Kontentə keç

Mündəricatı göstər

 FƏSİL 1

Allahın əbədi məhəbbəti

Allahın əbədi məhəbbəti

«Allahı sevmək Onun əmrlərinə riayət etmək deməkdir. Onun əmrləri isə ağır deyil» (1 YƏHYA 5:3).

1, 2. Sən Yehova Allahı nəyə görə sevirsən?

ALLAHI sevirsən? Bəlkə də, o qədər sevirsən ki, özünü Ona həsr etmisən. Bəlkə də, O sənin ən yaxın Dostundur. Ancaq sən Yehova Allahı sevməmişdən əvvəl O səni sevib. Müqəddəs Kitabda deyilir: «Biz sevirik, çünki əvvəlcə Allah bizi sevdi» (1 Yəhya 4:19).

2 Yehova Allah bizə məhəbbətini çox şeydə göstərib. Həyatdan həzz alaq deyə bizə gözəl ev — Yer kürəsini verib, bizi lazım olan hər nemətlə təmin edib (Mətta 5:43—48; Vəhy 4:11). Allah istəyir ki, bizim Onunla yaxın münasibətimiz olsun, buna görə də Özünü bizə tanıdıb. Biz Müqəddəs Kitabı oxuyanda Yehovaya qulaq asırıq. Dua edəndə isə O bizə qulaq asır (Zəbur 65:2). Allah Öz qüdrətli müqəddəs ruhu ilə bizə yol göstərir, bizi möhkəmləndirir (Luka 11:13). Allah bizi günahdan və ölümdən azad etmək üçün hətta əziz Oğlunu yer üzünə göndərdi. (Yəhya 3:16; Romalılara 5:8 ayələrini oxu.)

3. Allahla yaxın münasibəti necə qorumaq olar?

 3 Həm sənin şad günündə, həm də dar günündə yanında olan yaxın dostunu bir anlıq yadına sal. Sözsüz ki, dostluğunuzu belə möhkəm saxlamaq asan başa gəlməyib. Bu, zəhmət tələb edir. Yehova Allahla dostluğumuz da belədir. Bizim Yehovadan yaxın Dostumuz ola bilməz. Bu dostluq əbədi ola bilər. Buna görə də Müqəddəs Kitab bizi təşviq edir: «Allahın məhəbbətindən ayrılmayın» (Yəhuda 21). Bunu necə edə bilərik? Müqəddəs Kitabda bu sualın cavabı var: «Allahı sevmək Onun əmrlərinə riayət etmək deməkdir, Onun əmrləri isə ağır deyil» (1 Yəhya 5:3).

ALLAHI SEVMƏK NƏ DEMƏKDİR?

4, 5. Sənin qəlbində Yehovaya sevgini oyadan nə olub?

4 Sənin qəlbində Allaha sevgini oyadan nə olub? Ürəyində Yehovaya qarşı məhəbbətin cücərməyə başladığı vaxtları xatırlayırsan?

Sən özünü Yehova Allaha həsr edib, vəftiz olunanda Onu sevdiyini və əbədiyyən Ona itaət etmək istədiyini göstərirsən

5 İlk dəfə öyrənəndə ki, Yehova sənin yeni dünyada əbədi yaşamağını istəyir, nə hiss etdin? Bunun üçün Yehovanın nələr etdiyini öyrəndin və başa düşdün ki, Yehova Oğlunu yer üzünə göndərməklə bizə necə böyük lütf göstərib (Mətta 20:28; Yəhya 8:29; Romalılara 5:12, 18). Yehovanın səni nə qədər sevdiyini öyrəndikcə sənin də qəlbində Ona qarşı məhəbbət oyandı. (1 Yəhya 4:9, 10 ayələrini oxu.)

6. Sevgi nədən görünür? Allaha sevgin səni nəyə təşviq edib?

 6 Ancaq Allaha duyduğun o sevgi hələ başlanğıc idi. Məsələn, adam kimisə sevəndə, ona «səni sevirəm» deməklə kifayətlənmir. Onu sevindirən işlər görmək istəyir. Yehovanı da sevdiyin üçün səndə istək yarandı ki, Onun dediyi kimi yaşayasan. Bu məhəbbət böyüdükcə, ola bilsin, sən özünü Ona həsr etdin, vəftiz olundun. Bununla söz verdin ki, əbədiyyən Yehovaya xidmət edəcəksən. (Romalılara 14:7, 8 ayələrini oxu.) Sözünün üstündə durmaq üçün nə edə bilərsən?

ALLAHIN ƏMRLƏRİNƏ RİAYƏT EDİRİK

7. Yehovanı seviriksə, nə edəcəyik? Onun əmrlərindən bəziləri hansılardır?

7 Yehovanı sevdiyimiz üçün Onun əmrlərinə riayət edirik. Yehova Müqəddəs Kitab vasitəsilə bildirir ki, biz necə yaşamalıyıq. Məsələn, insanın Yehovadan başqa kiməsə, yaxud nəyəsə sitayiş etməsi, nikahda olmadığı kəslə cinsi münasibətdə olması, sərxoş olması, oğurluq etməsi, yalan danışması günahdır (1 Korinflilərə 5:11; 6:18; 10:14; Efeslilərə 4:28; Koloslulara 3:9).

8, 9. Müəyyən vəziyyətə dair konkret qanun olmayanda Yehovanın fikrini necə bilmək olar? Misal çək.

8 Yehovanın ürəyini sevindirmək üçün Onun əmrlərinə riayət etmək hələ işin yarısıdır. Yehova bizə həyatın hər sahəsini əhatə edən qanunlar siyahısı verməyib. Buna görə də bəzən elə ola bilər ki, nə etməli olduğumuza dair Müqəddəs Kitabda konkret qanun tapmayaq. Bəs onda düzgün qərarları necə verə bilərik? (Efeslilərə 5:17). Müqəddəs Kitabda prinsiplər var. Prinsiplər Yehovanın baxışını  izah edən əsas həqiqətlərdir. Müqəddəs Kitabı oxuduqca biz Yehovanı daha yaxından tanıyırıq. Onun düşüncə tərzini, nəyi sevdiyini, nəyə nifrət etdiyini öyrənirik. (Zəbur 97:10 ayəsini oxu; Məsəllər 6:16—19; 1-ci əlavəyə bax.)

9 Məsələn, televizorda, İnternetdə nəyə baxacağımızı necə müəyyən edirik? Yehova bizə konkret olaraq demir nə etməliyik. Lakin düzgün qərar vermək üçün O bizə prinsiplər verir. Əyləncələrin əksəriyyəti zorakılıqla, seks səhnələri ilə doludur. Müqəddəs Kitabda Yehova bildirir ki, zorakılığı sevənlərə nifrət edir və əxlaqsızları mühakimə edəcək (Zəbur 11:5; İbranilərə 13:4). Bu prinsiplər bizə düzgün qərar verməyə necə kömək edir? Nəyinsə Yehovanın gözündə əxlaqsızlıq olduğunu biləndə ondan gen gəzməliyik.

10, 11. Nəyə görə biz Yehovaya itaət edirik?

10 Yehova Allaha nəyə görə itaət edirik? Sadəcə ona görə yox ki, cəzalanmayaq, yaxud yanlış qərarın acı nəticələrini biçməyək (Qalatiyalılara 6:7). Biz Yehovanı sevdiyimiz üçün Ona itaət edirik. Uşaq atasını sevindirmək istədiyi kimi, biz də səmavi Atamızın qəlbini şad etmək istəyirik. Yehovanın bizdən razı qaldığını bilməkdən gözəl nə ola bilər?! (Zəbur 5:12; Məsəllər 12:2; 2-ci əlavəyə bax).

11 Biz Allaha təkcə asan olanda, yaxud başqa seçim olmayanda itaət etmirik. Həmçinin demirik ki, Onun bu qanununa əməl edəcəyik, o birinə  yox! (Qanunun təkrarı 12:32). Biz «əmrlərin mənə əzizdir, onları sevirəm» deyən məzmurçu kimi, hər sahədə Yehova Allaha itaət edirik (Zəbur 119:47; Romalılara 6:17). Biz Nuh peyğəmbər kimi olmaq istəyirik. O, Yehova Allahı sevdiyini əməldə göstərmişdi; Allahın əmr etdiyi hər şeyi yerinə yetirmişdi. Müqəddəs Kitabda deyilir ki, Nuh «ona necə deyilmişdisə, elə də etdi» (Yaradılış 6:22). İstəyərdin, Yehova sənin haqqında da bu sözləri desin?

12. Biz Yehovanı necə sevindirə bilərik?

12 Biz itaət edəndə Yehovanın qəlbi sevinir (Məsəllər 11:20; 27:11). Bir düşün: bizim itaətkarlığımız kainatın Yaradanına böyük sevinc bəxş edir! Allah bizi itaət etməyə məcbur etmir. O bizə iradə azadlığı verib. Bu o deməkdir ki, düzgün, yaxud yanlış addım atmaq qərarını verməkdə sərbəstik. Yehova istəyir ki, Ona olan sevgimiz bizi düzgün qərarlar verməyə təşviq etsin. Belə etsək, həyatda xoşbəxt olacağıq (Qanunun təkrarı 30:15, 16, 19, 20; 3-cü əlavəyə bax).

ONUN ƏMRLƏRİ AĞIR DEYİL

13, 14. Haradan bilirik ki, Allahın əmrlərinə tabe olmaq çətin deyil? Nümunə çəkin.

13 Bəlkə də, bizə elə gəlir ki, Yehovanın əmrlərinə itaət etmək çox çətindir, yaxud onlar sərbəstliyimizi əlimizdən alır. Ancaq Müqəddəs Kitabda aydın şəkildə deyilir: «Onun əmrləri... ağır deyil» (1 Yəhya 5:3). «Ağır» kimi tərcümə olunan yunan sözü digər ayələrdə sərt qaydalara, yaxud insanlara ağalıq edən, zərər yetirmək istəyən adamlara aid işlənir  (Mətta 23:4; Həvarilərin işləri 20:29, 30). Yehovanın əmrləri ağır deyil, yəni onlara əməl etmək çətin deyil. Yehova nəsə buyurursa, bizi nəzərə alıb buyurur.

14 Tutalım, dostunuza təzə evə köçməyə kömək edirsiniz. O, əşyaları qutulara yığıb. Qutuların bəzisi yüngüldür, daşımaq asandır. Bəziləri isə ağırdır, gərək iki adam qaldırsın. Dostunuz sizdən ağır qutunu təkbaşına daşımağı xahiş edər? Əlbəttə ki, yox! Axı o sizin zədə almağınızı istəməz. Yehova da bir Dost kimi, bizə ağır şey etməyi buyurmaz (Qanunun təkrarı 30:11—14). Yehova bizi başa düşür. O, «necə yarandığımızı yaxşı bilir, torpaq olduğumuzu unutmur» (Zəbur 103:14).

15. Nəyə görə əmin ola bilərik ki, Yehovanın əmrləri bizim xeyrimizədir?

15 Musa İsrail xalqına demişdi ki, Yehovanın əmrləri onların həmişə xeyir tapması üçündür və bu əmrlərə itaət etsələr, sağ-salamat olacaqlar (Qanunun təkrarı 5:28—33; 6:24). Bu gün də belədir. Yehovanın verdiyi hər bir əmrə əməl etsək, xoşbəxt olacağıq. (Əşiya 48:17 ayəsini oxu.) Atamız Yehova bilir, nə bizim xeyrimizədir (Romalılara 11:33). Müqəddəs Kitabda yazılıb: «Allah məhəbbətdir»  (1 Yəhya 4:8). Bu o deməkdir ki, Yehova nə deyirsə və nə edirsə, hamısını məhəbbətdən irəli gələrək edir.

16. Qeyri-kamil olsaq da, şər dünyada yaşasaq da, nəyə görə Allaha itaət etmək mümkündür?

16 Bizim üçün Allaha itaət etmək həmişə asan olmur. Biz Şeytanın idarə etdiyi dünyada yaşayırıq. O çalışır ki, insanları təsiri altına salıb pis yola çəksin (1 Yəhya 5:19). Biz həmçinin öz qeyri-kamil hisslərimizlə və düşüncələrimizlə mübarizə aparmalıyıq. Çünki bunlar bizi Allahın itaətindən çıxmağa sövq edir (Romalılara 7:21—25). Amma Yehovaya məhəbbət bizə düzgün davranmaq üçün güc verir. Yehova Ona itaət etmək üçün göstərdiyimiz cəhdləri görür, ona görə də bizə kömək edir, qüdrətli müqəddəs ruhunu verir (1 İşmuil 15:22, 23; Həvarilərin işləri 5:32). Müqəddəs ruhun köməyi ilə özümüzdə gözəl keyfiyyətlər yetişdiririk. Bu keyfiyyətlərin sayəsində Allaha itaət etmək bizə asan olur (Qalatiyalılara 5:22, 23).

17, 18. a) Bu kitabda nə öyrənəcəyik? b) Növbəti fəsildə söhbət nədən gedəcək?

17 Bu kitabdan öyrənəcəyik ki, biz Yehovanın dediyi kimi necə yaşaya bilərik. Həmçinin Onun prinsiplərinə, əxlaq normalarına əməl etməyi öyrənəcəyik. Unutma ki, Yehova heç vaxt bizi itaət etməyə məcbur etmir. İtaət etmək bizim seçimimizdir; belə edəndə həyatımız yaxşılaşacaq, gələcəyimiz gözəl olacaq. Ən əsası, itaətkarlığımızla Allaha göstərəcəyik ki, Onu ürəkdən sevirik. (4-cü əlavəyə bax.)

18 Yaxşı ilə pisi ayırd etmək üçün Yehova bizə vicdan verib. Vicdanımızı tərbiyə etsək, o bizə Allahın əmrlərinə riayət etməyə kömək edəcək. Bəs vicdan nədir? Onu necə tərbiyə edə bilərik? Bu barədə növbəti fəsildə öyrənəcəyik.