Kontentə keç

Mündəricatı göstər

 DƏRS 100

Bulus və Timuti

Bulus və Timuti

Listra yığıncağında Timuti adlı gənc bir qardaş olur. Onun atası yunan, anası isə yəhudidir. Anası Evniki və nənəsi Lois körpə yaşlarından Timutiyə Yehova Allah haqda öyrətmişdilər.

Bulus ikinci təbliğ səyahəti zamanı Listraya gəlir. Timutinin bacı-qardaşlara olan sevgisi və onlara canla-başla kömək etməsi onun diqqətini cəlb edir. Bulus Timutiyə onunla birgə təbliğ səyahətinə çıxmağı təklif edir. Vaxt keçdikcə, Bulus Timutiyə xoş xəbərin yaxşı təbliğçisi və müəllimi olmağı öyrədir.

Getdikləri hər yerdə müqəddəs ruh Bulusla Timutini yönləndirir. Bir gecə görüntüdə bir adam Bulusa deyir ki, Makedoniya gəlib onlara kömək etsin. Buna görə də Timuti, Sila və Luka təbliğ etmək və yığıncaq təşkil etmək üçün oraya gedirlər.

Salonikinin Makedoniya şəhərində çoxlu kişilər, qadınlar məsihi olurlar. Ancaq bəzi yəhudilər Bulusa və onun əməkdaşlarına paxıllıq edirlər. Onlar camaatı bir yerə yığır və qardaşları şəhər hakimlərinin yanına aparıb deyirlər: «Bu adamlar Roma hökumətinin düşmənləridir!» Bulusla Timutinin həyatı təhlükəyə düşür, buna görə də onlar gecə ilə Veriyaya qaçırlar.

Veriyadakı camaat xoş xəbəri öyrənməyə həvəsli olur. Həm yunanlar, həm də yəhudilər imana gəlir. Ancaq Salonikidən bəzi yəhudilər gəlib ortalığı qarışdırırlar. Buna görə də Bulus Afinaya gedir. Timuti ilə Sila qardaşları möhkəmləndirmək üçün Veriyada qalır. Bir müddətdən sonra Bulus Timutini Salonikiyə göndərir ki, qardaşlara şiddətli təqiblərin öhdəsindən gəlməyə  kömək etsin. Sonra Bulus Timutini çoxlu yığıncaqlara baş çəkib, ruhlandırmaq üçün göndərir.

Bulus Timutiyə deyir: «Yehovaya xidmət etmək istəyən hər kəs təqib olunacaq». Timuti imanına görə təqib olunur və həbsə atılır. O sevinir ki, Yehovaya sədaqətini sübut etmək üçün fürsət yaranıb.

Bulus filippililərə deyir: «Timutini sizin yanınıza göndərirəm. O, sizə Allahın yolunda yeriməyin nə demək olduğunu başa salacaq və xidmətlə bağlı təlim verəcək». Bulus bilir ki, o, Timutiyə güvənə bilər. Onlar uzun illər dost və əməkdaş kimi birgə çalışırlar.

«Onun kimi can-dildən sizin qeydinizə qalacaq başqa heç kimim yoxdur. Başqaları Məsih İsanın yox, öz mənafelərini düşünürlər» (Filippililərə 2:20, 21)