Kontentə keç

Mündəricatı göstər

«Həqiqəti al, onu satma»

«Həqiqəti al, onu satma»

«Həqiqəti al, onu satma, hikməti, tərbiyəni, dərrakəni də al» (MƏS. 23:23).

NƏĞMƏ: 94, 96

1, 2. a) Bizim üçün həyatda ən dəyərli şey nədir? b) Hansı həqiqətləri qiymətləndiririk və nə üçün? (Məqalənin əvvəlindəki şəkillərə baxın.)

SİZİN üçün həyatda ən dəyərli şey nədir? Onu dəyəri aşağı olan bir şeylə dəyişərdiniz? Yehovanın xidmətçiləri üçün bu suallara cavab vermək çətin deyil. Bizim üçün ən dəyərli şey Yehova Allahla münasibətimizdir və biz onu heç nəyə dəyişmək istəmərik. Allahla münasibətlərimizi möhkəmləndirməyə kömək edən Müqəddəs Kitab həqiqətləri də bizim üçün çox dəyərlidir (Kol. 1:9, 10).

2 Bir anlıq Böyük Nəsihətçimiz Yehovanın Kəlamında açdığı dəyərli həqiqətlər üzərində düşünək. O bizə dərin mənalı adını və mübarək sifətlərini əyan edir. İsa Məsihin ölümü vasitəsilə təqdim etdiyi möhtəşəm fidyə tədbiri haqda bilik verir. Həmçinin bizi Padşahlığı haqda məlumatlandırır, məsh olunmuşlara göydə, «başqa qoyun»lara isə yer üzü Cənnətdə yaşamaq ümidi bəxş edir (Yəh. 10:16). O bizə düzgün davranmağı öyrədir. Bu həqiqətlər bizim üçün çox dəyərlidir, çünki onlar bizi Yaradanımıza daha da yaxınlaşdırır, həyatımıza məna qatır.

3. «Həqiqəti al» ifadəsi hansı mənanı kəsb etmir?

 3 Yehova Allah səxavət sahibidir. O, həqiqəti axtaranlardan yaxşılığını əsirgəmir. Hətta əziz Oğlunun həyatını bizim üçün hədiyyə edib. Allah açdığı həqiqətlərin qarşılığında pul tələb etmir. Məsələn, Şimon adlı bir nəfər müqəddəs ruh vermək ixtiyarını almaq üçün həvari Butrusa pul təklif edəndə Butrus onu məzəmmət etmişdi: «Gümüşün də səninlə bir yerdə batsın, çünki könlünə Allahın ənamını pulla almaq fikri düşdü» (Həv. 8:18—20). Bəs onda «həqiqəti al» ifadəsini necə başa düşmək olar?

HƏQİQƏTİ ALMAQ NƏ DEMƏKDİR?

4. Bu məqalədə həqiqət barədə nələri araşdıracağıq?

4 Məsəllər 23:23 ayəsini oxuyun. Zəhmət çəkmədən Allahın Kəlamındakı həqiqəti öyrənmək qeyri-mümkündür. Onu əldə etmək üçün istənilən qurbanı verməyə hazır olmalıyıq. Məsəllər kitabının hikmətli yazıçısının dediyi kimi, həqiqəti almışıqsa, onu satmamaq, yəni itirməmək üçün gözdə-qulaqda olmalıyıq. Gəlin görək «həqiqəti al» ifadəsi hansı mənanı daşıyır və onu almaq üçün nə qədər ödəməliyik. Bunu bilmək bizə həqiqəti daha çox qiymətləndirməyə və onu satmamaq üçün qətiyyətli olmağa kömək edəcək. Həmçinin görəcəyik ki, həqiqəti almaq üçün istənilən dəyəri ödəməyə dəyər.

5, 6. a) Həqiqəti pul ödəmədən almaq necə mümkündür? Nümunə çəkin. b) Həqiqət bizə hansı faydanı gətirir?

5 Hətta pulsuz bir şeyi də əldə etmək üçün nə isə etməliyik. Məsəllər 23:23 ayəsində istifadə olunan «almaq» sözü ibranicə həmçinin «sahib olmaq» mənasını daşıyır. Hər iki söz göstərir ki, insan dəyərli hesab etdiyi bir şeyi əldə etmək üçün zəhmət çəkməlidir. «Həqiqəti al» ifadəsini anlamaq üçün belə bir nümunəyə nəzər salaq. Deyək ki, bir marketin reklamında «pulsuz banan» elanı görürsünüz. Əlbəttə, zəhmət çəkib marketə getməsəniz, bu bananlar öz-özünə süfrənizdə peyda olmayacaq. Eynilə, həqiqəti almaq üçün pul gərək olmasa da, onu əldə etmək üçün zəhmət çəkməli, müəyyən qurbanlar verməliyik.

6 Əşiya 55:1—3 ayələrini oxuyun. Əşiya kitabı «həqiqəti al» ifadəsinin mənasına aydınlıq gətirir. Bu ayələrdə Yehovanın Kəlamı su, süd və şəraba bənzədilir. Allahın Kəlamı saf, sərin su kimi insana təravət gətirir. Cana qüvvət verən, uşağın böyüməsinə kömək edən süd kimi bizi möhkəmləndirir, ruhən böyüməyimizə kömək edir. Allahın Kəlamı həm də şəraba bənzədilir. Hansı mənada? Müqəddəs Kitabda deyilir ki, şərab ürəyi şənləndirir (Zəb. 104:15). Buna görə də «şərabı... alın» deməklə Yehova bizi əmin edir ki, Onun sözlərinə uyğun yaşasaq, həyatımız mənalı, şən keçər (Zəb. 19:8). Allahın həqiqət sözlərini öyrənməyin və əməl etməyin gətirdiyi fayda bu ayələrdə necə də gözəl təsvir olunub! Gəlin görək həqiqəti almaq üçün hansı beş şeyi vermək lazım gələ bilər.

HƏQİQƏTİ ALMAQ ÜÇÜN NƏLƏRİ VERMİSİNİZ?

7, 8. a) Nəyə görə həqiqəti almaq üçün vaxt sərf etməliyik? b) Bir gənc tələbə nələrdən keçdi və bu nə ilə nəticələndi?

7 Vaxt. Bu, həqiqəti almaqdan ötrü hər birimizin ödəməli olduğu dəyərdir. Padşahlıq haqda müjdəyə qulaq asmaq, Müqəddəs Kitabı və ona əsaslanan nəşrləri oxumaq, şəxsi mütaliə etmək, ibadət görüşlərinə hazırlaşmaq və görüşlərdə  iştirak etmək üçün vaxt lazımdır. Bəs bu vaxtı haradan tapa bilərik? Gərək ki, az əhəmiyyətli işlərə ayırdığımız vaxtı qurban verək. (Efeslilərə 5:15, 16 ayələrini oxuyun.) Müqəddəs Kitabın əsas təlimlərini öyrənmək üçün nə qədər vaxt lazımdır? Bu, insandan-insana dəyişir. Yehova Allahın hikməti, Onun yolları və gördüyü işlər haqda öyrənə biləcəklərimizin həddi-hüdudu yoxdur (Rom. 11:33). «Gözətçi qülləsi» jurnalının ilk sayında dərc olunmuş bir məqalədə həqiqət «balaca bir çiçəyə» bənzədilir. Orada qeyd olunur: «Bir gülü dərib getməyin. Əgər bir gül yetərli olsa idi, digər güllər olmazdı. Yenə axtarın, dayanmadan arayın». Özümüzdən soruşa bilərik: «Həqiqət buketimdəki güllərin sayı nə qədərdir?» Hətta əbədiyyət boyu da Yehova haqda öyrənəcəyimiz çox şey olacaq. Bu gün isə ən mühümü odur ki, daha çox bilik almaq üçün şəraitimiz yol verdiyi qədər vaxtımızdan hikmətlə istifadə edək. Gəlin bir nəfərin nümunəsinə nəzər salaq.

8 Yaponiyadan olan Mariko * adlı bir gənc xanım kursda oxumaq üçün Nyu-York (ABŞ) şəhərinə gəlmişdi. Həmin vaxt o, 1959-cu ildə Yaponiyada başlamış dini hərəkata qoşulmuşdu. Bir gün bir öncül bacı ev-ev təbliğ zamanı Mariko ilə tanış olur. Müqəddəs Kitab həqiqətləri Marikonun o qədər xoşuna gəlir ki, bacıdan həftədə iki dəfə ona dərs keçməyi xahiş edir. Kursdakı sıx qrafikinə və yarım gün işləməyinə baxmayaraq, Mariko çox keçməmiş ibadət görüşlərinə gəlməyə başlayır. O həmçinin həqiqəti öyrənməyə daha çox vaxt ayırmaq üçün özünə ayırdığı asudə vaxtı azaldır. Bu kimi qurbanların sayəsində o, tez bir zamanda ruhən inkişaf edir. Bir ilin içində vəftiz olunur və altı ay sonra, 2006-cı ildə öncül xidmətinə başlayır. Mariko bacı indi də öncül kimi xidmət edir.

9, 10. a) Həqiqəti öyrənmək maddi şeylərə baxış tərzimizi necə dəyişir? b) Bir gənc xanım hansı imkanları qurban verdi və bu barədə nə deyir?

9 Maddi şeylər. Həqiqəti almaq üçün, ola bilsin, yaxşı gəlirli işdən və ya karyeradan imtina etməli olaq. İsa Məsih balıqçı olan Butrus və Andreasa «insan tutacaqsınız» deyəndə «onlar dərhal torlarını» atıb onun ardınca getdilər (Mət. 4:18—20). Bu o demək deyil ki, insan həqiqəti öyrənəndə işdən çıxmalıdır. Çünki Müqəddəs Kitab üzərimizə ailəni dolandırmaq məsuliyyəti qoyur (1 Tim. 5:8). Bununla belə, həqiqəti öyrənənlərin çoxuna maddi şeylərə münasibətlərini və prioritetlərini dəyişmək lazım gələ bilər. İsa Məsih bu barədə aydın demişdi: «Özünüzə yerdə xəzinə toplamayın... Əvəzində xəzinənizi göydə toplayın» (Mət. 6:19, 20). Gəlin bir gənc xanımın nümunəsinə baxaq.

10 Mariya qolfla məşğul olmağa başlayanda heç məktəbə də getmirdi. O, orta məktəbdə oxuyanda da bu idmanla məşğul olmağa davam edirdi. Hətta ona universitet təqaüdü vermişdilər. Qolf onun həyatının ayrılmaz hissəsi idi və o, peşəkar qolfçu olub yaxşı pul qazanmaq niyyətində idi. Sonralar Mariya Müqəddəs Kitabı öyrənməyə başlayır və öyrəndiyi həqiqətlər onu valeh edir. Mariya həqiqət sayəsində həyatında baş verən dəyişikliklərdən məmnun qalır. O deyir: «Müqəddəs Kitab həqiqətlərini həyatımda tətbiq etdikcə və baxışımı dəyişdikcə daha da xoşbəxt olurdum». Mariya başa düşürdü ki, eyni zamanda diqqətini həm ruhani, həm də maddi şeylərə cəmləmək  müşkül olacaq (Mət. 6:24). O, ömür boyu can atdığı məqsədi, peşəkar qolfçu olmaq və şöhrətə, var-dövlətə yiyələnmək arzusunu qurban verdi. Həqiqəti almağı sayəsində indi öncül kimi xidmət edən Mariya bacı «olduqca xoşbəxt və mənalı həyat» sürdüyünü söyləyir.

11. Həqiqət bəziləriylə münasibətimizə necə təsir edir?

11 Şəxsi münasibətlər. Müqəddəs Kitab həqiqətlərinə uyğun yaşamaq qərarımız qohumlarımız və dostlarımızla münasibətlərimizə təsir edə bilər. Nə üçün? İsa Məsihin davamçıları üçün etdiyi dua bunu anlamağımıza kömək edir: «Onları həqiqət vasitəsilə müqəddəs et. Həqiqət Sənin sözündür» (Yəh. 17:17). «Onları... müqəddəs et» ifadəsi həmçinin «onları ayır» mənasını verir. Həqiqəti qəbul edən zaman biz bu dünyadan ayrılırıq, çünki dəyərlərimiz dəyişir. Artıq Müqəddəs Kitab prinsiplərinə uyğun yaşadığımız üçün başqalarından fərqlənirik. Ailə üzvlərimiz və yaxınlarımızla aramızdakı münasibətlərin korlanmasını istəməsək də, bəzən onlar özləri bizdən gen gəzməyə, hətta etiqadımıza qarşı çıxmağa başlayır. Lakin bütün bunlar bizi təəccübləndirmir, axı İsa Məsih demişdi: «Bəli, insanın düşməni öz evindəkilər olacaq» (Mət. 10:36). Eləcə də, o bizi əmin etmişdi ki, həqiqəti almaq üçün verdiyimiz istənilən qurbandan qat-qat artıq mükafat alacağıq. (Mark 10:28—30 ayələrini oxuyun.)

12. Yəhudi bir kişi həqiqət üçün hansı dəyəri ödəmişdi?

12 Harun adlı bir yəhudi biznesmen gözünü açandan eşitmişdi ki, Allahın adını tələffüz etmək günahdır. Lakin o, Allahı yaxından tanımaq istəyirdi. Yehovanın Şahidi olan bir nəfər ona Allahın adının ibranicə yazılışındakı dörd samit səsə sait səslər əlavə etməklə «Yehova» deyə tələffüz edildiyini söyləyəndə Harunu heyrət bürümüşdü. O, sinaqoqa gedib öyrəndiyi bu möhtəşəm xəbəri ravvinlərlə bölüşür. Lakin onların münasibəti Harunun gözlədiyi kimi olmur. Allahın adını öyrəndiklərinə görə sevinməkdənsə, onun üzünə tüpürüb, oradan qovurlar. Öz ailəsi də ona qarşı çıxır. Lakin Harun ruhdan düşmür və həqiqəti öyrənməyə davam edir. O, Yehovanın Şahidi olur və həyatının qalan hissəsini sədaqətlə Yehovaya ibadət edir. Harun kimi, həqiqət yolunda addımlamağa çalışan bizlər də ailə üzvlərimiz və digər insanlarla münasibətimizin dəyişəcəyinə hazır olmalıyıq.

13, 14. Həqiqəti almaq üçün düşüncəmizdə və davranışımızda hansı dəyişiklikləri etməliyik? Nümunə çəkin.

13 Allaha məqbul olmayan düşüncə və davranış. Həqiqəti qəbul etmək və Müqəddəs Kitabın əxlaq normalarına uyğun yaşamaq üçün düşüncəmizi və davranışımızı dəyişməyə hazır olmalıyıq. Həvari Butrus bu cür dəyişikliklərlə bağlı yazmışdı: «İtaətkar uşaqlar kimi olun, vaxtilə cahillik içində yaşayarkən daxilinizdə hökm sürmüş istəklərə uymayın... Hər bir işinizdə müqəddəs olun» (1 But. 1:14, 15). Əxlaqi cəhətdən böhrana uğramış Korinf camaatı üçün həqiqəti almaq o demək idi ki, onlar həyat tərzlərində köklü dəyişiklik etməli idilər (1 Kor. 6:9—11). Eynilə, bu gün də həqiqəti almaq istəyən bir çoxları Allaha məqbul olmayan davranışlardan imtina edirlər. Həvari Butrus bunu belə təsvir etmişdi: «Siz keçmişdə xalqların istəyi ilə oturub-durur, azğın hərəkətlərə, əyyaşlığa, kef məclislərinə, sərxoşluğa və mənfur bütpərəstliyə qurşanırdınız» (1 But. 4:3).

 14 Devin və Jasmin uzun illər ərzində içki aludəçisi olublar. Baxmayaraq ki, Devin bacarıqlı mühasib idi, içki aludəçiliyi ucbatından o, işini itirmişdi. Jasmin isə öz kobud və aqressiv davranışı ilə pis ad qazanmışdı. Bir gün içkili halda yol ilə gedərkən Jasmin iki xüsusi təyinatlı müjdəçi ilə rastlaşır. Onlar növbəti həftə Müqəddəs Kitab dərsinə başlamaq üçün Jasminlə vaxt təyin edirlər. Lakin onların evinə gələndə Jasminin də, Devinin də sərxoş vəziyyətdə olduğunu görürlər. Jasmingil gözləmirdi ki, müjdəçilər onlarla maraqlanıb evlərinə gələr. Amma növbəti dəfə vəziyyət fərqli olur. Jasmin və Devin elə ilk dərsdən Müqəddəs Kitabı həvəslə öyrənməyə və öyrəndiklərinə əməl etməyə başlayırlar. Üç ayın içində onlar içkini tərgidir, bir müddət sonra isə nikahlarını rəsmiləşdirirlər. Onların bu cür dəyişməsi insanların gözündən yayınmır və bu, yaşadıqları kənddə bir çoxlarını Müqəddəs Kitabı öyrənməyə təşviq edir.

15. Həqiqəti almaq üçün nələrdən keçmək daha çətin ola bilər və nə üçün?

15 Allaha məqbul olmayan işlər və adət-ənənələr. Həqiqəti almaq üçün Allaha məqbul olmayan işlərdən və adət-ənənələrdən imtina etmək ən çətin şeylərdən biridir. Bəziləri ailə üzvləri, iş yoldaşları və ya yaxın dostlarının təzyiqindən qorxduqları üçün bu addımı atmağa çəkinirlər. Çünki insanlar bəzi ayinlərə, məsələn, ölən insanın adına keçirilən ayinlərə çox bağlıdırlar (Qan. 14:1). Həyatlarında dəyişiklik edən insanların nümunəsi bizə cəsarət verə bilər. Gəlin birinci əsrdə yaşayan Efes şəhərinin bəzi sakinlərinin bu sahədə qoyduğu gözəl nümunəyə nəzər salaq.

16. Efes şəhərinin bəzi sakinləri həqiqəti almaq üçün nə etmişdilər?

16 Qədim Efes şəhərində sehrbazlıq çox geniş yayılmışdı. Bu şəhərdə məsihiliyi qəbul etmiş insanlar sehrbazlıqla bağlı əməllərdən uzaq durmaq və həqiqəti almaq üçün nə etdilər? Müqəddəs Kitabda bu barədə yazılıb: «Sehrbazlıqla məşğul olanlardan xeyli adam kitablarını yığıb hamının gözü qarşısında yandırdı. Bu kitabların dəyərini hesaba vurdular. Onların qiyməti əlli min gümüş pul idi. Beləcə, Yehovanın sözü əzəmətlə yayılır və zəfər çalırdı» (Həv. 19:19, 20). Bu sədaqətli insanlar çox bahalı şeyləri qurban verdilər və bunun müqabilində qat-qat qiymətli nemətlər aldılar.

17. a) Həqiqətə sahib olmaq üçün nələri qurban vermək lazım gələ bilər? b) Növbəti məqalədə hansı suallara cavab tapacağıq?

17 Həqiqəti almaq üçün siz nələri qurban vermisiniz? Həqiqət güllərini toplamaq üçün hər birimiz vaxt sərf edirik. Həmçinin bəziləri həqiqətə görə varlanmaq imkanından imtina edir, bəziləri başqaları ilə münasibətlərinin dəyişməsini gözə alır. Çoxları öz düşüncə və davranışlarında dəyişiklik etməli olur, Allaha məqbul olmayan işlərdən və adət-ənənələrdən imtina edir. Ödənilən dəyər nə olursa olsun, hər birimiz əminik ki, Müqəddəs Kitab həqiqətini almaq üçün istənilən qurbanı verməyə dəyər. Çünki biz bunun sayəsində ən dəyərli şeyə, Yehova ilə yaxın dostluq münasibətlərinə sahib oluruq. Həqiqətə sahib olmağın necə böyük nemət olduğu haqda düşünəndə ağlımıza belə gəlmir ki, kimsə onu satmaq istəsin. Bəs necə ola bilər ki, kimsə bu cür ciddi səhvə yol versin? Biz belə bir səhvə yol verməmək üçün nə edə bilərik? Növbəti məqalə bu suallara cavab verəcək.

^ abz. 8 Məqalədəki bəzi adlar şərtidir.