Kontentə keç

Mündəricatı göstər

 MÜQƏDDƏS KİTABIN BAXIŞI

Mələklər

Mələklər

Ədəbiyyatlarda, rəsm əsərlərində və filmlərdə mələklərə tez-tez rast gəlmək olar. Bəs görəsən, mələklər əslində necə varlıqlardır və Allah onları nə üçün yaradıb?

Mələklər necə varlıqlardır?

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

 

Kainatı və ilk insanları yaratmazdan öncə, Qadir Allah şüurlu varlıqların ən üstününü yaratmışdı. Onlar insanlardan qat-qat güclüdür və Allahın dərgahında məskunlaşırlar. Allahın dərgahı bəşəriyyət üçün ünyetməz və gözəgörünməz aləmdir (Əyyub 38:4, 7). Müqəddəs Kəlam bu ali varlıqları «ruh» və «mələk» adlandırır (Zəbur 104:4) *.

Görəsən, nə qədər mələk var? Saysız-hesabsız. Müqəddəs Kitabda yazılıb ki, Allahın taxtı önündə xidmət edən mələklərin sayı «minlərlə minlər, on minlərlə on minlər»dir (Vəhy 5:11). Bir sözlə, yüz milyonlarla mələk var!

«Mən taxtın... ətrafında durmuş çoxlu mələyi gördüm. Onların sayı minlərlə minlər, on minlərlə on minlər idi» (Vəhy 5:11).

Qədimdə mələklər hansı işləri görürdülər?

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

 

Qədimdə mələklər əsasən Allahın elçisi qismində xidmət edirdilər *. Müqəddəs Kitabda qeyd olunur ki, onlar həm də Allahın möcüzəvi işlərini yerinə yetirirdilər. Allah İbrahim peyğəmbərə xeyir-dua vermək və oğlunu qurban gətirməkdən çəkindirmək üçün Öz mələyini göndərmişdi (Yaradılış 22:11—18). Başqa bir mələk isə yanan kolun içərisindən Musa peyğəmbərə görünərək ona həyatını büsbütün dəyişdirəcək bir xəbər çatdırmışdı (Çıxış 3:1, 2). Dənyal peyğəmbər şirlər quyusuna atılanda isə Allah «mələyini göndərib şirlərin ağzını bağladı» (Dənyal 6:22).

«Bu zaman Yehovanın mələyi kolun ortasından qalxan alovda [Musaya] göründü» (Çıxış 3:2).

 Bəs müasir dövrdə mələklər hansı işləri görürlər?

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

 

Mələklərin bizim dövrümüzdə gördüyü bütün işləri bilmək iqtidarında deyilik. Amma Müqəddəs Kitabdan bir şeyi dəqiq bilirik ki, onlar səmimi insanlara Allahı daha yaxından tanımağa kömək edirlər (Həvarilərin işləri 8:26—35; 10:1—22; Vəhy 14:6, 7).

Allah Yaqub peyğəmbərə yuxuda bir vəhy vermişdi. Peyğəmbər görmüşdü ki, Allahın mələkləri yerdən başı göyə dirənən bir pilləkənlə çıxıb-düşürlər (Yaradılış 28:10—12). Bu vəhyin mənası o idi ki, bu gün Yehova Allah öz mələklərini Allahın yardımına ehtiyacı olan insanlara kömək etmək məqsədilə yer üzünə göndərir (Yaradılış 24:40; Çıxış 14:19; Zəbur 34:7).

«Gecə bir yuxu gördü. Gördü ki, yerdən başı göyə dirənən bir pilləkən qalxır. Allahın mələkləri bu pilləkənlə çıxıb-düşürlər» (Yaradılış 28:12).

^ abz. 6 Müqəddəs Kitabda deyilir ki, bəzi ilahi varlıqlar Allaha qarşı üsyan etdilər. Bu üsyankar davranışlarına görə onlar «cin» adlanırlar (Luka 10:17—20).

^ abz. 11 Müqəddəs Kitabda «mələk» kimi tərcümə edilən ibrani və yunan sözünün mənası «elçi» deməkdir.