Bununla Yehovaya mənim üçün etdiklərinə görə minnətdarlığımı bildirməyə çalışıram (Zəbur 116:12). Yehova mənə təqiblərlə üzləşəndə Ona sadiq qalmağa və sakitliyimi qorumağa kömək etdi. Təqiblərə baxmayaraq, vəziyyətin dəyişəcəyinə ümid etməyi öyrəndim. Nə qədər gözlənilməz olsa da, mən həyat yoldaşımı «sözsüz» fəth edə bildim.