Kontentə keç

Mündəricatı göstər

 FƏSİL 12

«Yehovadan səlahiyyət alaraq cəsarətlə danışırdılar»

«Yehovadan səlahiyyət alaraq cəsarətlə danışırdılar»

Bulus və Barnəba təvazökarlıq, dözüm və cəsarət nümayiş etdirirlər

Həvarilərin işləri 14:1—28

1, 2. Bulusla Barnəba Listrada olanda nələr baş verir?

LİSTRADA camaat bir-birinə qarışıb. Heç kimin tanımadığı iki nəfər anadangəlmə şikəst bir kişini sağaldıb. Kişi sevindiyindən atılıb-düşür. Hamı heyrət içindədir, camaat onları allahlar sanır. Zevsin məbədində xidmət edən kahin onlar üçün çələng gətirir. Kahinin kəsməyə hazırlaşdığı öküzlərin fınxırtısı, böyürtüsü aləmi bürüyüb. Həmin iki kişi, Bulusla Barnəba onlara mane olmaq üçün paltarlarını cıraraq izdihamın içinə atılır və güc-bəla ilə camaatı özlərinin allah olmadığına inandırır.

2 Sonra Pisidiya Antakyasından və Konyadan yəhudilər gəlib çıxırlar. Bulusla Barnəbaya düşmən kəsilmiş bu adamlar onlara qara yaxaraq, böhtanları ilə listralıların zehnini zəhərləyir. Bir az bundan əvvəl Bulusa sitayiş etməyə hazır olan izdiham indi onu huşunu itirənə kimi daşlayır. O ki var daşlayandan sonra yaralı Bulusu ölmüş sanıb sürüyərək şəhər darvazalarından kənara çıxarırlar.

3. Bu fəsildə hansı sualları araşdıracağıq?

3 Bu dramatik vəziyyətin yaranmasına hansı hadisələr gətirib çıxardı? Müasir təbliğçilər Barnəba, Bulus və Listranın hərdəmxəyal sakinləri ilə baş verən hadisədən nə öyrənə bilərlər? Bəs məsihi ağsaqqallar xidmətdə dözüm göstərən və «Yehovadan səlahiyyət alaraq cəsarətlə» danışan sadiq Barnəba və Bulusun qoyduğu nümunəni necə izləyə bilərlər? (Həv. 14:3).

«Xeyli adam iman gətirdi» (Həvarilərin işləri 14:1—7)

4, 5. Nə üçün Bulusla Barnəba Konyaya yollandı və orada nə baş verdi?

4 Bu hadisədən cəmi bir neçə gün əvvəl Bulusla Barnəbanı Roma şəhəri olan Pisidiya Antakyasından qovmuşdular. Belə ki, bəzi yəhudilər xalqı onlara qarşı qaldırmışdı. Ancaq onlar ruhdan düşməmiş, əksinə, xoş xəbərə hay verməyən şəhər sakinlərinin qarşısında «ayaqlarının tozunu» çırpmışdılar (Həv. 13:50—52; Mət. 10:14). Bulusla Barnəba onları Allahın ixtiyarına verib sakitcə çıxıb getmişdilər (Həv. 18:5, 6; 20:26). Bütün baş verənlər təbliğ səyahətlərinə gedən bu iki müjdəçinin  sevincini qətiyyən azaltmadı, onlar öz səyahətlərinə davam etdilər. Cənub-şərq istiqamətində təxminən 150 kilometr getdikdən sonra Toros və Sultan dağ silsiləsi arasında yerləşən, münbit torpağı olan yaylaya gəlib çıxdılar.

5 Əvvəlcə, Bulusla Barnəba Romanın Qalatiya əyalətinin əsas şəhərlərindən biri olan Konyaya gəldilər. Konya həmin əyalətdə yunan mədəniyyətini qoruyub saxlayan yeganə şəhər idi *. Bu şəhərdə nüfuzlu yəhudilər və çoxlu sayda qeyri-yəhudi prozelitlər yaşayırdı. Bulus ilə Barnəba adətləri üzrə sinaqoqa girdilər və təbliğ etməyə başladılar (Həv. 13:5, 14). «Onlar elə danışdılar ki, həm yəhudilərin, həm də yunanların içindən xeyli adam iman gətirdi» (Həv. 14:1).

6. Nəyin sayəsində Bulusla Barnəbanın sözləri insanların ürəyinə təsir edirdi və biz onlardan necə örnək götürə bilərik?

6 Nəyə görə Bulusla Barnəbanın sözləri insanların ürəyinə belə təsir edirdi? Bulus Müqəddəs Yazılardakı müdrikliyə dərindən yiyələnmişdi. İsanın vəd olunmuş Məsih olduğunu sübut etmək üçün o, tarixə, peyğəmbərliklərə və Musanın qanununa məharətlə istinad edirdi (Həv. 13:15—31; 26:22, 23). Barnəbanın danışığından insanların qayğısına qaldığı açıq-aydın hiss olunurdu (Həv. 4:36, 37; 9:27; 11:23, 24). Həvarilərin heç biri öz dərrakəsinə güvənmirdi, əksinə, «Yehovadan səlahiyyət alaraq» danışırdı. Təbliğ işində bu fəal müjdəçilərdən necə örnək götürə bilərik? Növbəti addımları atmaqla: Allahın Kəlamını dərindən öyrən. Müraciət etdiyin insanların ürəyinə yol tapmaq üçün Müqəddəs Kitabdan onlara maraqlı olan ayələr seç. Təbliğ etdiyin insanlara əməldə kömək etməklə təsəlli ver. Həmçinin öz müdrikliyinə arxalanma, Yehovanın Kəlamı əsasında təlim ver.

7. a) Xoş xəbər insanlara necə təsir bağışlayır? b) Əgər xoş xəbəri qəbul etdiyin üçün sənin də ailəndə fikir ayrılığı yaranıbsa, nəyi yadda saxlamalısan?

7 Lakin Konyada Bulusla Barnəbanın sözləri hər kəsin ürəyincə olmadı. Luka sözünə belə davam edir: «İman gətirməyən yəhudilər digər xalqlardan olanları qızışdırıb onlarda qardaşlara qarşı düşmənçilik hissi oyatdılar». Bulusla Barnəba başa düşürdü ki, xoş xəbəri müdafiə etmək lazımdır, buna görə də «xeyli vaxt orada qaldılar» və cəsarətlə danışdılar. Bu ona gətirib çıxardı ki, «şəhər əhli iki yerə [bölündü], bir tərəf yəhudiləri, digər tərəf isə həvariləri dəstəkləyirdi» (Həv. 14:2—4). Bu gün də xoş xəbər insanlara təsiri eynidir: bəzi ailələri birləşdirir, digərlərinin isə parçalanmasına səbəb olur (Mət. 10:34—36). Bəlkə də xoş xəbəri qəbul etdiyin üçün sənin də ailəndə fikir ayrılığı yaranıb. Əgər belədirsə, o zaman unutma ki, əksər hallarda ailə üzvlərinin müqavimət göstərməsinə heç bir əsası olmayan dedi-qodu və ya açıq-aşkar atılan böhtanlar səbəb olur. Sənin nümunəvi davranışın bütün bunlara qarşı güclü silah ola bilər və əvvəl-axır sənə qarşı duranların ürəyini yumşalda bilər (1 But. 2:12; 3:1, 2).

8. Nə üçün Bulusla Barnəba Konyadan çıxıb getdilər və biz onlardan nə öyrənirik?

8 Bir qədər vaxt keçdikdən sonra Konyada xoş xəbərə pis yanaşan adamlar Bulusla  Barnəbanı daşqalaq etmək üçün plan qurdular. Bundan xəbər tutan iki fəal müjdəçi şahidlik etmək üçün başqa yerə getmək qərarına gəldi (Həv. 14:5—7). Bu gün də Padşahlığın təbliğçiləri onlar kimi ehtiyatla davranırlar. Kimsə bizi söz atəşinə tutanda biz cəsarətlə danışırıq (Filip. 1:7; 1 But. 3:13—15). Lakin görəndə ki, iş artıq zorakılığa keçir, lazımsız yerə özümüzün və ya dindaşlarımızın həyatını təhlükəyə atacaq heç bir şey etmirik (Məs. 22:3).

«Var olan Allaha tərəf» dönün (Həvarilərin işləri 14:8—19)

9, 10. Listra harada yerləşirdi və oranın sakinləri haqqında bizə nə məlumdur?

9 Bulusla Barnəba Konyadan cənub-şərqə doğru 30 kilometr aralıda yerləşən Listraya getdilər. Roma koloniyası olan bu şəhər Pisidiya Antakyası ilə sıx münasibətləri qoruyub saxlayırdı, lakin oradan fərqli olaraq, bu şəhərdə o qədər də çox yəhudi yaşamırdı. Şəhərin sakinləri ehtimal ki, yunan dilində danışırdılar, amma onların doğma dili Likaoniya dili idi. Görünür, burada sinaqoq olmadığından Bulus ilə Barnəba adamların çox olduğu yerlərdə şahidlik etməyə başladılar. Yerusəlimdə olanda Bulus anadangəlmə şikəst bir adamı sağaltmışdı. Listrada isə Bulus doğulandan ayaqlarından şikəst olan kişini ayağa qaldırdı (Həv. 14:8—10). Butrusun göstərdiyi möcüzənin sayəsində çoxlu sayda adam xoş xəbərə iman gətirmişdi (Həv. 3:1—10). Bulusun göstərdiyi möcüzə isə tamamilə əks nəticəni verdi.

10 Fəslin əvvəlində təsvir olunduğu kimi, çolaq atılıb-düşməyə başlayanda Listranın bütpərəst sakinləri yanlış nəticə çıxardılar. Onlar Barnəbanı baş allah olan Zevs, Bulusu isə Zevsin oğlu və allahların təmsilçisi olan Hermes adlandırdılar. (« Listra şəhəri, Zevsə və Hermesə sitayiş» adlı çərçivəyə bax.) Lakin Barnəba ilə Bulus təslim olmaq fikrində deyildilər. Onlar qəti qərarlı idilər ki, camaata danışdıqları və etdikləri şeylər üçün bütlərdən deyil,  yeganə həqiqi Allah olan Yehovadan səlahiyyət aldıqlarını başa salsınlar (Həv. 14:11—14).

«Bu boş şeylərdən əl çəkib göyü, yeri, dənizi və onların içindəki hər şeyi yaradan var olan Allaha tərəf [dönün]» (Həvarilərin işləri 14:15)

11—13. a) Bulus və Barnəba Listra sakinlərinə nə dedilər? b) Bulusla Barnəbanın sözlərindən nə öyrənə bilərik?

11 Yaranan gərgin vəziyyətə baxmayaraq Bulusla Barnəba əllərindən gəldiyi qədər dinləyicilərinin ürəyinə yol tapmağa çalışırdı. Bu hadisəni araşdırmaqla bütpərəstlərə xoş xəbəri təbliğ etməyin gözəl üsulunu öyrənə bilərik. Gör Bulus ilə Barnəba dinləyicilərinə necə müraciət etmişdi: «Qardaşlar, siz nə edirsiniz? Biz də sizin kimi adi insanıq. Sizə müjdə gətirmişik ki, bu boş şeylərdən əl çəkib göyü, yeri, dənizi və onların içindəki hər şeyi yaradan var olan Allaha tərəf dönəsiniz. O, keçmişdə xalqlara öz yolları ilə getməyə izin vermişdi. Hərçənd Özü haqqında daima şəhadət verirdi: sizə yaxşılıq edərək göydən yağış yağdırır, bərəkətli mövsümlər və bol-bol qida verir, ürəyinizi şadlıqla doydururdu» (Həv. 14:15—17).

12 Bu dərin mənalı sözlərdən nə öyrənə bilərik? Birincisi, Bulus və Barnəba özlərini təbliğ etdikləri insanlardan üstün saymırdılar. Onlar özlərini başqa cür qələmə vermədilər. Əksinə, onları dinləyən bütpərəstlər kimi günahlı insan olduqlarını təvazökarlıqla etiraf etdilər. Düzdür, Bulusla Barnəba müqəddəs ruh almış və yalan təlimlərdən azad olmuşdular. Həmçinin onlar Məsihlə birgə rəhbərlik etmək ümidinə malik idilər. Bununla belə, bu fəal təbliğçilər başa düşürdülər ki, Listra şəhərinin sakinləri də Məsihə tabe olsalar, eyni ənamları ala bilər.

 13 Bəs biz təbliğ etdiyimiz insanlara necə yanaşırıq? Onları özümüzlə eyni səviyyədə tuturuqmu? İnsanlara Allahın Kəlamından həqiqətləri öyrədərkən Bulusla Barnəba kimi, biz də yol verməməliyik ki, bizi ilahiləşdirsinlər. XIX əsrin sonları, XX əsrin əvvəllərində təbliğ işinə rəhbərlik edən görkəmli Müqəddəs Kitab müəllimi Çarlz Teyz Rassel bu baxımdan gözəl nümunə qoymuşdu. O yazırdı: «Biz özümüzə, yaxud yazılarımıza görə insanlardan ehtiram və ya pərəstiş gözləmirik. Ürəyimizdən müqəddəs ata deyə müraciət olunmaq arzusu keçmir». Rassel qardaş Bulus və Barnəba kimi təvazökar idi. Bizim də təbliğ etməkdə məqsədimiz özümüzə izzət gətirmək yox, insanlara «var olan Allaha tərəf» dönməyə kömək etməkdir.

14—16. Bulusla Barnəbanın Listra sakinlərinə dediyi sözlərdən daha nələri öyrənirik?

14 Bu sözlərdə öyrənə biləcəyimiz daha bir şey də var. Bulusla Barnəba şəraitə uyğunlaşırdı. Konyadakı yəhudilərdən və prozelitlərdən fərqli olaraq, Listra sakinləri nə Müqəddəs Yazılara, nə də Allahın İsrail xalqı ilə rəftarına dair, demək olar ki, heç nə bilmirdilər. Bulusla Barnəbaya qulaq asan adamlar əkinçiliklə məşğul olurdular. Listranın mülayim iqlimi, bərəkətli torpaqları var idi. Bu adamlar Yaradanın keyfiyyətlərini çox şeydən, məsələn, bərəkətli mövsümlərdən görə bilərdilər. Xoş xəbərin fəal təbliğçiləri də onları düşündürmək üçün ümumi mövzu kimi məhz bundan istifadə etdilər (Rom. 1:19, 20).

15 Biz də onlar kimi vəziyyətə uyğunlaşa bilərikmi? Əkinçi müxtəlif sahələrdə eyni toxumdan əksə də, torpağı əkinə yararlı hala gətirmək üçün müxtəlif üsullardan istifadə edir. Bəzi yerlərdə torpaq yumşaq və əkinə hazır olur. Digər yerlərdə isə toxumu əkməzdən əvvəl daha çox iş görmək lazım gələ bilər. Bu gün biz də insanların ürəyinə müxtəlif deyil, eyni növ toxum səpirik — Allahın Kəlamındakı Padşahlıq xəbərini. Lakin Bulus və Barnəba kimi, biz də təbliğ etdiyimiz insanların vəziyyətini, dini baxışlarını başa düşməyə çalışmalıyıq. Sonra isə Padşahlıq xəbərini bütün bunları nəzərə alaraq təqdim etməliyik (Luka 8:11, 15).

16 Bu hadisədən üçüncü bir şeyi də öyrənirik. Nə qədər cidd-cəhdlə çalışsaq da, hərdən səpdiyimiz toxum oğurlanır, yaxud daşlığa düşür (Mət. 13:18—21). Belə olanda ruhdan düşmə. Bulusun sonralar Romadakı şagirdlərə xatırlatdığı kimi, «hər birimiz [eləcə də Allahın Kəlamını araşdırdığımız insanlar] özümüzə görə Allaha cavab verəcəyik» (Rom. 14:12).

«Şagirdləri... Yehovaya əmanət etdilər» (Həvarilərin işləri 14:20—28)

17. Derbiyadan çıxdıqdan sonra Bulus və Barnəba hara yola düşdülər və nə üçün?

17 Listra camaatı Bulusu ölmüş sanıb şəhərdən kənara çıxartdıqdan sonra şagirdlər onun ətrafına toplaşdılar. O, qalxıb şəhərə girdi və orada gecələdi.  Ertəsi gün Bulus və Barnəba oradan 100 kilometr aralıda yerləşən Derbiya şəhərinə yollandı. Təsəvvür et, cəmi bir neçə saat əvvəl daşqalaq edilmiş Bulus üçün bu səyahəti başa vurmaq necə çətin idi. Amma buna baxmayaraq, Bulus və Barnəba mətanətlə yollarına davam etdilər və gəlib Derbiyaya çıxdılar. Orada onlar «xeyli şagird hazırlayandan sonra» səyahətlərinə başladıqları Suriya Antakyasına yola düşdülər. Mənzilbaşına yetişmək üçün kəsə yolu qoyub yollarını Listra, Konya və [Pisidiyadakı] Antakyadan saldılar. Axı nə üçün? «Oradakı şagirdləri ürəkləndirib imanda qalmağa təşviq» etmək üçün (Həv. 14:20—22). Bu iki təbliğçi necə də gözəl nümunə qoymuşdu! Onlar yığıncağın rifahını öz rahatlıqlarından üstün tuturdular. Bu gün səyyar nəzarətçilər və xüsusi təyinatlı müjdəçilər onların qoyduğu nümunəni izləyirlər.

18. Ağsaqqallar necə təyin olunur?

18 Şagirdləri sözləri və nümunələri ilə ürəkləndirməkdən əlavə Bulusla Barnəba «hər yığıncaqda ağsaqqallar təyin etdilər». Təbliğ səyahətinə «müqəddəs ruh tərəfindən» göndərilsələr də, Bulus və Barnəba ağsaqqalları «Yehovaya əmanət» etməzdən əvvəl oruc tutub dua etdilər (Həv. 13:1—4; 14:23). Bu gün də eyni şey baş verir. Hansısa qardaşı müəyyən təyinat üçün tövsiyə etməzdən əvvəl yığıncağın ağsaqqallar şurası dua edərək onun Müqəddəs Kitabdakı tələblərə cavab verib-­vermədiyini nəzərdən keçirir (1 Tim. 3:1—10, 12, 13; Tit. 1:5—9). Bu zaman əsas amil kimi qardaşın nə qədər müddət məsihi olması götürülmür. Onun danışığı, davranışı və qazandığı ad müqəddəs ruhun onun həyatına nə dərəcədə təsir etdiyini göstərir. Qardaşın ağsaqqal olmağa yararlı olub-olmadığını Müqəddəs Kitabda göstərilən tələblərə cavab verməsi müəyyən edir (Qal. 5:22, 23).

19. Ağsaqqallar Allah qarşısında hansı məsuliyyəti daşıyırlar və onlar Bulusla Barnəbadan necə örnək götürürlər?

19 Ağsaqqallar bilirlər ki, yığıncaqla necə rəftar etdiklərinə görə Yehovaya cavab verəcəklər (İbr. 13:17; 1 But. 5:1—3). Bulusla Barnəba kimi ağsaqqallar da təbliğ işində rəhbərliyi öz üzərlərinə götürürlər. Onlar dindaşlarını sözləri ilə ürəkləndirir, üstəlik, yığıncağın rifahını öz rahatlıqlarından üstün tuturlar (Filip. 2:3, 4).

20. Həmimanlılarımızın sədaqətlə etdikləri xidmət haqda oxuyanda biz necə ruhlanırıq?

20 Bulusla Barnəba səyahətə başladıqları Suriya Antakyasına geri dönəndə «Allahın onların vasitəsilə gördüyü çoxsaylı işləri, həmçinin digər xalqlara iman qapısını açdığını qardaşlara danışdılar» (Həv. 14:27). Məsihi bacı-qardaşlarımızın sədaqətlə xidmət etməsi və Yehovanın onlara necə xeyir-dua verməsi haqda oxuyanda biz də Yehovadan səlahiyyət alaraq durmadan cəsarətlə danışmağa təşviq olunuruq.

^ abz. 5 « Frigiyalıların şəhəri Konya» adlı çərçivəyə baxın.