Zəbur 119:1—176

  • Allahın Kəlamının vəsfi

    • Cavan yolunu necə pak saxlasın? (9)

    • Öyüdlərin mənə əzizdir (24)

    • Sözünə ümid bağlamışam (74, 81, 114)

    • Qanununu elə sevirəm ki! (97)

    • Müəllimlərdən də zəkalı (99)

    • Sözün addımlarıma çıraqdır (105)

    • Sözünün bünövrəsi həqiqətdir (160)

    • Qanununu sevənlər sülh içində yaşayır (165)

א [Alef]* 119  Nə xoşbəxtdir yolunda kamil olan,Yehovanın qanunu ilə addımlayan insan!   Nə xoşbəxtdir Onun öyüdlərinə riayət edən,Bütün qəlbi ilə Onu axtaran insan!   Belələri haqsızlıq etməz,Onun yollarında addımlayar.   Sən bizə əmr etdin ki,Buyruqlarına diqqətlə əməl edək.   Qayda-qanununa riayət etmək üçünTəki yolumda əzmlə dura biləydim,   O zaman bütün əmrlərini götür-qoy edəndəXəcalət çəkməzdim.   Adil hökmlərini öyrəndikcəSəni sidqi-ürəkdən ucaldaram.   Qayda-qanununa riayət edərəm, Nə olar, məni büsbütün tərk etmə. ב [Bet]   Cavan adam yolunu necə pak saxlaya bilər? Sənin sözünə baxıb özünü gözləməklə.  10  Mən bütün qəlbimlə Səni axtarıram, Qoyma əmrlərindən çıxım.  11  Sözlərini qəlbimdə hifz edirəm ki,Sənə qarşı günah etməyim.  12  Sənə alqış olsun, ey Yehova,Mənə qayda-qanununu öyrət.  13  Ağzından çıxan bütün hökmləriDilimlə bəyan edirəm.  14  Dünyanın sərvətindən çoxSənin öyüdlərin mənə sevinc verir.  15  Buyruqların barədə dərindən düşünərəm,Sənin yollarından gözümü ayırmaram.  16  Tələblərin mənə əzizdir, Sənin sözünü unutmaram. ג [Qimel]  17  Bu quluna yaxşılıq et,Qoy yaşayıb Sənin sözünə qulaq assın.  18  Gözlərimi aç,Qoy qanunundakı gözəllikləri aydın görüm.  19  Bu diyarda bir qəribəm, Əmrlərini məndən gizlətmə.  20  Daim hökmlərininİntizarını çəkirəm.  21  Sən əmrlərini pozanları,Lənətə gəlmiş lovğaları məhkum etdin.  22  Həqarəti, nifrəti məndən kənar et,Axı öyüdlərinə əməl etmişəm.  23  Hətta başçılar toplaşıb əleyhimə danışandaBu qulun qayda-qanunun barədə düşünür.  24  Öyüdlərin mənə əzizdir,Onlar məsləhətçimdir. ד [Dalet]  25  Canım torpağa sərilib, Verdiyin sözə görə yaşat məni.  26  Yollarımı Sənə bildirdim, mənə hay verdin.Qayda-qanununu öyrət mənə.  27  Buyruqlarının mənasını mənə anlat ki,Möhtəşəm işlərinin dərinliklərinə varım.  28  Qəm-qüssə əlindən yata bilmirəm, Verdiyin sözə görə mənə qüvvət ver.  29  Qoyma yalan yola qədəm basım,Mənə lütf göstər, qanununu öyrət.  30  Mən sədaqət yolunu seçmişəm, Hökmlərini haqlı sayıram.  31  Öyüdlərinə sarılmışam, Məni peşman eyləmə, ey Yehova.  32  Əmrlərinin yolunda qaçacağam,Çünki Sən bu istəyi ürəyimə qoymusan*. ה [He]  33  Ey Yehova, qayda-qanununun yolunu mənə öyrət,Axıradək bu yolda yeriyərəm.  34  Mənə dərrakə ver, qanununa riayət edim,Bütün qəlbimlə ona əməl edim.  35  Əmrlərinin yolunda mənə bələdçi ol,Çünki onlardan həzz alıram.  36  Ürəyimi gəlir-qazanca yox,Öyüdlərinə tərəf yönəlt.  37  Qoyma gözüm puç şeylərə baxsın,Öz yolunda məni yaşat.  38  Quluna verdiyin sözü yerinə yetir,Qoy Səndən qorxsun*.  39  Qorxduğum biabırçılığı məndən sovuşdur,Axı hökmlərin doğrudur.  40  Buyruqlarına necə də tamarzıyam, Doğruluğunla məni yaşat. ו [Vav]  41  Ey Yehova, qoy məhəbbətini,Vəd etdiyin qurtuluşu dadım.  42  Onda mənə lağ edənin cavabını verərəm,Axı mən Sənin sözünə güvənirəm.  43  Həqiqət sözünü büsbütün dilimdən alma,Axı ümidimi Sənin hökmünə bağlamışam.  44  Qanununa həmişə bağlı qalacağam,Əbədiyyən.  45  Arxayın gəzib-dolanacağam,Çünki buyruqlarını arayıram.  46  Öyüdlərin barədə padşahların önündə danışaram,Əsla utanmaram.  47  Əmrlərin mənə əzizdir,Onları sevirəm.  48  Əmrlərini sevirəm, əllərimi onlara tərəf açaram,Qayda-qanunun barədə dərindən düşünərəm. ז [Zayn]  49  Quluna verdiyin sözü yada sal,Onunla Sən mənə ümid vermisən.  50  Məni dərd sıxanda bundan təsəlli tapıram,Çünki sözün məni yaşadır.  51  Məğrurlar mənə hədsiz həqarət edirlər,Amma mən Sənin qanunundan dönmürəm.  52  Ey Yehova, əzəldən verdiyin hökmləri xatırlayıram,Onlardan təskinlik tapıram.  53  Qanununu tərk edən pislərə görəQəzəbim alışıb-yanır.  54  Harada yaşasamQayda-qanunun mənim nəğməmdir.  55  Qanununla yaşamaq üçün,Ey Yehova, gecələr adını yada salıram.  56  Bunu adət etmişəm,Çünki buyruqlarına əməl edirəm. ח [Xet]  57  Ey Yehova, nəsibim Sənsən,And içmişəm, sözündən çıxmaram.  58  Bütün qəlbimlə Sənə yalvarıram,Nə olar, söz verdiyin kimi mənə lütf göstər.  59  Ömür yoluma nəzər saldım ki,Addımlarımı öyüdlərinə sarı döndərim.  60  Əmrlərinə əməl etməyə tələsirəm,Ləngimərəm.  61  Pislərin ipləri mənə sarınıb,Lakin mən qanununu unutmamışam.  62  Gecə yarısı qalxıbAdil hökmlərinə görə Sənə şükür edirəm.  63  Səndən qorxanlarla,Buyruqlarına əməl edənlərlə dostam.  64  Ey Yehova, məhəbbətin dünyanı bürüyüb.Mənə qayda-qanununu öyrət. ט [Tet]  65  Ey Yehova, Öz sözünə görəBu qulunla xoş rəftar etdin.  66  Mənə bəsirət və bilik aşıla,Axı əmrlərinə bel bağlamışam.  67  Başım müsibət çəkməzdən əvvəl yolumu azırdım,İndi isə sözünə əməl edirəm.  68  Sən kəramət sahibisən, işlərin də kəramətlidir. Mənə qayda-qanununu öyrət.  69  Məğrurlar mənə qara yaxır,Mən isə bütün qəlbimlə buyruqlarına əməl edirəm.  70  Onların ürəyi hissiyatsızdır,Mənsə qanununu əziz tuturam.  71  Əzaba qatlaşmağım xeyrimə oldu,Belə ki, Sənin qayda-qanununu mənimsədim.  72  Ağzından çıxan qanun xeyrimədir,Minlərlə qızıl-gümüşdən də qiymətlidir. י [Yud]  73  Məni Sənin əllərin yaratdı, mənə onlar şəkil verdi. Mənə dərrakə ver ki,Əmrlərini dərk edim.  74  Səndən qorxanlar mənə baxıb sevinir,Çünki Sənin sözünə ümid bağlamışam.  75  Hökmlərin haqdır, ey Yehova, bilirəm,Məni cəzalandırmaqla da sədaqət göstərmisən.  76  Bu quluna vəd etdiyin kimi,Məhəbbətin mənə təsəlli olsun.  77  Mənə mərhəmət göstər, qoy yaşayım,Çünki qanunun mənə əzizdir.  78  Qoy məğrurlar utansın,Çünki nahaqdan* mənə pislik edirlər. Mən isə buyruqlarını düşünürəm.  79  Qoy Səndən qorxanlar,Öyüdlərini bilənlər yanıma qayıtsın.  80  Qoy ürəyim qayda-qanununa kamil riayət etsin ki,Heç xəcalət çəkməyim. כ [Kaf]  81  Xilasının həsrətindəyəm,Axı Sənin sözünə ümid bağlamışam.  82  Gözüm sözünün intizarındadır,Deyirəm: «Mənə nə vaxt təsəlli verəcəksən?»  83  Tüstüdən qurumuş tuluq kimi olmuşam,Amma qayda-qanununu unutmuram.  84  Bu qulun daha nə qədər gözləsin? Məni təqib edənlərin cəzasını nə vaxt verəcəksən?  85  Qanununu pozan məğrurlarMənə quyu qazırlar.  86  Bütün əmrlərin etibarlıdır. Məni nahaq yerə təqib edirlər, imdadıma yetiş.  87  Az qala məni yer üzündən yox edəcəkdilər,Amma mən buyruqlarını pozmadım.  88  Məhəbbətinlə məni yaşat,Qoy ağzından çıxan öyüdlərə əməl edim. ל [Lamed]  89  Ey Yehova, Sənin sözün göylərdəƏbədi duracaq.  90  Sədaqətin nəsildən-nəslə qalır. Yeri möhkəm qurmusan ki, durduqca-dursun.  91  Hökmlərinə əsasən onlar bu gün də durur,Hamısı* Sənin qulluğundadır.  92  Əgər qanunun mənə əziz olmasaydı,Əzab-əziyyətdən məhv olub getmişdim.  93  Buyruqlarını heç vaxt unutmaram,Çünki onlarla məni yaşadırsan.  94  Mən Sənə məxsusam, mənə nicat ver,Axı mən buyruqlarını aramışam.  95  Şər adamlar öldürmək üçün məni güdürlər,Mən isə Sənin öyüdlərinə diqqət verirəm.  96  Hər cür kamilliyin həddini görmüşəm,Ancaq Sənin əmrin intəhasızdır*. מ [Mem]  97  Qanununu elə sevirəm ki! Gecə-gündüz onu düşünürəm.  98  Əmrlərin məni düşmənlərimdən ağıllı edir,Çünki əbədiyyən mənimlədir.  99  Müəllimlərimdən də zəkalı olmuşam,Çünki öyüdlərinə fikir verirəm. 100  Ahıl adamlardan da müdrik davranıram,Çünki buyruqlarına əməl edirəm. 101  Hər cür pis yolu rədd edirəm ki,Sənin sözünə bağlı qalım. 102  Hökmlərindən çıxmıram,Axı məni öyrədən Sənsən. 103  Sözlərin damağıma necə şirindir,Onlar ağzımda baldan da şirindir. 104  Buyruqların sayəsində müdrik davranıram, Hər cür əyri yola nifrət edirəm. נ [Nun] 105  Sözün addımlarıma çıraq,Yollarıma işıqdır. 106  And içmişəm adil hökmlərinə əməl edim,Andımı yerinə yetirəcəyəm. 107  Böyük müsibət gördüm, Sözünə görə məni yaşat, ey Yehova. 108  Mədhlərdən gətirdiyim könüllü təqdimələri qəbul et, ey Yehova,Hökmlərini mənə öyrət. 109  Həyatım hər an təhlükədədir,Lakin qanununu unutmuram. 110  Şər adamlar mənə tələ qurublar,Lakin mən buyruqlarından çıxmamışam. 111  Öyüdlərini özümə miras edirəm,Çünki onlar qəlbimin sevincidir. 112  Özüm üçün qərar vermişəm ki,Daima, sonadək qayda-qanununa tabe olum. ס [Samex] 113  Ürəyi haçalanan adamlara nifrət edirəm,Lakin qanununu sevirəm. 114  Sən mənim pənahımsan, qalxanımsan,Axı Sənin sözünə ümid bağlamışam. 115  Məndən uzaq durun, siz, ey pislər,Qoyun Allahımın əmrlərinə riayət edim. 116  Vəd etdiyin kimi mənə dayaq ol, yaşayım,Qoyma ümidim boşa çıxsın. 117  Mənə dayaq ol, qurtulum,Onda gözümü qayda-qanununa dikərəm. 118  Qayda-qanununu pozanları rədd edirsən,Çünki onlar hiyləgər, saxtakardırlar. 119  Dünyanın bütün pislərini zibil* kimi yox edirsən, Buna görə də öyüdlərini sevirəm. 120  Zəhmindən bədənim tir-tir əsir,Hökmlərindən qorxuram. ע [Ayn] 121  Mən insafla, dürüstlüklə davranıram, Məni zülmkarlarıma təslim etmə. 122  Bu qulun xeyri üçün ona zamin dur,Qoyma məğrurlar mənə zülm etsin. 123  Qurtuluşunun, haqq vədinin intizarındanGözümün kökü saralıb. 124  Quluna məhəbbətini göstər,Mənə qayda-qanununu öyrət. 125  Mən Sənin qulunam. Mənə dərrakə ver ki,Öyüdlərini qavrayım. 126  Yehovanın hərəkətə keçmək vaxtı yetişib,Çünki onlar qanununu pozublar. 127  Əmrlərini qızıldan,Saf qızıldan da çox sevirəm. 128  Buna görə Səndən gələn hər buyruq mənim üçün doğrudur;Hər cür əyri yola nifrət edirəm. פ [Pe] 129  Öyüdlərin gözəldir, Buna görə də onlara əməl edirəm. 130  Sözün açıqlananda nur saçılır,Naşı adama dərrakə verir. 131  Ağzımı açıb ah çəkirəm,Çünki əmrlərini eşitməyin intizarındayam. 132  Adını sevənlər üçün qoyduğun adətə görə,Mənə sarı dön, mənə lütf göstər. 133  Sözünlə addımlarımı təhlükəsiz yola yönəlt,Qoy heç bir pislik mənə ağalıq etməsin. 134  Zülmkarların əlindən məni qurtar,Sənin buyruqlarına əməl edəcəyəm. 135  Üzünün nurunu qulunun üstünə sal,Qayda-qanununu mənə öyrət. 136  Göz yaşlarım sel kimi axır,Çünki insanlar qanununa tabe olmur. צ [Tsade] 137  Sən haqsan, ey Yehova,Hökmlərin də haqq. 138  Öyüdlərin haqqdır,Tam etibarlıdır. 139  Qeyrətim məni yandırıb-yaxır,Çünki rəqiblərim Sənin sözlərini unudublar. 140  Sənin sözün büsbütün safdır,Qulun onu sevir. 141  Məni saymırlar, həqarətlə baxırlar,Amma mən buyruqlarını unutmadım. 142  Ədalətin əbədi ədalətdir,Qanunun həqiqətdir. 143  Başıma dərd-bəla gəlsə də,Əmrlərin mənim üçün əzizdir. 144  Öyüdlərinin doğruluğu əbədidir. Mənə dərrakə ver, qoy yaşayım. ק [Kof] 145  Bütün qəlbimlə yalvarıram, ey Yehova, mənə hay ver. Qayda-qanununa əməl edərəm. 146  Səni səsləyirəm, qurtar məni! Sənin öyüdlərinə qulaq asaram. 147  Dan yeri sökülməmiş oyanıb Səndən imdad diləyirəm.Axı Sənin sözlərinə ümid bağlamışam. 148  Gecə yarısı oyanıram ki,Verdiyin söz haqqında düşünüm. 149  Məhəbbətin naminə səsimi eşit, Ey Yehova, ədalətinlə məni yaşat. 150  Pozğunluq düşkünləri mənə yaxınlaşır,Onlar Sənin qanunundan uzaqdırlar. 151  Ey Yehova, Sən mənə yaxınsan,Bütün əmrlərin həqiqətdir. 152  Öyüdlərini əbədilik bərqərar etmisən,Bunu çoxdan öyrənmişəm. ר [Reyş] 153  Əzab-əziyyətimi gör, məni qurtar,Axı qanununu unutmadım. 154  Məni müdafiə et, məni qurtar,Vəd etdiyin kimi məni yaşat. 155  Şər adamlar qurtuluş görməyəcək,Çünki onlar qayda-qanununu axtarmırlar. 156  Mərhəmətin böyükdür, ey Yehova, Ədalətinə görə məni yaşat. 157  Mənə zülm edən, mənə düşmən kəsilən çoxdur,Amma mən öyüdlərindən ayrılmadım. 158  Xainlərə ikrahla baxıram,Çünki Sənin sözünə əməl etmirlər. 159  Gör buyruqlarını nə qədər sevirəm! Ey Yehova, məhəbbətinlə məni yaşat. 160  Sözünün bünövrəsi həqiqətdir,Bütün adil hökmlərin əbədidir. ש [Sin], yaxud [Şin] 161  Sərdarlar nahaqdan məni təqib edir,Mənimsə ürəyim Sənin sözlərindən qorxur. 162  Böyük xəzinə tapan adam kimiSənin sözlərinə sevinirəm. 163  Yalana nifrət edirəm, ikrah edirəm,Qanununu isə sevirəm. 164  Adil hökmlərindən ötrüGündə yeddi dəfə Sənə alqış edirəm. 165  Qanununu sevənlərin əmin-amanlığı boldur,Onları heç nə büdrətməz. 166  Qurtuluşuna ümid edirəm, ey Yehova,Əmrlərini yerinə yetirirəm. 167  Öyüdlərinə qulaq asıram,Onları elə sevirəm ki! 168  Buyruqlarına, öyüdlərinə əməl edirəm,Bütün yollarımdan xəbərdarsan. ת [Tav] 169  Qoy fəryadım Sənə yetişsin, Yehova, Dediyin kimi, mənə ağıl-kamal ver. 170  Qoy iltifat diləyim dərgahına qalxsın. Vəd etdiyin kimi, mənə nicat ver. 171  Qoy dodaqlarımdan Sənə mədhlər tökülsün,Çünki mənə qayda-qanununu öyrədirsən. 172  Qoy dilim sözlərini nəğmədə oxusun,Çünki bütün əmrlərin salehdir. 173  Qoy əlin köməyim olsun,Çünki buyruqlarına tabe olmağı seçmişəm. 174  Ey Yehova, qurtuluşunun intizarındayam,Qanunun mənə əzizdir. 175  Yaşat məni, qoy Səni mədh edim,Qoy hökmlərin köməyim olsun. 176  İtmiş qoyun kimi azmışam; bu qulunu axtar,Axı Sənin əmrlərini unutmamışam.

Haşiyələr

İbrani əlifbasının ilk hərfidir. Bu məzmur orijinal mətndə əlifba sırası ilə yazılmışdır.
Digər variant: Sən mənim ürəyimə əminlik verirsən.
Digər variant: Səndən qorxanlara verdiyin sözü.
Digər variant: yalanlarla.
Yəni Allahın yaratdıqları.
Hərfən: çox genişdir.
Hərfən: posa (filiz əridiləndə ayrılan qalıq).