Kontentə keç

Mündəricatı göstər

Nəyə inandığınızın əhəmiyyəti varmı?

Nəyə inandığınızın əhəmiyyəti varmı?

Sizcə, həyatın mənası varmı? Təkamülçü Uilyam Provayn deyir: «Təkamül prosesi haqqında öyrəndiklərimiz bizim üçün böyük əhəmiyyət kəsb etdiyinə görə həyatımızın mənasına təsir göstərir». O, hansı nəticəyə gəlir? «İnsanların və ya Kainatın mövcudluğunda heç bir məna görə bilmirəm».32

Gəlin bu sözlərin üzərində bir az dərindən düşünək. Əgər həyatın heç bir mənası yoxdursa, onda belə çıxır ki, bizim həyatımızın məqsədi ancaq bəzi yaxşı işləri görməkdən və irsi xüsusiyyətlərimizi gələcək nəslə ötürməkdən ibarətdir. Öləndən sonra biz əbədilik yox olacağıq. Düşünmək və fikirləşmək bacarığımız, eləcə də həyatda məna axtarmağımız, sadəcə olaraq, təbiətin növbəti «şıltaqlığıdır».

Bu hələ son deyil. Təkamülə inananların çoxu hesab edir ki, Allah mövcud deyil, mövcud olsa da, insanlarla maraqlanmır. Belə olan halda, bizim gələcəyimiz siyasətçilərin, alimlərin və din rəhbərlərinin əlində olmuş olur. Lakin onların əməllərini nəzərə alsaq, belə çıxır ki, xaos, ədavət və korrupsiya insan cəmiyyətinin ayrılmaz hissəsi olaraq qalacaq. Və əgər təkamül həqiqətdirsə, onda bizə növbəti sözlərlə razılaşmaqdan başqa bir şey qalmır: «Gəlin yeyib-içək, çünki sabah öləcəyik» (1 Korinflilərə 15:32).

Lakin bunun əksinə olaraq Müqəddəs Kitabda deyilir ki, «həyat mənbəyi» Allahdır (Məzmur 36:9). Bu sözlərdə böyük məna var.

Əgər Müqəddəs Kitabın dedikləri həqiqətdirsə, deməli, həyat mənasız deyil. Onun iradəsinə uyğun yaşamaq istəyən hər kəs üçün Yaradanımızın gözəl niyyəti var (Vaiz 12:13). Allahın bu niyyətinə əsasən, Onun quracağı yeni dünyada xaosdan, ədavətdən, korrupsiyadan, hətta ölümdən belə, əsər-əlamət qalmayacaq (Məzmur 37:10, 11; Yeşaya 25:6—8).

Buna görə də, bütün dünyada milyonlarla insan inanır ki, Allah haqqında biliyə yiyələnmək və Ona itaət etmək qədər başqa heç bir şey həyata məna qatmır! (Yəhya 17:3). Bu, xülya deyil. Çünki hər şey tamamilə aydındır — həyatı Yaradan var.