Kontentə keç

Mündəricatı göstər

Siz nəyə inanırsınız?

Siz nəyə inanırsınız?

Bir çox dini fundamentalistlər inanırlar ki, Yer və orada olan hər şey bir neçə min il bundan əvvəl, hər biri 24 saatdan ibarət olan altı gün ərzində yaranıb. Bəzi ateistlər iddia edirlər ki, Allah yoxdur, Müqəddəs Kitabda yazılanlar əfsanədir və həyat təsadüf nəticəsində öz-özünə yaranıb.

Əksər insanlar isə bir-birinə zidd gedən bu iki fikrin arasında olan müəyyən şeylərə inanırlar. Bu broşüranı oxumağınız, ehtimal ki, sizin bu cür düşünən insanlardan biri olduğunuzu göstərir. Ola bilsin, siz Allaha inanan və Müqəddəs Kitaba hörmətlə yanaşan insansınız və eyni zamanda, yaradılışa inanmayan, böyük təcrübə və nüfuz sahibi olan alimlərin nöqteyi-nəzərlərini də qiymətləndirirsiniz. Əgər valideynsinizsə, o zaman, yəqin ki, uşaqlarınızın təkamül və yaradılışa dair suallarına necə cavab verəcəyiniz haqda düşünürsünüz.

Bu broşüranın məqsədi nədir?

Məqsəd nə fundamentalistlərin, nə də Allaha inanmayanların nöqteyi-nəzərlərini məsxərəyə qoymaqdan ibarət deyil. Əksinə, ümid edirik ki, bu broşüra sizi inanclarınızın kökünü bir daha yoxlamağa təşviq edəcək. Bu broşürada Müqəddəs Kitabda yaradılış haqqında yazılan məlumata dair əvvəllər, bəlkə də, üzərində düşünmədiyiniz izahat gətirilir. Həmçinin həyatın necə əmələ gəldiyi barədə nəyə inandığınızın nə üçün vacib olduğu da vurğulanır.

Siz şüurlu Yaradanın olmadığını və Müqəddəs Kitabın etibara layiq olmadığını iddia edən insanların sözlərinə inanacaqsınızmı? Yoxsa, Müqəddəs Kitabın bu haqda əslində nə dediyini araşdıracaqsınız? Hansı təlimlərə inanmaq olar: Müqəddəs Kitabda yazılanlara, yoxsa təkamülçülərin söylədiklərinə? (İbranilərə 11:1). Nəyə görə faktları nəzərdən keçirməyəsiniz?