Birinci İşmuil 18:1—30

  • Davudla Yonatan dostlaşır (1—4)

  • Talutun Davuda paxıllığı tutur (5—9)

  • Talutun Davudu öldürmək cəhdləri (10—19)

  • Davud Talutun qızı Məkyalı alır (20—30)

18  Davud Talutla danışıb qurtaranda Yonatanın+ qəlbi Davuda bağlandı. Yonatan onu öz canı kimi sevməyə başladı.+  O gündən Talut Davudu yanında saxladı və onu daha atasının evinə buraxmadı.+  Yonatanla Davud əhd-peyman bağladılar,+ çünki Yonatan onu öz canı kimi sevirdi.+  Yonatan əynindən xələtini çıxarıb öz libası, qılıncı, ox-kamanı və qurşağı ilə birlikdə Davuda verdi.  Davud yürüşlərə çıxmağa başladı. O, Talutun tapşırdığı hər işi yarıdırdı.+ Talut onu döyüşçülərin üstünə başçı qoydu.+ Bu, həm xalqın, həm də Talutun əyanlarının ürəyincə oldu.  Davud və döyüşçülər filiştliləri darmadağın edib geri qayıdanda bütün İsrail şəhərlərindən qadınlar əllərində qaval və setar mahnı oxuyub+ rəqs edə-edə+ sevinc içində Talutu qarşılamağa çıxırdılar.  Şənlik edən qadınlar oxuyurdular: «Talut qırdı minləri,Davudsa on minləri».+  Bu nəğmə Talutun çox acığına gəldi,+ o qəzəblənib dedi: «Davuda on minləri deyirlər, mənə isə minləri. Bircə bu qalıb ki, taxt-tacı da ona versinlər!»+  Həmin gündən Talut Davuda şübhə ilə baxmağa başladı. 10  Səhərisi gün Allahın izni ilə şər ruh Talutu tutanda+ o, evdə qəribə hərəkətlər etməyə başladı*. Davud həmişəki kimi çəng çalırdı.+ Talutun isə əlində nizə var idi.+ 11  O, öz-özünə: «Qoy Davudu divara pərçimləyim», — deyərək nizəni ona atdı.+ Amma Davud iki dəfə canını Talutdan qurtardı. 12  Talut Davuddan qorxmağa başladı, çünki Yehova Davudla idi,+ ondan isə ayrılmışdı.+ 13  Buna görə Talut onu öz yanından uzaqlaşdırıb minbaşı etdi. Davud döyüşlərdə orduya başçılıq edirdi.+ 14  Davud hər işində uğur qazanırdı*+ və Yehova onunla idi.+ 15  Talut Davudun böyük uğurlar qazandığını görəndə ondan qorxdu. 16  Bütün İsrail və Yəhuda isə Davudu sevirdi, çünki o, hərbi yürüşlərə başçılıq edirdi. 17  Bir gün Talut Davuda dedi: «Böyük qızım Merabı+ sənə verəcəyəm+. Amma sən gərək bundan sonra da mənə şücaətini göstərəsən, Yehovanın müharibələrini aparasan».+ Talut öz-özünə deyirdi: «Qoy o, mənim yox, filiştlilərin əli ilə ölsün».+ 18  Davud Taluta dedi: «Mən kiməm, qohumlarım, atamın nəsli İsraildə nəçidir ki, mən padşaha kürəkən olum?»+ 19  Amma Talutun qızı Merabı Davuda vermək vaxtı gələndə, belə məlum oldu ki, onu artıq məhlalı Ədrailə+ veriblər. 20  Talutun kiçik qızı Məkyal+ Davuda aşiq olmuşdu. Bunu Taluta xəbər verəndə o sevindi. 21  Talut dedi: «Qızı ona verib onu tələyə salaram. Beləcə, Davudu filiştlilərin əli ilə məhv edərəm».+ Onda Talut ikinci dəfə Davuda dedi: «Bu gün mənimlə qohum olacaqsan*». 22  Talut əyanlarına tapşırdı: «Xəlvətə salıb Davuda deyin: “Padşahın səndən xoşu gəlir, elə bütün əyan-əşrəf də sənə rəğbət bəsləyir. Gəl padşahla qohum ol”». 23  Talutun əyanları bunları deyəndə Davud dedi: «Elə bilirsiniz, mənim kimi kasıb, kiçik bir adam üçün padşahla qohum olmaq asan işdir?»+ 24  Əyanlar Taluta dedilər: «Davud belə-belə deyir». 25  Onda Talut dedi: «Davuda belə deyin: “Padşah səndən başlıq istəmir.+ Padşahın düşmənlərindən qisas almaq üçün yüz filiştlinin sünnət ətini+ gətirsən, bəsdir”». Bu fəndlə Talut Davudu filiştlilərin əlilə aradan götürmək istəyirdi. 26  Əyanlar bu sözləri Davuda söylədilər. Padşahla qohum olmaq fikri ona xoş gəldi.+ Təyin edilmiş vaxt başa çatmamış 27  Davud adamları ilə gedib iki yüz filiştlini öldürdü. Padşahla qohum olmaq üçün onların sünnət ətini gətirib padşaha verdi. Talut qızı Məkyalı ona verdi.+ 28  Talut başa düşdü ki, Yehova Davudladır+ və qızı Məkyal onu sevir.+ 29  Talut Davuddan daha da qorxmağa başladı. Talut ömrünün axırına kimi ona qənim kəsildi.+ 30  Filişt hakimləri hücumlar edirdilər. Hər dəfə onlarla döyüşdə Davud Talutun əyanlarının hamısından çox uğur qazanırdı*.+ Onun şan-şöhrəti hər yana yayılmışdı.+

Haşiyələr

Yaxud peyğəmbər kimi hərəkət etməyə başladı.
Yaxud hər işini ağılla görürdü.
Yaxud mənim kürəkənim olacaqsan.
Yaxud hamısından ağıllı davranırdı.