DƏRS 11
Böyük toplantılar
Meksika
Almaniya
Botsvana
Nikaraqua
İtaliya
Simasından sevinc, təbəssüm yağan insanları görürsünüz? Onlar səbirsizliklə gözlədikləri böyük toplantıya gəliblər. Bu mərasimlərin təməli qədim vaxtlardan qoyulub. Keçmişdə Allah xidmətçilərinə buyurmuşdu ki, ildə üç dəfə bir yerə toplaşsınlar (Qanunun təkrarı 16:16). Bu gün də bütün dünyada ildə üç dəfə böyük toplantılar keçirilir: iki dəfə bir gün davam edən rayon toplantısı və bir dəfə üç gün davam edən regional toplantı. Bu toplantıların məqsədi nədir?
Qardaşlıq tellərini möhkəmləndirir. Qədim dövrdə israillilər böyük məclislərdə Yehovaya alqış edirdilər. Biz də böyük toplantılarda birgə Allaha ibadət edirik (Zəbur 26:12; 111:1). Bu görüşlərdə biz ayrı-ayrı yığıncaqlardan, hətta başqa ölkələrdən gəlmiş dindaşlarımızla tanış oluruq. Nahar fasiləsi zamanı nahar etməklə yanaşı, bir-birimizlə söhbət edərək yeni dostlar qazanırıq (Həvarilərin işləri 2:42). «Bütün qardaşlığı» birləşdirən məhəbbəti bu toplantılarda hər kəs duya bilər (1 Butrus 2:17).
Allahın yolunda irəliləməyə kömək edir. Qədimdə Allahın xalqına ayələr oxunub izah olunurdu. Bu, xalqın rifahına xidmət edirdi (Nəhəmya 8:8, 12). Bu gün biz də böyük toplantılarda Allahın Kəlamından təlim alırıq. Proqram Müqəddəs Kitabdan götürülmüş bir ayəyə əsaslanır, məruzələrdən, səhnəciklərdən və sairədən ibarət olur. Bütün bunlar bizə Allaha məqbul həyat sürməyə kömək edir. Sınaqlar qarşısında imandan dönməyən bacı-qardaşlarımızın həyatında baş verən hadisələri eşidəndə isə güc-qüvvət alırıq. Regional toplantılarda tamaşalar göstərilir. Bu tamaşalar Müqəddəs Kitabdakı hadisələri gözümüzün qarşısında canlandırır və bizə ibrətamiz dərslər verir. Belə toplantılarda həyatını Yehovaya həsr edənlər vəftiz olur.
-
Nəyə görə böyük toplantılar xüsusi mərasimdir?
-
Bu toplantılardan siz necə bəhrələnə bilərsiniz?