Kontentə keç

Mündəricatı göstər

 FƏSİL 13

«Ciddi fikirayrılığı yarandı»

«Ciddi fikirayrılığı yarandı»

Sünnət məsələsi rəhbərlik şurasına gedib çıxır

Həvarilərin işləri 15:1—12

1—3. a) Yenicə yaranmış məsihi yığıncağının parçalanma təhlükəsi ilə üz-üzə gəlməsinə nə səbəb oldu? b) «Həvarilərin işləri» kitabında yazılan bu hadisəni araşdırmağın bizə hansı köməyi dəyəcək?

BULUSLA Barnəba yenicə ilk təbliğ səyahətindən Pisidiya Antakyasına qayıdıblar. Yehovanın «digər xalqlara iman qapısını» açması onları vəcdə gətirib (Həv. 14:26, 27). Elə Antakyanın özündə də xoş xəbərin təbliğ olunmadığı yer qalmayıb. Bunun sayəsində burada da qeyri-­yəhudilərdən «xeyli adam» məsihi olub (Həv. 11:20—26).

2 Yığıncaqlarda gedən bu artım barədə xəbər tezliklə Yəhudiyyəyə çatır. Lakin bunu eşidəndə heç də hamı sevinmir. İşlərin bu cür gedişatı sünnətlə bağlı onsuz da səngimək bilməyən mübahisələri daha da qızışdırır. Yəhudi və qeyri-yəhudilər bir-biri ilə necə münasibətdə olmalıdırlar? Qeyri-yəhudilər Musanın qanununa riayət etməlidirlərmi? Məsələ o qədər böyüyür ki, məsihi yığıncağında parçalanma təhlükəsi yaranır. Görəsən bunun axırı necə olacaq?

3 «Həvarilərin işləri» kitabında yazılan bu hadisəni araşdırdıqca çoxlu dəyərli fikirlər öyrənəcəyik. Bu fikirlər mübahisəli məsələlər yaranan zaman bizə müdrik davranmağa kömək edəcək.

«Sünnət edilməsəniz, xilas olmayacaqsınız» (Həvarilərin işləri 15:1)

4. Bəzi məsihilər hansı yanlış fikirləri yayırdılar və buradan hansı sual meydana çıxır?

4 Şagird Luka yazıb: «Yəhudiyyədən [Antakyaya] gələn bəzi adamlar qardaşları: “Əgər Musanın qoyduğu adət üzrə sünnət edilməsəniz, xilas olmayacaqsınız”, — deyə öyrətməyə başladılar» (Həv. 15:1). Müqəddəs Kitabda həmin adamların məsihiliyi qəbul etməzdən əvvəl fərisi olub-­olmadığı haqda heç bir şey deyilmir. Hər necə olsa da açıq-aydın görünür ki, yəhudi təriqətinin sərt baxışları, tələbkarlığı onlara öz təsirini göstərmişdi. Həmçinin, ola bilsin, onlar yalandan deyirdilər ki, Yerusəlimdəki həvarilərin və ağsaqqalların adından danışırlar (Həv. 15:23, 24). Bəs nə üçün yəhudilərdən olan imanlılar hələ də sünnət məsələsinin üstündə mübahisələr edirdilər? Axı təxminən 13 il əvvəl  Allah həvari Butrusun vasitəsilə sünnət olunmamış qeyri-yəhudiləri məsihi yığıncağına qəbul etdiyini göstərmişdi * (Həv. 10:24—29, 44—48).

5, 6. a) Bəzi yəhudi məsihilərin sünnət tərəfdarı olmalarını nə ilə izah etmək olar? b) Sünnət əhdi İbrahimlə bağlanan əhdin bir hissəsi idimi? İzah et. (Haşiyəyə bax.)

5 Bunun bir neçə səbəbi ola bilər. Birincisi, kişilərin sünnət olunmasını Yehova Özü tapşırmışdı və bu, Onunla xüsusi münasibətlərin olduğuna əlamət idi. Sünnət hələ Musadan çox-çox əvvəl, İbrahimin vaxtından tətbiq olunmağa başlanmışdı, sonra isə Musaya verilən Qanuna əsas tələblərdən biri kimi daxil olmuşdu * (Lav. 12:2, 3). Musanın qanununa əsasən, müəyyən işlərdə iştirak etmək, məsələn, Pasxa yeməyindən yemək istəyən yadellilər belə, əvvəlcə sünnət olunmalı idilər (Çıx. 12:43, 44, 48, 49). Yəhudilərin təsəvvüründə sünnət olunmamış kişi murdar, mənfur insan idi (Əşy. 52:1).

6 Bu səbəbdən, yeni təlimi qəbul etmək üçün yəhudilərdən iman və təvazökarlıq tələb olunurdu. Qanun əhdi yeni əhdlə əvəz edilmişdi, deməli, artıq heç kəs sadəcə yəhudi kimi doğulduğu üçün Allahın xalqının üzvü ola bilməzdi. Bundan başqa, yəhudilərin içində, məsələn, Yəhudiyyədə yaşayan yəhudi məsihilərə Məsihə inandıqlarını açıq etiraf etmək və sünnət olunmamış qeyri-yəhudiləri dindaşları kimi qəbul etmək üçün cəsarət lazım idi (Ərm. 31:31—33; Luka 22:20).

7. Yəhudiyyədən gələn adamlar hansı həqiqəti başa düşmürdülər?

7 Amma bu, Allahın normalarının dəyişdiyini göstərmirdi. Buna sübut kimi onu gətirmək olar ki, yeni əhd Musanın qanununun məğzini özündə əks etdirirdi (Mət. 22:36—40). Məsələn, sonralar həvari Bulus sünnətlə bağlı yazmışdı: «Daxilən yəhudi olan əsl yəhudidir və onun sünnəti yazılı Qanun toplusu əsasında yox, müqəddəs ruhla qəlbdə edilmiş sünnətdir» (Rom. 2:29; Qan. 10:16). Yəhudiyyədən gələn həmin adamlar bunları başa düşmürdülər, onlar iddia edirdilər ki, Allah sünnətlə bağlı verdiyi qanunu ləğv etməyib. Görəsən onlar gətirilən dəlillərə qulaq asacaqdılar?

Ciddi fikir ayrılığı və mübahisə (Həvarilərin işləri 15:2)

8. Nə üçün sünnət məsələsini Yerusəlimdəki rəhbərlik şurasına təqdim etmək qərara alındı?

8 Luka sözünə belə davam edir: «Bu adamlarla [Yəhudiyyədən gələnlərlə] Bulus və Barnəba arasında ciddi fikir ayrılığı yarandı və onlar mübahisəyə başladılar. Buna görə də [ağsaqqallar tərəfindən] belə qərara alındı ki, Bulus, Barnəba və bir neçə nəfər başqa qardaş bu məsələ ilə əlaqədar Yerusəlimə, həvarilərin və ağsaqqalların yanına  getsinlər» * (Həv. 15:2). Ciddi fikir ayrılığı və mübahisənin yaranmasından görünür ki, hər iki tərəf özünün doğruluğuna əmin idi, bu səbəbdən Antakyadakı yığıncaq məsələni həll edə bilmədi. Sülhün və birliyin xatirinə yığıncaq ağıllı hərəkət edib qərara gəldi ki, məsələ rəhbərlik şurasının, yəni Yerusəlimdəki «həvarilərin və ağsaqqalların» nəzərinə çatdırılsın. Bu hadisə bizə nə öyrədir?

Bəziləri israr edirdi: «Onlardan [qeyri-yəhudilərdən] tələb olunmalıdır ki, Musanın qanununa riayət etsinlər»

9, 10. Antakyadakı qardaşlar, eləcə də Bulusla Barnəba bizim üçün necə gözəl nümunə qoymuşlar?

9 Antakyadakı ağsaqqalların necə davranmasından Allahın təşkilatına etibar etməyin vacib olduğunu öyrənirik. Fikir ver ki, Antakyadakı qardaşlar rəhbərlik şurasının yalnız yəhudi məsihilərdən təşkil olunduğunu çox gözəl bilirdilər. Bununla belə, onların sünnət məsələsini Müqəddəs Yazılara müvafiq şəkildə həll edəcəklərinə etibar edirdilər. Bu arxayınlıq onlarda haradan idi? Yığıncaq əmin idi ki, Yehova müqəddəs ruhu və məsihi yığıncağının başı İsa Məsih vasitəsilə bu işə rəhbərlik edəcək (Mət. 28:18, 20; Efes. 1:22, 23). Bu gün də ciddi məsələlər baş qaldıranda gəlin Antakyadakı həmimanlılarımızın gözəl nümunəsini izləyərək Allahın təşkilatına və Rəhbərlik Şurasına etibar edək.

10 Bu hadisə həmçinin təvazökarlığın və səbirliliyin nə dərəcədə vacib olduğunu bizə xatırladır. Baxmayaraq ki, Bulusla Barnəba başqa xalqlara təbliğ etmək üçün müqəddəs ruh tərəfindən bilavasitə seçilmiş xidmətçilər idi, onlar səlahiyyətlərindən istifadə edərək Antakyada sünnət məsələsini özləri həll etməyə çalışmadılar (Həv. 13:2, 3). Üstəlik, həvari Bulus sonralar: «Mən vəhy aldığıma görə ora [Yerusəlimə] getmişdim», — yazaraq, Allahın bu məsələ ilə bağlı rəhbərlik verdiyini göstərmişdi (Qal. 2:2). Bu gün də birliyi təhlükə altına ata biləcək məsələlər yarananda ağsaqqallar təvazökarlıqla və səbirlə davranmağa çalışırlar. Onlar mübahisə etmir, əksinə,  Müqəddəs Kitabı, sadiq nökərin verdiyi rəhbərlik və məsləhətləri araşdıraraq Yehovaya güvənirlər (Filip. 2:2, 3).

11, 12. Nə üçün Yehovaya etibar etmək vacibdir?

11 Bəzi hallarda Yehovanın müəyyən məsələlərə aydınlıq gətirməsi üçün bizdən səbirlə gözləmək tələb oluna bilər. Unutma ki, I əsrdə qardaşlar Yehovanın sünnət məsələsini həll etməsini 13 il, eramızın 36-cı ilində Kornilinin məsh olunduğu vaxtdan təxminən 49-cu ilədək gözləməli oldular. Bəs nəyə görə məsələnin həlli bu qədər uzun çəkdi? Ola bilsin, Allah səmimi qəlbli yəhudilərə özlərini bu cür böyük dəyişikliyə hazırlamaq üçün vaxt vermək istəyirdi. Axı yəhudilərin dərin hörmət bəslədiyi ulu babaları İbrahimlə bağlanan 1900 illik sünnət əhdinin ləğv olunması ciddi məsələ idi! (Yəh. 16:12).

12 Səbirli və xeyirxah Yaradanımızın bizə təlim-tərbiyə verməsi necə də böyük şərəfdir! Bu, bizə yalnız və yalnız fayda gətirir (Əşy. 48:17, 18; 64:8). Buna görə də gəlin heç vaxt təkəbbür göstərərək öz dediyimizin üstündə durmayaq, yaxud təşkilati dəyişikliklərə və ya müəyyən ayələrin yeni izahatına kəskin münasibət göstərməyək (Vaiz 7:8). Əgər özündə zərrə qədər də olsun bu cür meyil hiss edirsənsə, dua edərək «Həvarilərin işləri» kitabının 15-ci fəslindəki prinsiplər üzərində düşün *.

13. Xidmətimizdə Yehovanı bənzəməyə çalışaraq necə səbirli ola bilərik?

13 Müqəddəs Kitabı öyrətdiyimiz insanlara Müqəddəs Kitaba zidd gedən inanclardan və ya adətlərdən əl çəkmək çətin olanda da bizdən səbir tələb oluna bilər. Belə hallarda Allahın ruhunun öyrənən insanın ürəyinə təsir etməsi üçün ona müəyyən qədər vaxt vermək lazımdır (1 Kor. 3:6, 7). Həmçinin bu məsələ haqda dua etmək yaxşı olardı. Allah öz vaxtında bizə necə davranmalı olduğumuzu açıqlayacaq (1 Yəh. 5:14).

Onlar «təfərrüatı ilə» ruhlandırıcı hadisələr danışdılar (Həvarilərin işləri 15:3—5)

14, 15. Antakyadakı yığıncaq Bulusu, Barnəbanı və onların yol yoldaşlarını necə yola saldı və bu qardaşlar yolüstü dindaşlarını necə ruhlandırdılar?

14 Görək sonra nə baş verdi: «Yığıncaq onları bir qədər ötürdü. Onlar Finikiya və Səməriyyədən keçərkən digər xalqlardan olan adamların imana necə gəldiklərini təfərrüatı ilə danışır və bütün qardaşların ürəyini şad edirdilər» (Həv. 15:3). Dindaşlarının Bulusu, Barnəbanı və onların yol yoldaşlarını yarı yola qədər ötürməsi göstərir ki, onlar bu qardaşlara məhəbbət, hörmət bəsləyir, Allahdan onlara xeyir-dua diləyirdilər. Necə də gözəl nümunədir! Sən də ruhani bacı-qardaşlarına, «xüsusən də Allahın sözünü  cidd-cəhdlə danışan və öyrədən ağsaqqallar»a hörmət göstərirsənmi? (1 Tim. 5:17).

15 Qardaşlar yolüstü Finikiya və Səməriyyədəki dindaşlara da dəyib qeyri-yəhudilərə necə təbliğ etdiklərini «təfərrüatı ilə» danışaraq onları ruhlandırdılar. Bu dindaşların arasında, ehtimal ki, Stefanın öldürülməsindən sonra oralara köçən yəhudi məsihilər də var idi. Bu gün də Yehovanın təlim və təbliğ işinə necə xeyir-dua verməsi haqda xəbərlər bütün qardaşları, xüsusən də sınaqlara məruz qalan dindaşlarımızı ruhlandırır. Bəs sən ibadət görüşlərinə, toplantılara gedərək, eləcə də ədəbiyyatlarımızda nəşr olunan hadisələri və bioqrafiyaları oxuyaraq bu cür məlumatlardan ruhlanırsanmı?

16. Sünnət məsələsinin ciddi şəkil aldığı nədən görünür?

16 Antakyadan gələn qardaşlar təxminən 550 kilometr yol getdikdən sonra nəhayət ki, mənzilbaşına yetişdilər. Luka nəql edir: «Yerusəlimə çatanda yığıncaq, həvarilər və ağsaqqallar onları mehribanlıqla qarşıladılar. Bulusla Barnəba Allahın onların vasitəsilə gördüyü çoxsaylı işlərdən danışdılar» (Həv. 15:4). Amma buna cavab olaraq «əvvəllər fərisi təriqətinin üzvü olmuş bəzi imanlılar ayağa qalxıb dedilər: «Onlar sünnət edilməlidirlər. Onlardan tələb olunmalıdır ki, Musanın qanununa riayət etsinlər» (Həv. 15:5). Sünnət məsələsinin qızğın mübahisələrə səbəb olması bu məsələni həll etməyin vaxtı çatdığını göstərirdi.

«Həvarilər və ağsaqqallar» bir yerə toplaşdılar (Həvarilərin işləri 15:6—12)

17. Yerusəlimdəki rəhbərlik şurası kimlərdən təşkil olunmuşdu və onların sırasında ağsaqqalların da olması necə izah etmək olar?

17 Məsəllər 13:10 ayəsində deyilir: «Məsləhət axtaran isə hikmətlidir». Bu prinsipə müvafiq olaraq, «həvarilər və ağsaqqallar bu işə [sünnət məsələsinə] baxmaq üçün toplaşdılar» (Həv. 15:6). Müasir Rəhbərlik Şurası kimi, «həvarilər və ağsaqqallar» da bütün məsihi yığıncağı üçün qərar qəbul edirdi. Bəs nə üçün həvarilərlə birgə ağsaqqallar da xidmət edirdi? Yadındadırsa, həvari Yaqub edam edilmişdi, həvari Butrus isə müəyyən müddət ərzində həbsdə olmuşdu. Nə bilmək olardı ki,  sabah digər həvarilərin başına nə iş gələcək. Buna görə də başqa yetkin məsh olunmuş qardaşların həvarilərlə əməkdaşlıq etməsi gələcəkdə rəhbərliyin düzgün həyata keçirilməsinə kömək edəcəkdi.

18, 19. Butrus hansı təsirli sözləri söylədi və onu dinləyənlər nəyi başa düşməli idilər?

18 Luka sözünə davam edir: «Qızğın müzakirələrdən sonra Butrus ayağa qalxıb sözə başladı: “Qardaşlar, sizə yaxşı məlumdur ki, Allah digər xalqlardan olan adamların müjdəni eşidib iman gətirmələri üçün ilk günlərdən sizin aranızdan məni seçib. Ürəkləri bilən Allah, bizə verdiyi kimi, bu adamlara da müqəddəs ruhunu verməklə onları qəbul etdiyini göstərdi. O, bizimlə onların arasında heç bir fərq qoymadı və iman vasitəsilə onların ürəyini təmizlədi”» (Həv. 15:7—9). Bir kitabda deyilir ki, 7-ci ayədə «müzakirə» kimi tərcümə olunan yunan sözü «araşdırmaq», «təhqiqat aparmaq» mənasını daşıyır. Görünür, qardaşlar tərslik etmirdilər, sadəcə olaraq, hərənin öz fikri var idi və hamı öz fikrini çəkinmədən ifadə edirdi.

19 Butrusun təsirli sözləri hamının yadına saldı ki, ilk sünnət olunmamış qeyri-yəhudilərin, Kornilinin və onun ailəsinin eramızın 36-cı ilində müqəddəs ruhla məsh olunmasına o, şəxsən şahid olmuşdu. Beləliklə, əgər Yehova artıq yəhudilərlə qeyri-yəhudilər arasında fərq qoymurdusa, onda insanlar nə ixtiyarla bunu edə bilərdilər? Üstəlik, insanın ürəyini Musanın qanununa riayət etmək yox, Məsihə iman gətirmək saf edir (Qal. 2:16).

20. Sünnət tərəfdarları Allahı necə sınayırdılar?

20 Allahın Kəlamının və müqəddəs ruhun təkzibedilməz şahidliyinə əsaslanaraq Butrus belə bir nəticə çıxardı: «Belə isə, nəyə görə nə əcdadlarımızın, nə də bizim daşıya bilmədiyimiz boyunduruğu şagirdlərin boynuna qoyub Allahı sınayırsınız? Axı biz özümüz də o insanlar kimi, Ağamız İsanın lütfü sayəsində xilas olacağımıza inanırıq» (Həv. 15:10, 11). Sünnət tərəfdarları mahiyyət etibarilə Allahı sınayır və ya başqa bir tərcüməyə əsasən, «Onun səbrini tükədirdilər». Onlar yəhudilərin özlərinin tam riayət edə bilmədikləri, buna görə də onları ölümə məhkum edən qanunu qeyri-yəhudilərin üzərinə qoymaq istəyirdilər (Qal. 3:10). Əslində isə Butrusun dinləyiciləri İsa Məsih vasitəsilə ifadə etdiyi xeyirxahlığına görə Allaha minnətdar olmalı idilər.

21. Barnəba ilə Bulus məsələnin həll olunmasına necə kömək etdilər?

21 Görünür, Butrusun sözləri düz hədəfə düşdü, belə ki, bütün toplaşanlar susdular. Bundan sonra Barnəba ilə Bulus «Allahın digər xalqlar arasında onların əli ilə göstərdiyi çoxlu möcüzə və əlamətlərdən danışdılar» (Həv. 15:12). Nəhayət ki, indi həvarilər və ağsaqqallar vəziyyəti hərtərəfli görə və sünnət məsələsində Allahın mövqeyini aydın əks etdirən qərar qəbul edə bilərdilər.

22—24. a) Bu gün Rəhbərlik Şurası birinci əsrdəki həvarilərin və ağsaqqalların nümunəsini necə izləyir? b) Bütün ağsaqqallar teokratik rəhbərliyə hörmətlə yanaşdıqlarını necə göstərə bilərlər?

 22 Bu gün də Rəhbərlik Şurasının üzvlərinin görüşü keçiriləndə onlar rəhbərliyi Allahın Kəlamında axtarır və müqəddəs ruh almaq üçün sidq-ürəkdən dua edirlər (Zəb. 119:105; Mət. 7:7—11). Onların hər biri görüşün proqramını kifayət qədər əvvəldən alır ki, məsələlər üzərində dua edərək düşünə bilsin (Məs. 15:28). Görüş vaxtı məsh olunmuş bu qardaşlar sərbəst və hörmətcil tərzdə öz fikirlərini bildirirlər. Müzakirə vaxtı Müqəddəs Kitabdan tez-tez istifadə edilir.

23 Ağsaqqallar onların nümunəsini izləməyə çalışmalıdırlar. Əgər hər hansı ciddi məsələ ağsaqqalların görüşündən sonra da həll olunmamış qalarsa, ağsaqqallar şurası filialla, yaxud onun nümayəndəsi ilə, məsələn, səyyar nəzarətçilərlə məsləhətləşə bilər. Filial isə lazım gələrsə, Rəhbərlik Şurasına müraciət edə bilər.

24 Bəli, Yehova teokratik quruluşa hörmət edənlərə, təvazökarlıq, sədaqət və səbir göstərənlərə xeyir-dua verir. Növbəti fəsildə görəcəyimiz kimi, Allah bu cür məsihiləri həqiqi sülh, ruhani firavanlıq və məsihi birliyi ilə mükafatlandırır.

^ abz. 4 « İudaizm tərəfdarları» adlı çərçivəyə bax.

^ abz. 5 Sünnət əhdi İbrahimlə bağlanan əhdə daxil deyildi. Bu gün də qüvvədə olan İbrahimlə bağlanan əhd 1943-cü ildə, İbrahim (həmin vaxt İbram) Kənan torpağına gedərkən Fərat çayını keçəndə qüvvəyə minmişdi. O vaxt İbrahimin 75 yaşı var idi. Sünnət əhdi isə b. e. ə. 1919-cu ildə, İbrahimin 99 yaşı olanda bağlanmışdı (Yar. 12:1—8; 17:1, 9—14; Qal. 3:17).

^ abz. 8 Görünür, Yerusəlimə göndərilənlərin arasında sonralar Bulusun etibarlı əməkdaşı və təmsilçisi olan Titus da var idi (Qal. 2:1; Tit. 1:4). Milliyyətcə yunan olan Titus sünnət olunmamış qeyri-­yəhudilərin müqəddəs ruhla məsh olunmasına çox gözəl nümunə idi (Qal. 2:3).