Kontentə keç

Mündəricatı göstər

 FƏSİL 16

İblisə qarşı dur

İblisə qarşı dur

«İblisə müqavimət göstərin və o, sizdən qaçacaq» (YAQUB 4:7).

1, 2. Şeytan və cinlərlə bağlı nəyi bilməliyik?

YEHOVANIN vəd etdiyi yeni dünyada həyat gözəl olacaq. Nəhayət ki, biz Allahın niyyət etdiyi kimi yaşayacağıq. Hələlik isə yaşadığımız dünya Şeytanın və cinlərin əlindədir (2 Korinflilərə 4:4). Biz onları görə bilməsək də, onlar mövcuddurlar və çox güclüdürlər.

2 Bu fəsildə öyrənəcəyik ki, Yehovaya necə yaxın qala bilərik və özümüzü Şeytandan necə qoruya bilərik. Yehova bizə kömək edəcəyini vəd edir. Ancaq biz bilməliyik ki, Şeytan və cinlər bizi aldatmaq və bizə hücum etmək üçün hansı üsullardan istifadə edirlər.

«NƏRİLDƏYƏN ŞİR»

3. Şeytanın bizimlə bağlı məqsədi nədir?

3 Şeytan deyir ki, insanlar Yehovaya təmənna güddükləri üçün ibadət edirlər və əgər çətin olsa, Ona daha xidmət etməyəcəklər. (Əyyub 2:4, 5 ayələrini oxu.) Kimsə Yehova haqqında öyrənmək istəyəndə Şeytan və cinlər bunu görür və onu dayandırmağa çalışır. İnsan həyatını Yehovaya həsr edib vəftiz olunanda onlar qəzəblənirlər. Müqəddəs Kitabda deyilir ki, Şeytan «nərildəyən şir kimi gəzib udmağa adam axtarır» (1 Butrus 5:8). Şeytan istəyir ki, bizim Yehova  ilə münasibətimizi tamamilə korlasın (Zəbur 7:1, 2; 2 Timutiyə 3:12).

Biz özümüzü Yehovaya həsr edəndə Şeytan qəzəblənir

4, 5. a) Şeytan nə etməyə qadir deyil? b) Şeytana müqavimət göstərmək nə deməkdir?

4 Lakin biz Şeytandan və cinlərdən qorxmamalıyıq. Yehova onlara məhdudiyyət qoyub. Onlar bizə istədikləri hər şeyi edə bilməzlər. Yehova vəd edir ki, həqiqi məsihilərdən ibarət böyük izdiham böyük müsibətdə sağ qalacaq (Vəhy 7:9, 14). Şeytan heç cür bunun qarşısını ala bilməz. Çünki Yehova xalqını qoruyur.

 5 Əgər biz Yehova ilə həmişə yaxın olsaq, Şeytan bizim münasibətlərimizi poza bilməyəcək. Allahın Kəlamı bizi əmin edir: «Nə qədər ki siz Yehova iləsiniz, O da sizinlədir» (2 Salnamələr 15:2; 1 Korinflilərə 10:13 ayəsini oxu). Qədimdə yaşamış bir çox mömin kişi və qadınlar, məsələn, Habil, Hənuq, Nuh, Sara və Musa Yehovaya həmişə yaxın olmaqla Şeytana müqavimət göstərmişlər (İbranilərə 11:4—40). Biz də bunu bacararıq. Allahın Kəlamında deyilir: «İblisə müqavimət göstərin və o, sizdən qaçacaq» (Yaqub 4:7).

«BİZ... MÜBARİZƏ APARIRIQ»

6. Şeytan bizə necə hücum edir?

6 Şeytan bilir ki, Yehova ona məhdudiyyət qoyub, o istədiyi hər şeyi bizə edə bilməz. Buna baxmayaraq, Allahla münasibətlərimizi zəiflətmək üçün o hər şeyə əl atacaq. Bu gün Şeytan bizə müxtəlif üsullarla hücum edir. Bu üsulları o, min illərdir ki, sınaqdan keçirir. Bunlardan bəziləri hansılardır?

7. Nə üçün Şeytan Yehovanın xalqına hücum edir?

7 Həvari Yəhya yazmışdır: «Bütün dünya... Şəririn əlindədir» (1 Yəhya 5:19). Şeytan bu şər dünyanı idarə edir və o, çox istəyərdi ki, Yehovanın xalqını da idarə etsin (Mikə 4:1; Yəhya 15:19; Vəhy 12:12, 17). Şeytan bilir ki, onun çox vaxtı qalmayıb. Buna görə də o, hər birimizə güclü təzyiq göstərir ki, Allaha sadiq qalmayaq. Bəzən Şeytan bizə birbaşa hücum edir. Digər hallarda isə onun hücumları ilk baxışdan nəzərə çarpmır.

8. Hər bir məsihi nəyi başa düşməlidir?

8 Efeslilərə 6:12 ayəsində yazılıb: «Biz... səmavi  aləmdəki şər ruhi qüvvələrə qarşı mübarizə aparırıq». Hər bir məsihi şəxsən Şeytan və cinlərlə döyüşür. Biz başa düşməliyik ki, özünü Yehovaya həsr edən hər kəs bu müharibədə iştirak edir. Efeslilərə məktubunda həvari Bulus məsihiləri üç dəfə möhkəm olmağa təşviq etmişdi (Efeslilərə 6:11, 13, 15).

9. Şeytan və cinlər bizə nə etməyə çalışır?

9 Şeytan və cinlər bizi müxtəlif yollarla aldatmaq istəyir. Şeytana bir sahədə müqavimət göstərməyimiz o demək deyil ki, o başqa sahədə bizə üstün gələ bilməz. Şeytan bizim zəif cəhətlərimizi öyrənmək istəyir ki, bizi hansı üsulla tələyə salacağını müəyyən etsin. Lakin biz tora düşməyə bilərik. Çünki Müqəddəs Kitab bizi Şeytanın fəndlərindən agah edir (2 Korinflilərə 2:11; 31-ci əlavəyə bax). Onlardan biri cindarlıqdır.

CİNLƏRDƏN UZAQ DURUN

10. a) Cindarlıq nədir? b) Yehova cindarlığa necə yanaşır?

10 Cindarlıq insanın cinlərlə əlaqə yaratmasına yol açan fövqəlbəşər əməllərdir. Məsələn, falçılıq, cadugərlik, ovsunçuluq və ölüləri çağırmaq cindarlığın bəzi növləridir. Müqəddəs Kitabda deyilir ki, cindarlıq iyrənc əməldir və biz cindarlıqla məşğul ola-ola Yehovaya ibadət edə bilmərik (Qanunun təkrarı 18:10—12; Vəhy 21:8). Məsihilər cindarlığın bütün növlərini qətiyyətlə rədd etməlidirlər (Romalılara 12:9).

11. Fövqəlbəşər əməllərə maraq nəyə səbəb ola bilər?

11 Şeytan bilir ki, fövqəlbəşər əməllərə meylimiz olsa, bizi asanlıqla cindarlığa cəlb edə bilər. Cindarlığın  bütün növləri insanın Yehova ilə münasibətlərini pozur.

ŞEYTANIN FƏNDLƏRİ

12. Şeytan bizim düşüncəmizə necə təsir göstərmək istəyir?

12 Şeytan insanları çaşqınlığa salmaq istəyir. O, tədricən insanların ürəyində şübhələr yaradır, axırda, insan «pisə yaxşı, yaxşıya pis» deyir (Əşiya 5:20). Şeytan belə bir fikir yayır ki, Müqəddəs Kitabdakı məsləhət faydalı deyil və biz Allahın qanunlarına məhəl qoymasaq, daha xoşbəxt olarıq.

13. Şeytan şübhə oyatmağa necə çalışır?

13 Şübhə toxumu səpmək Şeytanın ən effektiv üsuludur. O ta qədimdən bu üsuldan istifadə edir. Ədən bağında o, Həvvaya: «Doğrudanmı, Allah sizə deyib ki, bağdakı hər ağacın meyvəsindən yeməyəsiniz?» — sualını verərək onun ürəyində şübhə yaratmışdı (Yaradılış 3:1). Əyyubun dövründə Şeytan mələklərin qarşısında Yehovaya demişdi: «Məgər Əyyub Allahdan elə-belə qorxur?» (Əyyub 1:9). İsa vəftiz olunandan sonra Şeytan ona növbəti sözlərlə meydan oxumuşdu: «Əgər sən Allahın oğlusansa, əmr et ki, bu daşlar çörəyə dönsün» (Mətta 4:3).

14. Şeytan insanlarda cindarlığın təhlükəli olduğuna necə şübhə yaradır?

14 Bu gün də Şeytan insanları şübhəyə salmaqdan əl çəkmir. O, cindarlığın bəzi növlərini yaxşı bir şey kimi qələmə verir. Bununla da, insanlarda cindarlığın pis olduğuna şübhə yaradır. Hətta bəzi məsihilər də cindarlığın təhlükələrini artıq sezmirlər (2 Korinflilərə 11:3). Bəs biz özümüzü bu təhlükədən  necə qoruya bilərik? Şeytanın fəndlərinə uymamaq üçün nə edə bilərik? İki sahədə Şeytan bizi aldada bilər. Bu, əyləncə və müalicə üsullarıdır.

ŞEYTAN TƏBİİ İSTƏKLƏRİMİZİ BİZƏ QARŞI İSTİFADƏ EDİR

15. Necə ola bilər ki, əyləncə vasitəsilə cinlərlə əlaqə yaradaq?

15 Bu gün filmlərin, videoların, televiziya şoularının, kompüter oyunlarının və internet saytlarının çoxunda cindarlıqdan, sehrbazlıqdan və fövqəlbəşər qüvvələrdən danışılır. Çoxları bu şeylərə zərərsiz əyləncə kimi baxır. Onlar cinləri öz həyatlarına buraxmağın təhlükəli olduğunu başa düşmürlər. İnsanlar həmçinin ulduz falı, kart falı, əl falı, kristal kürə falı vasitəsilə cindarlıqla məşğul olurlar. Şeytan bu şeylərin təhlükəsini gizlədir və bunları sirli, ecazkar, maraqlı bir şey kimi təqdim etməyə çalışır. İnsan hətta fikirləşə bilər ki, cindarlıqla bağlı bir şeyə baxmağın zərəri yoxdur, çünki o özü cindarlıqla məşğul olmur. Amma bu cür düşünmək təhlükəlidir. Nəyə görə? (1 Korinflilərə 10:12).

16. Nəyə görə biz fövqəlbəşər qüvvələrin əks olunduğu əyləncələri rədd etməliyik?

16 Şeytan və cinlər bizim fikirlərimizi oxuya bilmirlər. Ancaq onlar bizim özümüz və ailəmiz üçün etdiyimiz seçimləri, o cümlədən əyləncə seçimimizi müşahidə edərək arzularımızı və düşüncələrimizi öyrənə bilərlər. Əgər biz cinlər, cindarlar, sehrbazlar, cadugərlər, vampirlər və bu kimi şeylərlə bağlı musiqilərə qulaq assaq, filmlərə baxsaq, yaxud kitablar oxusaq, Şeytan və cinlər onlarla maraqlandığımızı  biləcəklər. Bu zaman onlar bizi cindarlığın lap içinə sürükləyə bilərlər. (Qalatiyalılara 6:7 ayəsini oxu.)

17. Şeytan bizim sağlam olmaq istəyimizdən necə istifadə edə bilər?

17 Şeytan həmçinin bizim sağlam olmaq istəyimizdən də istifadə edə bilər. Bu gün bir çoxlarının səhhətində problemlər var. Ola bilər ki, insan müxtəlif müalicə üsullarına əl atsın, amma sağalmasın (Mark 5:25, 26). O, çarəsizlikdən hər bir üsula əl atmağa hazır ola bilər. Lakin biz məsihilər ehtiyatlı olmalıyıq ki, sehrli qüvvələrdən istifadə olunan üsullarla müalicə olunmayaq (Əşiya 1:13).

Xəstə vaxtlarında Yehovaya güvən

18. Məsihilər hansı müalicə üsullarından uzaq dururlar?

 18 Qədimdə bəzi israillilər də sehrli qüvvələrə üz tuturdular. Buna görə də Yehova onlara demişdi: «Siz əllərinizi göyə qaldıranda gözlərimi yumuram. Nə qədər dua edirsiniz edin, sizi eşitmirəm» (Əşiya 1:15). Bir düşün, Yehova onların dualarına heç qulaq da asmırdı. Biz istəmərik ki, xüsusilə də xəstə olanda Yehova ilə münasibətlərimizi pozan, Onun bizə kömək etməsinə mane olan hansısa hərəkətə yol verək (Zəbur 41:3). Buna görə də müalicənin cindarlıqla, fövqəlbəşər qüvvələrlə əlaqəli olub-olmadığını müəyyənləşdirməliyik (Mətta 6:13). Əgər belə bir ehtimal olsa, bu müalicədən uzaq durmalıyıq. (32-ci əlavəyə bax.)

CİNLƏR HAQQINDA ƏHVALATLAR

19. Şeytan insanları necə qorxudur?

19 Bəzi insanlar düşünür ki, Şeytan və cinlər insan təxəyyülünün məhsuludur. Bir başqaları isə öz təcrübəsindən bilir ki, onlar, həqiqətən də, var. Bir çoxları şər ruhların qorxusu ilə yaşayırlar və mövhumatın quludurlar. Digərləri cinlərin insanların başına gətirdiyi qorxulu şeylər barədə əhvalatlar danışaraq başqalarını da qorxuya salır. Çox vaxt insanlar bu kimi əhvalatları maraqla dinləyir və həvəslə başqalarına danışır. Bu əhvalatlar insanlarda Şeytan qorxusu yaradır.

20. Necə ola bilər ki, Şeytanın yalanlarını yayaq?

20 Şeytan insanların ondan qorxmasını istəyir (2 Salonikililərə 2:9, 10). O, yalançıdır və bilir ki, cindarlığa meyli olan insanlara necə təsir göstərə bilər  və onları yalan şeylərə necə inandıra bilər. Bu insanlara elə gələ bilər ki, nə isə görüblər və ya eşidiblər və onlar bu hadisələri başqalarına danışırlar. Bu kimi əhvalatlar dildən-dilə düşdükcə şişirdilir. Biz istəmirik ki, bu əhvalatları danışaraq insanları qorxutmaqda Şeytanla əlbir olaq (Yəhya 8:44; 2 Timutiyə 2:16).

21. Cinlər barədə danışmaq əvəzinə, nə barədə danışsaq yaxşı olar?

21 Əgər Yehovanın xidmətçisinin başına nə vaxtsa cinlərlə bağlı bir hadisə gəlibsə, o başqalarını əyləndirmək üçün bu əhvalatı danışmamalıdır. Yehovanın xidmətçiləri Şeytanın və cinlərin onlara nə isə edəcəyindən qorxmamalıdır. Əksinə, biz diqqətimizi İsaya və Yehovanın ona verdiyi qüvvəyə cəmləməliyik (İbranilərə 12:2). İsa şagirdlərinə cinlər haqqında əhvalatlar danışmırdı. O, diqqətini Padşahlıq xəbərinə və Allahın əzəmətli işlərinə cəmləmişdi (Həvarilərin işləri 2:11; Luka 8:1; Romalılara 1:11, 12).

22. Sən nəyə əzmlisən?

22 Gəlin unutmayaq ki, Şeytanın məqsədi bizim Yehova ilə münasibətlərimizi pozmaqdır. O buna nail olmaq üçün hər bir üsula əl atacaq. Lakin biz Şeytanın fəndlərindən agahıq və cindarlığın bütün növlərinə qarşı durmaq əzmindəyik. Biz Şeytana qətiyyətimizi zəiflətmək fürsəti verməyəcəyik. (Efeslilərə 4:27 ayəsini oxu.) Bəli, Şeytana müqavimət göstərsək, onun tələlərinə düşməyəcəyik və Yehovanın pənahında təhlükəsizlikdə olacağıq (Efeslilərə 6:11).