Korinflilərə birinci məktub 1:1—31

  • Salamlar (1—3)

  • Bulus korinfli məsihilərdən ötrü Allaha şükür edir (4—9)

  • Onlardan birlik içində yaşamalarını rica edir (10—17)

  • Məsih Allahın qüdrəti və hikmətidir (18—25)

  • Öyünən qoy Yehova ilə öyünsün (26—31)

1  Allahın iradəsilə Məsih İsanın həvarisi olmağa çağırılmış Bulusdan+ və qardaşımız Sostendən 2  Allahın Korinfdəki yığıncağına,+ Allahın ayırdığı, Məsih İsa ilə vəhdətdə olan,+ müqəddəs olmaq üçün çağırılmış sizlərə və hər yerdə bizim də, onların da Ağası İsa Məsihin+ adını çağıranlara məktub. 3  Atamız Allahdan və Ağamız İsa Məsihdən gələn lütf və sülh sizə yar olsun. 4  Məsih İsa vasitəsilə sizə lütf göstərildiyindən sizdən ötrü həmişə Allaha şükür edirəm. 5  Çünki siz Məsihlə vəhdətdə olduğunuz üçün hər şeydə, eləcə də hərtərəfli bilikdə+ və Allahın sözünü bəyan etmək qabiliyyətində zənginləşmisiniz. 6  Bundan görünür ki, Məsih haqqındakı şəhadət+ sizdə dərin kök salıb. 7  Beləliklə, siz Ağamız İsa Məsihin zühurunu səbirsizliklə gözləyərkən heç bir ənamdan kənarda qalmamısınız.+ 8  Allah sizi sonadək möhkəmləndirəcək ki, siz Ağamız İsa Məsihin gününə üzüağ çıxasınız.+ 9  Sizi Öz Oğlu və bizim Ağamız İsa Məsihlə vəhdətdə olmağa çağıran Allah sözünə sadiqdir.+ 10  Qardaşlar, sizdən Ağamız İsa Məsihin adı ilə xahiş edirəm ki, danışığınız aranızdakı fikir birliyini əks etdirsin,+ aranızda parçalanma olmasın, əksinə, hamınız yekdil və həmfikir olasınız.+ 11  Çünki qardaşlar, Kloinin ailəsindən mənə xəbər çatıb ki, aranızda ixtilaflar var. 12  Sizdən bəziləri: «Mən Bulusun», digərləri: «Mən Apollosun»,+ o biriləri: «Mən Kifanın*», başqaları da: «Mən Məsihin şagirdiyəm», — deyirlər. 13  Məsihin yığıncağı bölünüb! Məgər sizin uğrunuzda Bulus dirəkdə edam edilmişdi? Yoxsa siz Bulusun adı ilə vəftiz* edilmisiniz? 14  Allaha şükür, mən Krispdən+ və Qaydan+ başqa heç kəsi vəftiz etməmişəm, 15  beləcə, heç biriniz mənim adımla vəftiz olunduğunu deyə bilməz. 16  Hə, bir də ki Stefanasın+ ailəsini vəftiz etmişəm. Başqalarına gəlincə, daha kimisə vəftiz etdiyim yadıma gəlmir. 17  Məsih məni vəftiz etmək üçün yox, müjdəni təbliğ etmək üçün göndərib.+ Özü də mən bu xəbəri alimanə sözlərlə təbliğ etmirəm, yoxsa Məsihin işgəncə dirəyi* qiymətdən düşərdi. 18  İşgəncə dirəyi barəsindəki xəbər məhvə gedənlər üçün cəfəngiyat,+ xilas olan bizlər üçünsə Allahın qüdrətidir.+ 19  Çünki yazılıb: «Müdriklərin hikmətini yox edəcəyəm, ariflərin zəkasını rədd edəcəyəm».+ 20  Hanı müdriklər? Hanı mirzələr*? Hanı bu dövrün* mütəfəkkirləri*? Məgər Allah dünyanın hikmətinin axmaqlıq olduğunu göstərmədi? 21  Dünya öz müdrikliyi ilə Allahı tanımadı,+ Allah isə Öz hikməti ilə+ münasib bildi ki, təbliğ edilən xəbərin ağılsızlığı+ vasitəsilə iman gətirənləri xilas etsin. 22  Yəhudilər əlamət istəyir,+ yunanlar hikmət axtarır, 23  biz isə dirəkdə edam olunmuş Məsihi təbliğ edirik. O, yəhudilər üçün bir maneə, digər xalqlar üçün səfehlikdir.+ 24  Dəvət edilmiş yəhudilər və yunanlar üçünsə Məsih Allahın qüdrəti və hikmətidir.+ 25  Çünki Allahdan gələn bir şey ağılsız görünsə də, insanların müdrik saydığı şeydən müdrikdir, Allahdan gələn bir şey zəif görünsə də, insanların güclü saydığı şeydən güclüdür.+ 26  Axı qardaşlar, siz öz təcrübənizdən də görürsünüz ki, dəvət olunanlar arasında insan gözü ilə baxsaq,+ müdrik, güclü, əsil-nəcabətli adam çox deyil.+ 27  Allah müdrikləri utandırmaq üçün dünyanın ağılsız saydığı adamları, güclüləri utandırmaq üçün dünyanın zəif saydığı adamları seçdi.+ 28  Allah dünyanın adsız-sansızlarını və heç sayılanlarını — dünyanın gözündə mövcud olmayanları seçdi ki, nüfuz sahiblərini məhv etsin+ 29  və heç bir insan Allahın qarşısında öyünməsin. 30  Siz Onun sayəsində Məsih İsa ilə vəhdətdəsiniz. Biz Allahın hikmətini, həmçinin salehliyi,+ müqəddəsliyi+ və fidyə vasitəsilə qurtuluşu+ Məsihdə tapdıq. 31  Müqəddəs Yazılar belə deyir: «Öyünən qoy Yehova ilə öyünsün».+

Haşiyələr

Digər adı Butrus.
Yəni Qanun biliciləri.
Hərfən: mübahisə sevənləri.