Kontentə keç

Mündəricatı göstər

 TƏLİM MƏQALƏSİ 37

«Qoy əlin boş durmasın»

«Qoy əlin boş durmasın»

«Toxumunu səhər çağı səp, axşama qədər qoy əlin boş durmasın» (VAİZ 11:6).

NƏĞMƏ 68 Padşahlıq toxumunu səpək

İCMAL *

1, 2. Vaiz 11:6 ayəsi xoş xəbərin təbliğ işi ilə necə bağlıdır?

BƏZİ ölkələrdə insanlar müjdəni eşidən kimi qəbul edir. Sanki bu onların çoxdandır eşitmək istədiyi xəbərdir. Bəzi ölkələrdə isə insanlar üçün Allahla və ya Müqəddəs Kitabla bağlı mövzular elə də maraqlı deyil. Bəs sizin ərazinizdə vəziyyət necədir? Hər necə olsa da, Yehova istəyir ki, O, təbliğ işinin bitdiyini deyənə qədər bu işi dayandırmayaq.

2 Yehovanın təyin etdiyi vaxtda təbliğ işi başa çatacaq və «son o vaxt gələcək» (Mət. 24:14, 36). Bəs o vaxta qədər biz «qoy əlin boş durmasın» * məsləhətinə necə əməl edə bilərik? (Vaiz 11:6 ayəsini oxuyun.)

3. Bu məqalədə nələri araşdıracağıq?

3 Ötən məqalədə yaxşı müjdəçi olmaq üçün atmalı olduğumuz dörd addımı araşdırdıq (Mət. 4:19). Bu məqalədə isə öyrənəcəyik ki, həyatımızda nə baş verirsə-versin, təbliğ etmək əzmimizi necə qoruya bilərik. Araşdıracağıq ki, 1) təbliğ işindən yayınmamaq, 2) səbirli olmaq və 3) imanımızı möhkəm saxlamaq nə üçün vacibdir.

TƏBLİĞ İŞİNDƏN YAYINMAYIN

4. Nəyə görə diqqətimizi Allahın buyurduğu işə cəmləməliyik?

4 İsa Məsih axırzamanda baş verəcək hadisələri və insanlarda olacaq xüsusiyyətləri qabaqcadan demişdi. O bilirdi ki, bu şeylər davamçılarını təbliğ işindən yayındıra  bilər, buna görə də onlara «oyaq qalın» demişdi (Mət. 24:42). Bu gün bizim dövrümüz Nuh peyğəmbərin dövrünə bənzəyir. O vaxt insanlara Nuhun xəbərdarlığına qulaq asmağa mane olan şeylər bu gündə var (Mət. 24:37—39; 2 But. 2:5). Buna görə də çalışmalıyıq ki, diqqətimiz Allahın buyurduğu işdən yayınmasın.

5. Həvarilərin işləri 1:6—8 ayələrində təbliğ işimizin miqyası haqqında nə deyilir?

5 Bu gün fikrimiz-zikrimiz Padşahlığın təbliğ işində olmalıdır. İsa Məsih demişdi ki, təbliğ işi o öləndən sonra da davam edəcək və daha geniş miqyasda vüsət alacaq (Yəh. 14:12). Onun ölümündən sonra şagirdlərindən bəziləri balıqçılıq işinə qayıtmışdı. İsanın diriləndən sonra göstərdiyi möcüzə sayəsində şagirdləri çoxlu balıq tutmuşdu. İsa bu möcüzədən istifadə edib onlara başa salmışdı ki, təbliğ işi istənilən işdən qat-qat vacibdir (Yəh. 21:15—17). Göyə qalxmazdan öncə isə şagirdlərinə bildirdi ki, onun başladığı şahidlik işi İsrailin hüdudlarından da kənarda təbliğ olunacaq. (Həvarilərin işləri 1:6—8 ayələrini oxuyun.) İllər sonra İsa həvari Yəhyaya vəhy nazil edib Ağanın günündə * nələrin baş verəcəyini göstərmişdi. Yəhyanın gördüyü görüntülərin arasında ehtiram doğuran görüntü var idi: mələyin rəhbərliyi altında «hər xalqa, tayfaya, dilə və ümmətə... əbədi müjdə» təbliğ olunurdu (Vəhy 1:10; 14:6). Aydındır ki, Yehova bizim ümumdünya təbliğ işində iştirak etməyimizi istəyir, ta bu iş başa çatana qədər.

6. Təbliğdən yayınmamağa bizə nə kömək edə bilər?

6 Təbliğ işini həyata keçirməyimiz üçün Yehova bizə çoxlu üsullarla dəstək olur. Məsələn, Yehova bizə bol  ruhani qida verir; bura çap və elektron nəşrlər, audio və video yazılar, internet televiziyası daxildir. Bir düşünün, rəsmi saytımız 1000-dən çox dildə əlçatandır! (Mət. 24:45—47). Siyasətin, dinin, maddi durumun insanlar arasında sədlər çəkdiyi bir dünyada səkkiz milyondan çox Allahın xidmətçisi arasında əsl birlik hökm sürür. Məsələn, 2019-cu il aprelin 19-u bütün dünyadakı Yehovanın Şahidlərinin günün ayəsinin araşdırıldığı videoya baxması bu birliyin əyani sübutudur. Həmin gün axşam 20 919 041 nəfər İsa Məsihin ölümünü anma mərasimini keçirmişdi. Bizə müasir dövrdə baş vermiş bu möcüzəni görmək və bu möcüzənin içində olmaq şərəfi nəsib olub. Bu haqda düşünəndə təbliğ işində daha şövqlə iştirak etmək istəyirik.

İsa Məsih həqiqətə şəhadət etməyinə nəyinsə mane olmasına izin vermədi (7-ci abzasa baxın)

7. İsa Məsihin nümunəsi bizə necə kömək edə bilər?

7 Həmçinin bizə İsa Məsihin nümunəsini izləmək kömək edəcək. O izin vermədi ki, həqiqətə şəhadət etməsinə nə isə mane olsun (Yəh. 18:37). Şeytan İsaya «dünyanın bütün səltənətlərini və onların calalını» təklif edəndə, yaxud insanlar onu padşah etmək istəyəndə o tələyə düşmədi (Mət. 4:8, 9; Yəh. 6:15). O nə var-dövlətə tamah saldı, nə də amansız təqiblərlə üzləşəndə təslim oldu (Luka 9:58; Yəh. 8:59). İman sınağı zamanı həvari Bulusun məsləhətini unutmasaq, diqqətimiz yayınmayacaq. O, məsihiləri təşviq etmişdi ki, yorulub təslim olmamaları üçün İsanın nümunəsini izləsinlər (İbr. 12:3).

SƏBİRLİ OLUN

8. Səbir nədir və nəyə görə bu gün xüsusilə vacibdir?

8 Səbirli olmaq vəziyyət dəyişənədək sakit şəkildə gözləmək bacarığıdır. Biz istər hansısa çətinliyin sona çatmasını, istərsə də çoxdankı arzumuzun yerinə yetməsini gözləyərkən səbirli olmalıyıq. Həbquq peyğəmbər Yəhudada hökm sürən zülmün sona çatmasının həsrətində idi (Həb. 1:2). İsanın şagirdləri ümid edirdilər ki, dərhal Allahın Padşahlığını görəcəklər və bu Padşahlıq onları Roma əsarətindən azad edəcək (Luka 19:11). Biz də Allahın Padşahlığının pisliyin kökünü kəsəcəyi və salehliyin hökm sürəcəyi yeni dünyanı quracağı vaxtın intizarındayıq (2 But. 3:13). Amma səbirli olmalıyıq və Yehovanın təyin etdiyi vaxtı gözləməliyik. Gəlin görək Yehova bizə səbirli olmağı necə öyrədir.

9. Yehovanın səbirli olduğu nədən görünür?

9 Yehova mükəmməl səbir nümunəsidir. O, Nuh peyğəmbərə gəmi tikmək və «salehlik carçısı» kimi xidmət etmək üçün kifayət qədər vaxt vermişdi (2 But. 2:5; 1 But. 3:20). Yehovanın səbrini İbrahim peyğəmbərlə söhbətindən də görmək olar. Peyğəmbər biləndə ki, Yehova Sədum və Əmurə şəhərlərini məhv edəcək, Ona çoxlu sual vermişdi. Yehova da onu səbirlə dinləmişdi (Yar. 18:20—33). Əsrlər ərzində Yehova sədaqətsiz İsrail xalqına qarşı hədsiz səbir göstərmişdi (Nəh. 9:30, 31). Bu gün də Yehovanın səbrinin şahidiyik: O, vaxt verir ki, Özünə cəlb etdiyi insanlar «tövbəyə gəlsin» (2 But. 3:9; Yəh. 6:44; 1 Tim. 2:3, 4). Yehovanın nümunəsi bizi təbliğ və təlim işini səbirlə davam etdirməyə təşviq edir. Həmçinin O bizə səbirli olmağı Kəlamındakı bir nümunə vasitəsilə öyrədir.

Zəhmətkeş, eyni zamanda səbirli əkinçi kimi, biz də əməyimizin bəhrəsini gözləyirik (10 və 11-ci abzaslara baxın)

10. Yaqub 5:7, 8 ayələrində bəhs olunan əkinçinin nümunəsindən nə öyrənirik?

 10 Yaqub 5:7, 8 ayələrini oxuyun. Əkinçinin nümunəsi bizə səbirli olmağı öyrədir. Elə bitkilər var ki, tez böyüyür. Amma əksər bitkilərin, xüsusilə də bar verən bitkilərin yetişməsi üçün çox vaxt lazımdır. İsraildə məhsulun yetişməsi təxminən 6 ay çəkirdi. Əkinçi payızda ilk yağışlar yağanda toxum əkirdi, yazda isə sonuncu yağış yağanda məhsulu yığırdı (Mark 4:28). Əkinçinin səbrindən örnək almaq ağıllı hərəkətdir. Amma bəzən bu asan olmur.

11. Xidmətdə səbirli olmaq nə üçün vacibdir?

11 Adətən qeyri-kamil insan zəhmətinin bəhrəsini tez görmək istəyir. Amma bağçamızın barlı-bağatlı olmasını istəyiriksə, ona daima qulluq göstərməliyik: torpağı belləməli, toxumu əkməli, alaqdan təmizləməli və suvarmalıyıq. Şagird hazırlamaq işi də davamlı zəhmət tələb edir. Dərs keçdiyimiz insanların ürəyində məhəbbət toxumlarını əkmək, qərəz kimi «alaq otlarını» təmizləmək üçün zaman lazımdır. Səbirli olmaq kömək edəcək ki, istədiyimiz nəticəni almayanda ruhdan düşməyək. İnsan öyrənməyə həvəsli olanda da səbirli olmalıyıq. Çünki biz insanı imanda böyüməyə məcbur edə bilmərik. İsanın da şagirdləri bəzən onun dediklərini gec başa düşürdü (Yəh. 14:9). Gəlin unutmayaq ki, biz əksək də, sulasaq da, insanlarda iman yetişdirən Allahdır (1 Kor. 3:6).

12. İmanımıza şərik olmayan qohumlarımıza şahidlik verərkən necə səbirli ola bilərik?

12 İmanımıza şərik olmayan qohumlarımıza şahidlik verərkən səbirli olmaq çətin ola bilər. Bu sahədə Vaiz 3:1, 7 ayələrindəki prinsip kömək edəcək. Orada yazılıb: «Hər şeyin öz vaxtı var...  Susmağın öz vaxtı, danışmağın öz vaxtı». Biz susub, davranışımızla şahidlik verə bilərik, amma həqiqət barəsində danışmaq fürsəti yarananda buna həmişə hazır olmalıyıq (1 But. 3:1, 2). Biz şövqlə təbliğ etməli və təlim verməliyik, amma bu zaman, ailə üzvlərimiz də daxil olmaqla, hər kəsə səbirlə yanaşmalıyıq.

13, 14. Kimlər bizə səbir sahəsində nümunədir?

13 Həm qədimdə yaşamış, həm də bizim dövrümüzdəki sədaqətli insanların nümunəsindən səbirli olmağı öyrənə bilərik. Həbquq peyğəmbər pisliyin sona çatmasını həsrətlə gözləsə də, qətiyyətlə demişdi: «Keşik çəkdiyim yerdə duracağam» (Həb. 2:1). Həvari Bulus xidmətini başa çatdırıb səmavi mükafatını almağı arzuladığını bildirsə də, «müjdə haqqında ətraflı şəhadət» verməyə səbirlə davam edirdi (Həv. 20:24).

14 Gilad məktəbinin məzunu olan bir ər-arvadın nümunəsinə nəzər salaq. Onların təyin olunduğu ölkədə bir neçə Yehovanın Şahidi var idi. Bura qeyri-xristian ölkəsi idi və əksər insanlar Müqəddəs Kitabı öyrənməyə meyilli deyildi. Digər ərazilərə təyin olunan məzunlar isə danışırdılar ki, çoxlu Müqəddəs Kitab dərsləri keçirirlər, şagirdləri yaxşı inkişaf edir. Amma bu ər-arvadın xidmət etdiyi ərazidə vəziyyət belə olmasa da, onlar səbirlə təbliğ etməyə davam edirdi. Səkkiz il bu ərazidə xidmət etdikdən sonra, nəhayət, onlara bir nəfərin vəftiz olunduğunu görmək sevinci nəsib oldu. Qədimdəki və müasir dövrdəki nümunələrin hansı oxşar cəhəti var? Bu sədaqətli insanlar şövqlərini itirmədi, onların əli boş durmadı, Yehova da səbirlərinə görə mükafat verdi. Gəlin «vədləri iman və səbirlə miras alanlardan» nümunə götürək (İbr. 6:10—12).

İMANINIZI MÖHKƏM SAXLAYIN

15. İman təbliğ etmək qətiyyətimizi necə möhkəmləndirir?

15 Biz təbliğ etdiyimiz müjdəyə iman etdiyimiz üçün onu çoxlarına çatdırmaq istəyirik. Biz Allahın Kəlamındakı vədlərə etibar edirik (Zəb. 119:42; Əşy. 40:8). Peyğəmbərliklərin dövrümüzdə yerinə yetdiyini görürük. İnsanların Müqəddəs Kitab məsləhətlərinə əməl etdikcə həyatlarının yaxşılığa doğru dəyişdiyinin şahidiyik. Bunlar bizi bir daha əmin edir ki, insanların Padşahlıq haqqında xoş xəbəri eşitməyə ehtiyacı var.

16. Zəbur 46:1—3 ayələrinə əsasən, Yehovaya iman təbliğdə əzmli olmağa necə kömək edir? Həmçinin İsaya iman bizə necə kömək edir?

16 Biz həmçinin təbliğ etdiyimiz müjdənin Mənbəyi Yehova Allaha və Padşahlığın Padşahı kimi təyin etdiyi İsa Məsihə iman gətiririk (Yəh. 14:1). Həyatımızda nə baş versə də, Yehova gücümüz, pənahımızdır. (Zəbur 46:1—3 ayələrini oxuyun.) Həmçinin əminik ki, İsa Məsih Yehovanın verdiyi güc və səlahiyyətlə göydən təbliğ işinə rəhbərlik edir (Mət. 28:18—20).

17. Təbliği niyə dayandırmamalıyıq? Nümunə çəkin.

17 İman bizi əmin edir ki, Yehova əməyimizi mükafatsız qoymayacaq, bəzən isə bunu gözləmədiyimiz tərzdə edəcək (Vaiz 11:6). Məsələn, hər gün minlərlə insan ədəbiyyat masalarının və arabalarının yanından keçir. Görəsən bu təbliğ üsulu hansısa nəticəni verir? Əlbəttə! «Müqəddəs ibadətimiz» vərəqəsinin 2014-cü il noyabr sayında (rus.) deyilirdi ki, bir tələbə Yehovanın Şahidləri  haqda məqalə yazmaq istəyirdi, amma ibadət evini tapa bilmirdi. Sonra bu qız tələbə şəhərciyində ədəbiyyat masasına rast gəldi və orada məqaləsi üçün lazımi məlumat tapdı. Bir müddət sonra o, Yehovanın Şahidi kimi vəftiz olundu və hal-hazırda öncül kimi xidmət edir. Belə hadisələr bizi təbliğ işini davam etdirməyə təşviq edir, çünki hələ də Allahın Padşahlığı haqqında xəbəri eşitməyə möhtac insanlar var.

QOY ƏLİNİZ BOŞ DURMASIN

18. Nəyə görə əminik ki, təbliğ işi Yehovanın istədiyi vaxtda sona çatacaq?

18 Əmin ola bilərik ki, təbliğ işi düz vaxtında sona çatacaq. Nuh peyğəmbərin dövrünü yadımıza salaq. Yehova göstərdi ki, hər şeyi vaxtlı-vaxtında edən Allahdır. Daşqından təxminən 120 il əvvəl Yehova onun baş verəcəyi tarixi təyin etdi. Onilliklər sonra Yehova Nuh peyğəmbərə gəmi tikməyi buyurdu. Daşqın başlayana qədər Nuh 40-50 il ərzində bu işlə məşğul oldu. İnsanlar qulaq asmasa da, Nuh yenə də onları xəbərdar edirdi. O, bu işi Yehova gəmiyə heyvanları yığmaq vaxtı çatdığını deyənə qədər davam etdirdi. Sonra isə vaxt yetişəndə Yehova «qapını bağladı» (Yar. 6:3; 7:1, 2, 16).

19. «Qoy əlin boş durmasın» məsləhətinə əməl etsək, nələrin şahidi olacağıq?

19 Çox tezliklə Yehova təbliğ işini yekunlaşdıracaq. O, Şeytan dünyasının «qapısını bağlayacaq» və itaətkar insanların yaşayacağı yeni düzən quracaq. O vaxta qədər isə gəlin Nuh peyğəmbərdən, Həbquq peyğəmbərdən və «qoy əlin boş durmasın» məsləhətinə əməl edən digər mömin insanlardan örnək alaq. Gəlin təbliğ işindən yayınmayaq, səbirli olaq, Yehovaya və vədlərinə imanımızı möhkəm saxlayaq.

NƏĞMƏ 75 «Mən gedərəm! Məni göndər!»

^ abz. 5 Ötən məqalə Müqəddəs Kitab şagirdlərini Məsihin dəvətini qəbul edib müjdəçi olmağa təşviq edirdi. Bu məqalədə isə öyrənəcəyik ki, yeni və ya təcrübəli olmasından asılı olmayaraq, bütün təbliğçilər təbliğ işi sona çatana qədər əzmlərini necə qoruya bilər. Bunun üç yolunu araşdıracağıq.

^ abz. 2 BƏZİ İFADƏLƏRİN İZAHI. Bu məqalədə «qoy əlin boş durmasın» ifadəsi o deməkdir ki, Yehova təbliğ işinin başa çatdığını deyənə qədər biz bu işdə əzmlə iştirak etməliyik.

^ abz. 5 «Ağanın günü» İsa Məsih 1914-cü ildə Padşah olanda başlayıb və minillik hakimiyyətinin sonunda bitəcək.