Çıxış 31:1—18
31 Sonra Yehova Musaya dedi:
2 «Yəhuda qəbiləsindən olan Xur oğlu Urun oğlu Bəsalili seçmişəm.+
3 Ona Öz ruhumdan bəxş edib* hikmət, dərrakə, bilik verəcəyəm ki, hər cür işi ustalıqla görə bilsin,
4 gözəlliklər yaratsın, qızıl, gümüş və mislə işləməyi,
5 daş-qaş yonub sağanağa salmağı, ağacdan hər cür əşya düzəltməyi bacarsın.+
6 Dan qəbiləsindən olan Əxişama oğlu Öhlüyabı isə ona köməkçi təyin edirəm.+ Bacarığı olan hər kəsi daha da bacarıqlı edəcəyəm ki, sənə dediyim bütün şeyləri:+
7 Hüzur çadırını,+ Şəhadət sandığını+ və onun qapağını+, çadırın bütün avadanlığını,
8 masanı+ və ləvazimatını, xalis qızıldan çıraqdanı və bütün avadanlığını,+ buxur qurbangahını,+
9 yandırma qurbanı üçün qurbangahı+ və bütün avadanlığını, çəni və altlığını,+
10 zərif toxunmuş geyimləri, kahin Harunun müqəddəs geyimlərini və oğullarının kahinlik paltarlarını,+
11 məsh yağını və müqəddəs məkanda yandırılacaq ətirli buxuru düzəltsinlər.+ Onlar hər şeyi sənə dediyim kimi düzəltməlidirlər».
12 Yehova sözünə davam edib Musaya dedi:
13 «İsraillilərə belə söylə: “Şənbə gününə dair verdiyim qanuna mütləq riayət edin.+ Şənbə Mənim sizinlə bağladığım əhdin nəsildən-nəslə duracaq nişanəsidir. Ondan biləcəksiniz ki, sizi müqəddəs edən Mənəm, Yehova.
14 Şənbəyə riayət edin, onu müqəddəs tutun.+ Şənbə qanununu pozan xalqın arasından yox edilməlidir*; həmin gün iş görən adam sağ qalmamalıdır.+
15 Nə işiniz varsa, altı gün ərzində görün. Yeddinci gün isə xüsusi gündür, istirahət üçün təyin olunan şənbədir.+ Bu gün Yehovanın gözündə müqəddəsdir. Şənbə günündə iş görən adam öldürülməlidir.
16 İsraillilər şənbəyə riayət etməlidirlər; bütün gələcək nəsilləri də şənbəyə riayət etməlidir. Bu əhd həmişə duracaq.
17 Şənbə Mənim israillilərlə bağladığım əhdin dəyişməz nişanıdır.+ Çünki Yehova altı gün ərzində yeri və göyü yaradıb, yeddinci gün isə əl saxlayıb istirahət edib”».+
18 Allah Sina dağında Musa ilə danışıb qurtarandan sonra ona Şəhadət lövhələrini,+ üstündə Allahın əli ilə* yazı yazılmış iki daş lövhəni verdi.+