Kontentə keç

Mündəricatı göstər

 DƏRS 14

Bir qulun hekayəsi

Bir qulun hekayəsi

Yusif Yaqub peyğəmbərin kiçik oğullarından biridir. Böyük qardaşları fikir verirlər ki, ataları Yusifi daha çox istəyir. Səncə, bu, onlara necə təsir edir? Onlar Yusifə paxıllıq edirlər. Bir gün Yusif qeyri-adi yuxu görür. Gedib bu yuxunu qardaşlarına danışır. Qardaşları yuxunu belə yozurlar ki, gün gələcək onlar Yusifə baş əyəcəklər. Bu hadisədən sonra onların Yusifi görəsi gözləri olmur!

Bir gün Yusifin qardaşları Siham şəhərinin yaxınlığında qoyun otarırlar. Yaqub Yusifi qardaşlarının yanına göndərir ki, onlardan hal-əhval tutsun. Onlar uzaqdan Yusifin gəldiyini görüb bir-birilərinə deyirlər: «Budur, yuxu görənimiz gəlir. Gəlin onu öldürək!» Qardaşları Yusifi tutub dərin quyuya atırlar. Ancaq qardaşlardan biri olan Yəhuda deyir: «Onu öldürməyin! Gəlin onu qul kimi sataq». Beləcə, onlar Yusifi Misirə gedən mədyənli tacirlərə 20 gümüşə satırlar.

Sonra qardaşları Yusifin paltarını keçi qanına bulayır və atalarına yollayıb soruşurlar: «Bax gör oğlunun paltarıdır?» Yaqub fikirləşir ki, Yusifi vəhşi heyvan öldürüb. Onun ürəyi parçalanır, heç kim onu təsəlli edə bilmir.

Yusif Misirdə Fitfir adlı saray əyanına satılır. Yehovanın nəzəri Yusifin üstündə olur. Fitfir Yusifin hər işin öhdəsindən yaxşı gəldiyini görüb, ona etibar edir. Çox keçməmiş, Fitfir özünə məxsus olan hər şeyin idarəsini Yusifə tapşırır.

 Fitfirin arvadı Yusifin yaraşıqlı və güclü olduğunu görür. O, hər gün Yusifə deyir ki, onunla yatsın. Bəs Yusif nə edir? O, razılıq verməyib deyir: «Yox! Bu düzgün deyil. Ağam mənə güvənir. Həm də ki, sən onun arvadısan. Əgər mən səninlə yatsam, Allaha qarşı günah etmiş olaram!»

Bir gün Fitfirin arvadı Yusifi onunla yatmağa məcbur edir. O, Yusifin paltarından yapışır. Ancaq Yusif qaçır. Fitfir evə gələndə arvadı yalandan deyir ki, Yusifin onu zorlamaq istəyib. Fitfir çox hirslənir və Yusifi zindana atır. Ancaq Yehova Yusifi yaddan çıxarmır.

«Allahın qüdrətli əli altında təvazökar olun. Vaxtı gələndə O, sizi ucaldacaq» (1 Butrus 5:6)