Zəbur 90:1—17

  • Əbədi Allah və qısa ömürlü insan

    • Min il ötən bir günə bənzər (4)

    • 70—80 il yaşayır (10)

    • Bizi öyrət ki, günlərimizin qədrini bilək (12)

Allahın qulu Musanın duası. 90  Ey Yehova, bütün nəsillər boyu məskənimiz* Sənsən.   Dağlar doğulmazdan əvvəl,Sən dünyanı, torpağı var etməzdən əvvəlƏzəldən əbədiyyətə Allah Sənsən.   Fani insanı torpağa qaytarırsan,«Ey bəşər oğulları, torpağa qayıdın», — deyirsən.   Sənin gözündə min il ötüb keçən gün kimidir,Gecə növbəsinə bənzər.   Onları silib-süpürürsən, yuxutək keçib gedirlər,Səhər çağı onlar, sanki, cücərən otlardır.   Səhər çiçək açır, təzə-tər olur,Axşam çağı solur, quruyub gedir.   Qəzəbin bizi bürüyüb udur,Hiddətin canımıza vahimə salır.   Təqsirlərimizdən agahsan*,Üzünün nuru sirlərimizi aşkar edir.   Qəzəbindən ömür-günümüz bitir,İllərimiz pıçıltıtək kəsilir. 10  Yetmiş il ancaq yaşarıq,Canı sağlam olan, bəlkə, səksənə yetişə. O da ki əzabla, qəm-qüssə ilə keçər,Ömrümüz tez ötür, uçub gedirik. 11  Qəzəbinin şiddətini kim anlaya bilər? Hiddətin canımızdakı xofun qədər böyükdür. 12  Bizi öyrət ki, günlərimizin qədrini bilək,Ürəyimiz hikmətli olsun. 13  Qayıt, ey Yehova! Axı nə vaxtadək belə davam edəcək? Bəndələrinə yazığın gəlsin. 14  Sübh tezdən bizi məhəbbətinlə doyuzdur ki,Şaqraq səsimiz yüksəlsin, ömür boyu sevincimiz aşıb-daşsın. 15  Qəm-qüssə verdiyin günlərin sayı qədər,Əzab-əziyyət çəkdiyimiz illərin sayı qədər sevinc ver bizə. 16  Qoy işlərin qullarına bəlli olsun,Əzəmətin onların oğulları üzərinə şəfəq saçsın. 17  Allahımız Yehovanın lütfü üstümüzdən əskik olmasın,Qoy əlimizin işi avand olsun. Özün işimizi avand elə.

Haşiyələr

Digər variant: sığınacağımız.
Hərfən: təqsirlərimizi qarşına qoyursan.