Kontentə keç

Mündəricatı göstər

 FƏSİL 22

«Yehova bilən məsləhətdir»

«Yehova bilən məsləhətdir»

Allahın iradəsini yerinə yetirməyə qətiyyətli olan Bulus Yerusəlimə gedir

Həvarilərin işləri 21:1—17

1—4. Bulus nə üçün Yerusəlimə gedir və orada onu nə gözləyir?

HAMINI qəhər boğur. Bulusla Luka üçün sevimli qardaşlardan, efesli ağsaqqallardan ayrılmaq çox çətindir. Buna baxmayaraq, onlar qardaşlarla vidalaşıb gəminin göyərtəsinə qalxırlar. Qardaşlar onlar üçün yol tədarükü görüblər. Üstəlik, Bulusgil Yəhudiyyədəki imkansız məsihilər üçün yardım aparırlar. Bu dəqiqə onların ən böyük arzusu ianələri sağ-salamat qardaşlara çatdırmaqdır.

2 Xəfif külək yelkənləri doldurur və gəmi yavaş-yavaş səs-küylü sahildən uzaqlaşır. Bulus, Luka və onlarla gedən yeddi qardaş gözlərini onları yola salan dindaşlarının kədərli simalarından çəkə bilmirlər, sahildəki qardaşlar gözdən itənədək onlara əl edirlər (Həv. 20:4, 14, 15).

3 Bulus təxminən üç il Efesdəki qardaşlarla çiyin-çiyinə çalışmışdı. Amma indi müqəddəs ruhun göstərişi ilə o, Yerusəlimə gedir. Ümumi götürdükdə, Bulusun onu bu şəhərdə nə gözlədiyindən xəbəri var. Bir qədər əvvəl o, efesli ağsaqqallara demişdi: «İndi ruhun təhriki ilə Yerusəlimə gedirəm, ancaq orada başıma nələr gələcək bilmirəm. Amma hər şəhərdə müqəddəs ruh dönə-dönə təkrar edir ki, məni qandallar və təqiblər gözləyir» (Həv. 20:22, 23). Təhlükəyə baxmayaraq, Bulus «ruhun təhriki ilə» Yerusəlimə gedir. Ruhun göstərişinə tabe olmağı o, özünə həm borc bilir, həm də şərəf. Bulus həyatı sevir, amma Allahın iradəsini yerinə yetirmək onun üçün hər şeydən üstündür.

4 Sən də Allahın iradəsini yerinə yetirməyə bu cür yanaşırsan? Biz özümüzü Yehovaya həsr edəndə təntənəli surətdə vəd etmişdik ki, Onun iradəsini yerinə yetirmək həyatımızın ümdə məqsədi olacaq. Həvari Bulusun nümunəsini araşdırmaq bizə bu vədə sadiq qalmağa kömək edə bilər.

Kipr adasının yanından keçirlər (Həvarilərin işləri 21:1—3)

5. Bulus və yoldaşları Sura necə getdilər?

5 Külək əlverişli səmtə əsdiyindən Bulusgilin gəmisi istiqamətini dəyişmədən üzdü. Buna görə də onlar  elə həmin gün Kos adasına çatdılar (Həv. 21:1). Görünür, gəmi gecəni burada lövbər saldı, səhər isə Rodosa, oradan da Pataraya üzdü. Kiçik Asiyanın cənub sahilində yerləşən Pataradan qardaşlar böyük yük gəmisinə minib birbaşa Finikiyanın Sur şəhərinə getdilər. Onlar Kipr adasını sol tərəfdə qoyaraq keçdilər (Həv. 21:3). Nə üçün Luka «Həvarilərin işləri» kitabında bu məqamı qeyd edir?

6. Nəyə görə Kipr adasını görmək Bulus üçün ruhlandırıcı ola bilərdi? b) Yehovanın sənə necə xeyir-dua verdiyi və kömək etdiyi üzərində düşünsən, hansı nəticəyə gələcəksən?

6 Bəlkə də, Bulus adanı yoldaşlarına göstərib, orada başına gələnləri onlara danışdı. Təxminən doqquz il əvvəl birinci təbliğ səyahəti zamanı Bulus Barnəba və Mark ləqəbli Yəhya ilə birlikdə bu adada Elimas adlı cadugərlə rastlaşmışdı. Həmin cadugər onlara təbliğ etməyə mane olurdu (Həv. 13:4—12). Yəqin həmin adanı görəndə və orada baş verənləri yadına salanda Bulus ruhlanmış və qarşıdakı təqiblərə tab gətirə bilmək üçün güc əldə etmişdi. Allahın bizə necə xeyir-dua verdiyi, eləcə də sınaqlara dözmək üçün necə kömək etdiyi barədə düşünməyin bizə də faydası dəyə bilər. Belə etsək, biz də Davudun sözlərinə şərik olacağıq. O yazırdı: «Salehin dərdi-səri çox olar,  lakin Yehova onu bütün bəlalardan qurtarar» (Zəb. 34:19).

«Şagirdləri axtarıb tapdıq» (Həvarilərin işləri 21:4—9)

7. Səyahətçilər Sura çatanda nə etdilər?

7 Bulus məsihilərlə ünsiyyətdə olmağın vacibliyini başa düşürdü və həmimanlıları ilə bir yerdə olmaq üçün hər fürsətdən istifadə edirdi. Həvarilərin işləri 21:4 ayəsində yazılıb ki, Sura gəlib çatanda qardaşlar «şagirdləri axtarıb» tapdılar. Qardaşlar burada məsihilərin olduğunu bilirdilər, bu səbəbdən, onları axtarıb tapdılar və ehtimal ki, onlarla qaldılar. Həqiqəti bilməyin gətirdiyi ən böyük faydalardan biri odur ki, hara gediriksə gedək, etiqadımıza şərik olan və bizi sevinclə qarşılayan insanları tapa bilərik. Allahı sevən və Ona düzgün ibadət edənlərin dünyanın hər yerində dostları var.

8. Həvarilərin işləri 21:4 ayəsini necə başa düşməliyik?

8 Surda qaldıqları günlər haqqında danışarkən Luka ilk baxışdan təəccüblü görünən bir şeyi yazır: «Onlar [Surdakı qardaşlar] ruh vasitəsilə dönə-dönə Bulusa dedilər ki, Yerusəlimə ayaq basmasın» (Həv. 21:4). Belə çıxır ki, Yehova fikrini dəyişmişdi? İndi O, Bulusa Yerusəlimə getməməyimi əmr edirdi? Xeyr. Ruh Yerusəlimdə Bulusun başına bəla gələcəyini bildirirdi, onun şəhərə girməməsini demirdi. Görünür, müqəddəs ruh vasitəsilə Surdakı qardaşlar belə nəticəyə gəldilər ki, Yerusəlimdə Bulusun başına bəla gələcək. Buna görə də ondan ora ayaq basmamağı xahiş etdilər. Qardaşları başa düşmək olar. Onlar Bulusu bəladan qorumaq istəyirdilər. Bulus isə Allahın iradəsini yerinə yetirmək üçün Yerusəlimə getməyə qəti qərarlı idi (Həv. 21:12).

9, 10. a) Surdakı qardaşların narahat olduğunu görəndə, ola bilsin, Bulusun yadına kim düşdü? b) Bu gün insanlar daha çox necə dinə meyil edirlər, amma İsa nəyə səsləyirdi?

9 Qardaşların necə narahat olduqlarını görəndə yəqin Bulusun yadına İsa düşdü. İsa da şagirdlərinə Yerusəlimə gedəcəyini, orada çoxlu əzab çəkib öldürüləcəyini deyəndə şagirdləri onun getməsinə etiraz etmişdilər. Hisslərə qapılaraq Butrus İsaya demişdi: «Özünə yazığın gəlsin, Ağa! Belə şey heç vaxt ola bilməz!» İsa ona: «Çəkil qabağımdan, Şeytan! Sən mənə mane olursan. Çünki sənin ağlındakı Allahın fikirləri deyil, insan fikirləridir», — deyə cavab vermişdi (Mət. 16:21—23). İsanı fədakarlıq yolundan heç kim döndərə bilməzdi; o, Allahın tapşırdığı işi yerinə yetirmək fikrində qəti idi. Bulus da həmçinin. Həvari Butrus kimi Surdakı qardaşların da niyyəti təmiz idi, sadəcə onlar Allahın iradəsinin nədən ibarət olduğunu başa düşmürdülər.

İsanın davamçısı olmaq üçün fədakarlıq tələb olunur

10 Bu gün də bir çoxları Allaha məqbul olub-olmadığına əhəmiyyət vermədən, özləri üçün hansı yol rahatdırsa, o yolla gedirlər. Ümumilikdə, insanlar onlara əl verən və elə də çox şey tələb etməyən dinə meyil edirlər. Lakin bunun əksinə olaraq,  İsa insanları tamamilə başqa şeyə səsləyirdi. O, şagirdlərinə demişdi: «Kim ardımca gəlmək istəyirsə, qoy özünü inkar etsin, işgəncə dirəyini götürüb daima ardımca gəlsin» (Mət. 16:24). İsanın göstərdiyi yol ən düzgün yoldur. Amma bu yolu getmək heç də asan deyil.

11. Surdakı şagirdlər Bulusu çox istədiklərini və xidmətdə onu dəstəklədiklərini necə göstərdilər?

11 Çox keçməmiş getmək vaxtı gəlib çatdı. Qardaşların Bulusgili necə yola saldığını oxuyanda adam lap kövrəlir. Doğrudan da, Surdakı qardaşlar Bulusu çox istəyirdilər və xidmətdə onu dəstəkləyirdilər. Qadınlı, uşaqlı hamı Bulusgili sahilə kimi ötürdü. Diz çöküb birlikdə dua etdilər, sonra sağollaşdılar. Bulus, Luka və digər qardaşlar gəmiyə minib Ptolemaidaya yola düşdülər, orada qardaşlarla görüşüb bir gün onlarla qaldılar (Həv. 21:5—7).

12, 13. a) Filipin xidməti haqqında bizə nə məlumdur? b) Filip müasir məsihi atalar üçün hansı nümunəni qoymuşdur?

12 Sonra Luka deyir ki, Bulus və onun yol yoldaşları Qeysəriyyəyə yola düşdülər. Ora çatanda «müjdəçi Filipin evinə» getdilər * (Həv. 21:8). Yəqin Filipi görəndə onlar çox sevindilər. Haradasa iyirmi il əvvəl Yerusəlimdə həvarilər ona yemək paylamaq işini tapşırmışdılar. Filip artıq uzun müddət idi ki, təbliğ işində canla-başla iştirak edirdi. Yadındadırsa, Yerusəlimdə təqib baş qaldıranda Filip Səməriyyəyə gedib orada təbliğ etməyə başlamışdı. Həmçinin o, həbəşistanlı məmura təbliğ edib onu vəftiz etmişdi (Həv. 6:2—6; 8:4—13, 26—38). Həqiqətən də, Filip sadiq məsihi idi!

13 Filip indi Qeysəriyyədə yaşayırdı. Onun xidmətə həvəsi sönməmişdi. Lukanın onu «müjdəçi» adlandırmasından da göründüyü kimi o, hələ də təbliğ işində fəal idi. Həmçinin Müqəddəs Kitabda yazılıb ki, onun peyğəmbərlik edən dörd qızı var idi. Görünür, onlar da atalarının yolu ilə gedirdilər * (Həv. 21:9). Yəqin ailəsinin ruhani cəhətdən möhkəm olması üçün Filip  çox qüvvə sərf etmişdi. Müasir dövrdə yaşayan məsihi atalar Filipdən nümunə götürərək xidmətdə fəal iştirak etməli və övladlarına təbliğ işini sevdirməlidirlər.

14. Bulusun dindaşlarını ziyarət etməsi hansı faydanı gətirirdi və bu gün bacı-qardaşların hansı imkanı var?

14 Getdiyi hər yerdə Bulus dindaşlarını axtarıb tapır və onlara vaxt ayırırdı. Sözsüz ki, yerli qardaşlar bu həvariyə və onun yoldaşlarına sevinclə qonaqpərvərlik göstərirdilər. Şübhəsiz, bu cür ünsiyyət hər iki tərəfi ruhlandırırdı (Rom. 1:11, 12). Bu gün də bacı-qardaşların qarşısında oxşar imkanlar var. Evimiz nə qədər kasıb olursa-olsun, səyyar nəzarətçiləri və onların həyat yoldaşlarını qonaq çağırmağa çəkinməməliyik. Bunun bizə böyük faydası dəyəcək (Rom. 12:13).

«Ölməyə də hazıram» (Həvarilərin işləri 21:10—14)

15, 16. Ağab hansı xəbəri gətirdi və bu xəbər qardaşlara necə təsir etdi?

15 Bulus Filipin evində olanda oraya Ağab adlı başqa bir hörmətli qonaq gəlib çıxdı. Burada yığışanlar Ağabın peyğəmbər olduğunu bilirdilər; o, Klavdinin günlərində olan böyük aclıq haqqında qabaqcadan xəbər vermişdi (Həv. 11:27, 28). Yəqin onlar narahat idilər ki, görəsən Ağabı buraya nə gətirib. O, nə xəbərlə gəlib? Hamı intizar içində ikən o, Bulusun qurşağını (içində pul və digər əşyalar saxlanılan belbağı) götürüb onunla öz əl-ayağını bağladı. Ağab çox ciddi bir xəbərlə gəlmişdi. O sözə başlayıb dedi: «Müqəddəs ruh belə deyir: “Yəhudilər Yerusəlimdə bu qurşağın yiyəsini bax beləcə sarıyıb başqa xalqlardan olanların əlinə verəcəklər”» (Həv. 21:11).

16 Bu peyğəmbərlik Bulusun Yerusəlimə gedəcəyini təsdiq edirdi. Həmçinin göstərirdi ki, Bulusun oradakı yəhudilərə təbliğ etməsi onun «başqa xalqlardan olanların əlinə» verilməsinə gətirib çıxaracaq. Bu sözlər hamıya çox pis təsir etdi. Luka yazır: «Biz bunu  eşidəndə oradakı qardaşlarla birlikdə yalvar-yaxar edib Bulusu Yerusəlimə getmək fikrindən daşındırmağa çalışdıq. Onda Bulus dedi: “Siz nə edirsiniz? Nə üçün ağlayıb ürəyimi parça-parça edirsiniz? Arxayın olun, mən Ağamız İsanın adı uğrunda Yerusəlimdə nəinki buxovlanmağa, hətta ölməyə də hazıram”» (Həv. 21:12, 13).

17, 18. Bulus Allahın iradəsini yerinə yetirməyə qəti qərarlı olduğunu necə göstərdi və qardaşlar buna necə yanaşdılar?

17 Belə bir səhnəni təsəvvür et. Bütün qardaşlar, o cümlədən Luka Bulusa yalvar-yaxar edirlər ki, Yerusəlimə getməsin. Bəziləri hətta ağlayır. Qardaşların onu bu qədər çox istəmələrindən təsirlənən Bulus nəzakətlə deyir ki, belə etməklə onlar onun ürəyini parça-parça edirlər. Buna baxmayaraq, Bulus öz qərarında qətidir. Surda olduğu kimi, burada da o yol verməyəcək ki, qardaşların yalvarışları və ya göz yaşları onu öz fikrindən döndərsin. Əksinə, Bulus onlara nəyə görə getməli olduğunu izah edir. Bulus sözün əsl mənasında cəsarət və qətiyyət nümayiş etdirdi! İsa kimi Bulus da Yerusəlimə getməyə qətiyyətli idi (İbr. 12:2). Bulus şəhid olmaq istəmirdi, lakin bu, baş verərdisə, o, İsa Məsih uğrunda ölməyi özünə şərəf bilərdi.

18 Bəs qardaşlar Bulusun qərarına necə yanaşdılar? Bir sözlə desək, hörmətlə. Biz oxuyuruq: «Onu qərarından daşındıra bilmədiyimizi görəndə çar-naçar razılaşıb dedik: “Yehova bilən məsləhətdir”» (Həv. 21:14). Qardaşlar öz dediklərini yeritməyə çalışmadılar. Onlar Bulusa qulaq asdılar və Yehovanın iradəsinin nədən ibarət olduğunu başa düşüb ona boyun əydilər, baxmayaraq ki, bu, onlar üçün çox çətin idi. Bulusun indi getdiyi yol onu ölümə aparırdı. Bulusa onsuz da çətin idi, qardaşlar onu fikrindən daşındırmağa çalışmasaydılar, heç olmasa onun üçün bir az asan olardı.

19. Bulusun hadisəsindən özümüzə hansı vacib dərsi götürürük?

19 Bu hadisədən özümüzə vacib bir dərs götürürük: Allaha fədakarcasına xidmət etmək istəyənləri heç vaxt fikirlərindən daşındırmağa çalışmamalıyıq. Bunu təkcə ölüm-dirim məsələsinə yox, həm də müxtəlif vəziyyətlərə aid etmək olar. Məsələn, bir çox məsihi valideynlərə övladlarının Yehovaya xidmət etmək üçün uzaq yerə köçməsi ilə barışmaq elə də asan deyil, lakin onlar övladlarına mane olmurlar. İngiltərədə yaşayan Filis gözünün ağı-qarası bircə qızı Afrikada təbliğ xidmətinə başlayanda hansı hissləri keçirdiyini belə təsvir edir: «Bu, həyatımın çətin anlarından biri idi. Kədərim sevincimə qarışmışdı. Qızımın məndən bu qədər uzaqda olacağını fikirləşəndə ürəyim az qalırdı partlasın. Bu haqda çoxlu dua edirdim. O, öz qərarını vermişdi, mən isə onu qərarından döndərməyə çalışmırdım. Axı mən ona həmişə Padşahlıq işini hər şeydən üstün tutmağı öyrədirdim. O, artıq otuz ildir ki, başqa ölkədə xidmət edir və mən qızımın sədaqətli məsihi olduğuna görə hər gün Yehovaya şükr edirəm». Yaxşı olar ki, fədakar dindaşlarımızı həmişə dəstəkləyək.

Fədakar dindaşlarımızı ruhlandırmaq lazımdır

 «Qardaşlar bizi sevinclə qarşıladılar» (Həvarilərin işləri 21:15—17)

20, 21. Nədən görünür ki, Bulus bacı-qardaşlarla bir yerdə olmaq istəyirdi və nə üçün o, buna can atırdı?

20 Tədarük gördükdən sonra Bulus qardaşlarla yoluna davam etdi. Bulusla getməklə qardaşlar onu ürəkdən dəstəklədiklərini göstərdilər. Yerusəlimə çatana kimi dayandıqları hər yerdə Bulusgil dindaşları ilə bir yerdə vaxt keçirməyə çalışırdılar: Surda şagirdləri tapıb onlarla yeddi gün qaldılar. Ptolemaidada bacı-qardaşlarla görüşüb bir gün onlarla oldular. Qeysəriyyədə bir neçə gün Filipin evində qonaq oldular. Sonra oradakı qardaşlardan bir neçəsi Bulusu və yoldaşlarını Yerusəlimə kimi yola saldı. Yerusəlimə çatanda isə ilk şagirdlərdən biri olan Minason onları evində qonaq etdi. Luka deyir ki, qardaşlar onları sevinclə qarşılamışdılar (Həv. 21:17).

21 Aydındır ki, Bulus imanına şərik olanlarla bir yerdə olmaq istəyirdi. Bacı-qardaşlarla bir yerdə olmaq bizi ruhlandırdığı kimi, onu da ruhlandırırdı. Şübhəsiz, bu, Bulusu onun qəsdinə duran əleyhdarları ilə üz-üzə gəlmək qətiyyətində daha da möhkəmləndirdi.