Kontentə keç

Mündəricatı göstər

«Ola bilməz!»

«Ola bilməz!»

NYU–YORKDA (ABŞ) yaşayan bir kişi bölüşür: «Oğlum Conatan bizdən bir neçə kilometr aralıda yaşayan dostlarının yanına getmişdi. Onun ora getməsi yoldaşım Valentinanın heç xoşuna gəlmirdi. O, həmişə nigaran qalırdı ki, birdən yolda başına nə isə gələr. Conatan elektronika ilə maraqlanırdı və dostlarının emalatxanasında təcrübəsini artırmaq imkanı var idi. Həmin vaxt mən Nyu-Yorkda, qərbi Manhettendə yerləşən evimizdə idim. Arvadım isə Puerto–Rikodakı qohumlarıgilə getmişdi. Düşünürdüm ki, Conatan bu dəqiqə gələr. Elə o anda qapının zəngi çalındı. Fikirləşdim: “Yəqin oğlumdur”. Amma gələn o deyildi. Qapını açanda qarşımda polis və təcili yardım işçilərini gördüm. “Bu sürücülük vəsiqəsinin kimə məxsus olduğu bilirsiniz?” — deyə polis soruşdu. “Bəli, oğlum Conatanın vəsiqəsidir”, — dedim. “Təəssüf hissi ilə sizə bildiririk ki, qəza hadisəsi baş verib və... sizin oğlunuz... oğlunuz həlak olub”. İlk dediyim sözlər: “Ola bilməz!” — oldu. Üstündən illər keçsə də, həmin acı xəbərin ürəyimizdə açdığı yara hələ də sağalmayıb».

«Təəssüf hissi ilə sizə bildiririk ki, qəza hadisəsi baş verib və... sizin oğlunuz... oğlunuz həlak olub»

 Barselonada (İspaniya) yaşayan bir ata yazır: «1960-cı illərdə biz — mən, həyat yoldaşım Mariya, 13, 11 və 9 yaşlarında olan üç uşağımız, Deyvid, Pakito və İzabel xoşbəxt bir ailə kimi yaşayırdıq.

1963-cü ilin mart ayı idi. Oğlum Pakito dərsdən gələndə başının bərk ağrıdığından şikayətləndi. Biz çaş-baş qalmışdıq, bilmirdik, bu nədən ola bilər. Amma çox keçmədi, üç saatdan sonra o keçindi. Beyin qansızması nəticəsində oğlumuz gözlənilmədən həyatını itirdi.

Pakitonun ölümündən 30 ildən çox keçib. Lakin hələ də o yadımıza düşəndə yaramız təzələnir. Ola bilməz ki, valideyn övladını itirsin və neçə müddət keçməsindən, yaxud nə qədər başqa uşaqlarının olmasından asılı olmayaraq, sanki ürəyinin bir parçasının qoparıldığını düşünməsin.

 Uşağını itirən bu iki valideynin nümunəsi bala itkisinin valideyndə nə qədər dərin və sağalmaz iz buraxdığını göstərir. Bir həkim necə də düzgün vurğulamışdı: «Adətən ailədə uşağın ölümü böyüyün ölümündən daha faciəli və sarsıdıcı olur, çünki uşağın öləcəyini heç kim ağlına belə gətirmir... Uşağın ölümü ilə onun üçün qurulan gələcək arzular, qohumluq [oğul, gəlin, nəvə] münasibətləri, hələ gerçəkləşməmiş xəyallar da yoxa çıxır». Bu acı hissləri, həmçinin uşağını salan analar da keçirir.

Həyat yoldaşını itirən bir qadın bölüşür: «Ərim Rassel İkinci Dünya müharibəsi zamanı Sakit okeanın hərbi əməliyyatlar gedən ərazisində tibb işçisi kimi xidmət edirdi. O, bir çox qanlı döyüşlərin canlı şahidi olmuş və bunlardan sağ çıxmışdı. O, Birləşmiş Ştatlara qayıdıb, sakit həyat sürməyə başladı. Sonralar Allahın Kəlamının təbliğçisi kimi xidmət edirdi. 60 yaşından çox keçməmişdi ki, ürəyindən şikayətlənməyə başladı. Rassel fəal həyat tərzi sürməyə çalışırdı. Lakin bir gün, 1988-ci ilin iyul ayında, o, ağır infarkt keçirdi və öldü. Onu itirmək mənim üçün böyük zərbə oldu. Onunla heç sağollaşa da bilmədim. O, mənim sadəcə ərim yox, həm də həmdəmim idi. Biz onunla 40 il bir yastığa baş qoymuşduq. İndi mənə elə gəlir ki, sonsuz tənhalığa qərq olmuşam».

Bunlar, hər gün dünyada baş verən və ailələrə böyük zərbə vuran minlərlə bədbəxt hadisələrdən yalnız bir neçəsidir. Övladını, həyat yoldaşını, ata-anasını, dostlarını itirən bir çox kədərli insanlar Müqəddəs Kitab yazıçılarından olan Bulusun ölümü «axırıncı düşmən» adlandırması ilə razılaşırlar. Bu dəhşətli xəbəri eşidən bir çoxlarının ilk sözü adətən: «Ola bilməz! İnanmıram!» — olur. Görəcəyimiz kimi, çox vaxt bunun ardınca başqa hisslər də yaranır (1 Korinflilərə 15:25, 26).

Ancaq yaslı olanların hissləri haqqında danışmazdan öncə, gəlin bir neçə vacib sualı cavablandıraq. Ölüm insan üçün hər şeyin sonumu deməkdir? Ölən əzizlərimizi yenidən görəcəyimizə ümid edə bilərikmi?

Həqiqi ümid

Müqəddəs Kitab yazıçısı Bulus, «axırıncı düşmən» olan ölümdən azad olacağımıza ümid verərək yazır: «Ölümü məhv edəcək» (1 Korinflilərə 15:26). Bulus buna nə üçün bu qədər əmin idi? Çünki onu öyrədən şəxsin özü, İsa Məsih ölülərdən dirilmişdi (Həvarilərin işləri 9:3—19). Məhz buna görə də Bulus yazır: «Ölüm insan [Adəm] vasitəsilə gəldiyi kimi, ölülərin dirilməsi də insan [İsa Məsih] vasitəsilədir. Necə ki Adəmin ucbatından hamı ölür, Məsihin sayəsində də hamı həyata qovuşacaq» (1 Korinflilərə 15:21, 22).

İsa Naindən olan dul qadının oğlunun ölümünə çox kədərlənmişdi. Müqəddəs Kitabda bu haqda belə deyilir: «İsa şəhərin darvazasına yaxınlaşanda gördü ki, oradan bir cənazə çıxarırlar. Mərhum anasının yeganə oğlu idi. Qadın həm də dul idi. Qadının yanında şəhər camaatından çoxlu adam var idi. Ananı görəndə Ağanın ona yazığı gəldi və dedi: “Ağlama”. O yaxınlaşıb mafəyə toxundu. Mafəni aparanlar ayaq saxladılar. İsa dedi: “Ey cavan, səninləyəm,  ayağa qalx!” Ölən oğlan qalxıb oturdu və danışmağa başladı. İsa onu anasına verdi. Hamının canına vahimə düşdü. Onlar Allahı mədh etməyə və: “Aramızda böyük bir peyğəmbər zühur edib”, “Allah öz xalqına nəzər salıb”, — deməyə başladılar» (Luka 7:12—16).

İsanın orada hamının gözü qarşısında oğlanı diriltməsi yaddaşlardan silinməyəcək bir hadisədir. Bu, İsanın həmin hadisədən bir qədər əvvəl «yeni bir göy» altında yer üzündə baş verəcək dirilməyə dair söylədiyi peyğəmbərliyə təsdiq idi. O vaxt İsa demişdi: «Buna heyrət etməyin, çünki elə bir vaxt gələcək ki, qəbirlərdə olanların hamısı onun səsini eşidəcək,.. diriləcəklər» (Vəhy 21:1, 3, 4; Yəh­ya 5:28, 29 haş.; 2 Butrus 3:13).

Bundan əlavə, dirilmə hadisəsinin canlı şahidləri arasında Butrus və İsa ilə bərabər səyahət edən 12 həvaridən bir neçəsi də olmuşdu. Onlar Cəlilə dənizi sahilində olarkən dirilmiş İsanın səsini öz qulaqları ilə eşitmişdilər. Müqəddəs Kitabda nəql edilir: «İsa onları çağırdı: “Gəlin səhər yeməyinizi yeyin”. Şagirdlərdən heç biri cəsarət edib: “Sən kimsən?” — deyə soruşmadı, çünki hamısı Ağanı tanımışdı. İsa yaxınlaşıb çörəyi də, balığı da onlara payladı. O diriləndən sonra artıq üçüncü dəfə idi ki, şagirdlərinə görünürdü» (Yəhya 21:12—14).

Buna görə də Butrus tam əminliklə qələmə almışdı: «Ağamız İsa Məsihin Atası və Allahına şükürlər olsun! O, böyük mərhəmətinə görə İsa Məsihi diriltməklə bizə yeni həyat verib canlı ümidə qovuşdurdu» (1 Butrus 1:3).

Həvari Bulus növbəti sözləri deməklə sarsılmaz ümidə malik olduğunu bildirmişdi: «Tövratda və Peyğəmbərlərin kitabında yazılmış hər şeyə inanıram, Allahın həm ­salehləri, həm də qeyri-salehləri dirildəcəyinə ümid edirəm. Onların özləri də buna ümid edirlər» (Həvarilərin işləri 24:14, 15).

Buna görə də milyonlarla insan əzizlərinin yer üzündə, lakin tam fərqli şəraitdə həyata qayıdacaqlarını görməyə ümid edə bilərlər. Bu necə bir şərait olacaq? Ölən əzizlərimiz üçün Müqəddəs Kitaba əsaslanan ümid haq­qında daha ətraflı bu broşürün «Ölənlər üçün həqiqi ümid» adlanan sonuncu hissəsində danışacağıq.

İndi isə gəlin əziz adamının ölümünə görə kədərlənən insanı narahat edən suallara nəzər salaq: bu cür hisslər keçirmək qəbahətdirmi? Bu dərdə necə dözmək olar? Başqaları necə kömək edə bilər? Kədərli olanlara mən necə kömək edə bilərəm? Ən əsası isə, Müqəddəs Kitabda ölənlər üçün hansı ümid var? Əzizlərimi nə vaxtsa yenidən görə biləcəyəmmi? Görəcəyəmsə, bəs harada?