Kontentə keç

Mündəricatı göstər

 TƏLİM MƏQALƏSİ 17

Yehovanın köməyilə şər qüvvələrə qarşı durun

Yehovanın köməyilə şər qüvvələrə qarşı durun

«Səmavi aləmdəki şər ruhi qüvvələrə qarşı mübarizə aparırıq» (EFES. 6:12).

NƏĞMƏ 55 Onlardan qorxma!

İCMAL *

1. Efeslilərə 6:10—13 ayələrində izah olunduğu kimi, Yehovanın bizim üçün narahat olduğunu nədən bilirik? İzah edin.

YEHOVA ALLAH xidmətçilərinin qayğısına qaldığını müxtəlif yollarla göstərir. Bunlardan biri düşmənlərimizə qarşı durmağa kömək etməsidir. Əsas düşmənlərimiz Şeytan və onun cinləridir. Yehova bizi bu düşmənlərimiz barədə məlumatlandırır və onlara qarşı durmaq üçün lazım olan hər şeylə təmin edir. (Efeslilərə 6:10—13 ayələrini oxuyun.) Yehovanın köməyini qəbul etməklə və Ona tamamilə güvənməklə İblisə qarşı dura bilərik. Onda biz də, həvari Bulus kimi əminliklə deyə biləcəyik: «Allah bizimlədirsə, kim bizə qarşı çıxa bilər?» (Rom. 8:31).

2. Bu məqalədə nəyi araşdıracağıq?

2 Həqiqi məsihilərin maraq dairəsi Şeytan və onun cinləri deyil. Biz diqqətimizi Yehova haqda öyrənməyə və Ona ibadətə cəmləyirik (Zəb. 25:5). Bununla yanaşı, «Şeytanın toruna düşməyək» deyə, onun ən çox əl atdığı üsulları bilməliyik (2 Kor. 2:11). Bu məqalədə Şeytan və onun cinlərinin insanları aldatmaq üçün istifadə etdiyi başlıca üsula nəzər salacaq və düşmənlərimizə qarşı durmağın yollarını araşdıracağıq.

ŞƏR QÜVVƏLƏR İNSANLARI NECƏ ALDADIR?

3, 4. a) Spiritizm nədir? b) Spiritizmə inanc nə dərəcədə geniş yayılıb?

3 Şeytan və cinlərinin insanları aldatmaq üçün istifadə etdiyi başlıca üsul spiritizmdir. Spiritizmlə məşğul olanlar digər insanların bilmədiyi şeyləri bildiklərini və onları  idarə etməyi bacardıqlarını iddia edir. Misal üçün, bəziləri falçılıq və astrologiya vasitəsilə gələcəyi gördüklərini deyir. Digərləri özlərini elə göstərirlər ki, guya ölülərlə danışırlar. Bir başqaları da cadugərlik və ya magiya ilə məşğul olur, insanları ovsunlamağa çalışır *.

4 Spiritizmin gücünə inanc nə dərəcə geniş yayılıb? Latın Amerikası və Karib adalarında 18 ölkədə aparılan sorğuda iştirak edənlərin üçdə biri sehrbazlığa, cindarlığa, cadugərliyə təxminən bir o qədəri də ruhlarla ünsiyyətin mümkünlüyünə inandığını deyib. Afrikanın 18 ölkəsində aparılan sorğuda iştirak edənlərin yarıdan çoxu cindarlığa inanır. Sözsüz ki, harada yaşamağımızdan asılı olmayaraq, özümüzü spiritizmdən gözləməliyik. Axı Şeytan «bütün dünyanı» aldatmağa çalışır (Vəhy 12:9).

5. Yehova spiritizmə necə yanaşır?

5 Yehova haqq, həqiqət Allahıdır (Zəb. 31:5). Bəs O, spiritizmə necə yanaşır? Allah spiritizmə nifrət edir! O, israillilərə demişdi: «Aranızda oğlunu və ya qızını odda yandıran, rəmmal, sehrbaz, fala baxan, cadugər, ovsunçu, cindar yanına gedən, gələcəyi deyən, ölüləri çağıran olmamalıdır. Çünki bu işləri görən hər kəs Yehovanın gözündə mənfurdur» (Qan. 18:10—12). Biz Yehovanın israillilərə verdiyi Qanunun hökmü altında deyilik. Bununla belə, bilirik ki, Onun spiritizmə münasibəti dəyişməyib (Məl. 3:6).

6. a) Şeytan spiritizm vasitəsilə insanlara necə xətər yetirir? b) Vaiz 9:5 ayəsi ölülərin vəziyyəti haqda hansı həqiqəti açıqlayır?

6 Yehova bilir ki, Şeytan spiritizm vasitəsilə insanlara xətər yetirməyə çalışır, buna görə də bizləri ondan uzaq durmağa çağırır. Şeytan spiritizm vasitəsilə müxtəlif yalanlar yayır, bura insan öləndən sonra başqa bir aləmdə yaşamağa davam etdiyi yalanı da daxildir. (Vaiz 9:5 ayəsini oxuyun.) O həmçinin insanları qorxu içində saxlamaq və onları Yehovadan uzaqlaşdırmaq üçün də spiritizmdən istifadə edir. Onun məqsədi odur ki, insanlar Yehovaya yox, spiritizmlə məşğul olub şər ruhlara bel bağlasınlar.

ŞƏR QÜVVƏLƏRƏ NECƏ QARŞI DURA BİLƏRİK?

7. Yehova bizə nə ilə bağlı məlumat verir?

7 Yuxarıda qeyd olunduğu kimi, Şeytan və cinlərin bizi aldatmaması üçün Yehova bizə lazım olan məlumatı verir. Gəlin görək bu düşmənlərimizə qarşı mübarizədə hansı addımları ata bilərik.

8. a) Şər qüvvələrə qarşı durmağın başlıca yolu hansıdır? b) Zəbur 146:4 ayəsi Şeytanın ölüm haqda uydurduğu yalanı necə ifşa edir?

8 Allahın Kəlamını mütaliə edib dərinliyinə varın. Bu, şər qüvvələrin yaydığı yalanlara aldanmamağın başlıca yoludur. Allahın Kəlamı iti bir qılınc kimi Şeytanın yaydığı yalanları məhv edə bilər (Efes. 6:17). Məsələn, Kəlamda ölən insanın dirilərlə danışa bildiyi haqda yalan ifşa olunur. (Zəbur 146:4 ayəsini  oxuyun.) Həmçinin Kəlamdan aydın görünür ki, yalnız Yehova gələcəyi dəqiqliklə deyə bilər (Əşy. 45:21; 46:10). Müqəddəs Kitabı daim mütaliə edib dərinliyinə varsaq, şər ruhların təlqin etməyə çalışdığı yalanlara inanmayacaq və bu yalanlara nifrət edəcəyik.

9. Hansı əməllər spiritizmlə əlaqəlidir?

9 Spiritizmlə bağlı olan hər şeydən uzaq durun. Həqiqi məsihilər spiritizmin istənilən növündən uzaqdır. Misal üçün, biz ruhçağıranların yanına getmir və ya hansısa digər yollarla ölən insanla danışmağa cəhd göstərmirik. Öncəki məqalədə qeyd olunduğu kimi, ölən insanın haradasa yaşamağa davam etdiyi fikrini dəstəkləyən yas ayinlərində iştirak etmirik. Gələcək haqda öyrənmək üçün astrologiya və ya falçılığa üz tutmuruq (Əşy. 8:19). Bilirik ki, bütün bunlar olduqca təhlükəlidir, belə şeylərlə məşğul olmaqla Şeytan və cinləri ilə birbaşa əlaqə yaratmış oluruq.

Birinci əsrdəki məsihilərdən örnək alaraq okkultizmlə bağlı olan bütün əşyalardan azad olun və spiritizmlə bağlı əyləncələrdən uzaq durun (10—12 abzaslara baxın)

10, 11. a) Birinci əsrdə yaşayanlardan bəziləri həqiqəti öyrənəndə hansı tədbiri gördü? b) 1 Korinflilərə 10:21 ayəsinə əsasən, nəyə görə birinci əsrdə yaşamış məsihilərdən örnək götürməliyik və bunu necə edə bilərik?

10 Okkultizmə aid bütün əşyalardan azad olun. Birinci əsrdə Efes şəhərində yaşayanların bəziləri spiritizmlə məşğul idi. Amma onlar həqiqəti öyrənən zaman qəti tədbir gördülər. «Sehrbazlıqla məşğul olanlardan xeyli adam kitablarını yığıb hamının gözü qarşısında yandırdı» (Həv. 19:19). Onlar şər qüvvələrə qarşı durmaq üçün əllərindən gələni etdilər. Sehrbazlıqla bağlı kitabların çox bahalı olmasına baxmayaraq, onlar bu kitabları nə satdılar, nə də başqalarına verdilər. Əksinə, hamısını yığıb məhv etdilər. Onları daha çox maraqlandıran kitabların qiyməti yox, Yehovanı razı salmaq idi.

 11 Bəs biz birinci əsrdə yaşayan bu məsihiləri necə təqlid edə bilərik? Yaxşı olardı ki, okkultizmə aid bütün əşyalardan azad olaq. Bura insanların şər qüvvələrdən qorunmaq üçün taxtığı və ya saxladığı həmail, gözmuncuğu, divardan asılan dua sözləri və digər əşyalar daxildir. (1 Korinflilərə 10:21 ayəsini oxuyun.)

12. Seçdiyimiz əyləncə ilə bağlı özümüzə hansı sualları verməliyik?

12 Əyləncə seçərkən diqqətli olun. Növbəti sualların üzərində düşünün: «Okkultizmə aid kitablar, jurnallar və ya internetdən məqalələr oxuyuram? Qulaq asdığım musiqi, baxdığım film və proqramlar, yaxud oynadığım oyunlar haqda nə demək olar? Seçdiyim hansısa əyləncənin spiritizmlə əlaqəsi var? Onlar vampirlərdən, zombilərdən və ya paranormal hadisələrdən bəhs etmir ki? Seçdiyim əyləncədə sehrbazlıq, cadugərlik və lənət zərərsiz bir şey kimi təqdim edilmir ki?» Əlbəttə ki, fantaziya və uydurulmuş rəvayətlər əsasında olan bütün əyləncə növlərinin spiritizmə aid olduğunu demək olmaz. Əyləncənizi nəzərdən keçirəndə Yehovanın nifrət etdiyi şeylərdən uzaq qalmağınıza kömək edəcək seçimlər etməyə qətiyyətli olun. Biz istəyirik ki, Allahın qarşısında vicdanımızı təmiz saxlamaq üçün əlinmizdən gələni edək (Həv. 24:16) *.

13. Nədən çəkinməliyik?

13 Cinlərlə bağlı hekayələr danışmayın. Bu sahədə İsa Məsihin nümunəsini  izləməliyik (1 But. 2:21). Yer üzünə gəlməzdən öncə İsa göydə yaşayırdı. O, Şeytan və cinlər barədə çox şey bilirdi. Lakin İsa şər qüvvələrin gördüyü işlərlə bağlı əhvalatlar danışmırdı. O, Şeytanın təbliğatçısı yox, Yehovanın şahidi olmaq istəyirdi. Biz də çalışmalıyıq ki, İsadan örnək götürərək cinlər haqda əhvalatlar yaymayaq. Əksinə, qoy söhbətimizdən qəlbimizin gözəl sözlərlə, həqiqətlə çağladığı görünsün (Zəb. 45:1).

Şər qüvvələrdən qorxmağa lüzum yoxdur. Yehova Allah, İsa Məsih və mələklər onlardan qat-qat qüdrətlidir (14 və 15-ci abzaslara baxın) *

14, 15. a) Nə üçün şər qüvvələrdən qorxmamalıyıq? b) Yehovanın bu gün də xalqını qoruduğuna dair hansı dəlillər var?

14 Şər qüvvələrdən qorxmayın. Yaşadığımız bu şər dünyada başımıza pis şeylər gələ bilər. Anidən bədbəxt hadisə, xəstəlik, hətta ölümlə üzləşə bilərik. Bunların səbəbkarının gözəgörünməz ruhlar olduğunu düşünməməliyik. Müqəddəs Kitabda deyilir ki, biz «vaxt və təsadüf»ün qurbanı ola bilərik (Vaiz 9:11). Cinlərə gəldikdə isə Yehova onlardan qat-qat güclü olduğunu göstərib. Misal üçün, Yehova Şeytana Əyyubu öldürməyə izn verməmişdi (Əyy. 2:6). Musa peyğəmbərin günlərində də Yehova Misirin kahinləri üzərində Öz gücünü göstərmişdi (Çıx. 8:18; 9:11). Şərəfə yüksələn İsa Məsih Yehovadan səlahiyyət alaraq Şeytan və onun cinlərini göydən yerə atmışdı. Yaxın gələcəkdə isə onları dibsiz quyuya atacaq və onlar insanlara zərər vura bilməyəcək (Vəhy 12:9; 20:2, 3).

15 Yehovanın bu gün də xalqını qoruduğuna dair saysız sübutlar var. Gəlin baxaq: biz dünyanın dörd bir yanında həqiqəti təbliğ edir və öyrədirik (Mət. 28:19, 20). Bununla da İblisin şər əməllərini ifşa etmiş oluruq. Təbii ki, Şeytanın əlində olsaydı, bizim bütün fəaliyyətimizi dayandırardı, amma o bunu edə bilməz. Buna görə də şər qüvvələrdən qorxmağa gərək yoxdur. Biz bilirik ki, «Yehova bütün yer üzünü nəzərdən keçirir ki, sidqi-ürəkdən Ona bağlı olanların rifahı üçün gücünü göstərsin» (2 Saln. 16:9). Əgər Yehovaya sadiq qalsaq, cinlər bizə sağalmaz yara vura bilməyəcəklər.

 YEHOVANIN KÖMƏYİNİ QƏBUL ETMƏK NEMƏTLƏR BƏXŞ EDİR

16, 17. Şər qüvvələrə qarşı durmaq üçün cəsarətin tələb olunduğunu göstərən nümunə çəkin.

16 Şər qüvvələrə qarşı durmaq üçün cəsarət gərəkdir. Xüsusilə də yaxın qohumlarımız bizdən ötrü narahat olduqlarına görə spiritizmlə bağlı hansısa ayinlərə qoşulmağımıza təzyiq göstərəndə. Lakin Yehova cəsarət göstərənlərə mükafat verir. Gəlin Qanada yaşayan Erika bacının nümunəsinə nəzər salaq. Erika 21 yaşında olanda Müqəddəs Kitabı öyrənməyə başlayır. Atası sehrbazlıqla məşğul olan fetiş rahibi olduğundan o, atasının ölən əcdadlarının ruhu üçün qurban gətirdiyi ətdən yeməli və spiritizmlə əlaqəli ayinlərə qatılmalı idi. Ailəsi Erikanın bunlardan imtina etməsini allahlara qarşı təhqir olaraq qəbul etdi. Ailəsi düşünürdü ki, allahları onları əqli və fiziki xəstəliyə düçar edəcək.

17 Ailə üzvləri Erikanı bu ayinə əməl etməyə məcbur etsələr də, o təslim olmadı, hətta bu, ona evdən qovulması bahasına başa gəlsə də. Bəzi bacı-qardaşımız ona evində qalmağa yer verdi. Yehova ona yeni ailə — doğma bacı-qardaş kimi olan dindaşlar bəxş etdi. Bu, Yehovanın mükafatı idi (Mark 10:29, 30). Baxmayaraq ki, qohumları ondan imtina etmişdi, hətta onun əşyalarını yandırmışdı, Erika Yehovaya sadiq qaldı, vəftiz olundu və hal-hazırda öncül kimi xidmət edir. Erika cinlərdən qorxmur. O, ailəsi barədə deyir: «Hər gün dua edirəm ki, ailəm Yehovanı tanımağın bəxş etdiyi xoşbəxtliyi dadıb Ona xidmət etməyin gətirdiyi azadlığa qovuşsun».

18. Yehovaya etibar etmək bizə hansı nemətlər bəxş edir?

18 Düzdür, hamımız bu cür ağır iman sınağı ilə üzləşmirik. Bununla belə, hər birimiz şər ruhlara qarşı durub Yehovaya etibar etməliyik. O zaman çoxlu nemətlər alacaq və Şeytanın yalanlarına aldanmayacağıq. Həmçinin cinlərdən qorxaraq Yehovaya ibadətimizi dayandırmayacağıq. Ən əsası isə Yehova ilə münasibətlərimiz sıx olacaq. Şagird Yaqub yazırdı: «Allaha tabe olun, İblisə müqavimət göstərin və o, sizdən qaçacaq. Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq» (Yaq. 4:7, 8).

NƏĞMƏ 150 Xilas üçün Yehovaya sığın

^ abz. 5 Yehova Allah bizi şər qüvvələrdən və onların vura biləcəyi zərərdən xəbərdar edir. Şər qüvvələr insanları hansı yollarla aldatmağa çalışır? Onlara necə qarşı durmaq olar? Bu məqalədə Yehovanın bizi onların təsirindən necə qoruduğu araşdırılır.

^ abz. 3 BƏZİ İFADƏLƏRİN İZAHI. Spiritizm deyiləndə cinlərlə əlaqəli inanc və əməllər nəzərdə tutulur. Bura həmçinin ölən insanın ruhunun yaşaması və ölülərin dirilərlə medium vasitəsilə və ya bilavasitə əlaqə yaratdığı inancı daxildir. Cadugərlik və falçılıq da spiritizmin bir növüdür. Bu məqalədə istifadə olunan sehrbazlıq sözü altında okkultizm və ya fövqəltəbii qüvvələrlə əlaqə nəzərdə tutulur. Bura lənət, ovsun, cadu etmək və ya cadunu pozmaq da daxildir. Sirkdə və bu kimi yerlərdə insanları əyləndirmək üçün cəld əl hərəkətləri ilə göstərilən fokus (hoqqa) bura aid deyil.

^ abz. 12 Ağsaqqalların hər hansı əyləncə növü ilə bağlı qaydalar qoymaq səlahiyyəti yoxdur. Bununla belə, hər bir məsihi oxuduğu, baxdığı və ya oynadığı oyunlara Müqəddəs Kitab əsasında tərbiyə edilmiş vicdanına əsasən qərar verməlidir. Hikmətli ailə başçıları ailə üzvlərinin Müqəddəs Kitab prinsiplərinə uyğun əyləncə seçdiklərinə əmin olmalıdır. (jw.org® saytından HAQQIMIZDA > TEZ-TEZ VERİLƏN SUALLAR bölməsinə daxil olub «Siz hansısa filmi, kitabı və ya mahnını qadağan edirsiniz?» məqaləsinə baxın.)

^ abz. 54 ŞƏKİLİN İZAHI: Şəkildə qüdrətli səmavi Padşahımız İsa Məsihin mələklər ordusuna başçılıq etməsi təsvir olunub. Yehovanın taxtı isə ünyetməz ucalıqdadır.