Kontentə keç

Məsihi həyatı və ibadəti görüşü üçün göstərişlər

Məsihi həyatı və ibadəti görüşü üçün göstərişlər

Mündəricat

1. Məsihi həyatı və ibadəti görüşü «İş dəftəri»ndəki və aşağıdakı təlimatlara əsasən keçirilməlidir. Bütün təbliğçiləri şagird tapşırıqları ilə çıxış etməyə təşviq etmək lazımdır. İbadət görüşlərində müntəzəm iştirak edən digərləri də, əgər Müqəddəs Kitab tələblərinə müvafiq gəlirlərsə və məsihi prinsiplərinə uyğun həyat tərzi sürürlərsə, tapşırıqlarla çıxış edə bilərlər (be s. 282).

GİRİŞ SÖZLƏR

 2. Bir dəqiqə. Hər həftə ilk nəğmə və duadan sonra Məsihi həyatı və ibadəti görüşünün sədri dinləyicilərdə görüşün proqramına maraq oyatmalıdır. O, diqqəti yığıncaq üçün faydalı olan fikirlərə yönəltməlidir.

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ

  3. Nitq (on dəqiqə). Mövzunun adı və ona aid iki-üç əsas fikir «Məsihi həyatı və ibadəti. İş dəftəri»ndə göstərilir. Bu nitqi ağsaqqal və ya təcrübəli yığıncaq xidmətçisi təqdim etməlidir. Müqəddəs Kitabın həftəlik mütaliəsində Müqəddəs Kitabın yeni bölməsinə keçilirsə, o zaman həmin bölmə ilə tanışlıq videosu göstərilir. Natiq mövzunu video ilə əlaqələndirə bilər. Ancaq «İş dəftəri»ndəki əsas fikirləri mütləq açıqlamalıdır. Həmçinin vaxt olsa, verilən materiala aid şəkillərdən də istifadə etməlidir.

 4. Hikmət xəzinəsindən incilər (on dəqiqə). Giriş və yekun sözlər olmadan, sual-cavab şəklində keçirilir. Bəndi ağsaqqal və ya təcrübəli yığıncaq xidmətçisi təqdim etməlidir. Bəndi aparan qardaş hər iki sualı mütləq müzakirə etməlidir. Həmçinin birinci sualda gətirilən bütün ayələri oxudub-oxutmayacağını müəyyən etməlidir. Verilən şərhlər 30 saniyəni aşmamalıdır.

  5. Müqəddəs Kitab qiraəti (dörd dəqiqə). Bu tapşırıq qardaşa verilir. Şagird təyin olunmuş materialı giriş və yekun sözlər əlavə etmədən oxumalıdır. Görüşün sədri şagirdə düzgün, aydın, rəvan, təbii, habelə düzgün məntiqi vurğu, intonasiya və fasilə ilə oxumaq sahəsində səriştəli olmağa kömək etməlidir. Müqəddəs Kitab parçaları bəzən qısa, bəzən uzun olduğundan Məsihi həyatı və ibadəti görüşünün nəzarətçisi tapşırıq verərkən şagirdlərin bacarığını nəzərə almalıdır.

SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN

 6. On beş dəqiqə. Görüşün bu hissəsi hamıya öyrəndiklərini məşq etməyə, eləcə də təbliğ və təlim işində püxtələşməyə imkan yaradır. Təbliğçilər söhbət planındakı mövzuya bağlı qalmalıdırlar. Bununla belə, söhbəti öz ərazilərinə uyğunlaşdıra bilərlər. Tapşırıqda konkret göstəriş verilməsə də, təbliğçilər istəsələr, Xidmət üçün vəsaitlərdən istənilən nəşri və ya videonu istifadə edə bilərlər. Hərdən «Məsihi həyatı və ibadəti. İş dəftəri»ndəki «Söhbət planı»na təbliğçilərin xidmətdə istifadə etməsi üçün «Ayəni təlim vəsaitində tapın» çərçivəsi daxil ediləcək. Şagirdlər tapşırıqlarını icra edərkən bu çərçivədən istifadə edib-etməməyə özləri qərar verə bilər. «İş dəftəri»ndə hər tapşırıq üçün vaxt göstərilir və hərdən əlavə göstərişlər verilir. Şərt deyil ki, şagirdlər verilən vaxtı tamamlamaq üçün əlavə material və fikirlərdən istifadə etsinlər. Yaxşı hazırlanmış bəzi səhnəcikləri bir dəqiqə, yaxud da ondan da az vaxt ərzində tamamlamaq olar. Lazım olanda ağsaqqallara da bu tapşırıqları vermək olar. Bəzən proqrama «Söhbət planı»na aid videonun yox, başqa videonun müzakirəsi salınacaq. Bu hissəni ağsaqqal, yaxud təcrübəli yığıncaq xidmətçisi təqdim etməlidir.

 7. «Söhbət planı»na aid videolar. «Söhbət planı»na aid videolar vaxtaşırı göstəriləcək və müzakirə olunacaq. Bu videolarda ilk söhbət və təkrar söhbət göstəriləcək. Bu bəndi Məsihi həyatı və ibadəti görüşünün sədri aparmalıdır.

 8. İlk söhbət. Bu tapşırıq həm qardaşa, həm də bacıya verilə bilər. Şagirdin köməkçisi eyni cinsdən, yaxud ailə üzvlərindən biri olmalıdır. Şagird və onun köməkçisi istəsə, ya ayaq üstə, ya da oturaraq tapşırığı yerinə yetirə bilər. Onlar salamlaşıb başlaya bilərlər. Söhbət «İş dəftəri»ndəki «Söhbət planı»nın mövzusuna əsaslanmalıdır.

 9. Təkrar söhbət. Bu tapşırıq həm qardaşa, həm də bacıya verilə bilər. Köməkçi əks cinsdən olmamalıdır (km 10/13 s. 1). Şagird və onun köməkçisi ya masa arxasında otura, ya da ayaq üstə dayana bilər. Şagird göstərməlidir ki, maraqlanan adamla necə təkrar söhbət etmək lazımdır. Söhbət «İş dəftəri»ndəki «Söhbət planı»na əsaslanmalıdır.

 10. Müqəddəs Kitab dərsi. Bu tapşırıq həm qardaşa, həm də bacıya verilə bilər. Köməkçi əks cinsdən olmamalıdır (km 10/13 s. 1). Şagird və onun köməkçisi ya masa arxasında otura, ya da ayaq üstə dayana bilər. Bu tapşırıqda dərs prosesi səhnələşdirilir. Əgər dərsdə tələb olunmursa, giriş və ya yekun sözlər deməyə ehtiyac yoxdur. Verilən bütün materialı ucadan oxumaq tələb olunmur, amma yenə də istəsələr, bütün materialı oxuya bilərlər. Dərsə video daxildirsə, video göstərilməməlidir, sadəcə müzakirə edilməlidir. Əsas odur ki, təlim vermək üsulları nümayiş olunsun.

 11. Nitq. Bu tapşırıq qardaşa verilməli və o bunu yığıncağa nitq formasında təqdim etməlidir.

MƏSİHİ HƏYATI

 12. Nəğmədən sonra bu hissənin ilk 15 dəqiqəsində bir və ya iki bənd təqdim olunur. Bu bəndlər auditoriyaya Allahın Kəlamında yazılanlara əməl etməyə kömək edir. Əgər konkret göstəriş yoxdursa, bu bəndləri ağsaqqal və ya təcrübəli yığıncaq xidmətçisi apara bilər. «Yığıncağın tələbatları» bəndi isə yalnız ağsaqqala təyin edilməlidir.

  13. Müqəddəs Kitab dərsi (otuz dəqiqə). Bu bənd təcrübəli ağsaqqala təyin edilir. (Ağsaqqalların sayı az olduğu yığıncaqlarda bu bənd bacarıqlı yığıncaq xidmətçilərinə verilə bilər.) Ağsaqqallar şurası «Müqəddəs Kitab dərsi»ni aparmaq üçün təcrübəli qardaşlar seçməlidir. Bu qardaşlar verilən vaxtdan çıxmamalı, materialı hərtərəfli müzakirə etməli, əsas ayələri vurğulamalı və auditoriyaya materialın praktiki dəyərini başa salmalıdır. «Gözətçi qülləsi» müzakirəsinin aparılmasına dair verilən göstərişlər bu qardaşlar üçün faydalı ola bilər. Təyin olunmuş material ətraflı müzakirə olunubsa, müzakirəni uzatmağa ehtiyac yoxdur. Mümkünsə, hər həftə ayrı-ayrı aparıcılar və oxucular olsun. Əgər Məsihi həyatı və ibadəti görüşünün sədri «Müqəddəs Kitab dərsi»ni qısaltmağı tapşırarsa, bu hissəsini aparan qardaş bəndi necə qısaltmağı düşünməlidir. Bunun üçün müəyyən abzasları oxumamaq da olar.

YEKUN SÖZLƏR

  14. Üç dəqiqə. Sədr hər görüşün sonunda görüş zamanı səslənən faydalı fikirləri təkrarlamalıdır. Həmçinin növbəti həftənin qısa icmalını verməlidir. Vaxt varsa, gələn həftə çıxış edəcək şagirdlərin adlarını elan etmək olar. Əlavə göstəriş yoxdursa, sədr elanları və ya vacib məktubları yekun zamanı oxuya bilər. Həftəlik cədvələ aid olan məlumatlar, məsələn, həftəlik təbliğ üçün görüşlərin vaxtı və ya təmizlik növbəsi səhnədən elan edilməməli, onların cədvəli elanlar lövhəsindən asılmalıdır. Əgər hansısa elanı və ya məktubu oxumaq çox vaxt alacaqsa, onda sədr Məsihi həyatı hissəsində çıxış edəcək qardaşlardan xahiş edə bilər ki, öz bəndlərini bir az qısaltsınlar. ( 13 17-ci abzaslara bax.) İbadət görüşü nəğmə və dua ilə bitməlidir.

«ÖZÜNÜ OXUMAĞA VƏ TƏLİM VERMƏYƏ HƏSR ET»

 15. Hər bir şagird Məsihi həyatı və ibadəti görüşünə «Təlim» broşürünün çap və ya elektron formatını gətirməlidir. Məsihi həyatı və ibadəti görüşünün sədri «Təlim» broşürünə istinad edərək şagirdləri tərifləməli və onlara məsləhət verməlidir. Hər bir şagird «Məsihi həyatı və ibadəti görüşü. İş dəftəri»ndə tapşırıqların qarşısındakı mötərizədə göstərilmiş dərsin üzərində işləməlidir. «Müvəffəqiyyət cədvəli» şagirdlərin istifadəsi üçün nəzərdə tutulub, sədr orada heç nə qeyd etməməlidir.

TƏRİF VƏ MƏSLƏHƏT

  16. Məsihi həyatı və ibadəti görüşünün sədri «Təlim» broşürünə istinad edərək təxminən bir dəqiqə ərzində şagirdi tapşırığını yerinə yetirdikdən sonra həm tərifləməli, həm də ona məsləhət verməlidir. O, şagirdin hansı dərs üzərində işlədiyini əvvəlcədən elan etməməlidir. Şagird tapşırığı bitirdikdən sonra sədr şagirdi tərifləyib onun hansı dərsin üzərində işlədiyini deməlidir. Şagirdin bu dərsin öhdəsindən yaxşı gəldiyini göstərən konkret məqamları vurğulamalı, yaxud onun bu dərsdə hansı məqamlara diqqət yetirməli olduğunu nəzakətlə izah etməlidir. Şagirdə və ya auditoriyaya faydalı olacaqsa, səhnəciyin digər məqamlarını da qeyd edə bilər. Əlavə məsləhəti «Təlim» broşürünə və ya «Xidmət Məktəbi» kitabına əsaslanaraq görüşdən sonra ayrılıqda və ya başqa vaxt vermək olar. Bu zaman həm təyin olunmuş, həm də başqa dərsə aid məsləhət verə bilər. ( 17,  22 24-cü abzaslardakı Məsihi həyatı və ibadəti görüşünün sədri və məsləhət verməyə məsul qardaşın rolu ilə bağlı göstərişlərə bax.)

VAXT

     17. Şagirdlərin tapşırıqları, eləcə də tapşırıqlara dair Məsihi həyatı və ibadəti görüşünün sədrinin verdiyi şərhlər vaxtı aşmamalıdır. Bəndlərə ayrılmış vaxtın qarşısında «və ya az» ifadəsi silinsə də, bu o demək deyil ki, bəndi məhz göstərilmiş vaxtda qurtarmaq lazımdır. Əgər tez qurtarmaq mümkündürsə, vaxtı uzatmaq lazım deyil. Vaxt tamam olan kimi şagirdləri nəzakətlə dayandırmaq lazımdır. Görüşün digər hissələrinə ayrılmış vaxt aşılırsa, məsləhət verməyə məsul qardaş təklikdə həmin qardaşlara məsləhət verməlidir. ( 24-cü abzasa bax.) Nəğmələr və dualar daxil olmaqla, bütün görüş 1 saat 45 dəqiqə çəkməlidir.

RAYON NƏZARƏTÇİSİNİN ZİYARƏTİ

 18. Rayon nəzarətçisinin yığıncağı ziyarət etdiyi həftə proqram növbəti istisna ilə «Məsihi həyatı və ibadəti. İş dəftəri»ndə göstərildiyi kimi aparılmalıdır: «Məsihi həyatı» hissəsinin «Müqəddəs Kitab dərsi» bəndi rayon nəzarətçisinin 30 dəqiqəlik xidmət nitqi ilə əvəz edilməlidir. Məsihi həyatı və ibadəti görüşünün sədri xidmət nitqini elan etməzdən əvvəl proqramın keçirilmiş hissələrini təkrarlamalı, növbəti həftənin proqramının qısa icmalını etməli, vacib elanları və məktubları səsləndirməli, sonra isə rayon nəzarətçisini təqdim etməlidir. Xidmət nitqi bitdikdən sonra rayon nəzarətçisi seçdiyi nəğmə ilə görüşü yekunlaşdırmalıdır. O, yekun duanı başqa qardaşa tapşıra bilər. Rayon nəzarətçisinin ziyarəti zamanı yığıncağın dilində əlavə siniflər keçirilməməlidir. Yığıncağın nəzdində başqa dildə keçirilən qrup rayon nəzarətçisinin ziyarəti zamanı öz görüşlərini adi qayda üzrə keçirə bilər. Amma xidmət nitqi zamanı qrup yığıncaqla birgə rayon nəzarətçisinin çıxışına qulaq asmalıdır.

TOPLANTI OLAN HƏFTƏ

 19. Regional və ya rayon toplantısı olan həftə yığıncaq görüşü keçirilmir. Buna görə də həmin həftə üçün olan material fərdi və ya ailəvi şəkildə müzakirə olunmalıdır.

ANMA MƏRASİMİ HƏFTƏSİ

 20. Anma mərasimi həftə arasına düşərsə, Məsihi həyatı və ibadəti görüşü keçirilməyəcək. Ancaq anma mərasimi günü təbliğ üçün görüşlər keçirilməlidir.

MƏSİHİ HƏYATI VƏ İBADƏTİ GÖRÜŞÜNÜN NƏZARƏTÇİSİ

 21. Məsihi həyatı və ibadəti görüşünün nəzarətçisi ağsaqqallar şurası tərəfindən seçilmiş ağsaqqal olmalıdır. O, görüşün yaxşı təşkil olunmasına və bu göstərişlərə uyğun keçirilməsinə görə məsuliyyət daşıyır. Nəzarətçi məsləhət verməyə məsul qardaşla yaxşı əməkdaşlıq etməlidir. «Məsihi həyatı və ibadəti. İş dəftəri»ni alan kimi nəzarətçi iki ayın tapşırıqlarını şagirdlərə verməlidir. ( 5—11 abzaslara bax.) Tapşırıq «Məsihi həyatı və ibadəti görüşündə tapşırıq» (S-89) adlı blanka qeyd olunaraq şagirdə çıxışdan ən azı üç həftə əvvəl verilməlidir.

MƏSİHİ HƏYATI VƏ İBADƏTİ GÖRÜŞÜNÜN SƏDRİ

  22. Hər həftə ağsaqqallardan biri görüşə sədrlik etməlidir. (Ağsaqqalların sayı az olduğu yığıncaqlarda ehtiyac yaranarsa, sədrlik bacarıqlı yığıncaq xidmətçilərinə verilə bilər.) Sədr giriş və yekun sözləri hazırlamalı və «Söhbət planı»na aid videoları müzakirə etməlidir. Həmçinin hər bəndi elan etməlidir və ağsaqqalların sayından asılı olaraq, o, görüşün digər bəndlərini də, xüsusilə də müzakirə tələb olunmayan, sadəcə video göstərilən bəndləri də apara bilər. Sədrin bəndlərarası şərhləri çox qısa olmalıdır. Ağsaqqallar şurası bu məsuliyyətə təcrübəli ağsaqqalları təyin etməlidir. Təcrübəli ağsaqqallar növbə ilə görüşə sədrlik edir. Vəziyyətdən asılı olaraq Məsihi həyatı və ibadəti görüşünün nəzarətçisi digər təcrübəli ağsaqqallardan daha tez-tez sədrlik edə bilər. Əgər ağsaqqala «Müqəddəs Kitab dərsi» bəndini aparmaq tapşırılıbsa, deməli, o, sədr kimi də təyin olunmağa yararlıdır. Zəhmət olmasa, unutma: sədr kimi təyin olunan ağsaqqal şagirdləri ürəkdən tərifləməli və onlara faydalı məsləhət verməlidir. Sədr görüşün vaxtında bitməsinə də nəzarət etməlidir. ( 14 17-ci abzaslara bax.) Əgər kifayət qədər yer varsa, sədr istəsə səhnədə dayaqlı mikrofon quraşdırmaq olar. Beləcə, sədr bu mikrofondan bəndi elan edərkən bəndi təqdim edəcək qardaş kürsüdə öz yerini ala bilər. Həmçinin sədr istəsə, «Müqəddəs Kitab qiraəti» və «Səriştəli müjdəçi olun» hissəsindəki tapşırıqlar zamanı səhnədə masa arxasında otura bilər. Bununla vaxta qənaət olunar.

AĞSAQQALLAR ŞURASININ KOORDİNATORU

 23. Ağsaqqallar şurasının koordinatoru və ya ona kömək edən ağsaqqal görüşün bütün bəndlərini (şagirdlərin tapşırıqlarından savayı) qardaşlara təyin edir, həmçinin ağsaqqallar şurasının təsdiq etdiyi ağsaqqalları hər həftə sədr kimi təyin edir. Ağsaqqallar şurasının koordinatoru Məsihi həyatı və ibadəti görüşünün nəzarətçisi ilə əməkdaşlıq edərək nəzarət etməlidir ki, bütün görüşün cədvəli məlumat lövhəsindən asılsın.

MƏSLƏHƏT VERMƏYƏ MƏSUL QARDAŞ

   24. İmkan daxilində, bu məsuliyyətə təyin olunan ağsaqqal təcrübəli natiq olmalıdır. Bu qardaş ehtiyac yarananda ağsaqqala və ya yığıncaq xidmətçisinə Məsihi həyatı və ibadəti görüşünün bəndləri, açıq məruzələr, «Gözətçi qülləsi» müzakirəsinin və «Müqəddəs Kitab dərsi»nin keçirilməsi və ya oxunması da daxil olmaqla, istənilən çıxışla bağlı təklikdə məsləhət verməlidir. ( 17-ci abzasa bax.) Əgər yığıncaqda yaxşı natiqlik və müəllimlik qabiliyyəti olan bir neçə ağsaqqal varsa, onda bu məsuliyyət hər il bir ağsaqqala həvalə oluna bilər. Məsləhət verməyə məsul qardaşın hər çıxışdan sonra ağsaqqala və ya yığıncaq xidmətçisinə məsləhət verməsinə lüzum yoxdur.

ƏLAVƏ SİNİFLƏR

 25. Şagirdlərin sayından asılı olaraq yığıncaqlar əlavə siniflər təşkil edə bilər. Hər bir əlavə sinifdə məsləhət verən təcrübəli qardaş olmalıdır, yaxşı olar ki, ağsaqqal olsun. Ehtiyac olarsa, bu işi təcrübəli yığıncaq xidmətçisi icra edə bilər. Bu məsuliyyəti yerinə yetirəcək qardaşı və bu işin növbəli şəkildə icra olunub-olunmayacağını ağsaqqallar şurası təyin etməlidir. Məsləhət verən qardaş  16-cı abzasda gətirilən göstərişlərə əməl etməlidir. Əlavə sinif varsa, görüşün «Allahın Kəlamındakı xəzinə» hissəsinin «Hikmət xəzinəsindən incilər» bəndindən sonra şagirdlərdən çıxış edəcəkləri sinfə getmələri xahiş olunmalıdır. Onlar yenidən öz yerlərini görüşün «Səriştəli müjdəçi olun» hissəsindən sonra tuta bilərlər. Əgər mümkünsə, videoların müzakirəsi zamanı əlavə sinifdə olanlar öz yerlərindən əsas zalda göstərilən videoları izləsinlər və müzakirəni dinləsinlər. Əgər bu mümkün deyilsə, əlavə sinifdə məsləhət verən qardaş bu videoları mobil cihazda nümayiş etdirməli və müzakirə etməlidir.

VİDEOLAR

 26. Bu görüşdə proqramdakı videolar nümayiş etdirilməlidir. Həftəarası görüş üçün videolar «JW Library®» tətbiqində yerləşir və müxtəlif cihazlarda göstərilə bilər. «Söhbət planı»na aid videolar hərdən təbliğ üçün görüşlərdə də göstərilə bilər.