Zəbur 60:1—12

  • Allah düşmənlərini əzir

    • İnsandan xilas gözləmək əbəsdir (11)

    • «Biz Allahdan güc alarıq» (12)

Dirijora. «Xatirə zanbağı». Mixtam*. Davudun məzmuru. Təlim üçün. Davud Aram-Nəhraim və Aram-Sobah ilə döyüşərkən Yuab geri dönüb Duz vadisində 12 000 ədumini qıranda. 60  Xudaya, bizi tərk etdin, cərgələrimizi yarıb keçdin, Bizə qəzəbləndin. İndi qəbul et bizi, nə olar.   Yeri titrətdin, çat-çat etdin, Yer titrəyir, onun çatlarını bitişdir.   Xalqına sıxıntı verdin, Bizə gicəlləndirici şərab içirtdin.   Səndən qorxanlara işarə ver ki*,Onlar qaçıb oxdan qurtulsunlar. (Selah)   Sağ əlinlə bizə qurtuluş ver, bizə hay ver,Qoy istəkli bəndələrin nicat tapsın.   Müqəddəs Allah* dedi: «Sevinib-coşacağam, Sihamı istədiyim kəsə pay verəcəyəm,Suqqut dərəsini ölçüb böləcəyəm.   Gilad Mənimdir, Mənəssə Mənim,Əfraim başımın dəbilqəsidir*,Yəhuda əlimdə öndər əsasıdır.   Muab yuyunmaq üçün teştimdir, Səndəlimi Əduma tullayacağam, Filiştin üstünə zəfər harayı çəkəcəyəm».   Kim məni mühasirədəki* şəhərə aparar? Kim məni Əduma qədər aparar? 10  Səndən başqa kim bunu edər, ey Allah?Ey bizi tərk edən, daha ordularımızın üstündə döyüşə çıxmayan Allahımız. 11  Bizə kömək ol, sıxıntıdan qurtulaq,Əbəsdir insandan xilas gözləmək. 12  Biz Allahdan güc alarıq,O, düşmənlərimizi tapdalayar.

Haşiyələr

Digər variant: verdin ki.
Digər variant: Allah Öz müqəddəs məkanında.
Hərfən: istehkamıdır.
Digər variant: istehkamlı.