Kontentə keç

Mündəricatı göstər

Canlı planet

Canlı planet

Bir sıra çox uğurlu «təsadüflər» olmasaydı, yer üzündə həyat qeyri-mümkün olardı. Onlardan bəziləri XX əsrə kimi ya kəşf olunmamış, ya da onlar barədə çox az şey öyrənilmişdi. Bu təsadüflərə aşağıdakılar daxildir:

  • Yer kürəsinin Süd yolu qalaktikasında və Günəş sistemində tutduğu yer, habelə onun orbiti, fırlanma oxunun mailliyi, fırlanma sürəti və qeyri-adi peyki — Ay;

  • onu ikiqat zireh kimi qoruyan maqnit sahəsi və atmosfer;

  • planetin havasını və su ehtiyatını bərpa edən və təmizləyən təbiət dövranları.

Bunları nəzərdən keçirdikcə özünüzdən soruşun: «Bütün bu şeylər kor təsadüf nəticəsində əmələ gəlib, yoxsa müəyyən məqsədlə yaradılıb?»

 Əla «ünvan»!

Həyatın mümkün olması üçün planetimizə bundan da yaxşı yer tapmaq olardımı?

Adətən, ünvanımızı qeyd edəndə yaşadığımız ölkənin, şəhərin və küçənin adını göstəririk. Bizim planetin də öz «ünvanı» var: «ölkə» — Süd yolu qalaktikası, «şəhər» — Günəş sistemi, «küçə» isə Yerin orbitidir. Astronomiya və fizika sahələrində əldə olunan nailiyyətlər sayəsində alimlər görmüşlər ki, planetimiz Kainatda mükəmməl yerdə yerləşir.

Əvvəla, «şəhərimiz», yəni Günəş sistemi Süd yolu qalaktikasının ideal ərazisində yerləşir: o, mərkəzə nə həddindən artıq yaxın, nə də ondan çox uzaqdır. Alimlərin «həyat zonası» adlandırdığı bu ərazidə həyat üçün zəruri olan kimyəvi elementlərin lazımi konsentrasiyası var. Qalaktikanın kənarlarına yaxın bu elementlər həddindən artıq azdır, mərkəzinə yaxın ərazidə isə öldürücü şüalar və başqa faktorlar həddindən artıq çox olduğundan ora yaşayış üçün çox təhlükəlidir. «Biz ən yaxşı yerdə yaşayırıq», — deyə «Sayentifik Amerikan» jurnalında qeyd edilir.1

İdeal «küçə». Yer kürəsinin «küçəsi», yəni orbiti «şəhərdən» — Günəş sistemindən heç də geri qalmır. Yerin orbiti Günəşdən təxminən 150 milyon kilometr aralıda, həyat üçün yararlı məsafədə yerləşir. Bunun sayəsində Yerdə temperatur nə həddindən artıq yüksək, nə də ki aşağı olur. Bundan əlavə, Yerin orbiti, demək olar ki, dairə şəklində olduğundan bütün il boyu Günəşlə onun arasındakı məsafə dəyişilməz olaraq qalır.

Günəş, eyni zamanda, mükəmməl «elektrik stansiyasıdır». O, fasiləsiz işləyir, ideal ölçüyə malikdir və lazımi qədər enerji istehsal edir. Əbəs yerə onu «unikal ulduz» adlandırmayıblar.2

Əla «qonşu». Sizə Yer kürəsi üçün «qonşu» seçmək imkanı verilsəydi, Aydan yaxşısını tapa bilməzdiniz. Diametrə  görə Ay Yerdən dörd dəfə kiçikdir. Günəş sistemindəki digər peyklərlə müqayisədə Ay ətrafında fırlandığı planetə — «qonşusuna» görə çox böyükdür. Əlbəttə ki, bu sadəcə bir təsadüf ola bilməz.

Birincisi, Ay Yerin ekologiyasında vacib rol oynayan qabarma və çəkilmələrin yaranmasına səbəb olan əsas göy cismidir. O, həmçinin Yerin fırlanma oxunun sabit qalmasına yardım edir. Aysız bizim planet fırfıra kimi fırlanaraq o yana-bu yana hərlənərdi, hətta, ola bilsin, tamamilə çevrilərdi. Belə olan halda iqlimdə, qabarma-çəkilmədə və başqa sahələrdə gedən dəyişikliklər böyük fəlakətlərə səbəb olardı.

Yerin oxunun ideal mailliyi və fırlanma sürəti. Yerin oxu təxminən 23,4 dərəcə bucaq altında əyilib. Bu, Yerdə fəsillərin dəyişməsinə, həyat üçün lazımi temperaturun və bir sıra iqlim qurşaqlarının olmasına imkan verir. Bir kitabda deyilir ki, «Yerin oxunun mailliyi məhz lazım olan dərəcədədir».3

Eyni şeyi Yerin fırlanması sayəsində mümkün olan gecə və gündüzün uzunluğu haqqında da demək olar. Yerin fırlanma sürəti bir az belə, zəif olsaydı, gün uzun sürər və Yer kürəsinin bir tərəfində həddindən artıq isti, digər tərəfində isə həddindən artıq soyuq olardı. Və əksinə, fırlanma sürəti bir qədər yüksək olsaydı, ehtimal ki, bu, günün bir neçə saata qədər qısalmasına və ardı-arası kəsilməyən fırtınalara və digər fəlakətlərə səbəb olardı.

Yerin möhkəm zirehi

Kosmos özündə çoxlu təhlükələr daşıyır. Bunların sırasında öldürücü radiasiyanın və kosmik cisimlərin adını çəkmək olar. Bizim mavi planetimiz isə, bütün bu təhlükələrə baxmayaq, fəzada maneəsiz süzür. Bu nəyin sayəsində mümkündür? Yerin heyrətamiz zirehi — güclü maqnit sahəsi və məqsədyönlü şəkildə düşünülmüş atmosferi onu bu təhlükələrdən qoruyur.

Yerin gözlə görünməyən maqnit sahəsi

Yerin maqnit sahəsi. Yerin mərkəzindəki fırlanan ərimiş dəmir kürənin sayəsində kosmosadək uzanan böyük və güclü maqnit sahəsi — maqnitosfer yaranır. Bu zireh kosmik radiasiyanın və Günəşdən gələn potensial öldürücü təhlükələrin — Günəş küləyinin (fəzada daim axan yüklü zərrəciklər), Günəş alışmalarının (milyardlarla hidrogen bombasının partlamasına bərabər kəskin enerji axını) və Günəş tacının, yəni onun xarici atmosfer  örtüyünün kosmosa buraxdığı milyardlarla ton maddələrin qarşısını alır. Günəş alışmaları və Günəş tacının püskürməsi nəticəsində Yer atmosferinin yuxarı qatlarında baş verən qütb parıltısı, rəngarəng işıqlanma bu zirehin planetimizi qoruduğuna əyani sübutdur.

Aurora borealis

Yerin atmosferi. Bu qaz örtüyü sayəsində biz yalnız nəfəs almırıq o, həmçinin bizi əlavə müdafiə ilə təmin edir. Atmosferin üst qatında, yəni stratosferdə, ultrabənövşəyi şüaların 99 faizini udan oksigen qazının xüsusi forması — ozon var. Beləliklə, ozon qatı insanlar və həyat üçün vacib olan çoxlu oksigen ixrac edən planktonlar da daxil olmaqla, bir çox canlı orqanizmlərin həyatını təhlükəli şüalardan qoruyur. Stratosferdə ozonun həcmi sabit olmur. Ultrabənövşəyi şüalar intensivləşdikcə, onun da həcmi artır. Beləliklə, ozon qatı vəziyyətə uyğunlaşan etibarlı mühafizəçidir.

Atmosfer bizi kosmik cisimlərdən qoruyur

Atmosfer, həmçinin bizi hər gün kosmosdan gələn milyonlarla irili-xırdalı cisimlərin bombardmanından qoruyur. Onların əksəriyyəti atmosferdə yanaraq yox olur və bu zaman onlar yerdən «uçan ulduz» kimi görünürlər. Atmosfer, hətta, istiliyin Yer kürəsinin hər yerinə bərabər paylanmasında rol oynayır, gecə isə bir örtük kimi istiliyin Yerdən çıxıb getməsinə müəyyən qədər mane olur.

Yerin atmosferi və maqnit sahəsi, həqiqətən də, yaradılış möcüzələridir və hələ də insanlar tərəfindən axıra qədər öyrənilməyib. Eyni şeyi planetimizdə həyatın mövcudluğu üçün zəruri olan proses və dövranlar haqqında da demək olar.

İki möhkəm zirehin planetimizi müdafiə etməsi sadəcə təsadüfdürmü?

 Təbiətdəki maddələr dövranı

Təsəvvür edin ki, bir şəhərin su təchizatı və kanalizasiya sistemi sıradan çıxıb və şəhərə təmiz hava daxil olmur. Aydındır ki, bu, xəstəliklərə və kütləvi ölümə gətirib çıxacaq. Gəlin bir az düşünək: bizim planetimiz təzə ərzaq ehtiyatları ilə təmin edilən və zibili çölə atılan restoran kimi deyil. Bizi yaşadan təmiz hava və su kosmosdan gəlmir; yerin tullantıları da oraya atılmır. Bəs necə olur ki, Yer kürəsi təmiz və həyat üçün yararlı qalır? Bu, su, karbon, oksigen və azot kimi maddələrin dövranı sayəsində mümkündür.

Su dövranı. Su həyat üçün çox əhəmiyyətlidir. Onsuz heç kim bir neçə gündən artıq yaşaya bilməz. Bütün yer kürəsi su dövranının sayəsində təzə və təmiz su ilə təmin olunur. Bu proses üç mərhələdən ibarətdir. (1) Günəş enerjisinin təsiri altında su buxarlanaraq atmosferə qalxır. (2) Su buxarının kondensasiyası nəticəsində buludlar əmələ gəlir. (3) Buludlarda yığılan təmizlənmiş su yağış, çiskin, qar və dolu şəklində yerə düşüb yenidən buxarlanır, bununla da proses tamamlanır. Görəsən, il ərzində bu prosesdən nə qədər su keçir? Hesablamalara əsasən, əgər bu su bütün yer üzünə bərabər şəkildə yayılsa, bu örtüyün qalınlığı təxminən 80 santimetrə çatar.4

Karbon və oksigen dövranı. Bildiyimiz kimi, yaşamaq üçün bizə nəfəs almaq — oksigen udub karbon buraxmaq lazımdır. Milyardlarla insanın və heyvanın nəfəs aldığını nəzərə alsaq, belə bir sual yarana bilər: nəyə görə atmosferdə oksigen heç zaman tükənmir və karbon qazının həcmi həddini aşmır? Bunun səbəbini oksigen dövranı izah edir. (1) Bitkilər tənəffüs nəticəsində buraxdığımız karbon qazını udur, həmin bu qazın və günəş işığı enerjisinin hesabına karbohidrat və oksigen ixrac edir. Bu heyrətamiz proses fotosintez adlanır. (2) Biz oksigeni udanda bu dövran tamamlanır. Bütün bu proseslər təmiz, effektiv və səssiz şəkildə keçir.

 Azot dövranı. Yer üzündə həyatın mümkün olması, həmçinin zülal kimi üzvi molekullardan asılıdır. (A) Bu molekulların yaranmasında azot vacib rol oynayır. Xoşbəxtlikdən, atmosferin 78 faizini azot təşkil edir. İldırım çaxması nəticəsində azot bitkilərin mənimsəyə biləcəyi birləşmələrə çevrilir. (B) Sonra bitkilər bu birləşmələri üzvi molekullar halına gətirir. Heyvanlar isə bu bitkiləri yeməklə azot qəbul etmiş olurlar. (C) Son mərhələdə isə, bitkilər və heyvanlar öləndə, bakteriyalar onlardakı azot birləşmələrini parçalayır. Bunun nəticəsində azot torpağa və atmosferə qayıdır. Beləliklə, bu proses başa çatır.

İdeal emal prosesi!

İnsanların texnologiyada əldə etdikləri nailiyyətlər ona gətirib çıxarıb ki, hər il emala yaramayan tonlarla toksik maddələr istehsal olunur. Yer isə, kimyəvi proseslərini işə salaraq bütün tullantılarını emal edir.

Sizcə, Yerin emaletmə sistemi necə yaranıb? «Əgər Yerin ekoloji sistemi, həqiqətən də, təsadüf nəticəsində yaransaydı, çətin ki, ətraf mühitdə bu cür mükəmməl harmoniyanın olması mümkün olardı», — deyə elmi və dini əsərlərin müəllifi Maykl Kori izah edir.5 Siz onun çıxardığı nəticə ilə razısınızmı?