Kontentə keç

Mündəricatı göstər

 BİOQRAFİYA

Yehova yollarımı rəvan etdi

Yehova yollarımı rəvan etdi

CAVAN bir qardaş bir dəfə məndən soruşdu: «Sevimli ayən hansıdır?» O dəqiqə dedim: «Məsəllər 3-cü fəsil 5-ci və 6-cı ayələr. Orada deyilir: “Bütün qəlbinlə Yehovaya etibar et, öz ağlına güvənmə. Hər işində Onu düşün, O da yollarını rəvan edər”». Yehova, doğrudan da, mənim yollarımı rəvan etdi. Gəlin sizə bu haqda danışım.

VALİDEYNLƏRİMİN KÖMƏYİLƏ DÜZ YOLA QƏDƏM QOYURAM

Valideynlərim həqiqəti 1920-ci illərdə ailə qurmazdan öncə öyrənib. Mən 1939-cu ilin əvvəlində anadan olmuşam. Biz İngiltərədə yaşayırdıq. Valideynlərim məni özlərilə ibadət görüşlərinə aparırdı. Bir müddət sonra mən Teokratik Xidmət Məktəbinə yazıldım. İlk çıxışım indiyə kimi yadımdadır. Boyum kürsüyə çatsın deyə qutunun üstünə çıxmışdım, 6 yaşım var idi. Kürsüdən baxdım ki, böyük-böyük adamlar zalda oturub mənə baxırlar, çox həyəcanlı idim.

Valideynlərimlə birgə ictimai şahidlikdə iştirak edirəm

Atam vərəqədə sadə təqdimat çap edib, mənə vermişdi ki, xidmətdə istifadə edim. Qapını ilk dəfə tək döyəndə 8 yaşım var idi. Ev sakini vərəqəni oxudu və təklif etdiyim «Allah haqdır» kitabını dərhal götürdü. Sevincimdən küçə ilə qaçıb bunu atama xəbər verdim. Təbliğ xidməti və yığıncaq görüşləri mənə böyük sevinc gətirirdi. Onlar ürəyimdə Yehovaya tamvaxtlı xidmət etmək istəyi oyatdı.

Atam mənim üçün «Gözətçi qülləsi»nə abunə olandan sonra Müqəddəs Kitab həqiqətini daha da çox sevdim. Poçta jurnal gələn kimi tez onu götürüb, böyük həvəslə oxuyurdum. Yehovaya güvəncim artdı və nəticədə özümü Ona həsr etmək qərarına gəldim.

1950-ci ildə ailəlikcə Nyu-Yorkda keçirilən «Teokratiyanın inkişafı» adlı toplantıya getmişdik. Dördüncü gün avqustun 3-ü günün mövzusu «Xüsusi təyinatlı müjdəçi günü» adlanırdı. Həmin gün Keri Barber qardaş vəftiz məruzəsini söylədi. (O, sonralar Rəhbərlik Şurasının üzvü oldu.) Məruzənin sonunda o, vəftiz olacaq kəslərə iki sual verdi. Mən qalxıb: «Bəli», — deyə cavabı verdim. O vaxt  11 yaşım olsa da, başa düşürdüm ki, ciddi bir addım atıram. Bircə qorxum suya girmək idi, çünki hələ üzməyi öyrənməmişdim. Əmim də mənimlə birlikdə hovuza kimi getdi. O mənə dedi ki, narahat olmayım, hər şey yaxşı olacaq. Doğrudan da, hər şey elə tez oldu ki, heç hovuzda ayağım yerə də dəymədi. Bir qardaş məni o biri qardaşa ötürdü, biri məni vəftiz etdi, o biri də məni təzədən qaldırıb hovuzdan çıxartdı. O mühüm gündən bəri Yehova həmişə mənim yollarımı rəvan edib.

YEHOVAYA ETİBAR EDİRƏM

Məktəbi bitirəndən sonra öncül xidmətinə başlamaq istəyirdim. Amma müəllimlərim məni ali təhsil almağa təşviq edirdilər. Onların təsirinə uyub, universitetə daxil oldum. Çox keçməmiş, başa düşdüm ki, həqiqətdə möhkəm qalmağım, eyni zamanda da fikrimi təhsilimə cəmləməyim mümkün olmayacaq. Buna görə də təhsilimi dayandırmaq qərarına gəldim. Bu barədə dua etdim, hörmətcil şəkildə imtina məktubu yazdım və birinci ilin sonunda universitetdən çıxdım. Yehovaya tam etibar edib, dərhal öncül xidmətinə başladım.

1957-ci ilin iyul ayında mən Vellinqboro şəhərində tamvaxtlı xidmətə başladım. London Beytelindəki qardaşlardan xahiş etdim ki, mənə əməkdaşlıq etmək üçün təcrübəli bir öncül qardaşı məsləhət görsünlər. Bert Veyzi qardaş mənə çox şeyi öyrətdi. O, çox şövqlü təbliğçi idi və mənə təbliğ cədvəli qurmağa kömək etdi. Xidmət etdiyim yığıncaqda mən idim, Veyzi qardaş idi və altı nəfər yaşlı bacı. Bütün yığıncaq görüşlərinə hazırlaşmaq, iştirak etmək Yehovaya etibarımı daha da artırdı və yığıncaqda şərhlər vermək sayəsində imanımı izhar etmək üçün çoxlu imkanım oldu.

Hərbi xidmətdən imtina etdiyim üçün qısa müddət həbsdə oldum. Sonra xüsusi öncül kimi xidmət edən Barbara adlı bacı ilə tanış oldum. 1959-cu ildə ailə qurduq. Biz hara təyin olunsaq, ora da getməyə hazır idik. İlk təyinatımız İngiltərənin şimal-qərbi olan Lankaşir qraflığı idi. 1961-ci ilin yanvar ayında mən London Beytelində keçiriləcək Məsul Qardaşlar üçün Məktəbə dəvət aldım. Təlim müddəti bir ay idi. Məktəbin sonunda səyyar xidmətə təyin olundum, bu mənim üçün gözlənilməz idi. İki həftə Birminhem şəhərində təcrübəli rayon nəzarətçisindən təlim aldım. Barbaraya mənimlə birgə getməsinə izin verildi. Sonra Lankaşir və Çeşir qraflığına təyinatımıza yollandıq.

YEHOVAYA ETİBAR EDƏN YARI YOLDA QALMAZ

1962-ci ilin avqust ayında məzuniyyətdə olarkən filialdan məktub aldıq. Zərfin içində Gilad məktəbində oxumaq üçün ərizə var idi! Bu haqda dua edəndən sonra Barbara ilə mən ərizələri doldurduq və tələb olunduğu kimi, tez bir zamanda filiala yolladıq. Beş ay sonra Gilad məktəbinin 38-ci sinfində təlim almaq üçün biz Bruklinə (Nyu-York) yola düşdük. Bu Müqəddəs Kitab məktəbinin müddəti on ay idi.

 Gilad məktəbində təkcə Allahın Kəlamı və təşkilatı haqda yox, həmçinin ümumdünya qardaşlığımız haqda da çox şey öyrəndik. O vaxt 23—24 yaşında idik və sinifdəki digər şagirdlərin nümunəsindən özümüzə çox şey götürdük. Biz təlim almaqla yanaşı, Beytel işinə də təyin olunmuşduq. Bu təyinatda mənə hər gün müəllimlərimizdən biri olan Fred Rask qardaşla xidmət etmək şərəfi nəsib olmuşdu. Onun öyrətdiyi möhtəşəm dərslərdən biri o idi ki, biz həmişə salehliklə məsləhət verməliyik, yəni məsləhətimizin tamamilə Müqəddəs Kitaba əsaslandığına əmin olmalıyıq. Dərs zamanı məruzələr söyləyən qardaşların sırasında Neytan Norr, Frederik Frans və Karl Kleyn kimi təcrübəli qardaşlar var idi. Biz şagirdlər A. Makmillan qardaşın təvazökarlığından o qədər şey öyrəndik ki! O, məruzələrində 1914—1919-cu illərdəki sınaqlar zamanı Yehovanın Öz xalqına necə rəhbərlik etməsindən danışmışdı.

YENİ TƏYİNAT

Gilad məktəbinin sonuna yaxın Norr qardaş mənimlə Barbaraya dedi ki, biz Afrikanın Burundi ölkəsinə təyin olunuruq. Biz tez Beytelin kitabxanasına qaçdıq və Burundidə nə qədər təbliğçinin olduğunu bilmək üçün «İllik fəaliyyət» kitabını vərəqlədik. Məəttəl qalmışdıq, bu ölkədə təbliğçilərin sayı ilə bağlı heç bir məlumat yox idi. Başa düşdük ki, təbliğçilərin ayağı dəyməyən bir əraziyə yollanırıq. Üstəlik, bu ölkə Afrikada yerləşirdi, Afrika haqqında isə çox az məlumatımız var idi. Bizi fikir götürmüşdü, amma hərarətli dualarımız sakitləşməyimizə kömək etdi.

Bu təyinatımızda hər şey bizim üçün yeni idi. Həm iqlim, həm mədəniyyət, həm də dil. Biz fransız dilini öyrənməli idik. Üstəlik, qalmağa yer tapmalı idik. Burundiyə gələndən iki gün sonra Giladdakı sinif yoldaşlarımızdan biri olan Harri Arnot Zambiyaya təyinatına qayıdarkən bizi ziyarət etdi. O bizə ev tapmağa kömək etdi və bu bizim ilk xüsusi təyinatlı müjdəçi evimiz oldu. Amma çox keçməmiş dövlət tərəfindən müqavimətlə üzləşdik. Onların Yehovanın Şahidləri haqda heç bir məlumatı yox idi. Buraya elə təzəcə öyrəşmişdik ki, iş icazəsi olmadan burada qala bilməyəcəyimizi dedilər. Əfsuslar olsun ki, ölkəni tərk etməli olduq və bu dəfə Uqandaya öyrəşməli idik.

 Vizamız olmadığına görə Uqandaya getməyə qorxurduq, amma Yehovaya bel bağladıq. Uqandada tələbat olan ərazidə xidmət edən bir kanadalı qardaş vəziyyətimizi miqrasiya işçisinə izah etdi. Ölkədə yaşamağa icazə alana kimi bizə bir neçə ay burada qalmağa icazə verildi. Hadisələrin bu cür cərəyan etməsi bizim üçün işarə idi ki, Yehovanın nəzəri üzərimizdədir.

Burada vəziyyət Burundidən fərqli idi. Uqandada təbliğ işi artıq başlamışdı, amma bütün ölkədə cəmi 28 Yehovanın Şahidi var idi. Bu ərazidə çox adam ingilis dilini bilirdi. Amma qısa zamanda başa düşdük ki, maraqlanan insanların ruhən inkişaf etməsi üçün bir çox yerli dilin içindən heç olmasa, birini öyrənməliyik. Biz Kampalada təbliğ etməyə başladıq, burada əksəriyyət luqanda dilində danışırdı. Buna görə də bu dili öyrənmək qərarına gəldik. Bu dildə səlis danışmağımız bir neçə il çəkdi. Amma bunun sayəsində təbliğ işimiz daha bəhrəli oldu! Dərs keçdiyimiz insanların hansı sahələrdə ruhani biliklərə ehtiyac duyduğunu daha yaxşı başa düşdük, onlar isə ürəklərini bizə açmağa başladılar, öyrəndikləri haqda düşüncələrini bölüşdülər.

ÇOXSAYLI SƏFƏRLƏR

Uqandaya «axtarış səfərinə» yollanarkən

Həqiqəti qəbul edən həlim qəlbli insanları tapmaq bizə böyük sevinc bəxş edirdi. Amma bütün ölkədə səyyar xidmətə təyin olunanda, daha da sevindik. Keniya filialının rəhbərliyi altında biz xüsusi öncüllərə tələbat olan əraziləri axtarmağa yollandıq. Yehovanın Şahidləri ilə heç vaxt rastlaşmayan insanlar bizimlə çox qonaqpərvər davrandılar, bizi xoş qarşıladılar, hətta bizə yemək hazırladılar.

Sonra başqa növ səfərə yollandım. Kampaladan iki gün qatarla yol gedib, Keniyanın dəniz portu Mombasa çatdım, oradan da Hind okeanında yerləşən Seyşel Adalarına yollandım. Sonralar 1965—1972-ci illər ərzində Seyşel Adalarına etdiyim müntəzəm ziyarətlər zamanı Barbara da mənimlə birlikdə gedirdi. O vaxt həmin ərazilərdə iki təbliğçi var idi. Lakin sonra qrup yarandı, daha sonra isə gözəl bir yığıncaq. Digər səfərlər zamanı mən Eritreyadakı, Efiopiyadakı və Sudandakı bacı-qardaşları ziyarət etdim.

Uqandada hərbi çevrilişdən sonra ölkədə siyasi vəziyyət qəfil dəyişdi. Bundan sonra başlayan dəhşətli illər mənə «padşaha məxsus şeyləri padşaha» vermək göstərişinə itaət etməyin nə qədər hikmətli olduğunu öyrətdi (Mark 12:17). O vaxt belə bir göstəriş verildi ki, başqa millətdən olan bütün sakinlər evlərinin yaxınlığındakı polis məntəqəsində qeydiyyatdan keçsin. Biz dərhal bu göstərişə əməl etdik. Bir neçə gün sonra bir xüsusi təyinatlı müjdəçi ilə mən maşınla Kampaladan keçərkən gizli polis zabitləri bizə yaxınlaşdı. Yaman qorxmuşduq. Onlar bizi casusluqda ittiham etdilər və baş polis idarəsinə apardılar. Orada izah etdik ki, biz müjdəçilik işi ilə məşğul olan sülhpərvər insanlarıq. Nə qədər desək də ki, biz artıq qeydiyyatdan keçmişik, bizə qulaq asan olmadı. Silahlı mühafizəçilərin nəzarəti altında bizi evimizin yaxınlığındakı polis məntəqəsinə apardılar. Oradakı polis əməkdaşı bizi tanıdı. O bilirdi ki, biz qeydiyyatdan keçmişik, mühafizəçilərə əmr etdi ki, bizi buraxsınlar. Ürəyimiz yerinə gəldi!

O vaxtlar hərbi blok-postlardan keçəndə, xüsusilə də bizi sərxoş əsgərlər saxlayanda  hədsiz narahatlıq keçirirdik. Hər dəfə oradan sağ-salamat keçəndə Yehovaya dua edirdik, ürəyimiz yerinə gəlirdi. Əfsuslar olsun ki, 1973-cü ildə bütün əcnəbi xüsusi təyinatlı müjdəçilərə Uqandanı tərk etmələri ilə bağlı göstəriş verildi.

Kot-d’İvuar filialında, Abidjan şəhərində «Müqəddəs ibadətimiz» vərəqəsinin sürətini çıxarıram

Bizim təyinatımız yenidən dəyişdi. Bu dəfə biz Kot-d’İvuara, Qərbi Afrikaya təyin olunduq. Bu bizim üçün böyük dəyişiklik idi. Çünki tamamilə yeni mədəniyyətə öyrəşməli idik, yenidən ancaq fransızca danışmalı idik və müxtəlif mədəniyyətlərdən olan xüsusi təyinatlı müjdəçilərlə yaşamağa öyrəşməli idik. Amma həmişə olduğu kimi, bu dəfə də Yehovanın bizi yönəltdiyini gördük. Çünki həlim, səmimi qəlbli insanlar dərhal xoş xəbərə hay verirdi. İkimiz də şahid olduq ki, Yehovaya etibar etmək yollarımızı rəvan etdi.

Sonra qəfil bildik ki, Barbara xərçəng xəstəliyinə tutulub. Onun əsaslı müalicə alması üçün dəfələrlə Avropaya gedib gəlirdik. Amma 1983-cü ildə gördük ki, artıq Afrikada xidmətimizi davam etdirə bilmərik. Buranı tərk etmək ikimiz üçün də ağır idi!

VƏZİYYƏT DƏYİŞİR

Xidmətimizi London Beytelində davam etdirdik. Barbaranın vəziyyəti getdikcə ağırlaşdı və o vəfat etdi. Beytel ailəsi bu itkiyə dözmək üçün mənə çox dayaq oldu. Bir ər-arvadın bu vəziyyətə uyğunlaşmağımda və Yehovaya etibar etməyə davam etməyimdə xüsusilə böyük köməyi oldu. Sonralar mən Beytelə kömək etməyə gələn Ann adlı bir bacı ilə tanış oldum. O, əvvəllər xüsusi öncül kimi xidmət etmişdi. Yehovaya olan güclü məhəbbətindən görünürdü ki, o, yetkin insandır. Biz 1989-cu ildə ailə qurduq və o vaxtdan London Beytelində xidmət edirik.

Yeni Britaniya Beytelinin ərazisində Ann ilə birgə

1995—2018-ci illər ərzində mən baş idarənin nümayəndəsi kimi (əvvəlki adı filiallar üzrə nəzarətçi) təxminən 60 ölkəni ziyarət etmişəm. Hər ziyarətimdə Yehovanın, vəziyyətdən asılı olmayaraq, həmişə Öz xalqının qayğısına qaldığını görmüşəm.

2017-ci ildə Afrikanı ziyarət etdim. Annı ilk dəfə Burundiyə aparacağıma görə çox sevinirdim. Bu ərazidəki ruhani inkişafı görəndə ikimiz də heyran qaldıq. 1964-cü ildə ev-ev təbliğ etdiyim küçədə indi gözəl Beytel binası var və ölkə üzrə təbliğçilərin sayı 15 500-dən çoxdur.

Mənə 2018-ci ildə ziyarət edəcəyim ölkələrin siyahısını verəndə sevincimin həddi-hüdudu yox idi. Çünki siyahıda Kot-d’İvuarın adı var idi. Oradakı ən böyük şəhər olan Abidjana gələndə, elə bil, öz evimə gəldim. Beyteldə qonaqlar üçün nəzərdə tutulan otaqda qalırdım. Orada telefon siyahısına baxdım və gördüm ki, otağımızın yanındakı otaqda yaşayan qardaşın adı Sosudur. Bildim o kimdir, mən Abidjanda olanda o, ölkə nəzarətçisi kimi xidmət edirdi. Amma sən demə, yanılmışdım. Çünki bu başqa Sosu idi, onun oğlu idi.

Yehova sözünə sadiq qaldı. Bu enişli-yoxuşlu həyat yolunda öyrəndim ki, Yehovaya etibar edəndə O, yollarımızı rəvan edir. Biz yeni dünyada daha da işıqlı olacaq bu yolda əbədiyyən yeriməyi həsrətlə gözləyirik (Məs. 4:18).