Çıxış 28:1—43

28  Qardaşın Harunu+ və oğulları+ Nadab, Abihu,+ Əlyazar və İsamarı+ israillilərin içindən ayır ki, Mənə kahin qismində xidmət etsinlər.+ 2  Qardaşın Harunun görkəminə əzəmət və gözəllik qatacaq müqəddəs geyim hazırlanmalıdır.+ 3  Bütün bacarıqlı adamlarla, qabiliyyət bəxş etdiyim hər kəslə danış,+ qoy onlar Harunun müqəddəs olması üçün ona geyim tiksinlər və o, Mənə kahin kimi xidmət etsin. 4  Onlar bu geyimləri tikməlidirlər: sinəbənd+, döşlük+, qolsuz köynək+, dama-dama alt köynək, əmmamə+, qurşaq.+ Qoy qardaşın Haruna və onun oğullarına bu müqəddəs geyimləri tiksinlər ki, onlar Mənə kahin kimi xidmət etsinlər. 5  Ustalar qızıl sapdan, göy və al-qırmızı iplikdən, bənövşəyi yun və zərif kətandan istifadə etməlidirlər. 6  Döşlük qızıl sapdan, göy və al-qırmızı iplikdən, bənövşəyi yundan və zərif kətan iplikdən naxışlı toxunmalıdır.+ 7  Döşlüyün iki çiyinliyi olmalıdır, bunlar döşlüyün iki yuxarı ucuna bərkidilməlidir. 8  Döşlüyü sıx bağlamaq üçün ona bərkidilmiş qurşaq+ da eyni maldan, qızıl sapdan, göy və al-qırmızı iplikdən, bənövşəyi yundan və zərif kətan iplikdən toxunmalıdır. 9  İki damarlı əqiq daşı+ götürün və üzərinə İsrailin oğullarının adını nəqş eləyin.+ 10  Altısının adını bir daşa, digər altısının adını isə o biri daşa doğulma sırasına görə yazın. 11  Həkkak İsrailin oğullarının adlarını möhür oyması kimi iki daşın üstünə həkk etsin.+ Sonra onları qızıl sağanaqlara salın. 12  O iki daşın hərəsini bir çiyinliyə bərkidin. Onlar İsrail oğulları üçün yaddaşlıq olacaq.+ Harun onların adlarını Yehovanın önündə yaddaşlıq kimi çiyinlərində daşıyacaq. 13  Sağanaqları qızıldan düzəldin. 14  Xalis qızıldan ipə bənzər iki burma zəncir düzəldin və zəncirləri sağanaqlara birləşdirin.+ 15  Naxışçıya hökm sinəbəndi düzəltdir.+ O da döşlük kimi qızıl sapdan, göy və al-qırmızı iplikdən, bənövşəyi yundan və zərif kətan iplikdən olmalıdır.+ 16  İki qatlananda dördbucaq şəklini almalı, eni və uzunu bir qarış* olmalıdır. 17  Üstünə dörd cərgə daş düzülməlidir: birinci cərgədə yaqut, topaz, zümrüd, 18  ikinci cərgədə firuzə, göy yaqut, yəşəm, 19  üçüncü cərgədə ləşəm*, əqiq, ametist, 20  dördüncü cərgədə xrizolit, damarlı əqiq, nefrit. Onlar qızıl sağanaqlara salınmalıdır. 21  Daşlar İsrailin oğullarının adlarına müvafiq olaraq, on iki ədəd olmalıdır. Hər bir daşın üstünə möhür oyması kimi bir ad nəqş olunmalıdır, hər daşa on iki qəbilədən birinin adı. 22  Sinəbənd üçün xalis qızıldan ipə bənzər burma zəncir+ 23  və qızıldan iki halqa düzəldin. Halqaları sinəbəndin künclərinə bərkidin. 24  İki qızıl zənciri sinəbəndin künclərindəki halqalara taxın. 25  Zəncirlərin o biri uclarını döşlüyün ön hissəsində olan çiyinliklərdəki sağanaqlara taxın. 26  İki qızıl halqa düzəldib sinəbəndin içəri qatlanan, döşlüyə baxan tərəfinin iki küncünə birləşdirin.+ 27  Qızıldan iki ayrı halqa düzəldin və onları qabaqdan, döşlüyün çiyinliyinin aşağı uclarına, onun birləşdiyi yerə yaxın, toxunma qurşaqdan yuxarıda bərkidin.+ 28  Sinəbəndi saxlamaq üçün onun halqalarından döşlüyün halqalarına göy iplər keçirilib bağlanmalıdır. Beləliklə, sinəbənd qurşaqdan yuxarıda, döşlüyün üstündə duracaq. 29  Harun Müqəddəs yerə girəndə İsrailin oğullarının adlarını ürəyinin üstündə, hökm sinəbəndində, daimi yaddaşlıq kimi Yehovanın önündə daşımalıdır. 30  Urim və Tummim* hökm sinəbəndində saxlanılmalıdır.+ Harun Yehovanın önünə çıxanda onlar Harunun ürəyinin üstündə olmalıdır və o, İsrail oğullarına hökm etmək üçün olan bu əşyaları Yehovanın önündə həmişə ürəyinin üstünə qoyub daşımalıdır. 31  Döşlüyün altından geyiləcək qolsuz köynəyi büsbütün göy iplikdən toxuyun.+ 32  Ortada boğazlıq olmalıdır. Onun kənarlarına köbə toxunmalıdır ki, boğazlıq zireh boğazlığı kimi möhkəm olsun, cırılmasın. 33  Qolsuz köynəyin ətəyinə bənövşəyi yundan, göy və al-qırmızı iplikdən narlar, narların aralarına isə qızıl zınqırovlar tikin. 34  Qızıl zınqırovu və narı köynəyin ətəyinə sıra ilə, bir dənədən bir düzün. 35  Harun xidmətini icra edəndə onu geyinməlidir ki, müqəddəs məkana, Yehovanın önünə girib çıxanda zınqırovların səsi eşidilsin və o ölməsin.+ 36  Xalis qızıldan parlaq lövhəcik düzəldib üstünə möhür oyması kimi «Müqəddəslik Yehovaya məxsusdur» sözlərini həkk edin.+ 37  Onu göy iplərlə əmmamənin qabaq tərəfinə bərkidin.+ 38  Lövhəcik Harunun alnının üstündə olmalıdır. Allaha bəxşiş kimi təqdim edilən müqəddəs şeylərlə bağlı təqsirlərin məsuliyyətini Harun daşıyacaq.+ Lövhəcik həmişə Harunun alnının üstündə olmalıdır ki, israillilər Yehovanın razılığını qazansınlar. 39  Alt köynəyi zərif kətandan dama-dama toxuyun. Əmmaməni də zərif kətandan düzəldin. Bir dənə də kəmər toxuyun.+ 40  Harunun oğulları üçün də görünüşlərinə əzəmət və gözəllik+ qatacaq alt köynək, qurşaq və çalma düzəldin.+ 41  Onları qardaşın Haruna və onun oğullarına geyindir, onları məsh et+ və vəzifələrinə təyin et*.+ Onlar Mənə kahin qismində xidmət edəcəklər. 42  Eyib yerlərini örtmək üçün onlara beldən dizə qədər olan tuman tikin.+ 43  Harun və oğulları Hüzur çadırına girməli və ya müqəddəs məkanda xidmət edərkən qurbangaha yaxınlaşmalı olanda tumanı geyinsinlər ki, günah qazanıb ölməsinlər. Qoy bu, həmişəlik Harunla övladları* üçün qanun olsun.

Haşiyələr

Qarış təx. 22,2 sm-ə bərabərdir. B14 əlavəsinə bax.
Naməlum qiymətli daş. Kəhrəba, giasint, opal, ya da turmalin ola bilər.
Yaxud onlara səlahiyyət ver. Hərfən: əllərini doldur.
Hərfən: toxumu.