Kontentə keç

Mündəricatı göstər

 FƏSİL 2

Allah onların bəxşişlərindən razı qaldı

Allah onların bəxşişlərindən razı qaldı

İBRANİLƏRƏ 11:4

MƏZMUN: Pak ibadətin tarixçəsi

1—3. a) Bu fəsildə hansı suallar işıqlandırılır? b) Pak ibadətdə vacib olan dörd şərt hansıdır? (Fəslin əvvəlindəki şəklə baxın.)

HABİL sürüsündəki heyvanları bir-bir gözdən keçirir. Bu heyvanlar doğulandan Habil onları sevə-sevə bəsləyib. O, heyvanlardan bir neçəsini seçib kəsir və Allaha bəxşiş kimi təqdim edir. Görəsən, qeyri-kamil insanın bu ibadətini Yehova qəbul edəcək?

2 Həvari Bulus Allahdan ilham alaraq Habil barədə demişdi: «Allah onun bəxşişlərindən razı qaldı». Qabilin isə gətirdiyi qurbanı Yehova Allah rədd etdi. (İbranilərə 11:4 ayəsini oxuyun.) Ortaya bəzi suallar çıxır. Nəyə görə Allah Habilin ibadətini qəbul etdi, Qabilinkini isə rədd etdi? Qabillə Habildən, eləcə də «İbranilərə məktub»un 11-ci fəslində adı çəkilən insanlardan nə öyrənə bilərik? Bu sualların cavabı bizə pak ibadətə nəyin daxil olduğunu daha yaxşı başa düşməyə kömək edəcək.

3 Bu fəsildə Habildən Hizqiyala qədər olan dövrü, bu dövrdə yaşayan bəzi insanların nümunəsini qısaca nəzərdən keçirəcəyik. İbadətin Allah tərəfindən qəbul olunması üçün dörd şərtin vacib olduğunu öyrənəcəyik. İbadətin mütləq ünvanı Yehova Allah olmalıdır, ibadətin keyfiyyəti ən ali dərəcədə olmalıdır,  ibadət tərzi Allah tərəfindən bəyənilməlidir və insanın niyyəti saf olmalıdır.

Qabilin ibadəti rədd edilir

4, 5. Nəyə görə Qabil qənaətə gəlmişdi ki, bəxşişini Yehova Allaha təqdim etməlidir?

4 Yaradılış 4:2—5 ayələrini oxuyun. Qabil bilirdi ki, onun bəxşişinin mütləq ünvanı Yehova Allah olmalıdır. Qabilin Yehovanı tanımaq üçün kifayət qədər vaxtı və imkanı var idi. O və qardaşı Habil bəxşiş gətirəndə təxminən yüz yaşlarında idi *. Onların ikisi də uşaqlıqdan Ədən bağı haqqında məlumatlı idilər. Bəlkə də bu bağa kənardan durub baxırdılar. Yəqin, bağın girişində keşik çəkən kərrubları da görürdülər (Yar. 3:24). Şübhəsiz, valideynləri onlara bütün canlı aləmi Yehovanın xəlq etdiyini danışmış, Onun insanlarla bağlı əzəli niyyətinin indi yaşadıqları həyatın tam əksi olduğunu nəql etmişdilər. Qabillə Habilin xəbəri var idi ki, günü-gündən üzü ölümə doğru getmələri Yehovanın niyyətində olmayıb (Yar. 1:24—28). Yəqin bu biliklərdən irəli gələrək Qabil qənaətə gəlmişdi ki, bəxşişini Yehova Allaha təqdim etməlidir.

5 Qabili qurban gətirməyə təşviq edən başqa bir səbəb də ola bilərdi. Yehova demişdi ki, bir «övlad» peyda olacaq və o, Həvvanı yanlış yola sapdıran «ilanın» başını əzəcək (Yar. 3:4—6, 14, 15). Qabil ilk övlad olduğu üçün, bəlkə də, özünü həmin vəd olunmuş «övlad» sanırdı (Yar. 4:1). Üstəlik, Yehova günahlı insanlarla ünsiyyətini büsbütün kəsməmişdi. Adəm günah edəndən sonra da Yehova, çox güman ki, mələk vasitəsilə onunla danışmışdı (Yar. 3:8—10). Həmçinin Qabil bəxşiş təqdim edəndən sonra Yehova Qabillə də danışmışdı (Yar. 4:6). Şübhəsiz, Qabil bilirdi ki, Yehova ibadətə layiqdir.

6, 7. Nəyə əsasən demək olar ki, Qabilin gətirdiyi bəxşişin keyfiyyətində və gətirilmə tərzində heç bir qüsur yox idi?

6 Bəs onda nəyə görə Yehova Qabilin bəxşişindən razı qalmadı? Bəlkə, məsələ bəxşişin keyfiyyətində idi? Müqəddəs Kitabda bu barədə heç nə yazılmayıb. Orada sadəcə deyilir ki, o, «torpağın məhsulundan» bəxşiş gətirdi. Yehovanın sonralar Musa peyğəmbər vasitəsilə verdiyi Qanundan bu cür qurbanın məqbul olduğu görünür (Say. 15:8, 9). Bundan başqa, Qabilin yaşadığı dövrü də nəzərə almaq lazımdır. Həmin dövrdə insanlar yalnız meyvə-tərəvəz yeyirdilər (Yar. 1:29). Üstəlik, Ədən bağından kənarda olan torpaq Allah tərəfindən lənətləndiyinə görə Qabil torpaqdan məhsul götürmək üçün ağır zəhmət çəkməli idi (Yar. 3:17—19). O, əlinin zəhmətilə becərdiyi məhsulu təqdim etmişdi. Bununla belə, Yehova Qabilin bəxşişini qəbul etmədi.

7 Bəlkə, məsələ bəxşişin gətirilmə tərzində idi? Bəlkə, Qabil qurbanı düzgün tərzdə gətirməmişdi? Görünür, problem bunda da deyildi. Çünki Yehova Qabilin bəxşişini rədd edəndə onun  gətirilmə tərzini pisləməmişdi. Əslində, nə Qabilin, nə də Habilin öz bəxşişlərini necə gətirdiyi barədə Müqəddəs Kitabda heç nə deyilmir. Yaxşı, bəs problem nədə idi?

Qabilin niyyəti təmiz deyildi (8 və 9–cu abzaslara baxın)

8, 9. a) Nəyə görə Yehova Qabildən və onun bəxşişindən razı qalmadı? b) Müqəddəs Kitabda Qabil və Habil barədə yazılanlardan sizin diqqətinizi nə cəlb edir?

8 Bulusun ibranilərə yazdığı məktubdakı sözlərdən aydın olur ki, bu bəxşişi gətirəndə Qabilin niyyəti təmiz deyildi. Onun imanı yox idi (İbr. 11:4; 1 Yəh. 3:11, 12). Bu səbəbdən Yehova təkcə onun bəxşişindən yox, onun özündən də razı qalmadı (Yar. 4:5—8). Yehova mehriban bir ata kimi, mülayimcəsinə oğlunun səhvini düzəltməyə çalışdı. Qabil isə, sanki, Yehovanın kömək əlini geri qaytardı. Günahlı bədənin əməlləri — «ədavət, münaqişə, kin» Qabilin ürəyini çürütmüşdü (Qal. 5:19, 20). Qabilin xəbis ürəyi onun ibadətinin müsbət tərəflərini də dəyərdən saldı. Onun nümunəsindən öyrənirik ki, ibadətin pak olması üçün üzdən mömin görünmək kifayət deyil.

9 Müqəddəs Kitabda Qabil haqqında çox şey yazılıb. Məsələn, Yehovanın onunla danışması, onun Yehovaya cavab verməsi. Hətta uşaqlarının adı və etdiyi bəzi işlər barədə də məlumat var (Yar. 4:17—24). Habilə gəldikdə isə nə övladının olub-olmadığı haqda, nə də dediklərindən Müqəddəs Kitabda bir kəlmə belə yazılmayıb. Bununla belə, Habilin əməlləri bu gün də bizimlə danışır. Hansı mənada?

Habil — pak ibadətdə ilk nümunə

10. Habil pak ibadətdə necə nümunə qoydu?

10 Habil bəxşişi Yehovaya gətirdi. Çünki bilirdi ki, ibadətin mütləq ünvanı yalnız Yehova olmalıdır. Onun gətirdiyi bəxşişin keyfiyyəti ali dərəcədə idi. O, qurban gətirmək üçün «sürüsündə ilk doğulan heyvanlardan bir neçəsini» seçmişdi. Müqəddəs Kitabda Habilin qurbanı qurbangahda gətirib-gətirmədiyi barədə heç bir şey deyilməsə də, onun bəxşişini təqdim etmə tərzi Allaha məqbul idi. Habilin bəxşişini dəyərli edən onun niyyəti idi. Üstündən altı min il keçməsinə baxmayaraq, onun nümunəsi hələ də bizə çox şey öyrədir. Habili bu bəxşişi gətirməyə Yehovaya iman və Onun saleh qaydalarına məhəbbət təşviq etmişdi. Bunu haradan bilirik?

Habil pak ibadətdə vacib olan dörd şərtə riayət edirdi (10–cu abzasa baxın)

11. Nəyə görə İsa Məsih Habili saleh insan kimi təsvir etmişdi?

11 Əvvəlcə gəlin görək İsa Məsih Habil haqqında nə demişdi. O, Habili çox yaxşı tanıyırdı, göydən onu müşahidə etmişdi. İsa Adəmin bu oğluna xüsusi rəğbət bəsləyirdi (Məs. 8:22, 30, 31; Yəh. 8:58; Kol. 1:15, 16). Odur ki, İsa Habili saleh adlandıranda öz gözü ilə gördüyünə əsasən danışırdı (Mət. 23:35). Bəs kimə saleh insan demək olar? Saleh insan qəbul edir ki, nəyin yaxşı, nəyin pis olduğuna qərar vermək ixtiyarı yalnız Yehovaya məxsusdur. Üstəlik, həm sözündə, həm də əməlində Yehovanın verdiyi qərarlarla razılaşdığını göstərir. (Luka 1:5, 6 ayələri ilə müqayisə edin.) İnsan bir günün içində saleh adını qazana  bilməz. Beləliklə, hətta bəxşişini Allaha təqdim etməzdən əvvəl, yəqin ki, Habil artıq Yehovanı razı salan həyat sürürdü. Bu heç də asan deyildi. Böyük qardaşı, çox ehtimal ki, onun üçün pis nümunə idi. Axı ürəyi zalımlaşmış adamdan yaxşı nə gözləmək olar? (1 Yəh. 3:12). Habilin valideynləri də yaxşı nümunə deyildi. Anası Yehovanın əmrindən çıxmışdı. Atası nəyin yaxşı, nəyin pis olduğuna özü qərar vermək istəyərək Allaha qarşı üsyan etmişdi (Yar. 2:16, 17; 3:6). Habil çox cəsarətli insan idi ki, ailəsinin tutduğu yolla getmədi.

12. Qabillə Habil arasında hansı fərq var idi?

12 Görün həvari Bulus imanla salehliyi bir-birilə necə əlaqələndirmişdi. İbranilərə 11:4 ayəsində yazılıb: «Habil imanı sayəsində Allaha Qabilin qurbanından daha qiymətli qurban gətirdi. Habil bu imanı sayəsində saleh olduğu barədə şəhadət aldı». Bulusun sözlərindən görünür ki, Qabildən fərqli olaraq, Habili qurban gətirməyə iman təşviq etmişdi. O, Yehovaya, Onun tələblərinin və yollarının haqq olduğuna həyatı boyu sidqi-ürəkdən iman etmişdi.

13. Habilin nümunəsindən nə öyrənirik?

13 Habilin nümunəsindən öyrənirik ki, yalnız saf niyyətli ürəkdən, yəni Yehovaya imanla döyünən və Onun saleh qaydaları ilə tam razı olan ürəkdən doğan ibadət pak ibadətdir. Bundan əlavə, öyrəndik ki, pak ibadət təkcə bir saleh əməllə məhdudlaşmır. Pak ibadət bizim bütün həyatımıza, hər bir davranışımıza təsir etməlidir.

Habilin nümunəsini izləyən mömin insanlar

14. Yehova nəyə görə Nuh peyğəmbərin, İbrahim peyğəmbərin və həzrəti Yaqubun qurbanını qəbul etmişdi?

14 Habil qeyri-kamil insanların arasında Yehovaya pak şəkildə ibadət edən ilk insan idi. Ancaq ondan sonra da pak ibadəti yaşadan mömin insanlar olmuşdu. Həvari Bulus Yehovaya düzgün şəkildə ibadət edən digər insanların da adını çəkmişdi. Onların sırasına Nuh peyğəmbər, İbrahim peyğəmbər, həzrəti Yaqub daxil idi. (İbranilərə 11:7, 8, 17—21 ayələrini oxuyun.) Onların hər biri Yehovaya qurbanlar gətirmiş, Yehova da bu qurbanlardan xoşhal olmuşdu. Çünki bu insanlar, sadəcə dini ayini icra etməklə kifayətlənmirdilər. Onların hər biri pak ibadətdə vacib olan bütün şərtləri yerinə yetirirdi. Gəlin onların nümunəsinə baxaq.

Nuhun gətirdiyi qurbanlar bəşəriyyətə aydın ismarıc idi (15 və 16–cı abzaslara baxın)

15, 16. Nuh peyğəmbər pak ibadətdə vacib olan dörd şərtə necə əməl etmişdi?

15 Nuh peyğəmbər Adəmin ölümündən cəmi 126 il sonra doğulsa da, onun dövründə bütpərəstlik bütün dünyaya yayılmışdı * (Yar. 6:11). Daşqından əvvəl dünyada yaşayan insanların içində yalnız Nuhla ailəsi Yehovaya məqbul şəkildə ibadət edirdi (2 But. 2:5). Daşqından sağ çıxandan sonra Nuh qurbangah düzəltdi və Yehovaya qurban gətirdi. Müqəddəs Kitabda qurbangahdan ilk dəfə burada söz açılır. Sidqi-ürəkdən gələn bu hərəkətilə Nuh ailəsinə və ondan törəyən bütün bəşəriyyətə  aydın ismarıc göndərdi — ibadətin mütləq ünvanı Yehova olmalıdır. Nuh o qədər heyvanın içində qurbanlıq kimi «bütün pak heyvanlardan və bütün qanadlı pak məxluqlardan» seçdi (Yar. 8:20). Bu heyvanları Yehovanın Özü pak adlandırdığı üçün Nuhun gətirdiyi qurbanın keyfiyyəti ali dərəcədə idi (Yar. 7:2).

16 Nuh bu yandırma qurbanlarını düzəltdiyi qurbangahda təqdim etdi. Bəs bu ibadət tərzi Allaha məqbul idi? Bəli. Müqəddəs Kitabda deyilir ki, Yehova qurbandan qalxan ətirdən xoşhal oldu və Nuhla oğullarına xeyir-dua verdi (Yar. 8:21; 9:1). Lakin Yehovanın Nuhun qurbanını qəbul etməsinə əsas səbəb onun qurbanı saf niyyətlə gətirməsi idi. Bu qurbanları gətirməsi Nuhun möhkəm imana sahib olduğuna daha bir sübut idi. O, Yehovaya, Onun tələblərinin və yollarının haqq olduğuna iman edirdi. Nuh hər şeydə Yehovaya itaət etdiyi və onun tələblərinə uyğun davrandığı üçün Müqəddəs Kitabda onun haqqında yazılıb: «Nuh Allahın yolu ilə gedirdi». Buna görədir ki, Nuh saleh insan adını qazanmışdı (Yar. 6:9; Hizq. 14:14; İbr. 11:7).

17, 18. İbrahim peyğəmbər pak ibadətdə vacib olan dörd şərtə necə əməl etmişdi?

17 İbrahim peyğəmbər yalan allahlara ibadət edən insanların əhatəsində yaşayırdı. Onun vətəni olan Ur şəhərində ay allahı Nannanın şərəfinə nəhəng məbəd ucaldılmışdı *. Hətta İbrahim peyğəmbərin atası da bir zamanlar yalan allahlara sitayiş etmişdi (Yuş. 24:2). Ancaq İbrahim peyğəmbər Yehovaya ibadət etməyə qərar vermişdi. O, çox ehtimal ki, Yehova Allah haqqında Nuhun oğlu Samdan eşitmişdi. İbrahimlə ulu babası Samın həyatının 150 ili üst-üstə düşürdü.

18 Həyatı boyunca İbrahim çoxlu qurbanlar gətirmişdi. Bu qurbanların hamısının mütləq ünvanı yalnız və yalnız Yehova olmuşdu (Yar. 12:8; 13:18; 15:8—10). Bəs İbrahimin Yehovaya gətirdiyi qurbanlar keyfiyyət baxımından ali dərəcədə idimi? O, sevimli oğlu İshaqı qurban gətirməyə tərəddüd etməyəndə bu suala aydın cavab verdi. Həmin vaxt Yehova İbrahimə qurbanı hansı tərzdə gətirməli olduğunu bircə-bircə demişdi (Yar. 22:1, 2). İbrahim son nöqtəsinədək Allahın göstərişinə əməl etməyə hazır idi. Onun əlini saxlayan Yehova oldu, yoxsa oğlunu qurban gətirəcəkdi (Yar. 22:9—12). Yehova İbrahimin ibadətini qəbul edirdi, çünki onun ibadəti saf niyyətdən irəli gəlirdi. Həvari Bulus yazmışdı: «İbrahim Yehovaya iman gətirdi və buna görə saleh sayıldı» (Rom. 4:3).

Yaqub ailəsi üçün gözəl nümunə idi (19 və 20–ci abzaslara baxın)

19, 20. Həzrəti Yaqub pak ibadətdə vacib olan dörd şərtə necə əməl etmişdi?

19 Həzrəti Yaqub ömrünün çoxunu Kənanda keçirmişdi. Yehova vəd etmişdi ki, bu diyarı İbrahimə və onun nəslinə verəcək (Yar. 17:1, 8). Bu yerin əhalisinin ibadəti o qədər murdar idi ki, Yehova onların torpaqdan dərbədər olacaqlarını demişdi (Lav. 18:24, 25). Yaqub 77 yaşında olanda Kənandan çıxıb getdi,  sonra ailə qurdu, üstündən xeyli keçəndən sonra isə böyük külfətlə geri qayıtdı (Yar. 28:1, 2; 33:18). Lakin onun ailə üzvlərindən bəziləri bütpərəstliyin təsiri altına düşmüşdü. Bununla belə, Yehova ona Beytelə gedib qurbangah düzəltməyi buyuranda Yaqub qətiyyətlə davrandı. İlk öncə ailəsinə dedi: «Sizdə olan yad allahların bütlərini atın, paklanın». Sonra isə Yehovanın buyruğuna dəqiqliklə əməl etdi (Yar. 35:1—7).

20 Yaqub Vəd olunmuş diyarda bir neçə dəfə qurbangah düzəltmişdi. Ancaq onun ibadətinin mütləq ünvanı həmişə Yehova Allah olmuşdu (Yar. 35:14; 46:1). Bəs onun gətirdiyi qurbanların keyfiyyəti, ibadət tərzi, ürəyinin niyyəti haqda nə demək olar? Müqəddəs Kitabda Yaqub «pak adam» adlanır (Yar. 25:27, haş.). Bu söz artıq suala cavab verir. Çünki Yehova yalnız razı qaldığı bəndəsini belə adlandırır. Yaqub bütün ömrünü elə yaşamışdı ki, ondan törəyən İsrail xalqı üçün gözəl örnək olmuşdu (Yar. 35:9—12).

21. Mömin insanların nümunəsindən pak ibadətlə bağlı nə öyrənirik?

21 Bu mömin insanların nümunəsindən pak ibadətlə bağlı nə öyrənirik? Onlar kimi bizim də ətrafımızda, hətta ola bilsin, ailəmizin içində elə adamlar var ki, bizə Yehovaya tam sədaqət göstərməyə əngəl törədirlər. Bu əngəlləri aşmaq üçün Yehovaya imanımız möhkəm olmalı, Onun saleh qanunlarının aliliyinə əmin olmalıyıq. Bu cür imana sahib olduğumuzu Yehovaya itaət etməklə, vaxtımızı, gücümüzü və vəsaitlərimizi Onun yolunda sərf etməklə göstərə bilərik (Mət. 22:37—40; 1 Kor. 10:31). Yehovaya bütün bacarığımızı səfərbər edərək, Onun dediyi kimi və saf niyyətlə xidmət edəndə Onun gözündə saleh sayılırıq. Həyatda bundan böyük sevinc ola bilərmi?! (Yaqub 2:18—24 ayələrini oxuyun.)

İbadəti pak olan xalq

22—24. Qanunda israillilərin gətirdiyi qurbanların mütləq ünvanı, keyfiyyəti və gətirilmə tərzinin vacibliyi necə vurğulanırdı?

22 Yehova Yaqubun nəslinə Qanunu, yəni Tövratı verərək onları Öz tələblərindən halı etdi. Əgər onlar Yehovaya itaət etsəydilər, Onun «məxsusi» və «müqəddəs» xalqı olacaqdılar (Çıx. 19:5, 6). Görün pak ibadətdə vacib olan dörd əsas şərt Tövratda necə vurğulanırdı.

23 Yehova israillilərə aydın şəkildə bildirmişdi ki, ibadətin mütləq ünvanı kim olmalıdır. O demişdi: «Məndən başqa allahınız olmamalıdır» (Çıx. 20:3—5). Xalqın təqdim etdiyi qurbanların keyfiyyəti ali dərəcədə olmalı idi. Məsələn, qurban gətirmək üçün sağlam, qüsursuz heyvanlar seçilməli idi (Lav. 1:3; Qan. 15:21; Məlaki 1:6—8 ayələri ilə müqayisə edin). Lavililər Yehovaya gətirilən bəxşişlərlə dolanırdı. Bununla belə, onlar da Allaha qurban gətirirdilər. Onlar aldıqları bəxşişlərin ən yaxşısını seçib Yehovaya pay verməli idilər (Say. 18:29). İbadət tərzinə  gəldikdə də Yehova israilliləri Öz istəyindən bixəbər qoymamışdı. Onlara nəyi qurban gətirəcəklərini, bu qurbanları harada və necə gətirəcəklərini aydın bildirmişdi. Davranışlarını nizama salmaq üçün onlara ümumilikdə 600-dən çox qanun vermiş və demişdi: «Fikir verin ki, Allahınız Yehovanın sizə buyurduqları ilə oturub-durasınız, nə sağa, nə sola bir addım belə, atmayasınız» (Qan. 5:32).

24 İsraillilərin qurbanları harada gətirəcəkləri də əhəmiyyət kəsb edirdi. Yehova xalqına Müqəddəs çadır qurmağı əmr etmişdi. Bu çadır pak ibadətin mərkəzi oldu (Çıx. 40:1—3, 29, 34). Həmin dövrdə israillilər qurbanlarının Allah tərəfindən qəbul olunması üçün onları çadırda təqdim etməli idilər * (Qan. 12:17, 18).

25. Qurbanların Allaha məqbul olması üçün vacib şərt hansı idi? İzah edin.

25 Ancaq Yehova üçün ən vacib məsələ israillilərin niyyəti idi. Onları bəxşiş gətirməyə Yehovaya və Onun qanunlarına bəslədikləri saf məhəbbət təşviq etməli idi. (Qanunun təkrarı 6:4—6 ayələrini oxuyun.) İsraillilər pak ibadətin ayinlərini quru-quru icra edəndə Yehova onların qurbanlarını rədd edirdi  (Əşy. 1:10—13). Yehova Əşiya peyğəmbər vasitəsilə bildirmişdi ki, heç kim üzdən mömin görünməklə Onu aldada bilməz. O demişdi: «Bu xalq... dildə Mənə hörmət edir, ürəkdə isə Məndən uzaqlaşıb» (Əşy. 29:13).

Məbəddə ibadət

26. Süleyman padşahın tikdiyi məbəd ilk vaxtlar pak ibadətdə nə dərəcədə əhəmiyyətli yer tuturdu?

26 İsraillilər Vəd edilmiş diyarda məskunlaşandan əsrlər sonra Süleyman padşah məbəd inşa etdi. Pak ibadətin mərkəzi olan bu məbəd Müqəddəs çadırdan qat-qat əzəmətli idi (1 Pad. 7:51; 2 Saln. 3:1, 6, 7). İlk vaxtlar məbəddə gətirilən qurbanların yeganə ünvanı Yehova idi. Süleyman və onun təbəələri külli miqdarda, keyfiyyəti yüksək dərəcədə olan qurbanlar gətirdilər və bu qurbanları Allahın Qanununda buyrulduğu tərzdə təqdim etdilər (1 Pad. 8:63). Lakin məbəddə icra olunan ibadəti Yehova üçün məqbul edən binanın cah-calalı, qurbanların sayı-hesabı deyildi. Əsas məsələ qurban gətirən insanların niyyəti idi. Məbədin açılışında Süleyman padşah bu fikri növbəti sözlərlə vurğulamışdı: «Qoy bu gün olduğu kimi, ürəyiniz bütünlüklə Allahımız Yehovaya bağlı olsun, Onun qayda-qanunları ilə yeriyib əmrlərinə boyun əyin» (1 Pad. 8:57—61).

27. İsrail padşahları və onların təbəələri necə davrandılar və Yehova bunun müqabilində nə etdi?

27 Təəssüf ki, israillilərin padşahın nəsihəti ilə yaşadığı günlər uzun sürmədi. Onlar pak ibadətin bəzi şərtlərini pozdular. İsrail padşahlarının və təbəələrinin ürəyi korlandı, onların Yehovaya imanı tənəzzülə uğradı, Allahın saleh qanunlarını rədd etdilər. Zaman-zaman Yehova məhəbbətindən irəli gələrək xalqına öyüd-nəsihət vermək, hərəkətlərinin nəticəsinin pis olacağı barədə xəbərdar etmək üçün onların yanına peyğəmbərlər göndərirdi (Ərm. 7:13—15, 23—26). Həmin peyğəmbərlərin arasında pak ibadətin keşməkeşli dövründə yaşamış Hizqiyal peyğəmbər xüsusi yer tutur.

Hizqiyal pak ibadətin ləkələndiyini görür

28, 29. Hizqiyal haqqında nə bilirik? («Hizqiyal. Həyatı və yaşadığı dövr» adlı çərçivəyə baxın.)

28 Hizqiyalın Süleymanın tikdiyi məbəddə icra olunan ibadətlə bağlı geniş məlumatı var idi. Onun atası kahin idi və növbəsi çatanda məbəddə xidmət edirdi (Hizq. 1:3). Yəqin ki, Hizqiyalın uşaqlığı xoş keçib. Şübhəsiz, atası ona Yehova haqqında elm vermiş, Tövratı öyrətmişdi. Məbəddə Tövrat kitabının tapılması təxminən Hizqiyalın doğulduğu vaxta təsadüf edir *. Həmin vaxt hakimiyyətdə Yuşiyyə padşah idi. Tövrat kitabından oxunanlar Yuşiyyəyə elə güclü təsir bağışlamışdı ki, o, pak ibadəti irəli aparmaq üçün bütün gücünü səfərbər etmişdi (2 Pad. 22:8—13).

Hizqiyalın atası, şübhəsiz ki, ona Yehova haqqında elm vermiş, Tövratı öyrətmişdi (28-ci abzasa baxın)

29 Hizqiyal da özündən əvvəl yaşamış mömin insanlar kimi, pak ibadətdə vacib olan dörd şərtə əməl edirdi. «Hizqiyal»  kitabını nəzərdən keçirəndə görürük ki, o, tam sədaqətlə Yehovaya xidmət etmiş, nəyi varsa ən yaxşısını Onun yolunda fəda etmiş, Yehovanın buyruqlarını canla-başla və Onun istədiyi kimi yerinə yetirmişdi. Hizqiyalı buna səmimi-qəlbdən doğan imanı təşviq etmişdi. Lakin onun müasirlərinin əksəriyyəti tamam başqa cür adamlar idi. Hizqiyal Ərəmya peyğəmbərin söylədiyi peyğəmbərlikləri eşidə-eşidə böyümüşdü. Ərəmya eramızdan əvvəl 647-ci ildə peyğəmbər təyin olunmuş və o vaxtdan başlayaraq Yehovanın hökm gününün gələcəyini cəsarətlə bəyan etmişdi.

30. a) Hizqiyalın yazdığı peyğəmbərliklər necə yerinə yetdi? b) Peyğəmbərlik nə deməkdir və Hizqiyalın söylədiyi peyğəmbərlikləri necə başa düşməliyik? («Hizqiyalın peyğəmbərlikləri» adlı çərçivəyə baxın.)

30 Hizqiyalın yazdığı kitab Allahın xalqının pak ibadətdən nə qədər uzaqlaşdığını aydın təsvir edir. (Hizqiyal 8:6 ayəsini oxuyun.) Yehova Yəhudanı cəzalandırmağa başlayanda Babilə aparılan Yəhuda əsirlərinin arasında Hizqiyal da var idi (2 Pad. 24:11—17). Amma bu o demək deyil ki, Yehova Hizqiyalı da cəzalandırırdı. Yehova ona orada iş tapşıracaqdı. Hizqiyalın qələmə aldığı heyrətamiz görüntülər və peyğəmbərliklər Yerusəlimdə pak ibadətin necə dirçələcəyini təsvir edirdi. Ən vacibi isə onun yazdıqları göstərir ki, Yehovanı sevən bütün insanların xatirinə pak ibadət nəhayətdə tam şəkildə necə dirçələcək.

31. Bu nəşr bizə nədə kömək edəcək?

31 Bu kitabın növbəti bölmələrində Yehovanın yaşadığı aləmə qısaca nəzər salacağıq, pak ibadətin nə dərəcədə ləkələndiyini, Yehovanın Öz xalqını necə dirçəltdiyini, necə müdafiə etdiyini öyrənəcək və hər bir insanın Yehovaya ibadət edəcəyi gələcəyə səyahət edəcəyik. Növbəti fəsil Hizqiyalın yazdığı ilk görüntüyə həsr olunub. Bu görüntü Yehovanın əzəmətini, Onun təşkilatının səmavi hissəsini təsəvvürümüzdə canlandırır, nəyə görə yalnız Yehovanın tam sədaqətə, pak ibadətə layiq olduğunu vurğulayır.

^ abz. 4 Həvva, ehtimal ki, cənnətdən qovulandan qısa müddət sonra Habilə hamilə qalmışdı (Yar. 4:1, 2). Yaradılış 4:25 ayəsində deyilir ki, Allah Şeysi Habilin yerinə verdi. Şeys Habilin faciəvi ölümündən sonra doğulmuşdu. Şeys doğulanda Adəmin 130 yaşı var idi (Yar. 5:3). Beləliklə, Habil qətlə yetiriləndə, ehtimal ki, təxminən 100 yaşında idi.

^ abz. 15 Yaradılış 4:26 ayəsində deyilir ki, Adəmin nəvəsi Ənuşun dövründə insanlar «Yehovanın adını çəkməyə başladılar». Lakin görünür, onlar bu adı hörmətsiz şəkildə çəkirdilər. Yəni ehtimal ki, Yehovanın adını bütlərinə qoyurdular.

^ abz. 17 İlah Nanna həm də Sin adı ilə tanınırdı. Ur şəhərinin sakinləri çoxlu allahlara ibadət etsələr də, şəhərdəki məbədlər və qurbangahlar əsas etibarilə Nannaya həsr olunmuşdu.

^ abz. 24 Əhd sandığı Müqəddəs çadırdan aparılandan sonra, görünür, Yehova qurbanların başqa yerdə gətirilməsinə izin verirdi (1 İşm. 4:3, 11; 7:7—9; 10:8; 11:14, 15; 16:4, 5; 1 Saln. 21:26—30).

^ abz. 28 Hizqiyal e. ə. 613-cü ildə peyğəmbərlik etməyə başlayanda, çox güman ki, 30 yaşında idi. Deməli, o, haradasa e. ə. 643-cü ildə dünyaya gəlmişdi (Hizq. 1:1). Yuşiyyə e. ə. 659-cu ildə taxta çıxmışdı. Tövrat kitabı (ehtimal ki, orijinal əlyazma) onun hakimiyyətinin 18-ci ilinə yaxın, yəni e. ə. təxminən 642—641-ci illərdə tapılmışdı.