İbranilərə məktub 7:1—28
7 Allah-Taalanın kahini Səlim padşahı Məliksadiq padşahlar üzərində zəfər çalmış İbrahimin qarşısına çıxdı və ona xeyir-dua verdi.+
2 İbrahim də ona hər şeyin onda birini verdi. O, əvvəla «salehlik Padşahıdır» (adının mənasına görə), sonra Səlim padşahı, yəni «sülh Padşahıdır».
3 Ata-anasının kim olduğu, əsli-nəcabəti bilinmir. Həyatının nə başlanğıcı, nə sonu bəllidir. Allahın Oğluna bənzədildiyi üçün o, əbədi kahin olaraq qalır.+
4 Görün o necə böyük adam idi. Əcdadımız İbrahim qənimətin ən yaxşı hissəsinin onda birini ona vermişdi.+
5 Bəli, Qanuna görə Lavi oğullarından kahinlik vəzifəsinə təyin olunanlara+ əmr edilmişdi ki, xalqdan, öz qardaşlarından ondabir vergisini yığsınlar,+ baxmayaraq ki, onlar İbrahimin övladları idilər.
6 Ancaq lavililərlə eyni nəsildən olmayan bu adam vədlərə malik olan İbrahimdən ondabir vergisi aldı və ona xeyir-dua verdi.+
7 Bu danılmazdır ki, böyük kiçiyə xeyir-dua verir.
8 Ondabir vergisini alan lavililər fani adamlar idi, ondabir vergisini alan digər adam haqqında isə şəhadət edilir ki, o sağdır.+
9 Hətta deyə bilərəm ki, ondabir vergisini yığan Lavi də İbrahim vasitəsilə ondabir vergisi vermişdi,
10 belə ki, o, Məliksadiqlə qarşılaşan İbrahimin gələcək övladı idi.+
11 Əgər xalqa verilən Qanunun səciyyəvi əlaməti olan Lavi kahinliyi vasitəsilə kamilliyə yetişmək mümkün olsaydı,+ onda başqa bir kahinin, Harun timsallı yox, Məliksadiq timsallı kahinin+ meydana gəlməsinə ehtiyac qalardı?
12 Ancaq kahinliyin dəyişilməsi Qanunun da dəyişilməsi zərurətini yaradır.+
13 Sözügedən adam başqa qəbilədəndir və o qəbilədən heç kəs qurbangahda xidmət etməmişdir.+
14 Ağamızın Yəhuda qəbiləsindən gəldiyi+ hamıya məlumdur. Ancaq Musa kahinlərin bu qəbilədən gəlməsi barədə heç bir şey deməmişdi.
15 Məliksadiq timsallı başqa bir kahinin+ meydana çıxması ilə bu, daha da aydın bəlli olur.+
16 O, soya əsaslanan hüquqi tələblər sayəsində yox, məhvolunmaz həyatın+ qüvvəsi sayəsində kahin oldu.
17 Çünki Müqəddəs Yazılarda onun haqqında deyilir: «Sən Məliksadiq timsallı əbədi kahinsən».+
18 Deməli, zəif və yararsız olduğundan əvvəlki əmr ləğv olunur.+
19 Çünki Qanun heç nəyi kamil etmədi.+ Kamillik daha yaxşı ümidin+ meydana çıxması ilə mümkün oldu. Bu ümidin sayəsində biz Allaha yaxınlaşırıq.+
20 Həmçinin Allah bu kahinliyi andla verdiyi üçün
21 (düzdür, kahinlik vəzifəsini alanlar var, ancaq Allah onlardan ötrü and içməyib. O isə ondan ötrü and içən Allahın andı ilə kahin olub. Allah belə demişdi: «Yehova and içib, qərarını dəyişməz. “Sən əbədi kahinsən”»)+
22 İsa daha yaxşı əhdin zəmanəti oldu.+
23 Bundan əlavə, ölüm kahinlərin xidmətdə qalmasına mane olduğundan+ onlar bir-birini əvəz etməli olurdu.
24 Ancaq o, əbədi yaşadığı üçün onu əvəz edən kahin olmayacaq.+
25 Bu, o deməkdir ki, İsa onun vasitəsilə Allaha yaxınlaşanları tamamilə xilas edə bilər, çünki o, həmişə sağdır və onlardan ötrü həmişə Allaha yalvarır.+
26 Bizə məhz bu cür: sədaqətli, məsum, pak+, günahlılardan fərqlənən, göylərdən də uca bir baş kahin lazımdır.+
27 Onun həmin o baş kahinlər kimi, əvvəlcə özünün, sonra isə xalqın günahlarına görə+ hər gün qurban təqdim etməsinə+ ehtiyac yoxdur, çünki o, öz canını qurban verəndə bunu birdəfəlik etdi.+
28 Çünki Qanun zəiflikləri olan insanları baş kahin təyin edir,+ ancaq Qanundan sonra içilən andın sözü+ əbədilik kamil+ olmuş Oğulu baş kahin təyin edir.

