Birinci Yəhya 1:1—10
1 O, əzəldən var idi, biz onu eşitmişik, gözlərimizlə görmüşük, onu müşahidə etmişik və ona əllərimizlə toxunmuşuq. O, həyat kəlamıdır.+
2 Bəli, həyat açıq-aşkar zühur etdi, biz Atanın yanında olmuş və bizə açıq-aşkar göstərilmiş əbədi həyatı+ gördük. Biz onun haqqında şəhadət edir+ və sizə ondan danışırıq.
3 Görüb-eşitdiyimiz şeyləri sizə çatdırırıq+ ki, siz də bizimlə vəhdətdə* olasınız. Bu vəhdətimiz həm də Ata və Onun Oğlu İsa Məsihlədir.+
4 Bütün bunları sevincimiz tam olsun deyə, yazırıq.
5 Ondan eşidib sizə bildirdiyimiz xəbər budur: Allah nurdur+ və Onda zərrə qədər də qaranlıq yoxdur.
6 Əgər biz: «Onunla vəhdətdəyik», — deyib qaranlıqda yeriyiriksə, onda yalan danışır və həqiqət yolunda yerimirik.+
7 O, nurda olduğu kimi, biz də nurda yeriyiriksə, deməli, bir-birimizlə vəhdətdəyik və Onun Oğlu İsanın qanı bizi bütün günahlardan təmizləyir.+
8 Əgər: «Bizdə günah yoxdur», — deyiriksə, onda özümüzü aldadırıq+ və qəlbimizdə həqiqət yoxdur.
9 Əgər günahlarımızı etiraf ediriksə, O, sədaqətli və adil olduğundan günahlarımızı bağışlayacaq və bizi hər cür əyrilikdən təmizləyəcək.+
10 Əgər: «Günah işləməmişik», — deyiriksə, Onu yalançı edirik və Onun sözü qəlbimizdə yoxdur.
Haşiyələr
^ Yaxud müştərək.

