Kontentə keç

Mündəricatı göstər

 TƏLİM MƏQALƏSİ 16

Ölümlə bağlı yalanlara aldanmayın

Ölümlə bağlı yalanlara aldanmayın

«Həqiqətdən doğan vəhyləri və yalandan doğan vəhyləri beləcə ayırd edirik» (1 YƏH. 4:6).

NƏĞMƏ 73 Bizə cəsarət ver

İCMAL *

Gəlin Yehovanın bəyənmədiyi adət-ənənələrdə iştirak etmədən əzizini itirən qohumumuza dayaq olaq (1 və 2-ci abzaslara baxın) *

1, 2. a) Şeytan insanları hansı yollarla aldadır? b) Bu məqalədə nəyi araşdıracağıq?

YALANIN atası olan Şeytan bəşər tarixinin başlanğıcından insanları aldadır (Yəh. 8:44). Ölüm və ölümdən sonra həyatın olması barədə təlimlər də onun yalanlarındandır. Bir çox məşhur adət-ənənələr və ayinlər məhz bu yalan təlimlərin əsasında meydana gəlib. Bu kimi ayinlərə görə dindaşlarımız ailə üzvlərindən və ya tanışlarından kimsə ölən zaman imanları uğrunda «ciddi mübarizə» aparmalı olur (Yhd. 3).

2 Belə sınaqlarla üzləşəndə ölümlə bağlı Müqəddəs Kitabdakı təlimlərə sadiq qalmağa sizə nə kömək edə bilər? (Efes. 6:11). Müqəddəs Kitaba zidd olan ayinlərdə iştirak etməyə təhrik olunan dindaşınıza təsəlli vermək, onu möhkəmləndirmək üçün nə edə bilərsiniz? Bu məqalədə Yehova Allahın bəndələrinə bu sahədə necə dəstək olduğunu araşdıracağıq. İlk növbədə, gəlin Müqəddəs Kitabda ölüm haqda nə deyildiyinə nəzər salaq.

ÖLÜLƏRİN VƏZİYYƏTİ BARƏDƏ HƏQİQƏT

3. İlk söylənilən yalan nə ilə nəticələndi?

3 Ölüm Allahın niyyətində yox idi. Lakin əbədi yaşamaq üçün Adəmlə Həvva onlara sadə bir əmr verən Yehova Allaha itaət etməli idilər. O buyurmuşdu: «Xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən» (Yar. 2:16, 17). Sonra Şeytan peyda oldu. İlan vasitəsilə danışaraq Həvvaya deyir: «Yox, əsla ölməzsiniz». Çox təəssüf ki, Həvva bu yalana aldanıb meyvədən yedi. Sonra ərinə də verdi (Yar. 3:4, 6). Bununla da bəşər  ailəsi günah və ölümün əsarətinə düşdü (Rom. 5:12).

4, 5. Şeytan insanları aldatmağa necə davam edir?

4 Yehovanın dediyi kimi Adəmlə Həvva öldü. Amma Şeytanın ölümlə bağlı yalanları bununla bitmədi. Sonralar o, digər yalanlar yaymağa başladı. Bu yalanlardan biri odur ki, insan öləndən sonra bədənindən ruh çıxıb «o dünya» dedikləri bir aləmdə yaşamağa davam edir. Bu günə kimi saysız-hesabsız insan bu yalanın müxtəlif növlərinə aldanıb (1 Tim. 4:1).

5 Bəs bu qədər insanın aldanmasına səbəb nədir? Biz əbədi yaşamaq üçün yaradıldığımıza görə ölmək istəmirik (Vaiz 3:11). Biz ölümü düşmən sayırıq (1 Kor. 15:26). Şeytan ölümlə barışa bilmədiyimizi bilir və bundan bizi aldatmaq üçün istifadə edir.

6, 7. a) Şeytan ölüm haqda həqiqəti gizlətməyə müvəffəq oldu? İzah edin. b) Müqəddəs Kitab həqiqəti bizi lüzumsuz yerə qorxuya qapılmaqdan necə azad edir?

6 Şeytanın cəhdlərinə baxmayaraq, ölüm haqda həqiqət gizli qalmadı. Bu gün çoxlu sayda insan Müqəddəs Kitabın ölülər haqda nə öyrətdiyini və onlar üçün hansı ümidin olduğunu bilir və bunları başqaları ilə bölüşür (Vaiz 9:5, 10; Həv. 24:15). Bu həqiqətlər bizi lüzumsuz yerə qorxuya qapılmaqdan və ölümdən sonra nə baş verdiyi barədə yalanlardan müdafiə edir. Misal üçün, biz ölülərdən qorxmuruq və onlara görə narahat olmuruq. Bilirik ki, onlar artıq mövcud deyillər və heç kəsə xətər yetirə bilməzlər. Ölülər, sanki dərin yuxudadırlar (Yəh. 11:11—14). Həmçinin bilirik ki, onlar üçün zaman anlayışı yoxdur. Buna görə də hətta əsrlər öncə ölən insanlar belə, diriləndə, sanki bir anlıq yuxuya getdiklərini düşünəcəklər.

7 Gəlin razılaşaq ki, ölülərin vəziyyəti barədə həqiqət kifayət qədər sadə, aydın və məntiqlidir. Bu həqiqətlər Şeytanın ziddiyyətlərlə dolu yalanlarından tamamilə fərqlənir! Şeytanın uydurduğu yalanlar insanları aldatmaqdan əlavə, Yaradanımıza qarşı da böhtandır. Onun vurduğu zərəri tam başa düşmək üçün gəlin üç sualın cavabını tapaq: «Şeytanın yalanları Yehovanın adına necə xələl gətirir? Bu yalanlar İsa Məsihin fidyə qurbanlığını necə dəyərdən salır? Bəşəriyyətin çəkdiyi zülm-sitəmin artmasında bu yalanların hansı rolu var?»

 ŞEYTANIN YALANLARININ FƏSADLARI

8. Ərəmya 19:5 ayəsindən gördüyümüz kimi, Şeytanın yalanları Yehovanın adına necə xələl gətirir?

8 Şeytanın yalanları Yehovanın adına xələl gətirir. Bu yalanlara cəhənnəm odu təlimi də daxildir. Bu cür təlimlər Allaha qarşı böhtandır! Necə? Əslində bu yalanlar insanlara məhəbbətli Allahda İblisə xas xüsusiyyətlərin olduğunu aşılayır (1 Yəh. 4:8). Bunlar sizə necə təsir edir? Ən önəmlisi, Yehovaya necə təsir edir? Axı O, hər cür qəddarlığa nifrət edir. (Ərəmya 19:5 ayəsini oxuyun.)

9. Şeytanın yalanları Yəhya 3:16 və 15:13 ayələrində təsvir olunan Məsihin fidyə qurbanlığı haqda təlimi necə dəyərdən salır?

9 Şeytanın ölüm haqda yalanları İsa Məsihin fidyə qurbanlığını dəyərdən salır (Mət. 20:28). Şeytanın uydurduğu digər yalan insanın ruhunun ölümsüz olmasıdır. Əgər bu, həqiqət olsa idi, hamı əbədi yaşaya bilərdi. Onda əbədi həyatı qazanmaq üçün İsa Məsihin öz həyatını uğrumuzda fidyə verməsinə ehtiyac olmazdı. Gəlin unutmayaq ki, Məsihin qurbanlığı bəşəriyyətə göstərilən məhəbbətin ən böyük təcəssümüdür. (Yəhya 3:16; 15:13 ayələrini oxuyun.) Görün belə bir əvəzsiz ənamı dəyərdən salan təlimlər Yehova Allaha və İsa Məsihə necə pis təsir bağışlayır!

10. Şeytanın ölümlə bağlı uydurduğu yalanlar bəşəriyyətin çəkdiyi zülm-sitəmi necə artırıb?

10 Şeytanın uydurduğu yalanlar bəşəriyyətin çəkdiyi zülm-sitəmi artırır. Bəzən övladlarını itirən valideynlərə «Allah övladınızı Öz yanına aparıb, o, mələk olacaq» deyə təsəlli verilir. Bəs İblisin bu yalanı onların dərdini azaldır? Tarix boyu cəhənnəm odu haqda saxta təlimlə bir çox işgəncələrə, o cümlədən kilsənin öyrətdiklərinə qarşı çıxanların yandırılmasına haqq qazandırılıb. İspan inkvizisiyası * haqda bir kitaba əsasən, görünür, bu cür qəddarlıqlar törədənlərin bəziləri inanırdı ki, bu yolla onlar sadəcə olaraq «kafirlərə əbədi alovun dadına baxmağa» və ölməzdən öncə tövbə edib cəhənnəm odundan xilas olmağa imkan verirlər. Bir sıra ölkələrdə insanlar ölən şəxsə hörmət əlaməti olaraq onun adına ehsan verir, halallığını almağa çalışırlar. Digərləri ölən əcdadlarının onları cəzalandırmaması üçün ruhunu şad etməyə çalışır. Şeytanın yalanlarına əsaslanan bu cür inanclar insanlara əsl təsəlli gətirmir, əksinə, onların narahatlığını artırır, hətta qorxuya salır.

İLAHİ HƏQİQƏTLƏRƏ BAĞLI QALAQ

11. Qohumlarımız və ya dost-tanışımız bizi Allahın qanunu pozmağa necə təhrik edə bilər?

11 Ola bilsin, bizi düşünən qohumlarımız və ya dost-tanışımız ölən kəs üçün keçirilən ayinlərdə iştirak etməyimiz üçün təzyiq göstərsin. Yehovaya və Kəlamına duyduğumuz məhəbbət bizə bu vəziyyətdə də sadiq qalmağa güc verəcək. Onlar mərhumu sevmədiyimizi və ona hörmət etmədiyimizi deyərək bizi utandırmağa çalışa bilər. Yaxud iddia edə bilərlər ki, öz hərəkətimizlə ölünün ruhunu qəzəbləndirib, yaxınlarımıza zərər yetirməsinə səbəb ola bilərik. Belə hallarda ilahi həqiqətlərə bağlı qalmaq üçün nə etmək olar? Gəlin görək aşağıdakı prinsiplərə necə əməl edə bilərik.

12. Ölülərlə bağlı hansı inanclar və ayinlər Müqəddəs Kitaba birbaşa ziddir?

 12 Müqəddəs Kitaba zidd olan inanclardan və ayinlərdən «ayrılın» (2 Kor. 6:17). Karib adalarında bir çoxları inanır ki, insan öləndən sonra «ruhu» yaxınlıqda dolanaraq ona bir vaxtlar hörmətsizlik edənləri cəzalandıra bilər. Bir mənbəyə əsasən, ölənin «ruhu» hətta cəmiyyətə bəlalar göndərə bilər. Afrikada yas düşən evdə güzgülərin üstünü örtmək, şəkillərin üzünü divara çevirmək adəti var. Onlar hesab edir ki, ölən adam özünü orada görməməlidir. Yehovanın xidmətçiləri Şeytanın yalanlarından doğan heç bir ayinlərdə iştirak etmir, heç bir şəkildə xurafatı dəstəkləmir (1 Kor. 10:21, 22).

Müqəddəs Kitaba əsaslanan dərin araşdırma və məsihi olmayan qohumlarla hörmətcil danışıq bizi bir çox problemlərdən qoruya bilər (13 və 14-cü abzaslara baxın) *

13. Yaqub 1:5 ayəsində vurğulandığı kimi, hansısa ayinlə bağlı şübhəniz olanda nə etməlisiniz?

13 Əgər hansısa ayinin və ya adətin məsihi üçün caiz olub-olmadığına əmin deyilsinizsə, Yehovaya imanla dua edib hikmət diləyin. (Yaqub 1:5 ayəsini oxuyun.) Sonra nəşrlərimizdə bu barədə axtarış aparın. Ehtiyac varsa, yığıncağınızın ağsaqqalları ilə məsləhətləşin. Onlar sizə konkret necə davranmalı olduğunuzu deməyəcək, lakin bu məqalədə araşdırdıqlarımıza bənzər Müqəddəs Kitab prinsiplərini nəzərinizə çatdıra bilərlər. Bu addımları atmaqla siz ağlınızı, başqa sözlə, dərketmə qabiliyyətinizi daima işlədəcək və nəticədə onu «yaxşını pisdən ayırmağa» öyrəşdirəcəksiniz (İbr. 5:14, haş.).

14. Başqalarını büdrətməmək üçün nə edə bilərik?

14 «Hər şeyi elə edin ki, Allah şərəflənsin. İman yolunda... maneə olmayın» (1 Kor. 10:31, 32). Hansısa ayini və ya adət-ənənəni keçirməzdən qabaq verəcəyimiz qərarın başqalarının vicdanına, xüsusilə də dindaşlarımıza necə təsir edə biləcəyi barədə düşünməliyik. Axı biz heç kəsi büdrətmək istəmirik! (Mark 9:42). Həmçinin istəmərik ki, gərəksiz yerə məsihi olmayanların xətrinə dəyək. Məhəbbətdən irəli gələrək biz onlarla hörmətcil şəkildə danışacaq və beləcə, Allahı şərəfləndirəcəyik. Biz əsla mübahisə etməyəcək və onların adət-ənənələrinə rişxənd etməyəcəyik. Unutmayın, məhəbbətin gücü böyükdür! Anlayışlı və hörmətli davranışımızda məhəbbəti əks etdirsək, hətta bizə qarşı çıxanların ürəyini yumşalda bilərik.

15, 16. a) Nəyə görə yaxşı olar ki, ətrafımızdakılara etiqadımız barədə danışaq? Nümunə çəkin. b) Həvari Bulusun Romalılara 1:16 ayəsində yazılmış sözlərinin bizə hansı aidiyyəti var?

15 Ətrafınızdakılara Yehovanın Şahidi olduğunuzu bildirin (Əşy. 43:10). Əgər qohum-qonşunuz Yehovaya ibadət etdiyinizi əvvəlcədən bilsə, bir yaxınınız vəfat edən zaman adət-ənənələrlə bağlı yaranan çətinliklərin öhdəsindən gəlmək daha asan olacaq. Mozambikdə yaşayan Fransisko  yazır: «Yoldaşım Karolina ilə mən həqiqəti öyrənəndə ailəmizə dedik ki, daha ölülərə sitayiş etməyəcəyik. Karolinanın bacısı vəfat edəndə qərarımız sınandı. Yerli adətə əsasən, meyit müəyyən ayinlərin müşayiətilə yuyulurdu. Sonra ən yaxın qohumlar üç gün ölünün yuyulduğu suyu axıtdıqları yerdə yatmalı idi. Bu adət mərhumun ruhunu şad etmək məqsədi daşıyırdı. Karolinanın qohumları onun da öz borcunu yerinə yetirməsini gözləyirdi».

16 Fransisko ilə Karolina nə etdilər? Fransisko deyir: «Yehova Allahı sevdiyimiz və Onu razı salmaq istədiyimiz üçün bu ayini icra etməkdən imtina etdik. Bu, Karolinanın qohumlarını çox əsəbiləşdirdi. Onlar bunu mərhuma hörmətsizlik adlandırıb, bizimlə bütün əlaqələrini kəsəcəklərini və heç bir köməklik göstərməyəcəklərini dedilər. Etiqadımızı əvvəlcədən izah etdiyimiz üçün onlar əsəbi olduqları vaxt bunu müzakirə etmədik. Hətta bəzi qohumlarımız bizi müdafiə edib bu məsələ ilə bağlı mövqeyimizi əvvəlcədən bildirdiyimizi söylədilər. Karolinanın qohumları tədricən sakitləşdi və münasibətlərimiz qaydasına düşdü. Bəziləri isə evimizə gəlib Müqəddəs Kitaba əsaslanan nəşrlər istədi». Gəlin heç vaxt ölülər haqda bildiyimiz Müqəddəs Kitab həqiqətlərini müdafiə etməyə utanmayaq! (Romalılara 1:16 ayəsini oxuyun.)

YASLILARA TƏSƏLLİ VƏ DAYAQ OLUN

Əsl dostlar əzizini itirən insana təsəlli verib dayaq olur (17—19 abzaslara baxın) *

17. Yaslı dindaşımıza əsl dost olmaq üçün nə edə bilərik?

17 Biz əlimizdən gələn qədər çalışmalıyıq ki, əzizini itirən dindaşımız üçün əsl dost, «dar gün üçün doğulmuş qardaş» olaq (Məs. 17:17). Bəs biz yaslı dindaşımıza, xüsusilə də Müqəddəs Kitaba zidd olan ayinlərdə iştirak etməyə təhrik olunan bacı-qardaşımıza necə əsl dost ola bilərik? Növbəti iki prinsip bizə itki ilə üzləşən dindaşımıza təsəlli verməyə kömək edəcək.

18. İsa Məsih nə üçün ağlamışdı və biz ondan nə öyrənirik?

18 «Ağlayanlarla ağlayın» (Rom. 12:15). Ola bilsin, ürəyi qan ağlayan insana hansı sözlərlə təskinlik verəcəyimizi  bilmirik. Bəzən göz yaşlarımız sözlərimizdən daha böyük məna kəsb edir. Məryəmlə Marta, həmçinin digərləri İlazəri itirdiklərinə görə ağlayırdılar. Dörd gündən sonra gəlib çatan İsa Məsih də ağlamışdı, baxmayaraq ki, tezliklə İlazəri dirildəcəkdi (Yəh. 11:17, 33—35). İsanın göz yaşları Yehovanın hisslərini əks etdirirdi. Həmçinin onun ağladığını görən yaslı ailə onun məhəbbətinə bir daha əmin olmuşdu. Sözsüz ki, Marta ilə Məryəm bundan böyük təsəlli almışdı. Eynilə, dindaşlarımız da bizim məhəbbətimizi, qayğımızı görəndə tək olmadıqlarını, onlara dəstək və dayaq olan dostlarla əhatə olunduqlarını hiss edirlər.

19. Kədər içində olan dindaşımıza təsəlli verərkən Vaiz 3:7 ayəsini necə tətbiq edə bilərik?

19 «Susmağın öz vaxtı, danışmağın öz vaxtı» (Vaiz 3:7). Dindaşımıza təsəlli verməyin digər yolu sadəcə onu dinləməkdir. Sözünü kəsmədən ürəyini boşaltmasına imkan verin, dediyi hər sözdən inciməyin (Əyy. 6:2, 3). Ola bilsin, o, məsihi olmayan qohumlarının təzyiqinə görə emosional gərginlik keçirir. Buna görə də birlikdə dua edin. «Duaları eşidən» Yehova Allaha yalvarıb ona güc və hikmət verməsini diləyin (Zəb. 65:2). Vəziyyət yol verirsə, birlikdə Müqəddəs Kitabı oxuyun. Yaxud nəşrlərimizdən münasib məqalə, məsələn, ruhlandırıcı bioqrafiya oxumaq olar.

20. Növbəti məqalədə nəyi araşdıracağıq?

20 Şükürlər olsun ki, biz ölülərin vəziyyəti haqda həqiqəti və qəbirdə olanları gözləyən möhtəşəm gələcək barədə bilirik (Yəh. 5:28, 29). Odur ki, gəlin həm sözdə, həm də əməldə Müqəddəs Kitabdakı həqiqətlərə bağlı qalaq və yaranan hər vəziyyətdə bu həqiqətləri başqaları ilə bölüşək. Növbəti məqalədə Şeytanın insanları cəhalətdə saxlamaq üçün istifadə etdiyi başqa bir üsuldan — spiritizmdən danışacağıq. Spiritizmlə bağlı əyləncə və digər əməllərdən uzaq durmağın vacibliyini öyrənəcəyik.

NƏĞMƏ 24 Yehovanın dağına gəlin

^ abz. 5 Şeytan və cinləri ölülərin vəziyyəti barədə yalanlarla insanları aldadır. Bu yalanlar bir çox ayinlərin yaranmasına səbəb olub. Bu məqalə başqaları bizi Müqəddəs Kitaba əsaslanmayan ayinlərə qatılmağa məcbur edən zaman Yehovaya sədaqətimizi qorumağa kömək edəcək.

^ abz. 10 İspaniya inkvizisiyası yüz illər boyu kilsənin təlimlərinə zidd inanclara sahib olan insanları qəddarcasına təqib edən və onlara işgəncə verən məhkəmə idi.

^ abz. 56 ŞƏKİLİN İZAHI: Yehovanın Şahidləri əzizini itirdiyi üçün kədərə qərq olan qohumlarına təsəlli verir.

^ abz. 58 ŞƏKİLİN İZAHI: Qardaş dəfn adətləri ilə bağlı araşdırma aparandan sonra mülayimliklə etiqadını qohumlarına izah edir.

^ abz. 60 ŞƏKİLİN İZAHI: Ağsaqqallar əzizini itirmiş bir qardaşa təsəlli verib dayaq olur.