Kontentə keç

Mündəricatı göstər

Bu mixi yazı lövhəsinin qırağında Tattannu adı yazılmışdır

Daha bir tarixi dəlil

Daha bir tarixi dəlil

Müqəddəs Kitabın səhihliyini təsdiq edən arxeoloji sübut varmı? 2014-cü ildə Bibliya arxeologiyası üzrə bir jurnalda «Tövratda adı çəkilən adamların neçəsinin tarixiliyinə aid arxeoloji təsdiq var?» sualına belə cavab verilmişdi: «Ən azı 50 nəfərin» («Biblical Archaeology Review»). Amma həmin siyahıya indi bir nəfəri də əlavə etmək olar. Onun adı Təttanaydır. Gəlin görək bu adam kim olub.

Qüdsün (Yerusəlim) Fars imperiyası tərkibində olan dövrü idi. Şəhər farsların «çayın o tayı» adlandırdığı ərazidə yerləşirdi (Fərat çayından qərbdə). Babilistanı zəbt edəndən sonra farslar Babil əsirləri olan yəhudiləri azad edir, onlara Qüdsə qayıdıb Allahları Yehovanın uçuq məbədini bərpa etməyə izin verirlər (Üzeyir 1:1—4). Yəhudilərin düşmənləri məbədin tikilməsini istəmir. Onlar həmin inşaatı əllərində əsas tutaraq yəhudiləri dövlətə qarşı üsyankarlıqda ittiham edirlər (Üzeyir 4:4—16). I Daranın hakimiyyəti dövründə (e. ə. 522—486-cı illər) Təttanay adlı məmur bu məsələ ilə bağlı araşdırma aparmışdı. Müqəddəs Kitabda göstərilir ki, Təttanay «çayın o tayındakı bölgənin valisi» idi (Üzeyir 5:3—7).

Arxeoloqlar tərəfindən Təttanay adı yazılmış bir neçə mixi yazı lövhəsi aşkarlanıb. Bu lövhələrin ailə arxivinə aid olduğu güman edilir. Lövhələrdən biri I Daranın hakimiyyətinin 20-ci ilinə, yəni e. ə. 502-ci ilə aid olunan borc öhdəliyi sənədidir. Sənəddə borcalma əməliyyatını təsdiq edən şəxsin «çayın o tayının valisi Tattannu»nun xidmətçisi olduğu göstərilir. Bu, Müqəddəs Kitabda adı çəkilən həmin Təttanaydır.

Təttanayın vəzifəsi nədən ibarət idi? E. ə. 535-ci ildə Böyük Kuruş (Kir) öz imperiyasını əyalətlərə bölür. Əyalətlərdən biri «Babil və çayın o tayı» adlanır. Sonradan o, iki hissəyə bölünür və birinin adı «Çayın o tayı» olaraq qalır. Bu əyalətə Bekaa dərəsi, Finikiya, Səməriyyə və Yəhuda bölgələri daxil idi. Əyalət, görünür, Dəməşq şəhərindən idarə olunurdu. Təttanay e. ə. 520—502-ci illər arası bu ərazinin valisi olub.

Təttanay yəhudilərin üsyan qaldırıb-qaldırmadığını araşdırmaq məqsədilə Qüdsə səfər edir. Sonra şah Daraya bildirir ki, yəhudilərin dediyinə görə, Yehovanın məbədini bərpa etməyə onlara Kuruş izin verib. Saray arxivlərində araşdırma aparılır və bu iddia öz təsdiqini tapır (Üzeyir 5:6, 7, 11—13; 6:1—3). Beləcə, Təttanaya buyrulur ki, tikinti işinə mane olmasın və o, belə də edir (Üzeyir 6:6, 7, 13).

Düzdür, «çayın o tayındakı bölgənin valisi» Təttanay tarixdə əhəmiyyətli iz buraxmayıb. Bununla belə, onun adının Müqəddəs Kitabda xatırlanması və tutduğu vəzifənin orada düzgün qeyd edilməsi əhəmiyyətli faktdır. Belə ki, bu, arxeologiyanın Allahın Kəlamının tarixi cəhətdən dəqiq olduğunu təsdiq edən daha bir dəlildir.