Kontentə keç

Mündəricatı göstər

Gəlin həmişə həqiqəti danışaq

Gəlin həmişə həqiqəti danışaq

Yaradanımız Yehova Allah yalana nifrət edir. Bunu Məsəllər 6:16—19 ayələrindən görmək olar: «Altı şey var ki, Yehovanın zəhləsi gedir, yeddi şeydən ikrah edir: təkəbbürlə baxan gözlər, yalan danışan dil, günahsız qan tökən əllər, fitnə quran ürək, şər üçün tələsən ayaq, nəfəsi yalanla gedib-gələn şahid, qardaşlar arasına nifaq salan kəs».

Doğruluğu sevən Yehova Allah buyurur ki, Onun rizasını qazanmaq istəyiriksə, verdiyi qanunlara əməl etməliyik. Məsələn, Koloslulara 3:9 ayəsində deyilir ki, «bir-birinizə yalan danışmayın. Köhnə şəxsiyyəti əməlləri ilə birgə əyninizdən» çıxarın. Yalan danışanları çox acı aqibət gözləyir. Zəbur 5:6 ayəsində yazılıb: «Yalan danışanları məhv edərsən». Biz yalana Yehova Allah kimi yanaşsaq, həmişə doğru danışmağa təşviq olunacağıq.

Amma bu, o demək deyil ki, kimsə bizdən müəyyən məlumatı çıxarmaq istəyəndə bildiyimiz hər şeyi açıb danışmalıyıq. Məsələn, pis niyyətli insanların müəyyən məlumatları bilməsinə gərək yoxdur. Məsihilər onlara düşmən kəsilmiş dünyada yaşadıqları üçün İsa Məsihin «ilan kimi ehtiyatlı, göyərçin kimi məsum olun» nəsihətinə diqqət yetirməlidirlər (Mət. 10:16; Yəh. 15:19). Məsih özü də bu sahədə gözəl nümunədir. O da müəyyən məqamlarda bəzi məlumatları danışmamağa üstünlük verirdi, xüsusən də o hallarda ki, bütün məlumatı danışmaq onun özünün və ya davamçılarının ziyanına ola bilərdi. Və qeyd edək ki, bu zaman o, yalana əl atmırdı. O, sadəcə olaraq, ya heç nə demirdi, ya da söhbəti başqa səmtə yönəldirdi (Mət. 15:1—6; 21:23—27; Yəh. 7:3—10).

Hərdən insan qorxunun və digər insan faktorlarının ucbatından yalan danışır. Bu hal həvari Butrusun da başına gəlmişdi: o, İsa Məsihi tanıdığını üç dəfə danmışdı. Bu hərəkəti ona vicdan əzabı yaşatdı (Luka 22:54—62). Amma o, ürəkdən tövbə etdi və Allahın əfvini qazandı. Allahın ona sonralar həvalə etdiyi şərəfli tapşırıqlar onun bu əfvə layiq görüldüyünə işarədir. Gördüyümüz kimi, əgər insan yalan danışıbsa, mərhəmət tapmaq üçün tövbə etməli və Allahın nifrət etdiyi bu əməli bir də törətməməlidir.

Yalan danışıb sonra mərhəmət axtarmaqdansa, yaxşı olmazdımı ki, həmişə həqiqəti danışaq?! Beləcə, biz həm insanların yanında etibardan düşmərik, həm də Yaradanımızla münasibətlərimizə xələl gəlməz. Zəbur 15:1, 2 ayələri də bizi buna səsləyir: «Ey Yehova, çadırında kim mehman olar? Müqəddəs dağında kim yaşayar? O kəs ki kamillik yolu ilə gedir, əməlləri doğrudur, ürəyində həqiqəti danışar».

Müqəddəs Kitab bizi dürüst olmağa çağırır. Yalan danışmaq günaha yazılan əməldir. Buna görə də, Allahın Kəlamı bizi bu əməldən çəkindirib bir-birimizə həqiqəti söyləməyə səsləyir (Efes. 4:25). Bu məsləhətə əməl etməklə biz vicdanımızı təmiz saxlayacaq, bacı-qardaşlarla aramızdakı sülhü və məhəbbəti qoruyacaq və haqq Allah Yehovanın adını ucaldacağıq (Zəb. 31:5; İbr. 13:18).