Kontentə keç

Mündəricatı göstər

 Bioqrafiya

Yehova məni heç vaxt tək qoymayıb!

Yehova məni heç vaxt tək qoymayıb!

Bir dəfə Adolf Hitlerə çıxışından sonra gül dəstəsi təqdim etmək üçün dörd qız seçmişdilər. Bu balaca qızların arasında mən də var idim. Məni seçmələrinə səbəb atamın nasist hərəkatının fəal iştirakçısı və bu partiyanın yerli filialının sədrinin sürücüsü olması idi. Anam qatı katolik idi. O, mənim rahibə olmağımı istəyirdi. Ailəmdəki bu iki güclü təsirə baxmayaraq, mən nə nasist, nə də rahibə oldum. İstəyirəm sizə bunun səbəbini danışım.

MƏN Avstriyanın Qrats şəhərində boya-başa çatmışam. Yeddi yaşım olanda valideynlərim məni dini yönümlü orta məktəbə qoydular. Orada rahibələrlə kahinlərin arasındakı əxlaqsızlığı görəndə dəhşətə gəlmişdim. Heç bir il keçmədi ki, anamın razılığı ilə oradan çıxdım.

Ailəvi şəklimiz (atam hərbi geyimdə)

Sonralar valideynlərim məni pansiona qoydular. Bir gün atam məni gecə ilə oradan apardı, çünki şəhərimiz bombardman edilirdi. Biz Şladminq şəhərinə qaçdıq. Şəhərə çataçatda bir körpü var idi. Körpünü təzəcə keçmişdik ki, onu partlatdılar. Bir dəfə isə nənəmlə bağçamızda olanda bir neçə təyyarə bizi güllə-borana tutdu. Bütün müharibə illəri ərzində nə kilsədən, nə də dövlətdən kömək görmədik, onlar, sanki bizi atmışdılar.

ETİBARLI DAYAQ

1950-ci ildə anam Müqəddəs Kitabdakı müjdəni eşitdi. Yehovanın Şahidlərindən biri anamla müjdə barədə söhbət edirdi. O gələndə mən də onların söhbətinə qulaq asırdım. Hətta anamla bir neçə dəfə onların ibadət görüşünə getmişdim. Anam Yehovanın Şahidlərinin dininin həqiqət olduğuna əmin olandan sonra 1952-ci ildə vəftiz oldu.

O vaxt getdiyimiz yığıncaq mənə yaşlı qadınlar klubunu xatırladırdı. Bir dəfə biz başqa bir yığıncağa qonaq getmişdik. Bu yığıncaq tamam başqa cür idi. Orada çoxlu gənclər var idi. Qratsa geri qayıdanda yığıncaqlara müntəzəm getməyə başladım və çox keçməmiş mən də öyrəndiklərimin həqiqət olduğunu başa düşdüm. Mən həmçinin Yehovanı, Öz xidmətçilərinə etibarlı dayaq olan Allahı tanımağa başladım. O Allahı ki, hətta tək qaldığımızı düşündüyümüz çətinliklərdə belə, yanımızda olur (Zəb. 3:5, 6).

Öyrəndiyim həqiqətləri insanlarla bölüşmək istəyirdim. Müjdə barədə ilk dəfə bacı-qardaşlarıma danışmışam. Məndən böyük olan dörd bacım müəllim işlədikləri üçün bizimlə qalmırdılar. Mən müxtəlif kəndlərdə  yaşayan bu bacılarıma baş çəkib onları Müqəddəs Kitabı öyrənməyə təşviq edirdim. Nəticədə, bacı-qardaşlarımın hamısı Yehovanın Şahidi oldu.

Ev-ev təbliğ xidmətinə bir həftə idi ki başlamışdım 30 yaşlarında bir qadın Müqəddəs Kitabı öyrənməyə razılaşdı. Bir müddət sonra o, vəftiz olundu. Sonralar onun həyat yoldaşı və iki oğlu da Yehovanın Şahidi oldu. Bu qadınla dərs keçə-keçə öz imanım möhkəmləndi. Çünki mənimlə əməlli-başlı Müqəddəs Kitab dərsi keçirilməmişdi. Mən hər dərsə yaxşı-yaxşı hazırlaşmalı olurdum. Beləcə, birinci özümü öyrədirdim ki, şagirdə də nə isə öyrədə bilim. Bunun sayəsində həqiqəti dərindən başa düşdüm. 1954-cü ilin aprel ayında həyatımı Yehovaya həsr edib vəftiz oldum.

«BİZİ TƏQİB EDİRLƏR, AMMA TƏK DEYİLİK»

Mən 1955-ci ildə Almaniya, Fransa və İngiltərədə keçirilən beynəlxalq toplantılarda iştirak etdim. Londonda Albert Şröder qardaşla tanış oldum. O vaxt qardaş Gilead Məktəbində dərs deyirdi. Sonralar o, Rəhbərlik Şurasının üzvü kimi xidmət etmişdi. Britaniya muzeyini ziyarət edəndə Albert qardaş bizə oradakı bir neçə Müqəddəs Kitab əlyazması barədə məlumat verdi. Bu əlyazmalarda ibrani hərfləri ilə Allahın adı yazılmışdı. Qardaş bizə əlyazmaların əhəmiyyəti barədə danışdı. Bu söhbət mənə həm mənəvi, həm də ruhani cəhətdən təkan verib mənim Allahın Kəlamındakı həqiqəti insanlara danışmaq qətiyyətimi birə-beş artırdı.

Əməkdaşım (sağdakı) və mən. Mistelbax şəhərində xüsusi öncül olanda

1956-cı il yanvarın biri öncül xidmətinə başladım. Dörd aydan sonra Mistelbax şəhərinə xüsusi öncül təyin olundum. O vaxtlar bu şəhərdə bir nəfər də olsun Yehovanın Şahidi yox idi. Bu xidmətdə mən yeni bir çətinliklə rastlaşdım. Öncül əməkdaşımla tamamilə fərqli insanlar idik. Mənim 19, onun 25 yaşı var idi. Mən şəhərdə böyümüşdüm, o, kənddə. Mən səhərlər çox yatmağı sevirdim, o isə tez durmağı. Axşamlar isə mən gec yatırdım, o isə tez. Amma Müqəddəs Kitab məsləhətlərinin sayəsində aramızdakı bu fərqi nəzərə almağı öyrəndik və beləcə, öncül kimi əməkdaşlığımız çox gözəl alındı.

Sonra biz başqa çətinliklərlə qarşılaşdıq. Hərdən hətta təqib də olunurduq, amma biz tək deyildik (2 Kor. 4:7—9). Bir dəfə bir kəndə təbliğ etməyə gedəndə kənd camaatı itləri açıb üstümüzə buraxdı. Bir göz qırpımında iri-iri itlər bizi dövrəyə alıb üstümüzə hürməyə və dişlərini qıcamağa başladılar. Öncül əməkdaşımla bir-birimizin əlindən tutduq və mən Yehovaya yalvarıb dedim: «Yehova, nə olar, elə et, onlar bizim üstümüzə cumanda dərhal ölək!» İtlər bizim bir addımlığımızda olanda qəfil dayandılar və quyruqlarını bulaya-bulaya dönüb getdilər. Biz bunu Yehovanın müdafiəsi kimi qəbul etdik. Sonra bütün kəndi dolaşıb təbliğ etdik. Maraqlısı o idi ki, camaat çox həvəslə qulaq asırdı. İtlərin bizə dəyməməsi və bu dəhşətli hadisədən sonra bizim qətiyyətlə təbliğ etməyimiz onları məəttəl qoymuşdu. Sonralar bu kənddən bir neçə nəfər Yehovanın Şahidi oldu.

Başımıza daha bir dəhşətli hadisə gəlmişdi. Kirayə qaldığımız evin sahibi sərxoş halda evə gəlib qonşuları narahat etdiyimizi iddia edərək bizi ölümlə hədələdi. Arvadı onu sakitləşdirməyə çalışsa da, bacarmırdı. Onların səsi  düz bizim otağa, evin ikinci mərtəbəsinə kimi gəlib çatırdı. Biz cəld qapının arxasına stul dayayıb əşyalarımızı yığmağa başladıq. Qapını açıb çıxmaq istəyəndə gördük ki, ev sahibi əlində iri bıçaq pilləkənin başında durub. Biz əşyalarımız da əlimizdə cəld arxa qapıdan çıxdıq. Bağçanın içindən keçən uzun yolla qaçıb canımızı qurtardıq və bir də o evə qayıtmadıq.

Bir otelə gedib orada otaq tutduq. Burada düz bir il qalası olduq. Bunun xidmətimizə müsbət təsiri oldu. Çünki otel şəhərin düz mərkəzində yerləşirdi. Müqəddəs Kitab dərsi keçdiyimiz insanlar da dərslərini oteldə keçməyimizi istəyirdilər. Çox keçmədi ki, bizim otaqda təxminən 15 nəfərin iştirakı ilə kitaböyrənmə və «Gözətçi qülləsi» müzakirəsi keçirilməyə başladı.

Biz Mistelbaxda bir ildən çox qaldıq. Sonra məni Qratsın cənub-şərqində yerləşən Feldbax şəhərinə təyin etdilər. Burada da yığıncaq yox idi. Yeni əməkdaşımla mən taxta evin ikinci mərtəbəsindəki balaca bir otaqda yaşayırdıq. Külək əsəndə evin taxtalarının arasından hava keçdiyi üçün dəlmə-deşikləri qəzetlə tutmuşduq. Suyu quyudan çəkirdik. Amma bu çətinlikləri yaşamağa dəyərdi. Bir neçə ayın içində burada qrup yarandı. Və dərs keçdiyimiz bir ailənin 30 nəfər üzvü tədricən həqiqəti qəbul etdi.

Yaşadığım bu hadisələr mənim Yehovaya minnətdarlığımı artırdı, çünki Onun Padşahlığı hər şeydən üstün tutan xidmətçilərinə həmişə dayaq olduğunu gördüm. Həyatda elə vəziyyətlər ola bilər ki, heç kimin bizə əli çatmaz, amma Yehova həmişə yanımızdadır (Zəb. 121:1—3).

YEHOVA «HAQQ OLAN SAĞ ƏLİ» İLƏ MƏNƏ DAYAQ OLUB

1958-ci ildə Nyu-York şəhərinin «Yanki» və «Polo Qraunds» stadionlarında beynəlxalq toplantı keçirilirdi. Toplantıda iştirak etmək üçün ərizə doldurdum. Avstriya filialı məndən Gilad Məktəbinin 32-ci sinfində oxumaq istəyib-istəmədiyimi soruşdu. Heç belə şərəfli dəvətə «yox» demək olar?! Təbii ki, mən onlara dərhal «hə» cavabı verdim.

Məktəbdə Martin Petsinger adlı qardaşın yanında otururdum. O, nasist həbs düşərgəsində çoxlu işgəncələrə məruz qalmışdı. Sonralar o da Rəhbərlik Şurasının üzvü olmuşdu. Martin qardaş hərdən dərs vaxtı yavaşca  məndən soruşurdu: «Erika, Almanca bu nə deməkdir?»

Tədris müddətinin ortasında Neytan Norr qardaş təyinatlarımızı elan etdi. Mən Paraqvaya təyin olunmuşdum. Çox gənc olduğumdan bu ölkəyə daxil olmaq üçün atamın icazəsi lazım idi. İcazəni alandan sonra 1959-cu ilin mart ayında Paraqvaya yola düşdüm. Mən və yeni əməkdaşım Asunsion şəhərində, xüsusi təyinatlı müjdəçilərin yaşadığı evdə qalırdıq.

Buraya gələndən qısa müddət sonra Gilad Məktəbinin 30-cu sinfinin məzunu Volter Brayt qardaşla tanış oldum. Bir müddət keçəndən sonra biz ailə qurduq və həyatın çətinliklərinə birgə sinə gərməyə başladıq. Hər dəfə ağır problemlərlə rastlaşanda Yehovanın Əşiya 41:10 ayəsində verdiyi vədi oxuyurduq: «Qorxma, Mən səninləyəm. Təlaşa düşmə, sənin Allahın Mənəm. Sənə qüvvət verəcəyəm». Bu ayə bizi bir daha əmin etdi ki, nə qədər ki, biz Yehovaya sadiqik və Onun Padşahlığını hər şeydən uca tuturuq O, bizi tək qoymayacaq.

Biz Braziliya sərhədinə yaxın əraziyə təyinat aldıq. Burada keşişlər cavan uşaqları qızışdırıb öyrətmişdi ki, bizim qaldığımız xüsusi təyinatlı müjdəçilər üçün evi daşa bassınlar. Ev onsuz da yaxşı vəziyyətdə deyildi. Həmin ərəfələrdə Volter polis rəisi ilə Müqəddəs Kitab dərsi keçməyə başladı. O, polislərə bir həftə evin keşiyini çəkməyi tapşırdı. Bundan sonra təqibçilər bizdən əl çəkdi. Bu hadisədən qısa müddət sonra bizi Braziliya sərhədinin o tayına köçürdülər. Burada ev şəraiti daha yaxşı idi. Buraya köçməyimizin müsbət tərəfləri çox idi, çünki bizim həm Paraqvayda, həm də Braziliyada görüşlər keçirmək imkanımız yarandı. Buradakı təyinatımız başa çatanda bu ərazidə artıq iki kiçik yığıncaq var idi.

Həyat yoldaşımla mən. Paraqvayın Asunsion şəhərində xüsusi təyinatlı müjdəçi kimi xidmət edəndə

YEHOVA YENƏ DƏ MƏNƏ DAYAQ OLUR

Həkim mənə demişdi ki, heç vaxt uşağım olmayacaq. Buna görə də 1962-ci ildə hamilə olduğumu öyrənəndə çox təəccübləndim. Biz Florida ştatının Hollivud şəhərinə, Volterin valideynlərinin yaxınlığına köçdük. Ailə məsuliyyətlərindən irəli gələrək, bir neçə il öncül kimi xidmət edə bilmədik. Amma həmişə olduğu kimi Padşahlığın işi həyatımızda ən vacib yeri tuturdu (Mət. 6:33).

Floridaya 1962-ci ilin noyabr ayında gəldik. Yığıncaqlardakı əhval-ruhiyyə bizi çox təəccübləndirmişdi. Camaatın düşüncə tərzi yığıncaqlara sirayət etmişdi: ağ dərili və qara dərili bacı-qardaşlar ayrı-ayrı toplaşır, ayrı-ayrılıqda təbliğ edirdilər. Ancaq bildiyimiz kimi Yehova irqlər arasında ayrı-seçkilik etməyən Allahdır. Odur ki, qısa müddət sonra bu problem aradan qalxdı. Artıq yığıncaqlarda müxtəlif irqlərdən insanları görmək olardı. Hal-hazırda bu ərazidə onlarla yığıncağın fəaliyyət göstərməsi bu işin Yehovadan olduğunu sübut edir.

2015-ci ildə çox dərin kədər yaşadım. Volter beyin xərçəngindən vəfat etdi. O, mənə 55 il gözəl həyat yoldaşı olub. Volter Yehovanı çox sevirdi və nə qədər bacı-qardaşa kömək etmişdi. Onun yeni dünyada sağlam canla diriləcəyi günü səbirsizliklə gözləyirəm (Həv. 24:15).

Qırx ildən çoxdur ki, tamvaxtlı xidmətdəyəm və buna görə özümü çox xoşbəxt sayıram. Bu illər mənə çoxlu sevinc və nemətlər bəxş edib. Məsələn, Volterlə birlikdə 136 nəfərə vəftiz olmağa kömək etmişik. Sözsüz, bu illər çətinliksiz də ötüşməyib. Amma bu problemlərə görə vəfalı Allahımız Yehovaya xidməti dayandırmaq ağlımızın ucundan da keçməyib. Əksinə, belə anlarda məsələni Yehovanın öhdəsinə buraxıb Ona daha da yaxın olurduq, inanırdıq ki, O, vədəsində və Öz bildiyi yolla məsələni yoluna qoyacaq. Və Yehova bu cür də edirdi (2 Tim. 4:16, 17).

Volter üçün çox darıxıram. Amma öncül xidməti mənə bu həsrətə dözməyə güc verir. İnsanlara dərs keçmək, onlara dirilmə ümidi barədə danışmaq mənə bu itkiyə tab gətirməyə xüsusilə kömək edir. Yehova məni heç vaxt tək qoymayıb. Bunu təsdiq edən halları saymaqla bitməz. Yehova söz verdiyi kimi, həmişə mənə dayaq olub, qüvvət verib və haqq olan sağ əli ilə məni bərk-bərk tutub (Əşy. 41:10).