Kontentə keç

Mündəricatı göstər

 ÇƏRÇİVƏ 19A

Nemətlər gətirən çaylar

Nemətlər gətirən çaylar

Müqəddəs Kitabın bir neçə yerində Yehovanın bəxş etdiyi nemətləri təsvir etmək üçün «su» və «çay» sözləri işlənir. Bu parçaları oxuyanda Yehovanın bizə hansı vasitələrlə nemət verdiyi haqda ruhlandırıcı fikirlər tapırıq.

YUİL 3:18. Peyğəmbərlikdə göstərilir ki, Yehovanın məbədindən çeşmə çıxır. O, quru Akasiya vadisini suvarır. Həm Yuil, həm də Hizqiyal çayın quraq yeri canlandırdığını deyir. Hər iki halda çay Yehovanın evindən, yəni məbəddən çıxır.

ZƏKƏRİYYƏ 14:8. Zəkəriyyə peyğəmbər görmüşdü ki, Yerusəlim şəhərindən dirilik suları axır. Suyun yarısı şərq dənizinə, yəni Ölü dənizə, yarısı isə qərb dənizinə, yəni Aralıq dənizinə tökülür. Yerusəlim böyük Padşahın, Yehova Allahın şəhəridir (Mət. 5:35). Buna görə də Zəkəriyyənin həmin şəhər barədə danışması bizə gələcəkdə Yehovanın bütün dünya üzərində hökmranlıq edəcəyini xatırladır. Biz əvvəllər belə başa düşürdük ki, bu peyğəmbərlikdəki sular Yehovanın iki qrup sadiq insana, böyük müsibətdən sağ çıxıb Cənnətdə yaşayan insanlara və sonradan dirilən insanlara verəcəyi nemətləri təmsil edir.

VƏHY 22:1, 2. Həvari Yəhya Hizqiyalın gördüyü çaya bənzər çay görmüşdü. Ancaq bu çay məbəddən yox, Yehovanın taxtından çıxırdı. Deməli, bu görüntü Zəkəriyyənin gördüyü görüntü kimi, min il ərzində Allahın hakimiyyətinin verəcəyi nemətləri vurğulayır.

Sözsüz ki, Yehovanın hakimiyyətinin bəxş etdiyi nemətlər və Hizqiyalın görüntüdə gördüyü çayla təmsil olunan nemətlər arasındakı fərq çox cüzidir. Bu nemətlərin hamısının mənbəyi Yehovadır və onlar bütün sadiq insanlara veriləcək.

ZƏBUR 46:4. Təkcə bu ayə hər iki cəhəti — ibadəti və hakimiyyəti ehtiva edir. Bu ayədə çay Allahın şəhərinə, yəni Allahın Padşahlığı və hakimiyyətinə, həmçinin Haqq-Taalanın möhtəşəm, Müqəddəs çadırına, yəni pak ibadətə sevinc gətirir.

Ümumilikdə götürəndə bu parçalar bizi əmin edir ki, Yehova sadiq insanlara iki yolla nemət verəcək. Biz əvvəla, əbədi olaraq Onun hakimiyyətindən, ikincisi isə pak ibadət üçün təsis etdiyi quruluşdan faydalanacağıq. Buna görə də gəlin Yehova Allahdan və Onun Oğlundan dirilik suyunu — əbədi yaşamaq üçün təşkil olunan nemətləri almağa davam edək (Ərm. 2:13; Yəh. 4:10).