Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDAKI MÖVZU NARAHATÇILIQLAR VƏ ONLARIN HƏLLI

Təhlükə narahatçılığı

Təhlükə narahatçılığı

Alona bölüşür: «Həyəcan təbili çalınanda ürəyim tez-tez döyünməyə başladı. Mən dərhal bomba sığınacağına qaçdım. Ancaq orada da qorxu hissi məni rahat qoymurdu. Ən dəhşətlisi isə gizlənməyə yer tapmayanda olur. Bir dəfə mən küçədə gedərkən həyəcan təbili çalındı və mən ağlamağa başladım, az qalırdı nəfəsim kəsilsin. Neçə saatdan sonra özümə gələ bildim. Sonra yenidən həyəcan təbili çalındı».

Alona

Müharibə üzləşdiyimiz təhlükələrdən yalnız biridir. Misal üçün, kimisə özünün və ya doğmalarının ölümcül xəstəliyə tutulması xəbəri şoka salır. Kimisi isə sabahkı günə görə fikir çəkir: «Görəsən, uşaqlarımız, nəvələrimiz ekologiyanın çirkləndiyi, iqlimin dəyişdiyi, müharibənin, cinayətin, epidemiyaların olduğu bir mühitdə yaşayacaq?» Bəs biz bu cür narahatçılıqlardan necə uzaq ola bilərik?

Bu cür şeylərin baş verdiyini bilən uzaqgörən insan bəlanı duyub gizlənər (Məsəllər 27:12). Biz fiziki sağlamlığımızı qorumağa çalışdığımız kimi, əqli və emosional sağlamlığımızın da qeydinə qalmalıyıq. Qorxunc görüntülərlə dolu zorakı əyləncələr və hətta xəbərlər həm bizim, həm də övladlarımızın narahatçılığını artırır. Əgər biz belə görüntülərə baxmırıqsa, bu o demək deyil ki, biz gerçəkliklərdən gizlənirik. Sadəcə Allah beynimizi pis şeylərlə doldurmaq üçün yaratmayıb. Əksinə, biz «doğru,.. saleh, pak, sevilməli... nə varsa» onlar barədə düşünməliyik. «Sülh Allahı» da, öz növbəsində, bizə qəlb rahatlığı verəcək və bizi narahatçılıqdan uzaq edəcək (Filippililərə 4:8, 9).

DUANIN ÖNƏMİ

Əsil iman narahatçılığın öhdəsindən gəlməyə kömək edir. Müqəddəs Kitab bizi «duaya həmişə önəm» verməyə çağırır (1 Butrus 4:7). Öz vəziyyətimizdən ən düzgün şəkildə istifadə etmək üçün duada Allahdan kömək, hikmət, cəsarət diləməli və əmin olmalıyıq ki, O, «hər bir diləyimizi» eşidir (1 Yəhya 5:15).

Həyat yoldaşı Avi ilə

Allahın Kəlamında deyilir ki, «bu dünyanın hökmdarı» Allah yox, Şeytandır və «bütün dünya... Şəririn əlindədir» (Yəhya 12:31; 1 Yəhya 5:19). Buna görə də İsa peyğəmbər davamçılarına «bizi Şərirdən xilas et» deyə dua etməyi öyrədəndə mücərrəd bir varlıqdan söz açmırdı (Mətta 6:13). Alona deyir: «Hər dəfə həyəcan təbili çalınanda dua edirəm ki, Yehova Allah özümü ələ almağa kömək etsin. Yoldaşım da belə anlarda mənə zəng edir və biz birlikdə dua edirik. Duanın, həqiqətən də, böyük köməyi dəyir». Müqəddəs Kitabda yazıldığı kimi, «Yehova Onu çağıranlara, Onu səmimi-qəlbdən çağıranlara yaxındır» (Zəbur 145:18).

SABAHA ÜMİDİMİZ

İsa peyğəmbər həmçinin «qoy Padşahlığın gəlsin» deyə dua etməyi öyrətmişdi (Mətta 6:10). Allahın Padşahlığı bizi narahat edən bütün şeyləri aradan qaldıracaq. Allah «sülh əmiri» İsa peyğəmbərin əli ilə «yerin bir ucundan o biri ucunadək döyüşləri» kəsəcək (Əşiya 9:6; Zəbur 46:9). «[Allah] çox ümmətlər arasında hakim olacaq... Xalq xalqın üstünə qılınc qaldırmayacaq, artıq müharibə etməyi öyrənməyəcəklər... Onları qorxudan olmayacaq» (Mikə 4:3, 4). Xoşbəxt ailələr «evlər tikib içində yaşayacaq, üzüm bağları salıb barını yeyəcək» (Əşiya 65:21). «Heç bir sakin “xəstəyəm” deməyəcək» (Əşiya 33:24).

Bu gün nə qədər ehtiyatlı davranırıqsa davranaq, yenə də təsadüflərdən və ya yanlış vaxtda yanlış yerdə olmaqdan sığortalanmamışıq (Vaiz 9:11). Əsrlər boyu yaxşı insanlar müharibələrin, zorakılıqların və xəstəliklərin qurbanı olub. Bəs bu günahsız insanların həyatı bununla bitdimi?

Sayı yalnız Allaha məlum olan milyonlarla ölən insanlar yenidən yaşayacaq. Hələ ki onlar ölüm yuxusundadırlar. «Qəbirlərdə olanların hamısı» diriləcəkləri günə qədər Allahın mükəmməl yaddaşında qalacaqlar (Yəhya 5:28, 29). Müqəddəs Kitab dirilməyə olan ümidimizi möhkəmləndirir: «Biz həyatımızı bu ümidə bağlamışıq. Bu ümid bizim üçün möhkəm və sarsılmaz gəmi lövbəri kimidir» (İbranilərə 6:19). Allah İsa Məsihi «diriltməklə hamıya zəmanət verib» (Həvarilərin işləri 17:31).

Hələlik isə hamı, hətta Allahın saleh bəndələri belə, narahatçılıq keçirir. Pol, Canet və Alona praktiki addımlar atmağın, Allaha dua vasitəsilə yaxınlaşmağın, Onun vədlərinə imanlarını möhkəmləndirməyin sayəsində narahatçılıqlarının öhdəsindən müvəffəqiyyətlə gəlirlər. Qoy ümid mənbəyi olan Allah Ona olan etibarınız sayəsində sizin də ürəyinizi sevinc və sülhlə doldursun (Romalılara 15:13).