Kontentə keç

Mündəricatı göstər

 DƏRS 18

Yanar kol

Yanar kol

Musa 40 ildir ki, Mədyən torpağında yaşayır. O, orada evlənir, oğul-uşaq sahibi olur. Bir gün Musa Sina dağında qoyun otaranda heyrətli bir şey görür. Tikanlı bir kol alov içində olsa da, yanıb kül olmur! Musa kola yaxınlaşanda kolun içindən bir səs ona deyir: «Musa! Bura yaxınlaşma. Ayağındakı səndəli çıxar, çünki durduğun yer müqəddəsdir». Musa ilə danışan Yehova Allahdır. O, mələk vasitəsi ilə danışır.

Musa qorxub üzünü örtür. Yehova deyir: «İsraillilərin əzab-əziyyətini görürəm. Mən onları misirlilərin əlindən qurtarıb gözəl məmləkətə aparacağam. Onları Misirdən sən çıxaracaqsan». Səncə, Musa həmin an nələr hiss edir?

Musa Yehova Allahdan soruşur: «Birdən soruşdular ki, səni kim göndərib, onda nə cavab verim?» Allah cavab verir: «Onlara de ki, məni sizin yanınıza İbrahimin Allahı, İshaqın Allahı, Yaqubun Allahı Yehova göndərib». Sonra Musa deyir: «Birdən mənə qulaq asmadılar?» Onda Yehova Musanı arxayın edir ki, ona kömək edəcək. O, Musaya əlindəki əsasını yerə qoymağı buyurur. Musa əsanı yerə qoyan kimi əsa ilana çevrilir. Musa ilanı quyruğundan tutanda o təzədən əsa olur. Yehova deyir: «Sən bu əlamətləri göstərəndə biləcəklər ki, səni Mən göndərmişəm».

Musa Yehovaya deyir: «Axı mən yaxşı danışa bilmirəm». Yehova da ona söz verir: «Nə deyəcəyini sənə bildirəcəm. Qardaşın Harunu da sənə köməkçi qoyacağam». Yehovanın onunla olduğunu biləndə Musa arvadını və uşaqlarını da götürüb Misirə qayıdır.

«Nədən və ya necə danışacağınız barədə narahat olmayın, çünki həmin an nə demək lazım olduğunu biləcəksiniz» (Mətta 10:19)