Kontentə keç

Mündəricatı göstər

 TƏLİM MƏQALƏSİ 2

Yığıncaqda Yehovanı mədh edin

Yığıncaqda Yehovanı mədh edin

«Toplantı içində Səni mədh edəcəyəm» (ZƏB. 22:22).

NƏĞMƏ 59 Həmd et Yaha!

İCMAL *

1. Davud padşah Yehovaya hansı hissləri bəsləyirdi və bu onu nə etməyə təşviq edirdi?

DAVUD PADŞAH yazmışdı: «Yehova böyükdür, ən gözəl təriflərə layiqdir» (Zəb. 145:3). O, Yehovanı çox sevirdi və bu sevgidən irəli gələrək Onu «toplantı içində» mədh edirdi (Zəb. 22:22; 40:5). Sözsüz ki, siz də Yehovanı sevirsiniz və Davud peyğəmbərin sözlərinə şəriksiniz. O demişdi: «Atamız İsrailin Allahı Yehova, Sənə əzəldən əbədiyyətədək alqış olsun!» (1 Saln. 29:10—13).

2. a) Yehovanı necə mədh edə bilərik? b) Bəzilərinin hansı çətinliyi var və biz nəyi araşdıracağıq?

2 Bu gün Yehovanı mədh etməyin üsullarından biri ibadət görüşlərində şərh verməkdir. Amma bir sıra bacı-qardaşlarımız üçün şərh vermək əsl mübarizədir. Onlar ibadət görüşlərində şərh vermək istəsələr də, qorxu onlara üstün gəlir. Bəs bu bacı-qardaşlar qorxularını necə dəf edə bilər? Hansı məsləhətlər hər birimizə ruhlandırıcı şərhlər verməyə kömək edə bilər? Bu suallara cavab verməzdən öncə gəlin ibadət görüşlərində şərh verməyimizin dörd əsas səbəbini araşdıraq.

NƏYƏ GÖRƏ YIĞINCAQDA ŞƏRH VERİRİK?

3—5. a) İbranilərə 13:15 ayəsinə əsasən, nə üçün ibadət görüşlərində şərh veririk? b) Hamımız eyni cür şərhlər verməliyik? İzah edin.

3 Yehova hər birimizə Onu mədh etmək şərəfini bəxş edib (Zəb. 119:108). Yığıncaqda verdiyimiz şərhlər Yehovaya təqdim etdiyimiz mədh qurbanının bir hissəsidir və heç kim bizim əvəzimizə bu qurbanı verə bilməz. (İbranilərə 13:15 ayəsini oxuyun.) Bəs Yehova hər birimizdən eyni cür qurban, başqa sözlə, eyni cür şərh verməyi tələb edir? Xeyr!

 4 Yehova Allah bilir ki, hamımızın bacarığı və şəraiti müxtəlifdir və O, imkanımız daxilində verdiyimiz qurbanları çox dəyərləndirir. Gəlin xatırlayaq, Yehova israillilərdən hansı növ qurbanları qəbul edirdi? Bəzi israillilərin quzu və ya keçi qurban gətirmək imkanı var idi. Amma kasıblar «iki qumru quşu, yaxud iki bala göyərçin» təqdim edə bilərdi. Buna da imkanı çatmayan israillilər «efanın onda biri qədər narın un» gətirə bilərdilər (Lav. 5:7, 11). Un baha deyildi, amma Yehova hətta bu qurbanı da qəbul edirdi, əsas o idi ki, ən yaxşı un — «narın un» olsun.

5 Lütfkar Allahımız bu gün də bizdən bacardığımız qurbanı verməyi gözləyir. Yehova tələb etmir ki, şərh verərkən hamımız Apollos kimi gözəl natiq olaq və ya həvari Bulus kimi inandırıcı danışaq (Həv. 18:24; 19:8). Yehova bizdən bacarığımızdan artığını gözləmir, Onun istədiyi odur ki, verə biləcəyimiz ən yaxşı şərhləri verək. İki xırda pul ianə edən dul qadını yadınıza salın. O, Yehova üçün çox əziz idi, çünki o, əlindən gələnin ən yaxşısını etmişdi (Luka 21:1—4).

Şərh vermək həm bizə, həm də bizə qulaq asanlara fayda gətirir (6 və 7-ci abzaslara baxın) *

6. a) İbranilərə 10:24, 25 ayələrinə əsasən, eşitdiyimiz şərhlər bizə necə təsir edə bilər? b) Sizi ruhlandıran şərhlərə görə minnətdar olduğunuzu necə göstərə bilərsiniz?

6 Verdiyimiz şərhlərlə bir-birimizi ruhlandırırıq. (İbranilərə 10:24, 25 ayələrini oxuyun.) Yığıncaqda müxtəlif şərhlər eşitmək hamımıza xoşdur. Uşaqların sadə və səmimi şərhləri hər birimizin könlünü oxşayır. Bacı-qardaşların yenicə kəşf etdikləri hər hansı fikri necə şövqlə danışdığını eşitmək bizi çox ruhlandırır. Üstəlik, utancaq olmalarına və ya bizim dilimizi təzəcə öyrənmələrinə baxmayaraq, özlərində cəsarət tapıb şərh verən kəslərlə fəxr edirik (1 Salon. 2:2). Onların çalışqanlığına görə minnətdar olduğumuzu necə göstərə bilərik? Verdikləri ruhlandırıcı şərhlərə görə yığıncaqdan sonra onlara təşəkkür etməklə. Həmçinin özümüz də şərh verməklə onlara minnətdarlığımızı göstərmiş olacağıq. Bu zaman biz başqalarının şərhlərindən ruhlandığımız kimi, başqaları da bizim şərhlərimizdən ruhlanacaq (Rom. 1:11, 12).

7. Şərh verməyin bizə hansı xeyri var?

7 Şərh vermək özümüzün xeyrinədir  (Əşy. 48:17). Necə? Əvvəla, əgər görüşdə şərh vermək istəyiriksə, bu bizi yığıncağa daha yaxşı hazırlaşmağa təşviq edəcək. Yaxşı hazırlaşdıqca Allahın Kəlamını daha dərindən dərk edəcəyik. Dərrakəmiz artdıqca isə öyrəndiklərimizi daha yaxşı tətbiq edəcəyik. İkincisi, müzakirələrdə iştirak etdiyimiz üçün görüş bizə daha çox zövq verəcək. Üçüncüsü, şərh vermək xüsusi zəhmət tələb etdiyi üçün, çox ehtimal ki, dediyimiz fikirlər uzun müddət yadımızda qalacaq.

8, 9. a) Məlaki 3:16 ayəsinə əsasən, sizcə, Yehova verdiyimiz şərhlərə necə yanaşır? b) Bəziləri hələ də hansı çətinliklə üzləşir?

8 İmanımızı izhar edəndə Yehovanı razı salırıq. Yehovanın bizi dinlədiyinə və yığıncaqda şərh vermək üçün zəhmət çəkdiyimizi qiymətləndirdiyinə əmin ola bilərik. (Məlaki 3:16 ayəsini oxuyun.) Onu razı salmaq üçün əlimizdən gələni edəndə başımızdan bərəkət tökərək bizi dəyərləndirdiyini göstərir (Məl. 3:10).

9 Aydındır ki, yığıncaqda şərh vermək üçün əsaslı səbəblərimiz var. Bununla belə, bəziləri yığıncaqda əl qaldırıb şərh verməyə çəkinir. Əgər siz də şərh verməyə çətinlik çəkirsinizsə, ruhdan düşməyin. Gəlin Müqəddəs Kitabdan bəzi prinsip və nümunələri, həmçinin bir neçə faydalı tövsiyəni araşdıraq. Bu məlumatlar hər birimizə yığıncaqlarda daha çox şərh verməyə kömək edəcək.

QORXUNU AŞAQ

10. a) Bəzilərimizdə hansı qorxu var? b) Şərh verməyə çəkinməyiniz hansı yaxşı xüsusiyyətinizdən xəbər verir?

10 Hətta əlinizi qaldırıb şərh vermək fikri belə, sizi təlaşa salır? Belədirsə, siz tək deyilsiniz. Əslində, əksəriyyətimiz şərh verəndə bir az həyəcan keçiririk. Amma bu hissi aşmaq üçün əvvəlcə şərh verməyinizə nəyin mane olduğunu müəyyən etməlisiniz. Bəlkə, deyəcəyiniz fikri unudacağınızdan və ya fikrinizi səhv çatdıracağınızdan qorxursunuz? Yoxsa narahatsınız ki, şərhləriniz başqalarınınkı kimi qəşəng olmayacaq?  Əslində, bu, yaxşı əlamətdir. Bu göstərir ki, siz təvazökar insansınız və başqalarını özünüzdən üstün sayırsınız. Yehova bu xüsusiyyəti çox bəyənir (Zəb. 138:6; Filip. 2:3). Amma Yehova həmçinin istəyir ki, siz yığıncaqda Onu mədh edəsiniz və bacı-qardaşları ruhlandırasınız (1 Salon. 5:11). O sizi sevir və sizə cəsarət verəcək.

11. Müqəddəs Kitabdakı hansı fikirlər bizə kömək edə bilər?

11 Gəlin Müqəddəs Kitabda yazılmış bəzi fikirlərin üzərində düşünək. Orada deyilir ki, hər birimiz sözümüzdə, sözü demək tərzimizdə səhvlərə yol veririk (Yaq. 3:2). Yehova bizdən mükəmməllik gözləmir. Bacı-qardaşlarımız da eynən (Zəb. 103:12—14). Onlar bizim ruhani ailəmizdir və bizi çox sevirlər (Mark 10:29, 30; Yəh. 13:35). Onlar başa düşürlər ki, bəzən demək istədiyimiz fikri düzgün ifadə etməyə bilərik.

12, 13. Nəhəmyadan və Yunusdan nə öyrənə bilərik?

12 Müqəddəs Kitabdakı bəzi nümunələr də sizə qorxularınızı aşmağa kömək edə bilər. Misal üçün, Nəhəmyanı yadınıza salın. O, qüdrətli bir şahın sarayında xidmət edirdi. Bir gün Nəhəmya Yerusəlimin divarlarının, darvazalarının viran qaldığını eşidir. Bu xəbər onu bərk məyus edir (Nəh. 1:1—4). Təsəvvür etmək olar, şah Nəhəmyadan nə üçün kədərli olduğunu soruşanda onu necə həyəcan bürümüşdü. Amma Nəhəmya dərhal dua edib şaha cavab verir. Nəticədə şah Allahın xalqına xeyli kömək edir (Nəh. 2:1—8). Digər bir nümunə isə Yunusdur. Yehova ona Neynəva camaatına xəbər çatdırmağı buyurur. Yunus elə qorxur ki, tam əks istiqamətə qaçır (Yun. 1:1—3). Amma Yehovanın köməyi ilə Yunus ona tapşırılan işin öhdəsindən gəlir. Üstəlik, onun sözləri neynəvalılara fayda gətirir (Yun. 3:5—10). Nəhəmya və Yunusdan nə öyrənirik? Nəhəmyadan cavab verməzdən öncə dua etməyin vacibliyini öyrənirik. Yunusdan isə öyrənirik ki, qorxularımızın nə qədər böyük olmasına baxmayaraq, Yehova Ona xidmət etməyimizə kömək edəcək. Gəlin razılaşaq ki, heç bir yığıncaq neynəvalılar qədər qorxunc deyil.

13 Bəs ibadət görüşlərində verdiyimiz şərhlərin ruhlandırıcı olması üçün hansı tövsiyələr köməyimizə çatar? Gəlin onlardan bir neçəsinə nəzər salaq.

14. Nəyə görə ibadət görüşlərinə yaxşı hazırlaşmalıyıq və bunu nə vaxt edə bilərik?

14 Görüşlərə hazırlaşın. Qabaqcadan planlaşdıranda və yaxşı hazırlaşanda daha əminliklə şərh verəcəksiniz (Məs. 21:5). Əlbəttə ki, hər birimizin fərqli qrafiki var. Səksən yaşlarında olan Eloiz adlı dul bacı «Gözətçi qülləsi»nin təlim məqalələrinə həftənin əvvəlində hazırlaşır. Bacı deyir: «Qabaqcadan hazırlaşanda görüşlər mənə daha maraqlı gəlir». Tam iş günü işləyən Coy adlı bir bacı isə «Gözətçi  qülləsi»nə şənbə günləri hazırlaşmağa vaxt ayırır. O deyir: «Yığıncaqdan bir gün əvvəl hazırlaşanda mövzu yadımda olur». Öncül kimi xidmət edən Ayk adlı məşğul bir ağsaqqal isə deyir: «Mənim üçün bütün məqaləyə bir dəfəyə hazırlaşmaqdan çox, həftə ərzində az-az hazırlaşmaq daha əlverişlidir».

15. Görüşə yaxşı hazırlaşmaq üçün nə edə bilərsiniz?

15 Görüşlərə yaxşı hazırlaşmaq deyəndə nə nəzərdə tutulur? Hər dəfə hazırlaşmağa başlayanda dua edib Yehovadan müqəddəs ruh istəyin (Luka 11:13; 1 Yəh. 5:14). Sonra bir neçə dəqiqə ərzində mövzunu gözdən keçirin. Yəni mövzunun adını, yarımbaşlıqları, şəkilləri və çərçivələri təhlil edin. Sonra abzasları oxumağa başlayın. Hər abzası oxuduqca çalışın istinad olunmuş ayələrin çoxunu oxuyasınız. Oxuduğunuz məlumatın üzərində düşünün, şərh vermək istədiyiniz məqamlara xüsusi diqqət yetirin. Nə qədər yaxşı hazırlaşsanız, bunun sizə bir o qədər çox faydası olacaq və şərh vermək sizə daha asan gələcək (2 Kor. 9:6).

16. Mütaliə üçün hansı vəsaitlər var və siz onlardan necə istifadə edirsiniz?

16 Mümkünsə, elektron vəsaitlərdən istifadə edin. Yehova təşkilatı vasitəsilə görüşlərə yaxşı hazırlaşmağımıza kömək edən elektron vəsaitlər təqdim edib. «JW Library®» tətbiqetməsi sayəsində müzakirə olunacaq nəşrləri mobil cihaza yükləmək mümkündür. Beləcə, biz materialı istədiyimiz vaxt və istədiyimiz yerdə araşdıra, yaxud ən azı, oxuya və ya qulaq asa bilərik. Bəziləri bu tətbiqetməni işdə və ya məktəbdə yemək fasiləsi zamanı, yaxud yol gedəndə istifadə edir. «Gözətçi Qülləsinin kitabxanası» və «Gözətçi Qülləsinin ONLAYN KİTABXANASI» sayəsində daha dərindən araşdırmaq istədiyimiz məqamları asanlıqla tədqiq etmək mümkündür.

Siz yığıncağa adətən nə vaxt hazırlaşırsınız? (14—16 abzaslara baxın) *

17. a) Nə üçün bir neçə şərh hazırlamaq daha yaxşıdır? b) «Yehovanın dostu ol. Gəl şərh hazırlayaq» videosundan nə öyrənmisiniz?

17 Mümkünsə, bir neçə şərh hazırlayın. Nəyə görə? Çünki əlinizi qaldıranda bəzən sizə söz verilməyə bilər. Bəlkə də, başqaları sizinlə eyni vaxtda əlini qaldıracaq və görüşü aparan qardaş onlardan birinə söz verəcək. Görüşün vaxtında qurtarması üçün qardaş hər hansı fikrə verilən şərhlərin sayını məhdudlaşdıra bilər. Buna görə də müzakirənin əvvəlində sizə söz verilməyibsə, inciməyin və ruhdan düşməyin. Bir neçə şərh hazırlasanız, müzakirədə iştirak etmək imkanınız daha çox olacaq. Hazırladığınız şərhlərdən biri ayəni oxumaq ola bilər. Həmçinin çalışın öz sözlərinizlə verə biləcəyiniz bir şərh hazırlayasınız *.

18. Nəyə görə qısa şərhlər vermək lazımdır?

 18 Qısa şərhlər verin. Qısa və sadə şərhlər çox vaxt ən ruhlandırıcı şərhlər olur. Buna görə də qısa şərhlər verməyi qarşınıza məqsəd qoyun. Çalışın şərhləriniz 30 saniyəni aşmasın (Məs. 10:19; 15:23). Əgər uzun illərdir yığıncaqda şərh verirsinizsə, qısa şərhlər verməkdə başqalarına nümunə qoymaq məsuliyyəti daşıyırsınız. Uzun-uzadı və mürəkkəb şərhlər versəniz, başqaları sizin kimi şərh vermək bacarıqlarının olmadığını düşünərək cavab verməyə çəkinəcəklər. Üstəlik, qısa şərhlər müzakirədə daha çox insanın iştirak etməsinə imkan yaradır. Xüsusilə də əgər birinci sizə söz verilibsə, çalışın suala sadə və konkret cavab verəsiniz. Abzasdakı bütün fikirləri deməyə çalışmayın. Abzasın əsas fikri müzakirə olunandan sonra əlavə fikirlərə toxuna bilərsiniz. (« Necə şərh vermək olar?» adlı çərçivəyə baxın.)

19. Görüşü aparan qardaşın sizə hansı köməyi dəyə bilər, amma bunun üçün siz nə etməlisiniz?

19 Görüşü aparan qardaşa hansı abzasa şərh vermək istədiyinizi bildirin. Amma bunun üçün qardaşa görüşdən əvvəl yaxınlaşmaq lazımdır. Həmin abzasa şərh vermək vaxtı gələndə əlinizi cəld qaldırın və yuxarı tutun ki, qardaş görə bilsin.

20. Hansı mənada yığıncaq görüşlərini dostlarla bir süfrə arxasında yemək yeməyə bənzətmək olar?

20 Yığıncaq görüşlərini dostlarla bir süfrə arxasında yemək yeməyə bənzətmək olar. Təsəvvür edin ki, yığıncaqdakı dostlarınız sizi kabab qonaqlığına dəvət edib və sizə də sadə bir şey bişirməyi tapşırır. Siz nə edəcəksiniz? Ola bilsin, bir az həyəcanlanacaqsınız, amma yəqin hər kəsin xoşuna gələcək bir şey hazırlamaq üçün əlinizdən gələni edəcəksiniz. Yehova dəvət etdiyi ibadət görüşlərində bizim üçün bol süfrə açır (Zəb. 23:5; Mət. 24:45). Və görəndə ki, sadə, amma verə biləcəyimiz ən yaxşı hədiyyəni gətirmişik çox sevinir. Buna görə də yaxşı hazırlaşın və bacardığınız qədər çox şərhlər verin. Onda Yehovanın süfrəsindən həm özünüz qidalanacaqsınız, həm də başqalarının qidalanması üçün bir bəxşiş verəcəksiniz.

NƏĞMƏ 2 Yehovadır ismin

^ abz. 5 Məzmurçu Davud kimi hər birimiz Yehovanı sevir və Onu mədh etməkdən zövq alırıq. İbadət üçün toplaşanda Allaha məhəbbətimizi izhar etmək üçün xüsusi imkan yaranır. Amma bəzilərimiz üçün yığıncaqda şərh vermək çətindir. Əgər sizin də belə bir probleminiz varsa, bu məqalə sizə qorxularınızı müəyyən edib, onları aşmağa kömək edəcək.

^ abz. 17 Jw.org saytında «Yehovanın dostu ol. Gəl şərh hazırlayaq» videosuna baxın. MÜQƏDDƏS KİTAB TƏLİMLƏRİ > UŞAQLAR bölməsinə daxil olun.

^ abz. 63 ŞƏKİLLƏRİN İZAHI: Yığıncaq üzvləri «Gözətçi qülləsi»nin müzakirəsində iştirak etməkdən zövq duyurlar.

^ abz. 65 ŞƏKİLLƏRİN İZAHI: Bu bacı-qardaşlar öncəki şəkildə «Gözətçi qülləsi»nin müzakirəsində iştirak edən bacı-qardaşlardır. Şəraitləri müxtəlif olsa da, onların hər biri görüşə hazırlaşmaq üçün vaxt ayırır.