Kontentə keç

Mündəricatı göstər

 TƏLİM MƏQALƏSİ 51

Yehovanı nə dərəcədə yaxşı tanıyırsınız?

Yehovanı nə dərəcədə yaxşı tanıyırsınız?

«Adını tanıyanlar Sənə təvəkkül edir, ey Yehova, Səni axtaranlardan üz döndərməzsən» (ZƏB. 9:10).

NƏĞMƏ 56 Həqiqətə bağlan

İCMAL *

1, 2. Angelitonun hadisəsindən göründüyü kimi, hər birimiz nə etməliyik?

VALİDEYNLƏRİNİZ Yehovanın Şahididir? Əgər belədirsə, düşünməyin ki, onların Yehova ilə dostluqları irsən sizə də keçəcək. Valideynlərinin Yehovaya ibadət edib-etməməsindən asılı olmayaraq, hər kəs Yehova ilə şəxsən dostluq münasibəti qurmalıdır.

2 Gəlin Angelito adlı bir qardaşın nümunəsinə baxaq. O, məsihi ailəsində böyüsə də, yeniyetmə yaşlarında özünü Yehovaya elə də yaxın hiss etmirdi. Qardaş deyir: «Sadəcə valideynlərimin yolu ilə getmək istədiyim üçün Yehovaya ibadət edirdim». Bununla belə, Angelito Allahın Kəlamını mütaliə edib dərinliyinə varmağa daha çox vaxt ayırmaq qərarına gəlir və Yehovaya daha tez-tez dua etməyə başlayır. Bu, nə ilə nəticələnir? Qardaş deyir: «Başa düşdüm ki, əziz Yaradanımı, Yehovanı şəxsən özüm tanıdığım təqdirdə Ona yaxın ola bilərəm». Angelitonun hadisəsi bizi bəzi sualların üzərində düşündürür: «Yehova haqda məlumatlı olmaqla Onu yaxından tanımaq arasında hansı fərq var? Yehovanı necə tanıya bilərik?»

3. Yehova haqda məlumatlı olmaqla Onu yaxından tanımaq arasında hansı fərq var?

3 Yehova haqda məlumatlı olan kəs Onun adını bilən və dediklərindən, etdiklərindən müəyyən qədər xəbəri olan kəsdir. Amma Yehovanı yaxından tanımaq özünə daha çox şeyi daxil edir. Biz Yehova və Onun gözəl keyfiyyətləri  barədə öyrənməyə vaxt ayırmalıyıq. Yalnız bu halda Onun dediklərinin, etdiklərinin nədən irəli gəldiyini anlamağa başlayacağıq. Bu, Yehovanın fikirlərimizdən, qərarlarımızdan, hərəkətlərimizdən razı qalıb-qalmadığını anlamağa kömək edəcək. Onun bizdən nə gözlədiyini bildikdən sonra isə bildiklərimizə uyğun davranmalıyıq.

4. Müqəddəs Kitabdakı nümunələri araşdırmaq bizə hansı sahədə kömək edəcək?

4 Ola bilsin, bəziləri Yehovaya xidmət etmək istədiyimiz üçün bizi ələ salsın; ibadət görüşlərinə getməyə başlayanda isə daha çox maneə ilə üzləşə bilərik. Amma Yehovaya etibar etsək, O, heç vaxt bizi tək qoymayacaq. Beləcə, biz əbədi sürəcək dostluğun — Yehova ilə dostluğun təməlini qoymağa başlayacağıq. Yehovanı yaxından tanımaq doğrudan da, mümkündür? Əlbəttə! Qeyri-kamil insanlar olan Musa peyğəmbər və Davud padşahın nümunəsi bunun mümkün olduğunu göstərir. Onların müəyyən vəziyyətlərdə necə davrandığını nəzərdən keçirməklə iki suala cavab tapacağıq: «Onlar Yehovanı necə tanıyıblar? Onların nümunəsindən nə öyrənirik?»

MUSA PEYĞƏMBƏR «GÖZƏGÖRÜNMƏZİ» GÖRÜRDÜ

5. Musa peyğəmbər hansı qərarı vermişdi?

5 Musa peyğəmbər öyrəndiklərinə uyğun davranırdı. Təxminən 40 yaşı olanda o, «firon qızının oğlu» adlanmaqdan imtina edərək Allahın xalqı ilə, israillilərlə birgə olmağa üstünlük verdi (İbr. 11:24). Peyğəmbər yüksək mövqedən imtina etdi. O bilirdi ki, Misirdə qul olan israillilərə dəstək olmaqla fironun, misirlilərin allah hesab etdiyi qüdrətli hökmdarın qəzəbinə tuş gələcək. Musa peyğəmbər, doğrudan da, böyük iman sahibi idi! O, Yehovaya etibar edirdi. Bu etibar əbədi dostluğun təməl daşı idi (Məs. 3:5).

6. Musa peyğəmbərin nümunəsindən nə öyrənirik?

6 Bundan nə öyrənirik? Musa peyğəmbər kimi hər birimiz qərar verməliyik: «Allaha ibadət etmək və Onun xalqı arasında olmaq istəyəcəyik?» Yehovaya ibadət etmək üçün, ola bilsin, nələrisə qurban vermək lazım gəlsin. Həmçinin Onu tanımayanların bizə qarşı çıxacağını gözə almalıyıq. Amma göydəki Allahımıza etibar etsək, Onun bizə dayaq olacağına arxayın ola bilərik!

7, 8. Musa peyğəmbər nəyi öyrənməyə davam edirdi?

7 Musa peyğəmbər Yehovanın xüsusiyyətləri barədə öyrənməyə və Onun iradəsinə uyğun davranmağa davam edirdi. Misal üçün, Musa İsrail xalqını Misir əsarətindən çıxarmaq tapşırığını alanda bunun öhdəsindən gələ bilməyəcəyini düşünürdü və bunu dəfələrlə Yehovaya bildirmişdi. Yehova Musaya qarşı şəfqətlə davranmış və ona kömək etmişdi (Çıx. 4:10—16). Nəticədə, peyğəmbər ağır hökm xəbərlərini firona çatdıra bilmişdi. Beləcə, Musa peyğəmbər Yehovanın qüdrətinə şahid olmuşdu: Yehova israilliləri xilas etmiş, fironu və onun ordusunu isə Qırmızı dənizdə məhv etmişdi (Çıx. 14:26—31; Zəb. 136:15).

8 Musa peyğəmbər israilliləri Misirdən çıxarandan sonra onlar elə hey giley-güzar edirdilər. Amma peyğəmbər görürdü ki, Yehova əsarətdən qurtardığı xalqı ilə necə səbirlə davranır (Zəb. 78:40—43). Musa peyğəmbər həmçinin Yehovanın heyrətamiz təvazökarlığının da şahidi olmuşdu: onun xahişi ilə Yehova fikrindən daşınmışdı (Çıx. 32:9—14).

9. İbranilərə 11:27 ayəsinə əsasən, Musa peyğəmbərin Yehova ilə münasibəti nə dərəcədə yaxın idi?

 9 Misirdən çıxandan sonra Musa peyğəmbərin Yehova ilə münasibətləri elə yaxın olmuşdu ki, o, sanki Onu görürdü. (İbranilərə 11:27 ayəsini oxuyun.) Onların arasındakı münasibətin nə dərəcədə yaxın olduğunu Müqəddəs Kitabdakı növbəti sözlərdən görmək olar: «İki nəfər bir-biri ilə necə danışırsa, Yehova da Musa ilə elə danışırdı, üz-üzə» (Çıx. 33:11).

10. Yehovanı yaxşı tanımaq üçün nə etməliyik?

10 Bundan nə öyrənirik? Yehovanı yaxşı tanımaq üçün Onun xüsusiyyətləri haqda öyrənmək kifayət deyil, biz Onun iradəsinə uyğun davranmalıyıq. Bu gün Yehovanın iradəsi odur ki, «hər cür insan xilas olub həqiqət barəsində dəqiq biliyə yiyələnsin» (1 Tim. 2:3, 4). İnsanlara Yehova haqqında öyrətmək Onun iradəsinə uyğun davranmağın bir yoludur.

11. İnsanlara Yehova haqda öyrətmək Onu daha yaxşı tanımağımıza necə kömək edir?

11 Əksər hallarda, insanlara Yehova haqda öyrədəndə özümüz də Onu daha yaxşı tanıyırıq. Misal üçün, Yehovanın bizə səmimi-qəlbli insanları tapmağa kömək etməsi Onun şəfqətindən xəbər verir (Yəh. 6:44; Həv. 13:48). Dərs keçdiyimiz insanların pis vərdişlərdən azad olub yeni şəxsiyyəti geyinməyə başladığını görəndə Allahın Kəlamının qüdrətinə şahid oluruq (Kol. 3:9, 10). Həmçinin Yehovanın ərazimizdəki insanlara qarşı nə qədər səbirli olduğunu da görürük, çünki O, dəfələrlə onlara fürsət yaradır ki, Onun haqqında öyrənib xilas olsunlar (Rom. 10:13—15).

12. Çıxış 33:13 ayəsinə əsasən, Musa peyğəmbər Yehovadan nə xahiş etmişdi və nə üçün?

12 Musa peyğəmbər Yehova ilə dostluğunu qiymətləndirirdi. O, Yehovanın adı ilə möhtəşəm möcüzələr göstərirdi, deməli, Onu yaxşı tanıyırdı. Bununla belə, Yehovanı daha yaxşı tanımaq üçün Ondan kömək istəmişdi. (Çıxış 33:13 ayəsini oxuyun.) Həmin vaxt peyğəmbərin yaşı 80-i haqlamışdı. Amma o başa düşürdü ki, məhəbbətli Yaradanı haqda hələ çox şey öyrənməlidir.

13. Yehova ilə dostluğun bizim üçün qiymətli olduğunu göstərməyin bir yolu hansıdır?

13 Bundan nə öyrənirik? Yehovaya neçə müddətdir xidmət etməyimizdən asılı olmayaraq, Onunla münasibətimizə heç vaxt adi yanaşmamalıyıq. Yehova ilə dostluğun bizim üçün qiymətli olduğunu göstərməyin bir yolu dua vasitəsilə Onunla söhbət etməkdir.

14. Nəyə görə dua Yehova haqda daha çox öyrənməkdə əvəzsiz rol oynayır?

14 Yaxşı ünsiyyət dostluq münasibətlərinin möhkəm olmasında əvəzolunmaz rol oynayır. Odur ki, Yehova ilə dostluq münasibətlərinizin möhkəm olması üçün tez-tez dua edin, ən dərin hisslərinizi Ona deməyə heç vaxt çəkinməyin (Efes. 6:18). Türkiyədə yaşayan Krista adlı bacı deyir: «Hər dəfə dua edib hisslərimi Yehova ilə bölüşəndə və Onun mənə necə kömək etdiyini görəndə Ona qarşı məhəbbətim və etibarım artır. Yehovanın dualarıma necə cavab verdiyini görmək Ona həm Atam, həm də Dostum kimi baxmağıma kömək etdi».

O, YEHOVANIN ÜRƏYİNCƏ İDİ

15. Yehova Davud padşah haqda nə demişdi?

15 Davud padşah Yehovaya həsr olunmuş xalqın arasında böyüyüb boya-başa çatmışdı. Amma onun Yehovaya ibadət etməsinə səbəb ailəsinin Yehovaya ibadət etməsi deyildi. Davudun Yehova ilə öz münasibəti var idi, Yehova da onu çox  istəyirdi. Hətta Yehova Davud haqqında «o, Mənim ürəyimcədir» demişdi (Həv. 13:22). Bəs Davud nəyin sayəsində Yehovaya belə yaxın idi?

16. Davud padşah Yehovanın yaratdıqlarını seyr edərək Onun haqqında nə öyrənmişdi?

16 Davuda Yehovanı tanımağa yaradılışı seyr etmək kömək etmişdi. O, gənc olanda atasının qoyun sürülərini otardığı üçün düzənliklərdə çox vaxt keçirirdi. Ehtimal ki, həmin vaxtdan bəri Yehovanın yaratdıqları haqda düşünməyə başlamışdı. Məsələn, Davud gecələr başını qaldırıb göylərə baxanda təkcə ulduzlu səma görmürdü. O həmçinin ulduzları yaradanın xüsusiyyətləri haqda da düşünürdü. Bütün bunlar onu növbəti sözləri yazmağa təşviq etmişdi: «Göylər Allahın əzəmətini bəyan edir, asiman əllərinin işindən danışır» (Zəb. 19:1, 2). Davud insanların necə gözəl yarandığı haqda düşündükcə, Yehovanın hikmətinə heyran olurdu (Zəb. 139:14). Yaradanın əl işləri üzərində düşünməsi sayəsində özünün nə qədər cılız olduğunu anlayırdı (Zəb. 139:6).

17. Yaradılış haqda düşünməyin sayəsində nə öyrənə bilərik?

17 Bundan nə öyrənirik? Yaradılışa maraq göstərin. Yehovanın yaratdığı bu gözəl dünyanı seyr etməyə vaxt ayırın, ona heyran olun! Hər gün ətrafınızda olan şeylər barədə — bitkilər, heyvanlar, insanlar barədə düşünüb onların sizə Yehova haqda nə öyrətdiyinə fikir verin. Onda hər açılan sabah sizə məhəbbətli Yaradan haqda çoxlu bilik verəcək (Rom. 1:20). Beləcə, Allaha olan məhəbbətiniz günü-gündən artacaq.

18. Zəbur kitabının 18-ci məzmuruna əsasən, Davud padşah nəyi dərk edirdi?

18 Davud padşah Yehovanın ona kömək etdiyinin fərqində idi. Misal üçün, o başa düşürdü ki, atasının sürülərini qoruduğu vaxt şiri, ayını Yehovanın köməyi sayəsində öldürmüşdü. Nəhəng döyüşçü Calutu məğlub edən zaman da Yehovanın ona rəhbərlik etdiyini aydın dərk edirdi (1 İşm. 17:37). Ona paxıllıq edən Talut padşahın əlindən qaçanda da Davud başa düşürdü ki, onu xilas edən Yehova idi (Zəb. 18, müqəddimə). Yəqin ki, təkəbbürlü adam bütün bunları öz gücü ilə etdiyini düşünərdi. Amma Davud təvazökar insan idi, ona görə də həyatında Yehovanın əlini görə bilirdi (Zəb. 138:6).

19. Davud padşahın nümunəsindən nə öyrənirik?

19 Bundan nə öyrənirik? Yehovadan kömək istəmək kifayət deyil. Biz həmçinin Yehovanın nə vaxt və necə kömək etdiyini görməyə çalışmalıyıq. Təvazökarlıq bizə kömək edir ki, məhdudiyyətlərimizin olduğunu və gücümüz çatmayan şeyləri Yehovanın köməyi sayəsində etdiyimizi dərk edək. Hər dəfə həyatımızda Yehovanın əlini gördükcə Onunla münasibətlərimiz daha da möhkəmlənəcək. Ficidə yaşayan Ayzek adlı bir qardaş öz həyatında bunun şahidi olub. Bu qardaş Yehovaya uzun illərdir xidmət edir. O deyir: «Həyatıma nəzər salanda Müqəddəs Kitabı öyrəndiyim gündən bu günə kimi Yehovanın mənə necə kömək etdiyini görürəm. Buna görə də Yehova mənim üçün çox realdır».

20. Davud padşahın Yehova ilə münasibətlərindən nə öyrənirik?

20 Davud padşah Yehovanın xüsusiyyətlərini əks etdirirdi. Biz Yehovanın xüsusiyyətlərini əks etdirmək bacarığı ilə yaradılmışıq (Yar. 1:26). Yehovanın xüsusiyyətləri haqda nə qədər çox öyrənsək, Ona daha çox bənzəyə biləcəyik. Davud  Yaradanını yaxşı tanıyırdı, buna görə də insanlarla münasibətdə Yehova kimi davrana bilirdi. Gəlin bir nümunəyə nəzər salaq. Baxmayaraq ki, Davud padşah Badsəba ilə zina etməklə və onun ərini öldürtməklə Yehovaya qarşı günah işləmişdi, Yehova ona mərhəmət göstərir (2 İşm. 11:1—4, 15). Çünki Davud Yehovadan örnək alaraq başqalarına qarşı mərhəmətlə davranmışdı. Yehova ilə yaxşı münasibətləri olduğuna görə Davud İsrailin ən istəkli padşahlarından biri olmuşdu. Üstəlik, Yehova İsraildəki digər padşahlara qiymət verərkən Davudu meyar götürürdü (1 Pad. 15:11; 2 Pad. 14:1—3).

21. Efeslilərə 4:24 və 5:1 ayələrinə əsasən, Yehovaya bənzəməyə çalışmaq hansı bəhrələri verir?

21 Bundan nə öyrənirik? Biz Yehovaya bənzəməyə çalışmalıyıq. Bu, həm bizim xeyrimizədir, həm də Yehovanı tanımağımıza kömək edir. Yehovanın xüsusiyyətlərini əks etdirməyə çalışanda Onun övladları olduğumuzu göstəririk. (Efeslilərə 4:24; 5:1 ayələrini oxuyun.)

YEHOVANI DAHA YAXŞI TANIMAĞA CAN ATAQ

22, 23. Yehova haqda öyrəndiklərimizi tətbiq etmək hansı nəticəni verəcək?

22 Gördüyümüz kimi, Yehova Özünü bizə yaratdıqları və Kəlamı olan Müqəddəs Kitab vasitəsilə tanıdır. Bu bənzərsiz kitab Musa peyğəmbər, Davud padşah və örnək ala biləcəyimiz digər sədaqətli insanların nümunəsi ilə doludur. Yehova Öz tərəfindən nə lazımdırsa edib. Biz də öz üzərimizə düşəni etməliyik — gözümüzü, qulağımızı, ürəyimizi açıb Onu daha yaxından tanımağa can atmalıyıq.

23 Yehova haqda öyrənməyə heç vaxt son qoymayacağıq (Vaiz 3:11). Amma önəmli olan Onun haqda nə qədər çox bilik almağımız yox, bu biliklərdən necə istifadə etməyimizdir. Öyrəndiklərimizə əməl etsək və Yaradanımıza bənzəməyə çalışsaq, O, da bizə yaxınlaşmağa davam edəcək (Yaq. 4:8). Yehova Kəlamı vasitəsilə bizi əmin edir ki, Onu axtaranları heç vaxt tərk etməyəcək.

NƏĞMƏ 80 «Dadın, görün necə gözəldir Yehova»

^ abz. 5 Çoxları Allahın mövcudluğuna inansa da, əslində Onu tanımır. Bəs Yehovanı tanımaq nə deməkdir? Musa peyğəmbərdən və Davud padşahdan Yehova ilə möhkəm dostluq münasibəti qurmaq barədə nə öyrənə bilərik? Məqalə bu suallara cavab verir.