Timutiyə birinci məktub 1:1—20

  • Salamlar (1, 2)

  • Saxta müəllimlərlə bağlı xəbərdarlıq (3—11)

  • Bulusa göstərilmiş lütf (12—16)

  • Əbədiyyət Padşahı (17)

  • Şanlı mübarizəni davam etdir (18—20)

1  Xilaskarımız Allahın və ümidimiz Məsih İsanın+ əmri ilə Məsih İsanın həvarisi olan Bulusdan 2  iman yolunda doğma balam olan+ Timutiyə*+ məktub. Atamız Allahdan və Ağamız Məsih İsadan gələn lütf, mərhəmət və sülh sənə yar olsun. 3  Mən Makedoniyaya getməyə hazırlaşarkən səni Efesdə qalmağa təşviq etdiyim kimi, indi də təşviq edirəm ki, orada qalıb bəzilərinə yad təlimləri öyrətməyi, 4  uydurma rəvayətlərə+ və nəsil şəcərələrinə baş qoşmağı qadağan edəsən.+ Bunların heç bir faydası yoxdur, ancaq fərziyyələr doğurur və Allahın imanı möhkəmləndirmək üçün verdiyi şeylərlə heç bir əlaqəsi yoxdur. 5  Bu göstərişin məqsədi odur ki, hamımızda sidqi-ürəkdən gələn, təmiz vicdandan və riyasız imandan doğan+ məhəbbət olsun.+ 6  Bəziləri bunlardan uzaqlaşıb boş-boş söhbətlərə baş qoşmuşlar.+ 7  Onların könlündən qanun müəllimi olmaq+ keçir, ancaq nə öz dediklərindən, nə də israrla iddia etdikləri şeylərdən başları çıxmır. 8  Biz bilirik ki, düzgün tətbiq edilərsə, Qanun yaxşıdır. 9  Axı Qanun saleh adamlar üçün yox, qanunsuz,+ asi, allahsız, günahkar, sədaqətsiz, müqəddəs şeyləri heç yerinə qoyan adamlar üçün, qatillər, o cümlədən ata-ana qatilləri, 10  əxlaqsız, kişibaz, insan oğruları, yalançı, andı pozan* və sağlam təlimə+ zidd gedən işlərlə məşğul olan adamlar üçün verilib. 11  Bu sağlam təlim xoşbəxt Allahın mənə əmanət etdiyi şanlı müjdəsinə müvafiqdir.+ 12  Mənə güc verən Ağamız Məsih İsaya minnətdaram, çünki o, məni sadiq bilərək mənə xidmət həvalə edib.+ 13  Hərçənd əvvəllər mən küfr danışır, Allahın xalqını təqib edirdim və dikbaş adam idim.+ Bütün bunlara baxmayaraq, mənə mərhəmət göstərildi, çünki mən cahil və imansız olduğum üçün belə hərəkət edirdim. 14  Ancaq mən imanla və Məsih İsadan duyduğum məhəbbətlə yanaşı, Rəbbin lütfünü də bol-bol daddım. 15  Bu sözlər doğru və tam etimada layiqdir: Məsih İsa bu dünyaya günahlı adamları xilas etmək üçün gəldi.+ O günah sahiblərindən ən betəri də mənəm.+ 16  Buna baxmayaraq, mənə mərhəmət göstərildi ki, Məsih İsa mənim, ən betər günahkarın üzərində bütün səbrini nümayiş etdirsin və mən əbədi həyata qovuşmaq üçün+ ona iman gətirəcək adamlara örnək olum. 17  Qoy izzət və şərəf sonsuzadək əbədiyyət Hökmdarının,+ ölməz+, gözəgörünməz+ və tək olan Allahın+ olsun! Amin. 18  Oğlum, Timuti, sənə bu göstərişi sənin barəndə edilən peyğəmbərliklərə uyğun olaraq verirəm. Belə ki, onların sayəsində şanlı mübarizəni davam etdirəsən,+ 19  imanını və təmiz vicdanını+ qoruyasan. Bəziləri öz vicdanını tapdamış və imanları gəmi kimi qəzaya uğramışdır. 20  Himeney+ və Aleksandr da belələrindəndir. Onları Şeytana təslim etdim+ ki, bu cəzadan ibrət götürüb küfr etməyi tərgitsinlər.

Haşiyələr

Mənası: Allaha şərəf gətirən.
Yaxud yalandan and içən.