Kontentə keç

Mündəricatı göstər

 TƏLİM MƏQALƏSİ 13

Bir-birinizi hərarətlə sevin

Bir-birinizi hərarətlə sevin

«Bir-birinizi səmimi qəlbdən, hərarətlə sevin» (1 BUT. 1:22).

NƏĞMƏ 109 «Bir-birinizi səmimi qəlbdən, hərarətlə sevin»

İCMAL *

İsa Məsih həvariləri ilə keçirdiyi sonuncu gecə məhəbbətin vacibliyini vurğuladı (1 və 2-ci abzaslara baxın)

1. İsa Məsih şagirdlərinə hansı əmri vermişdi? (Üz qabığındakı şəklə baxın.)

İSA MƏSİH edamından öncə şagirdlərinə aydın bir əmr vermişdi: «Bir-birinizi mən sizi sevdiyim kimi sevin». Sonra sözünə əlavə edib demişdi: «Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz» (Yəh. 13:34, 35).

2. Bir-birimizə məhəbbət göstərmək nəyə görə vacibdir?

2 İsa demişdi ki, bir-birimizi onun bizi sevdiyi kimi sevsək, hamı aydın görəcək ki, onun davamçılarıyıq. Bu, birinci əsrdə də belə olub, bu gün də belədir. Ona görə də çox vacibdir ki, istənilən çətinlikləri aşıb bir-birimizə məhəbbət göstərək!

3. Bu məqalədən nə öyrənəcəyik?

3 Qeyri-kamil olmağımız bir-birimizi hərarətlə sevməyimizə mane olur. Buna baxmayaraq, Məsihdən nümunə götürməyə çalışmalıyıq. Bu məqalədən məhəbbətin sülhə can atmağımıza, ayrı-seçkilik etməməyimizə və qonaqpərvər olmağımıza necə kömək etdiyini öyrənəcəyik. Məqaləni araşdırdıqca özünüzə növbəti sualı verin: «Çətinliklərə rəğmən, bir-birinə məhəbbət göstərməyə davam edən bacı-qardaşlardan nə öyrənə bilərəm?»

SÜLHƏ CAN ATAQ

4. Mətta 5:23, 24 ayələrinə əsasən, nəyə görə bizdən inciyən dindaşımızla sülh yaratmağa çalışmalıyıq?

4 İsa Məsih bizdən inciyən dindaşımızla sülh yaratmağın vacibliyini vurğulamışdı. (Mətta 5:23, 24 ayələrini oxuyun.) Bildirmişdi ki, Yehovanı razı salmaq istəyiriksə, başqaları ilə yaxşı münasibətdə olmalıyıq. Əlimizdən gələn qədər başqaları ilə sülh yaratmağa çalışanda Yehovanın  qəlbini şad edirik. Yox əgər kin saxlayıb, münasibətləri düzəltməyə çalışmasaq, Yehova ibadətimizi qəbul etməyəcək (1 Yəh. 4:20).

5. Nəyə görə Mark qardaşa sülh yaratmaq çətin idi?

5 Bəzən sülh yaratmaq çətin ola bilər. Nəyə görə? Mark * adlı bir qardaşın başına gələnlərə nəzər salaq. Bir qardaş onu tənqid etmiş və yığıncaqdakıların yanında pisləmişdi. Bəs Mark nə etdi? O xatırlayır: «Hirsimi boğa bilməyib özümdən çıxdım». Amma sonra Mark bu hərəkətinə görə peşman oldu və qardaşdan üzr istəyib münasibətləri bərpa etməyə çalışdı. Lakin həmin qardaş Markla barışmaq istəmədi. Əvvəl-əvvəl Mark düşünürdü: «O, barışmaq istəmirsə, mən niyə barışmağa can atmalıyam?» Lakin rayon nəzarətçisi ona təslim olmamağı məsləhət gördü. Mark nə etdi?

6. a) Mark sülh yaratmaq üçün nə etmişdi? b) Mark Koloslulara 3:13, 14 ayələrini necə tətbiq edir?

6 Mark məsələyə münasibətini götür-qoy edəndə başa düşdü ki, onda təvazökarlıq çatışmır, özünü başqalarından üstün sayır. Gördü ki, düşüncə tərzini dəyişməlidir (Kol. 3:8, 9, 12). O, təvazökarlıq göstərib yenidən həmin qardaşa yaxınlaşdı və hərəkətinə görə bir daha üzr istədi. Həmçinin qardaşa məktub yazıb nə qədər peşman olduğunu və hər şeyi yenidən başlamaq istədiyini qeyd etdi. Hətta qardaşa onun xoşuna gələcək kiçik bir hədiyyə də bağışladı. Amma əfsuslar olsun ki, qardaş hələ də acıqlı idi və Markı bağışlamaq istəmirdi. Buna rəğmən, Mark İsanın əmrinə itaət etməyə davam edərək qardaşına sevgi göstərir və onu bağışlayırdı. (Koloslulara 3:13, 14 ayələrini oxuyun.) Qarşı tərəf sülh yaratmaq cəhdlərimizə hay verməsə də, əsl məsihi məhəbbəti sayəsində onu bağışlaya və  münasibətlərin düzəlməsi üçün dua edə bilərik (Mət. 18:21, 22; Qal. 6:9).

Aradakı münasibəti bərpa etmək üçün bir yox, bir neçə dəfə cəhd etmək lazım gələ bilər (7 və 8-ci abzaslara baxın) *

7. a) İsa Məsih bizə nə etməyi buyurub? b) Bir bacı hansı vəziyyətlə üzləşmişdi?

7 İsa Məsih buyurmuşdu ki, insanların bizimlə necə rəftar etməsini istəyiriksə, onlarla o cür rəftar edək. Həmçinin demişdi ki, təkcə bizi sevənləri sevməyək (Luka 6:31—33). Bəs əgər yığıncaqdan kimsə bizdən gen gəzir və bizimlə salamlaşmaq istəmirsə, onda necə? Nadir hallarda olsa da, bu kimi şeylər baş verə bilər. Lara adlı bacı məhz belə bir vəziyyətlə üzləşmişdi. O deyir: «Bir bacı mənimlə soyuq davranırdı, heç bilmirdim nəyə görə. Gərginlik keçirirdim, yığıncağa həvəssiz gedirdim». Lara əvvəl-əvvəl belə düşünürdü: «Mənim heç bir günahım yoxdur. Onsuz da, bu bacının qəribə olduğunu yığıncaqdakılar da bilir».

8. Lara sülh yaratmaq üçün nə etdi və ondan nə öyrənə bilərik?

8 Lara sülh yaratmaq üçün tədbir gördü. O, Yehovaya dua etdi və bacı ilə danışmaq qərarına gəldi. Onlar məsələni aydınlaşdırdılar və qucaqlaşıb barışdılar. Elə bil hər şey düzəlmişdi. Lara deyir: «Bir müddət sonra bacı yenə əvvəlki kimi davranmağa başladı. Əlim-qolum yanıma düşdü». Lara düşünürdü ki, bacının ona münasibəti dəyişməsə, o, sevinc duya bilməyəcək. Amma sonra başa düşdü ki, ən yaxşısı bacı ilə bundan sonra da məhəbbətlə davranmaq və onu «ürəkdən bağışla»maqdır (Efes. 4:32—5:2). O xatırladı ki, əsl məsihi məhəbbəti «ona edilən pisliyin hesabını tutmur. Hər şeyə qatlaşır, hər şeyə inanır, hər şeyə ümid edir, hər şeyə dözür» (1 Kor. 13:5, 7). Bundan sonra Lara bu məsələyə görə narahat olmadı. Zamanla bacının ona münasibəti yaxşılaşdı. Bacı-qardaşlarla sülhdə olmağa can atırsınızsa və onları sevməyə davam edirsinizsə, əmin ola bilərsiniz ki, «məhəbbət və sülh Allahı sizinlə olacaq» (2 Kor. 13:11).

 AYRI-SEÇKİLİK ETMƏYƏK

9. Həvarilərin işləri 10:34, 35 ayələrinə əsasən, nəyə görə ayrı-seçkilik etməməliyik?

9 Yehova ayrı-seçkilik etməyən Allahdır. (Həvarilərin işləri 10:34, 35 ayələrini oxuyun.) Biz də ayrı-seçkilik etməməklə Onun övladları olduğumuzu göstəririk. Biz «başqasını özünü sevdiyin kimi sev» əmrinə itaət edirik və ruhani ailəmizdəki sülhü qoruyuruq (Rom. 12:9, 10; Yaq. 2:8, 9).

10, 11. Bir bacı mənfi fikirlərini necə dəf etdi?

10 Bəzilərinə ayrı-seçkilik etməmək o qədər də asan deyil. Məsələn, Rut adlı bir bacının belə bir problemi var idi. Yeniyetmə yaşlarında olanda başqa ölkədən olan bir nəfər Rutun ailəsinə böyük pislik etmişdi. Rut bu hadisənin ona necə pis təsir etməsi haqda deyir: «Həmin ölkə ilə bağlı hər şeyə nifrət edirdim. Fikirləşirdim ki, oradan olan hamı eynidir, hətta bacı-qardaşlar da». Bəs Rut bu mənfi fikirlərini necə dəf etdi?

11 O başa düşürdü ki, bu fikirlərlə mübarizə aparmalıdır. Rut «İllik fəaliyyət» kitabından həmin ölkədə yaşayan bacı-qardaşların xidməti, əldə etdikləri nailiyyətlər haqda oxudu. O deyir: «Həmin ölkədən olan insanlar haqda müsbət düşünməyə çalışırdım. Fikir verdim ki, oradakı bacı-qardaşlar Yehovanın yolunda can qoyur. Beləcə, onların da ümumdünya qardaşlığın bir parçası olduğunu dərk etdim». Tədricən Rut onlara məhəbbət göstərməli olduğunu anladı. O deyir: «Həmin ölkədən olan bacı-qardaşlara nə vaxt rast gəlirdimsə, onlara qarşı mehriban olmaq üçün əlimdən gələni edirdim. Söhbət etdikcə onları daha yaxşı tanıdım». Bu, hansı nəticəni verdi? Rut deyir: «Vaxt keçdikcə onlarla bağlı mənfi düşüncələrim yoxa çıxdı».

Bütün qardaşlığı hərarətlə sevsək, ayrı-seçkilik etməyəcəyik (12 və 13-cü abzaslara baxın) *

12. Sara adlı bir bacının hansı sahədə problemi var idi?

12 Bəziləri özləri də fərqinə varmadan ayrı-seçkilik edə bilər. Məsələn, Sara insana maddi durumu, milliyyəti, yaxud təşkilatdakı məsuliyyəti əsasında qiymət vermədiyinə görə düşünürdü ki, ayrı-seçkilik etməyən biridir. O deyir: «Amma gördüm ki, əslində, ayrı-seçkilik edirəmmiş». Necə? Ziyalı ailədə böyüdüyü üçün Sara bu cür insanlarla oturub-durmağa üstünlük verirdi. Hətta bir dəfə dostuna demişdi: «Təhsilli bacı-qardaşlarla oturub-dururam, o birilərindən gen gəzirəm». Aydındır ki, Sara düşüncəsini dəyişməli idi. Necə?

13. Sara düşüncə tərzini necə dəyişdi və biz bundan nə öyrənirik?

13 Bir rayon nəzarətçisi Sara bacıya düşüncə tərzini yoxlamağa kömək etdi. Bacı deyir: «O məni sədaqətlə xidmət etdiyimə, yaxşı şərhlər verdiyimə və Müqəddəs Kitabı yaxşı bildiyimə görə təriflədi. Sonra izah etdi ki, biliyimiz artdıqca təvazökarlıq, həlimlik və mərhəmət kimi xüsusiyyətlərimiz də inkişaf etməlidir». Sara rayon nəzarətçisinin məsləhətinə qula asdı. O deyir: «Anladım ki, önəmli olan xeyirxah və məhəbbətli olmaqdır». Beləcə, Sara dindaşlarına baxışını dəyişməyə başladı. Bunu necə etdiyi barədə deyir: «Yehovanın onlarda bəyəndiyi xüsusiyyətləri görməyə çalışırdım». Bəs bizim barədə nə demək olar? Heç vaxt istəməzdik ki, təhsilli olduğumuza görə başqalarına yuxarıdan aşağı baxaq! Bütün qardaşlığı hərarətlə sevsək, ayrı-seçkilik etməyəcəyik (1 But. 2:17).

QONAQPƏRVƏR OLAQ

14. İbranilərə 13:16 ayəsinə əsasən, Yehova başqalarına qonaqpərvərlik göstərməyimizə necə yanaşır?

14 Qonaqpərvərlik Yehova üçün çox  önəmlidir. (İbranilərə 13:16 ayəsini oxuyun.) Onun üçün bu, ibadətimizin bir hissəsidir, xüsusilə də ehtiyacı olanlara qonaqpərvərlik göstərməyimiz (Yaq. 1:27; 2:14—17). Odur ki, Müqəddəs Kitab bizi «qonaqpərvər olun» deyə səsləyir (Rom. 12:13). Qonaqpərvərliyimiz bacı-qardaşlarımızın bizim üçün dəyərli olduğunu, onları sevdiyimizi və onlarla yaxın olmaq istədiyimizi göstərir. Kiçik bir süfrə açmağımız, kimisə çaya dəvət etməyimiz, kimisə yeməyə qonaq çağırmağımız, ümumiyyətlə vaxt ayırıb diqqət göstərməyimiz Yehovanın könlünü xoş edir (1 But. 4:8—10). Amma qonaqpərvərlik göstərməyimizə mane olan amillər ola bilər.

«Əvvəllər qonaqpərvər deyildim, amma dəyişməyim sayəsində çoxlu sevinc əldə etdim» (16-cı abzasa baxın) *

15, 16. a) Bəzilərinə qonaqpərvərlik göstərməyə nə mane ola bilər? b) Edit bacıya qonaqpərvər olmağa nə kömək etdi?

15 Müəyyən səbəblər qonaqpərvərlik göstərməyimizə mane ola bilər. Edit adlı dul bacının hadisəsinə nəzər salaq. Yehovanın Şahidi olmazdan öncə o, insanlarla məsafə saxlamağa çalışırdı. Düşünürdü ki, qonaqpərvərlik göstərmək başqalarında daha yaxşı alınar.

16 Yehovanın Şahidi olduqdan sonra Edit düşüncə tərzini dəyişdi. O, qonaqpərvərlik göstərmək üçün müəyyən addımlar atdı. Edit deyir: «İbadət evimiz tikiləndə ağsaqqal məndən tikintiyə kömək etməyə gələn bir cütlüyü iki həftəlik evimdə qonaq etməyi xahiş etdi. Mən Yehovanın sarfatlı dul qadına necə bərəkət verdiyini xatırladım» (1 Pad. 17:12—16). Edit evinin qapısını bu ər-arvada açdı. Bəs o, hansı nemətlər aldı? Bacı deyir: «Çox şadam ki, onlar iki həftə yox, iki ay qaldılar. Bu vaxt ərzində yaxın dostluq münasibətlərimiz yarandı». Edit həmçinin yığıncaqdan da özünə yaxın dostlar qazandı. Hal-hazırda o, öncüldür və xidmətdə əməkdaşlıq etdiyi bacı-qardaşları qonaq çağırmağı çox sevir. Bacı deyir: «Başqaları üçün nəsə etmək mənə sevinc bəxş edir.  Üstəlik, bunun qarşılığında çoxlu nemətlər alıram!» (İbr. 13:1, 2).

17. Luka ilə həyat yoldaşı nəyi anladı?

17 Ola bilsin, qonaqpərvərsiniz. Amma necə düşünürsünüz, bu sahədə daha da inkişaf edə bilərsiniz? Misal üçün, Luka və həyat yoldaşı qonaqpərvər cütlükdür. Onlar həmişə öz valideynlərini, qohumlarını, yaxın dostlarını və rayon nəzarətçisi ilə yoldaşını evlərinə qonaq çağırırdılar. Bununla belə, Luka deyir: «Fikir verdik ki, ancaq bizə yaxın olan kəsləri qonaq çağırırıq». Luka ilə həyat yoldaşı qonaqpərvərlik göstərmək sahəsində necə inkişaf etdi?

18. Luka ilə həyat yoldaşı qonaqpərvərlik göstərmək sahəsində necə inkişaf etdi?

18 Luka və həyat yoldaşı Məsihin növbəti sözləri üzərində düşündükdən sonra qonaqpərvərliyin əslində nə olduğunu anladılar. İsa Məsih demişdi: «Əgər təkcə sizi sevənləri sevirsinizsə, bundan nə fayda?» (Mət. 5:45—47). Onlar hər kəsə qarşı səxavətli olan Yehovanın nümunəsini izləməli olduqlarını anladılar. Odur ki, əvvəllər qonaq çağırmadıqları bacı-qardaşları evlərinə dəvət etmək qərarına gəldilər. Luka deyir: «Birgə keçirdiyimiz vaxtlardan hamımız zövq alırıq. Hər kəs ruhlanır, Yehova ilə və bir-birimizlə münasibətlərimiz möhkəmlənir».

19. İsanın şagirdi olduğumuzu necə göstəririk və siz nəyə qətiyyətlisiniz?

19 Məqalə boyu araşdırdıq ki, bir-birimizi hərarətlə sevmək sülhə can atmaqda, ayrı-seçkilik etməməkdə və qonaqpərvər olmaqda bizə kömək edə bilər. İstənilən mənfi fikirlərin öhdəsindən gəlməli və dindaşlarımızı səmimi-qəlbdən, hərarətlə sevməliyik. Onda sevinc duyacaq və İsanın şagirdi olduğumuzu sübut edəcəyik (Yəh. 13:17, 35).

NƏĞMƏ 88 Mənə yollarını öyrət

^ abz. 5 İsa Məsih demişdi ki, davamçıları aralarındakı məhəbbətdən tanınacaq. Bacı-qardaşlarımıza duyduğumuz məhəbbət bizi sülhə can atmağa, ayrı-seçkilik etməməyə və qonaqpərvər olmağa təşviq edir. Lakin bəzən bu, o qədər də asan olmur. Bu məqalədə bir-birimizi səmimi-qəlbdən, hərarətlə sevməyə kömək edəcək praktiki məsləhətlər verilir.

^ abz. 5 Bu məqalədə bəzi adlar şərtidir.

^ abz. 57 ŞƏKİLLƏRİN İZAHI: Bacının məsələni həll etmək üçün göstərdiyi ilk cəhd uğursuz olsa da, o təslim olmur. Məhəbbət göstərməyə davam etməsi sayəsində sonda sülhə nail olur.

^ abz. 59 ŞƏKLİN İZAHI: Yaşlı qardaş diqqətdən kənar qaldığını hiss edir.

^ abz. 61 ŞƏKLİN İZAHI: Əvvəllər qonaqpərvərlik göstərə bilməyəcəyini fikirləşən bir bacı düşüncə tərzini dəyişir və qonaqpərvərlik göstərmək ona böyük sevinc bəxş edir.