Kontentə keç

Mündəricatı göstər

Bunu kim birinci düşünüb?

Bunu kim birinci düşünüb?

Son illərdə alim və mühəndislər, sözün əsil mənasında, bitki və heyvanlardan öyrənməyə başlayıblar (Əyyub 12:7, 8). Onlar yeni mexanizm və materiallar yaratmaq və ya mövcud olanları təkmilləşdirmək məqsədilə müxtəlif canlıları öyrənərək onların bioloji quruluşlarını təkrarlamağa çalışırlar. Elmin bu sahəsi biomimetika adlanır. Növbəti nümunələri nəzərdən keçirdikcə düşünün: bütün yaradılan şeylərə görə əslində izzətə kim layiqdir?

 İnsanların balinanın üzgəcindən öyrəndikləri

Aviasiya konstruktorları qozbel balinadan (meqapterdən) nə öyrənə bilərlər? Görünür, çox şey. Böyük qozbel balinanın çəkisi təxminən 30 tondur. Bu, dolu yük maşınının çəkisinə bərabərdir. Balinanın elastik olmayan bədəni və qanadabənzər böyük üzgəcləri var. Lakin təəccüblüsü odur ki, bu 12 metrlik canlı suda iti hərəkət edə bilir.

Ancaq alimləri əsasən bir şey maraqlandırır: necə olur ki, ağırtərpənən canlı kimi görünən bu balina az diametrli spiralvari xətt üzrə üzə bilir? Araşdırmalar nəticəsində bəlli olub ki, sən demə, bütün sirr üzgəcinin quruluşunda imiş. Üzgəcin ön kənarı təyyarənin qanadı kimi, hamar yox, dilik-dilikdir, şişəbənzər çıxıntılarla örtülüdür.

Balina sürətlə su qatlarını yaranda, bu çıxıntılar onun qalxma qüvvəsini artırır, suyun müqavimət qüvvəsini isə azaldır. Bu necə baş verir? Təbiətşünaslıq üzrə bir jurnalda izah olunur ki, balina su səthinə dikinə qalxanda da, bu çıxıntıların sayəsində su axını üzgəcdən nizamlı və bərabər şəkildə keçir.10

Təbiətin patenti kimə məxsusdur?

Bu kəşf praktiki olaraq necə tətbiq oluna bilər? Bu üzgəc əsasında düzəldilmiş təyyarə qanadına hava axınını idarə etmək üçün daha az sayda qanad-arxalığı və ya digər mexanizmlər tələb olunar. Belə qanadlar daha təhlükəsiz və etibarlı, onlara qulluq etmək isə daha asan olardı. Biomexanika üzrə mütəxəssis Con Lonq hesab edir ki, yaxın gələcəkdə «hər təyyarənin qanadına qozbel balinanın üzgəcindəki kimi çıxıntılar quraşdırılacaq».11

Qağayı qanadına bənzər

Əlbəttə, hamıya bəllidir ki, təyyarə qanadları quş qanadlarının əsasında düzəldilib. Bu yaxınlarda isə mühəndislər orijinala daha yaxın olmağa müvəffəq olublar. «Nyu Sayəntist» jurnalında qeyd olunur ki, «Florida Universitetinin tədqiqatçıları... qağayı kimi havada süzə, şığıya və sürətlə yüksəyə qalxa bilən uzaqdan idarə olunan təyyarə modelini hazırlayıblar».12

Qağayılar qanadlarını dirsəkdən və çiyindən bükərək havada iti manevrlər edə bilirlər. Yuxarıda adı çəkilən jurnalda deyilir ki, bu qanadın quruluşunun əsasında konstruktorlar «60 santimetrlik təyyarə modelinə bir-birinə birləşdirilmiş milləri idarə edərək qanadları hərəkətə gətirən kiçik mühərrik quraşdırmışlar». Məharətlə düzəldilmiş bu qanadların sayəsində kiçik təyyarə hündür binalar arasında süzə və şığıya bilir. Bəzi hərbçilər iri şəhərlərdə kimyəvi və bioloji silahların axtarışında istifadə etmək üçün belə yüksəkmanevrli təyyarələrin hazırlanmasına böyük maraq göstərirlər.

Qağayının ayaqları

Qağayı hətta buzun üstündə duranda da donmur. Necə olur ki, onun bədəni isti qalır? Bunun sirrinin bir qismi, əsasən soyuq ərazilərdə yaşayan bəzi canlılarda olan məharətlə düşünülmüş, belə desək, əks-axın istilik mübadiləedicisindədir.

İstilik bədəndə qalır, soyuq temperatur ayaqda qalır

Əks-axın istilik mübadiləedicisi nədir? Bunu başa düşmək üçün birindən soyuq, digərindən isə isti su axan, yan-yana birləşdirilmiş iki borunu təsəvvür edin. Əgər hər iki borudakı su bir istiqamətdə axsa, isti sudan gələn istiliyin təxminən yarısı soyuq suya keçəcək. Yox, əgər bu borulardakı su bir-birinə əks istiqamətdə axsa, bütün istilik, demək olar ki, soyuq suya ötürüləcək.

Qağayı buzun üstündə duranda istilik mübadiləedicisinin sayəsində soyuq ayaqlarından qalxan qan isinir. İstilik mübadiləedicisi quşun bədənində istiliyin qalmasına xidmət edir və ayaqları vasitəsilə soyuğun bədəninə yayılmasının qarşısını alır. Mexanika və aviasiya sənayesi mühəndisi Artur Fraas bunu «dünyada ən effektiv bərpa edən istilik mübadiləedicilərindən biri» adlandırıb.13 Bu, o dərəcədə məharətlə düşünülüb ki, mühəndislər onu öz layihələrində təkrarlayırlar.

 Bütün bunların səbəbkarı kimdir?

Yüksək aerodinamika xüsusiyyətlərinə malik sandıq balığına oxşayan avtomobil

Amerika Birləşmiş Ştatlarının Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi İdarəsi (NASA) isə əqrəb kimi yeriyən çoxayaqlı robot layihəsinin üzərində işləyirdi; finlandiyalı mühəndislər isə, nəhəng həşərat kimi, böyük maneələri aşa bilən altıayaqlı traktor düzəldiblər. Digər tədqiqatçılar şamağacının qozasındakı kimi açılıb-örtülən kiçik qapaqları olan material icad ediblər. Bu materialdan paltar geyinmiş adamın bədən temperaturu tənzimlənir. Avtomobil istehsalçıları bədəni yüksək aerodinamik xüsusiyyətlərə malik sandıq balığının əsasında avtomobil layihəsi üzərində işləyirlər. Digər tədqiqatçılar isə yüngül, eyni zamanda daha möhkəm zirehli paltar hazırlamaq məqsədilə balıqqulağı molyuskalarının amartizasiya xüsusiyyətlərini öyrənirlər.

Delfinlərin əks-səda lokatoru insanın imkanlarını ötüb keçir

Təbiətdə faydalı və öyrənməli çox şey olduğundan alimlər minlərlə müxtəlif bioloji sistemləri özünə daxil edən məlumat bazası yaratmışlar. «Ekonomist» jurnalında deyilir ki, alimlər bu məlumat bazasından «öz layihələrində yaranan problemlərin təbii həllini tapa bilərlər». Bu bazaya daxil olunan bioloji sistemlər «bioloji patentlər» adlanır. Adətən, patentin sahibi — yeni ideyanın və ya ixtiranın ona aid olduğunu rəsmi şəkildə təsdiq etdirən şəxs və ya şirkət olur. Görün bioloji patentlərin məlumat bazası haqqında həmin jurnalda nə deyilir: «Biomimetikanın orijinal ideyalarını “bioloji patent” adlandırmaqla alimlər, bir növ, təbiətin patentin sahibi olduğunu etiraf etmişlər».14

Alimlər balıqqulağı molyuskalarının amartizasiya xüsusiyyətlərini öyrənirlər

Bu dahiyanə fikirləri təbiət necə həyata keçirə bilib? Bir çox alimlər təbiətin bu möcüzələrini milyonlarla il davam edən təkamülün cəhd və səhvlərinə şamil edirlər. Digər alimlər isə tamamilə başqa cür fikirləşirlər. Mikrobioloq Maykl Bihinin «Nyu-York Tayms» qəzetinin 2005-ci il 7 fevral tarixli sayında yazdığı sözlərə diqqət yetirin: «[Təbiətdə hər şeyin] müəyyən məqsədlə yaradıldığının aydın təzahürü sayəsində sadə, eyni zamanda təkzibedilməz əsas gətirmək mümkündür: əgər hansısa bir şey ördəyə oxşayır, onun kimi yeriyir və vaqqıldayırsa  və əksini sübut edən heç bir fikir gətirilmirsə, bunun ördək olduğuna şübhə qalmır». Bu sözlərlə o, nə demək istəyir? «Bir şeyin müəyyən məqsədlə yaradıldığı aydın görünürsə, bunu danmaq düzgün olmazdı».15

Gekkon molekulyar qüvvəsindən istifadə edərək hətta hamar səthdə belə gəzə bilir

Əlbəttə, təhlükəsiz və daha çox funksiyalı təyyarə qanadı yaradan mühəndis icadına görə tərifə layiqdir. Eyni şeyi, daha rahat paltar üçün keyfiyyətli material icad edən və ya daha qənaətli mühərrik ixtira edən alimlər haqqında da demək olar. Lakin müəlliflik hüquqlarını pozaraq başqasının fikrini və ya ixtirasını mənimsəyən istehsalçı qanun pozuntusuna yol verir və cinayətkar hesab olunur.

İndi isə düşünün: yüksəkixtisaslı mütəxəssislər öz layihələrində yaranan mürəkkəb problemləri həll etmək üçün təbiətin dahiyanə fikirlərini mənimsəyirlər və eyni zamanda iddia edirlər ki, bütün bunlar şüursuz təkamülün nəticəsidir. Bu nə dərəcədə məntiqəuyğundur? Əgər nəyinsə surəti şüurlu mühəndisin olduğuna dəlalət edirsə, bəs onda onun əsli haqqında nə demək olar? Əslində kim daha çox ehtirama layiqdir: təcrübəli mühəndis, yoxsa onun etdiklərini təkrarlayan şagird?

Məntiqi nəticə

Hər şeyin müəyyən məqsədlə yaradıldığını göstərən çoxsaylı sübutları nəzərdən keçirdikdən sonra bir çox insanlar Müqəddəs Kitabı yazanlardan biri olan həvari Pavelin növbəti sözlərdə əks olunan hisslərinə şərik olurlar: «[Allahın] gözəgörünməz keyfiyyətləri: əbədi qüdrəti və ilahiliyi dünya yaranandan bəri aydın görünür və yaradılmış şeylər vasitəsilə dərk edilir» (Romalılara 1:19, 20).