Kontentə keç

Mündəricatı göstər

Musa peyğəmbər — iman sahibi

Musa peyğəmbər — iman sahibi

İMAN NƏDİR?

Allahın Kəlamında deyildiyi kimi, iman etibarlı sübutlara əsaslanmış möhkəm inamdır. Allaha iman gətirən insan Onun bütün vədlərinin həyata keçəcəyinə tam əmindir.

MUSANIN İMAN SAHİBİ OLDUĞU NƏDƏN BƏLLİ İDİ?

Musa Xudavəndin vədlərinə tam etibar etdiyini sürdüyü həyat tərzi ilə göstərirdi (Yaradılış 22:15—18). Onun Misirdə cah-calal içində firavan yaşamaq imkanı var idi, lakin «o, günahdan müvəqqəti həzz almaqdansa, Allahın xalqı ilə birlikdə əziyyətə qatlaşmağı üstün tutdu» (İbranilərə 11:25). Demək olarmı ki, o, bu qərarı düşünmədən verdi və sonradan peşman oldu? Əsla, çünki Müqəddəs Kitabda Musa peyğəmbər haqda deyilir ki, o, «Gözəgörünməz Allahı görürmüş kimi mətin idi» (İbranilərə 11:27). O, heç vaxt imandan irəli gələrək verdiyi qərarlara görə peşman olmayıb.

Musa peyğəmbər başqalarının da imanını möhkəmləndirirdi. Bir nümunəyə nəzər salaq. İsraillilər Misirdən çıxıb Qırmızı dənizin sahillərinə gəlib çatmışdılar. Başlarını qaldırıb fironun böyük ordusunun üzərlərinə gəldiyini görəndə onları dəhşət bürüdü. Canına ölüm qorxusu düşmüş xalq Musaya və Allaha üz tutdu. Bəs peyğəmbər nə etdi?

Allahın israillilərə qurtuluşu Qırmızı dənizi aralayaraq verəcəyi Musa peyğəmbərin heç ağlına da gəlməzdi. Amma o, Külli-İxtiyarın Öz xalqını qorumaq üçün mütləq bir tədbir görəcəyinə zərrə qədər də şübhə etmirdi. Peyğəmbər istəyirdi ki, onda olan əminlik soydaşlarında da olsun. Müqəddəs Yazılardan onun bu sözlərini oxuyuruq: «Qorxmayın! Durun, Rəbbin bu gün sizi necə xilas edəcəyinə baxın» (Çıxış 14:13). Bəs israillilərin imanı möhkəmləndimi? Bəli, çünki Allahın Kəlamında deyilir ki, təkcə peyğəmbər yox, bütün israillilər «iman sayəsində, Qırmızı dənizi sanki qurudan keçən kimi keçdilər» (İbranilərə 11:29). Bu cür imanın bəhrəsini yalnız Musa peyğəmbər yox, onun kimi Allaha bel bağlayan bütün xalq gördü.

BİZİM ÜÇÜN İBRƏT DƏRSİ.

Musa peyğəmbər kimi, biz də qərar verərkən Allahın vədlərinə inandığımızı göstərə bilərik. Məsələn, Allah bizi əmin edir ki, Ona ibadət etməyi həyatımızda hər şeydən üstün tutduğumuz təqdirdə, bizim fiziki tələbatlarımızın qeydinə qalacaq (Matta 6:33). Var-dövlət hərisliyinə yoluxmuş dünyada çoxlu pula və mal-mülkə sahib olmaq arzusunu boğmaq çətin ola bilər. Ancaq sadə həyat tərzi sürməyə qətiyyətli olsaq və bütün diqqətimizi ibadətə yönəltsək, arxayın ola bilərik ki, Yehova bizi lazım olan hər şeylə təmin edəcək. O, buna Özü zəmanət verir: «Səni heç bir vəchlə atmaram və heç vaxt tərk etmərəm» (İbranilərə 13:5).

Biz başqalarının da möhkəm iman sahibi olmalarına kömək etməliyik. Misal üçün, Allah qorxusu olan hikmətli valideynlər övladlarına körpə yaşlarından Allaha iman aşılamaq məsuliyyətlərini dərk edirlər. Uşaqlar böyüdükcə öyrənməlidirlər ki, başlarının üstündə onları yaradan Allah var və bizim üçün nəyin yaxşı, nəyin pis olduğunu O qərarlaşdırır. Üstəlik, onlar əmin olmalıdırlar ki, Allahın qoyduğu qayda-qanunlara riayət etmək ən yaxşı həyat yoludur (Yeşaya 48:17, 18). Valideynlər övladlarına Allahın «varlığına və Onu cidd-cəhdlə axtaranlara mükafat verdiyinə [inanmağa]» kömək etməlidirlər. Bununla onlar balalarına ən yaxşı mirası vermiş olurlar (İbranilərə 11:6).