Yaradılış 35:1—29

  • Yaqub yad allahların bütlərini torpağa basdırır (1—4)

  • Yaqub Beytelə qayıdır (5—15)

  • Binyamin doğulur; Rəhilə vəfat edir (16—20)

  • İsrailin on iki oğlu (21—26)

  • İshaq vəfat edir (27—29)

35  Bütün bunlardan sonra Allah Yaquba dedi: «Qalx, Beytelə+ get, orada yaşa. Qardaşın Eysdən qaçanda sənə görünən Allaha orada qurbangah düzəlt».+ 2  Onda Yaqub ailəsinə və onunla olanların hamısına dedi: «Sizdə olan yad allahların bütlərini atın,+ paklanın, paltarlarınızı dəyişin. 3  Yığışıb Beytelə köçürük. Orada dar günümdə mənə hay verən, ta bu günədək mənə dayaq olan Allaha qurbangah düzəldəcəyəm».+ 4  Onlar özlərində olan bütün bütləri və qulaqlarındakı sırğaları Yaquba verdilər, Yaqub da onları Sihamın yaxınlığında bitən böyük ağacın altında basdırdı. 5  Bundan sonra onlar yola düşdülər. Ətraf şəhərləri Allahın vəhmi başmışdı, buna görə də onlar Yaqubun oğullarını təqib etmədilər. 6  Axırda Yaqubgil gəlib Kənan torpağındakı Luz+ şəhərinə, yəni Beytelə çıxdılar. 7  Yaqub orada qurbangah düzəltdi və həmin yerin adını İl-Beytel* qoydu, çünki qardaşından qaçanda Allah orada ona görünmüşdü.+ 8  Bir müddət sonra Rəfəqənin dayəsi Dəburə+ öldü. Onu Beytelin yaxınlığında, bir palıdın altında dəfn etdilər. Bu səbəbdən Yaqub ağacın adını Allun-Bakut* qoydu. 9  Yaqub Fəddan-Aramdan köç edən vaxt Allah yenə də ona göründü. Ona xeyir-dua verib 10  dedi: «Sənin adın Yaqubdur+, amma bundan sonra adın Yaqub yox, İsrail olacaq». Beləliklə, Allah ona İsrail adını verdi.+ 11  Allah sözünə davam edib dedi: «Mən Qadir Allaham.+ Sənin nəslini çoxaltdıqca çoxaldacağam. Səndən xalqlar, çoxlu xalqlar törəyəcək.+ Nəslindən padşahlar çıxacaq*.+ 12  İbrahimə və İshaqa verdiyim torpağa gəlincə, onu sənə, səndən sonra isə övladlarına verəcəyəm».+ 13  Bundan sonra Allah Yaqubla danışdığı yerdən getdi. 14  Yaqub Allahın onunla danışdığı yerdə dikinə bir daş qoydu, üstünə şərab təqdiməsi* və yağ tökdü.+ 15  O, Allahın onunla danışdığı həmin bu yerin adını yenə də Beytel deyib çağırdı.+ 16  Sonra Yaqubgil Beyteldən çıxıb yola düşdülər. Əfrata hələ xeyli qalmış Rəhiləni doğuş sancısı tutdu. Doğuş çox ağır keçirdi. 17  Uşaq gələndə mamaça ona dedi: «Qorxma, bu da oğlandır».+ 18  Rəhilə can üstə olanda oğlunun adını Bənuni* qoydu. Atası isə ona Binyamin*+ adını verdi. 19  Rəhilə öldü və Əfrata (Beytləhm)+ gedən yolda dəfn edildi. 20  Yaqub onun qəbrinin üstünə bir daş qoydu. Bu başdaşı bu günə kimi Rəhilənin qəbri üstündədir. 21  İsrail yola davam edib Ədər qülləsinin o biri tərəfində çadır qurdu. 22  Bir gün, İsrail hələ o diyarda yaşayan vaxt, Rubən atasının kənizi Bəlhə ilə yaxınlıq etdi.+ Bu, İsrailin qulağına çatdı. Yaqubun on iki oğlu var idi. 23  Ləyadan doğulan oğulları: ilki Rubən,+ Şəmun, Lavi, Yəhuda, Yəsakir, Zəbulun; 24  Rəhilədən doğulan oğulları: Yusif və Binyamin; 25  Rəhilənin kənizi Bəlhədən doğulan oğulları: Dan və Niftalı; 26  Ləyanın kənizi Zülfədən doğulan oğulları: Cad və Aşir. Bunlar Yaqubun Fəddan-Aramda doğulan oğulları idi. 27  Yaqub İbrahimlə İshaqın qərib+ kimi yaşadığı Kiryat-Arba (Həbrun) yaxınlığındakı Mamreyə+, atası İshaqın yanına gəldi. 28  İshaq yüz səksən il yaşadı.+ 29  O, uzun ömür sürdükdən sonra həyatdan məmnun halda dünyadan köçdü və ata-babalarına qovuşdu*. Oğlanları Eyslə Yaqub onu dəfn etdilər.+

Haşiyələr

Mənası: Beytelin Allahı.
Mənası: ağlaşma palıdı.
Hərfən: belindən padşahlar gələcək.
Yaxud maye təqdiməsi. Təqdimə — təqdim olunan şey; bəxşiş, sovqat.
Mənası: kədərimin oğlu.
Mənası: sağ əlimin oğlu.
İbranilərdə ölümü bədii dillə təsvir edən ifadə.