Çıxış 13:1—22
13 Yehova yenə Musa ilə danışıb dedi:
2 «İsraillilərin içində kişi cinsindən olan bütün ilkinləri Mənim üçün ayırın. İlk doğulan oğlan uşaqları, eləcə də heyvanların erkək balalarından birincisi Mənə məxsusdur».+
3 Musa xalqa dedi: «Misirdən, köləlik evindən çıxdığınız bu günü unutmayın.+ Yehova sizi Öz qüvvətli əli ilə oradan çıxardı.+ Buna görə də mayalı heç nə yeməyin.
4 Siz bu gün, əviv* ayında buradan çıxırsınız.+
5 Yehova sizi kənanilərin, hetlərin, amorilərin, hivilərin və yəbusilərin torpağına,+ ata-babalarınıza and içib sizə verməyi vəd etdiyi süd-bal axan diyara gətirəndə bu ayda bu ayini icra edin.+
6 Yeddi gün mayasız çörək yeyin.+ Yeddinci gün Yehovanın şərəfinə bayram keçirilməlidir.
7 Yeddi gün mayasız çörək yeyilməlidir;+ yan-yörənizdə mayalı heç nə saxlamayın.+ Yaşadığınız ərazinin heç bir yerində mayalıq xəmir olmamalıdır.
8 Həmin gün qoy hər kəs öz oğluna belə desin: “Bunları Yehovanın mənə yaxşılıq edib Misirdən çıxardığına görə edirəm”.+
9 Qoy bu bayram, sanki, əlinizdə, alnınızda nişan olub sizə o hadisəni xatırlatsın,+ beləcə, Yehovanın qanunu dilinizdən düşməsin. Axı Yehova güclü əli ilə sizi Misirdən çıxarıb.
10 Hər il bu vaxt bu göstərişə əməl edin.+
11 Yehova sizi kənanilərin torpağına, sizə və ata-babalarınıza and içib sizə verməyi vəd etdiyi diyara gətirəndə+
12 ilk doğulan oğlan uşaqlarının, eləcə də sahib olduğunuz heyvanların birinci erkək balalarının hamısını Yehovaya həsr edin. Erkək heyvanlar Yehovaya məxsusdur.+
13 Eşşəyin birinci balasının əvəzinə qoyun verib onu satın almalısınız. Almasanız, boynunu sındırmalısınız. İlk doğulan oğullarınızı satın almalısınız.+
14 Sonralar oğlunuz sizdən bunun nə demək olduğunu soruşanda deyərsiniz: “Yehova bizi güclü əli ilə Misirdən, köləlik evindən çıxarmışdı.+
15 Firon inad edib bizi buraxmaq istəməyəndə+ Yehova Misir torpağında bütün ilk doğulanları, insanların ilk uşaqlarını və heyvanların birinci balasını öldürmüşdü.+ Buna görə də heyvanlarımızın birinci balasını Yehovaya qurban gətiririk, ilk oğullarımız üçün isə fidyə veririk”.
16 Qoy bu, əlinizdə və alnınızda nişan olub sizə o hadisəni xatırlatsın.+ Axı Yehova güclü əli ilə bizi Misirdən çıxarıb».
17 Firon xalqı buraxanda Allah onları, yaxın olsa da, filiştlilərin* ölkəsinə gedən yolla aparmadı. Çünki Allah dedi: «Birdən onlar döyüşməli olduqlarını görüb, fikirlərindən dönər və Misirə qayıdarlar».
18 Buna görə də Allah xalqı dolayı yolla, Qırmızı dəniz səhrası ilə apardı.+ İsraillilər Misirdən nizamlı bir qoşun kimi çıxmışdılar.
19 Musa Misirdən Yusifin sümüklərini də apardı, çünki Yusif İsrail oğullarına and içdirib demişdi: «Allah mütləq sizə nəzər salacaq. Onda mənim sümüklərimi də özünüzlə apararsınız».+
20 Onlar Suqqutdan çıxıb səhranın kənarında, Etamda düşərgə saldılar.
21 Yehova qarşıda gedib onlara bələdçilik edirdi. Gündüzlər bulud sütunu,+ gecələr isə alov sütunu ilə onlara yol göstərirdi. Beləcə, onlar gecə də, gündüz də yollarına davam edirdilər.+
22 Gündüz bulud sütunu, gecə isə alov sütunu camaatın önündən ayrılmırdı.+