Kontentə keç

Mündəricatı göstər

 DƏRS 11

İman sınağı

İman sınağı

İbrahim peyğəmbər oğlu İshaqa Yehovanı sevməyi və Onun bütün sözlərinə inanmağı öyrətmişdi. Günlərin bir günü, İshaqın haradasa 25 yaşı olanda Yehova İbrahimə çox çətin bir tapşırıq verir. Bu hansı tapşırıqdır?

Allah İbrahim peyğəmbərə buyurur: «Yeganə oğlunu götürüb Muriyyə diyarındakı dağda mənə qurban gətir». İbrahim Yehovanın nəyə görə ona belə bir şey tapşırdığını başa düşmür. Buna baxmayaraq, o, yenə də Yehovaya güvənir.

Səhəri gün dan yeri sökülməmiş, İbrahim oğlu İshaqı və iki nökərini götürüb Muriyyəyə yola düşür. Üç gündən sonra onlar uzaqdan dağları görürlər. İbrahim peyğəmbər nökərlərinə deyir ki, orada qalsınlar. Özü isə İshaqı da götürüb dağa qalxır. İbrahim odunları və bıçağı İshaqa verir. İshaq atasından soruşur: «Bəs qurbanlıq heyvan haradadır?» İbrahim cavab verir: «Bala, qurbanlıq heyvanı Yehova özü bizə yetirəcək».

Onlar gəlib dağın başına çatanda qurbangah düzəltməyə başlayırlar. Sonra İbrahim İshaqın əl-qolunu, ayağını bağlayıb onu qurbangaha uzadır.

İbrahim əl atıb bıçağı götürür. Həmin an Yehovanın mələyi göydən İbrahimə deyir: «İbrahim! Oğluna heç nə etmə! İndi bildim ki, sən Allaha güvənirsən.  Çünki Onun üçün oğlunu qurban verməyə də hazırsan». Sonra İbrahim buynuzları kolluğa ilişmiş bir qoç görür. O, cəld İshaqın əl-qolunu açıb, onun əvəzinə qoçu qurban gətirir.

Həmin gündən etibarən, Yehova İbrahimi dostu adlandırır. Bilirsən niyə? Ona görə ki, İbrahim Yehovanın ondan nəyə görə belə bir şey istədiyini bilməsə də, Yehovanın sözünə qulaq asır.

Yehova Allah verdiyi sözü İbrahimə xatırladır: «Mən səni xeyir-bərəkətli edəcəyəm. Sənin nəslini çoxaldacağam». Bu o deməkdir ki, Yehova bütün yaxşı insanları İbrahimin ailəsi vasitəsilə bərəkətli edəcək.

«Allah dünyanı o qədər sevir ki, yeganə Oğlunu onun uğrunda fəda etdi. Bunu ona görə etdi ki, ona iman edənlər məhv olmasın, onların əbədi həyatı olsun» (Yəhya 3:16)