Birinci Yəhya 2:1—29

  • İsa günahlarımızı örtən kəffarə qurbanıdır (1, 2)

  • Allahın əmrlərinə riayət etmək (3—11)

    • Köhnə və yeni əhd (7, 8)

  • Yığıncağa müraciət (12—14)

  • Dünyanı sevməyin (15—17)

  • Məsih əleyhdarı ilə bağlı xəbərdarlıq (18—29)

2  Əziz balalarım! Bunları sizə yazıram ki, heç bir günah iş tutmayasınız. Əgər kimsə bir günah iş tutsa, Atanın yanında saleh olan İsa Məsih+ kimi yardımçımız* var.  O, təkcə bizim günahlarımızı+ deyil, bütün dünyanın günahlarını örtən+ kəffarə qurbanıdır.+  Əgər onun əmrlərinə riayət ediriksə, deməli, onu tanıyırıq.  «Mən onu tanıyıram» deyib onun əmrlərinə riayət etməyən adam yalançıdır və belə adamda həqiqət yoxdur.  Amma onun sözünə əməl edən adamda Allah məhəbbəti, doğrudan da, kamilliyə çatmışdır.+ Bunun sayəsində onunla vəhdətdə olduğumuzu bilirik.+  Onunla vəhdətdə olduğunu deyən onun getdiyi yolla yeriməlidir.+  Əziz qardaşlarım, mən sizə yeni yox, lap əvvəldən aldığınız köhnə əmri yazıram.+ Bu köhnə əmr eşitdiyiniz sözdür.  Bununla belə, sizə yeni əmr — həm onun riayət etdiyi, həm də sizin riayət etdiyiniz əmri yazıram, çünki qaranlıq keçib gedir, həqiqi nur isə artıq şəfəq saçır.+  Nurda olduğunu söyləyib qardaşına nifrət edən+ adam hələ də qaranlıqdadır.+ 10  Qardaşını sevən nurda qalır+ və onu büdrədəcək heç nə yoxdur. 11  Amma qardaşına nifrət edən qaranlıqdadır və qaranlıqda yeriyir.+ Qaranlıq gözlərini kor etdiyi üçün o, hara getdiyini bilmir+. 12  Sizə yazıram, əziz balalar, çünki onun adı naminə günahlarınız bağışlanıb.+ 13  Sizə yazıram, atalar, çünki əzəldən var olanı tanımısınız. Sizə yazıram, cavanlar, çünki siz Şərirə qalib gəlmisiniz.+ Sizə yazıram, uşaqlar, çünki siz Atanı tanımısınız.+ 14  Sizə yazıram, atalar, çünki siz əzəldən var olanı tanımısınız. Sizə yazıram, cavanlar, çünki siz güclüsünüz,+ Allahın sözü içinizdədir+ və siz Şərirə qalib gəlmisiniz.+ 15  Dünyanı və dünyadakı şeyləri sevməyin.+ Dünyanı sevən adamın qəlbində Ataya məhəbbət yoxdur,+ 16  çünki dünyadakı hər şey — cismin istəyi,+ gözlərin istəyi+ və varın nümayişə qoyulması* Atadan deyil, dünyadandır. 17  Dünya öz istəkləri ilə bərabər keçib gedir,+ Allahın istəyini yerinə yetirən isə əbədi yaşayır.+ 18  Balalar, bu son saatdır. Eşitdiyiniz kimi, Məsih əleyhdarı gəlir+ və artıq çoxlu Məsih əleyhdarı peyda olub.+ Bundan bilirik ki, son saatdır. 19  Onlar aramızdan çıxıblar, lakin bizim kimi deyildilər;+ əgər bizim kimi olsaydılar, bizimlə qalardılar. Onlar aramızdan ona görə çıxdılar ki, hamının bizim kimi olmadığı məlum olsun.+ 20  Siz Müqəddəs Allah tərəfindən məsh olunmusunuz;+ hamınız həqiqəti bilirsiniz. 21  Sizə həqiqəti+ bilmədiyiniz üçün yox, əksinə, bildiyiniz üçün yazıram. Həm də ona görə ki, həqiqətdən yalan doğmur.+ 22  İsanın Məsih olduğunu inkar edən yalançı deyilsə, bəs nədir?+ Atanı və Oğulu inkar edən Məsih əleyhdarıdır.+ 23  Oğulu inkar edən Ata ilə vəhdətdə deyil.+ Oğula inandığını açıq-aşkar göstərən+ isə Ata ilə vəhdətdədir.+ 24  Sizə gəlincə, qoy lap əvvəldən eşitdikləriniz sizdə yaşasın.+ Lap əvvəldən eşitdikləriniz sizdə yaşayarsa, siz həm Oğul, həm də Ata ilə vəhdətdə qalacaqsınız. 25  Üstəlik, Onun bizə vədi budur: əbədi həyat.+ 26  Bütün bu yazdıqlarım sizi azdırmağa cəhd göstərənlər barəsindədir. 27  Sizə gəldikdə isə, Ondan aldığınız məsh+ sizdədir və kimsənin sizi öyrətməsinə ehtiyac yoxdur. Ondan aldığınız məsh həqiqətdir, yalan deyil, o sizə hər şeyi öyrədir.+ O, sizi öyrətdiyi kimi, siz də sizi məsh edənlə vəhdətdə qalın.+ 28  Beləliklə, əziz balalar, onunla vəhdətdə qalın ki, o zühur edəndə alnıaçıqlıqla danışa bilək+ və onun hüzuru* zamanı önündə xəcalət çəkməyək. 29  Onun saleh olduğunu bilirsinizsə, saleh işlər görənin də, Allahın övladı olduğunu bilirsiniz.+

Haşiyələr

Yaxud vəkilimiz.
Yaxud insanın öz varı ilə lovğalanması.
Hüzur — müəyyən yerdə olma. Lüğətə bax.