Kontentə keç

Mündəricatı göstər

 TƏLİM MƏQALƏSİ 50

Yehova sizə azadlıq bəxş edir

Yehova sizə azadlıq bəxş edir

«Ölkənin bütün sakinlərinə azadlıq elan edin» (LAV. 25:10).

NƏĞMƏ 22 Qoy Padşahlığın gəlsin!

İCMAL *

1, 2. a) Bəzi insanlar nəyi qeyd edir və Azadlıq ili nə idi? (« Azadlıq ili nə idi?» adlı çərçivəyə baxın.) b) Luka 4:16—19 ayələrinə əsasən, İsa Məsih nə barədə danışmışdı?

BƏZİ ölkələrdə kralın, yaxud kraliçanın hakimiyyətinin 50 illiyini qeyd etmək üçün xüsusi tədbirlər təşkil olunur. Tədbirlər bəzən bir gün, bir həftə, hətta daha uzun çəkir. Amma əvvəl-axır sona yetir və onların bəxş etdiyi sevinc tezliklə unudulur.

2 Qədimdə israillilər də hər 50 ildən bir böyük və möhtəşəm tədbir keçirirdilər. Bütün ili davam edən bu tədbir Azadlıq ili adlanırdı. Azadlıq ili israillilərə azadlıq bəxş edirdi. Nəyə görə bu tədbir bizim üçün də xüsusi maraq kəsb edir? Çünki Azadlıq ili Yehovanın bizim üçün gördüyü möhtəşəm bir tədbiri xatırladır. Bu tədbir bizə əbədi azadlıq bəxş edəcək və ondan artıq indidən yararlana bilərik. İsa Məsih bu möhtəşəm azadlıq haqda danışmışdı. (Luka 4:16—19 ayələrini oxuyun.)

Azadlıq ili israillilərə sevinc gətirirdi, çünki qullar ailələrinə qovuşur və ev-eşiklərini geri alırdı (3-cü abzasa baxın) *

3. Lavililər 25:8—12 ayələrinə əsasən, Azadlıq ilinin israillilərə hansı faydası var idi?

3 İsa Məsihin hansı azadlıqdan danışdığını daha yaxşı anlamaq üçün gəlin Yehovanın qədim İsrail xalqı üçün təsis etdiyi Azadlıq ilini araşdıraq. Yehova israillilərə demişdi: «Əllinci il müqəddəsdir. Həmin il ölkənin bütün sakinlərinə azadlıq elan edin. Bu il sizin üçün Azadlıq ili olacaq. Hər kəs öz evinə, eşiyinə, ailəsinə qayıdacaq». (Lavililər 25:8—12 ayələrini oxuyun.) Əvvəlki məqalədə şənbənin israillilərə gətirdiyi fayda haqda öyrəndik.  Bəs Azadlıq ilinin onlara hansı faydası var idi? Təsəvvür edin ki, bir israilli borca düşür və borcunu qaytarmaq üçün torpağını satmaq məcburiyyətində qalır. Azadlıq ilində həmin torpaq ona geri qaytarılırdı. Buna görə də o, «öz evinə, eşiyinə» qayıda bilirdi və beləcə, övladları öz miraslarını itirmirdi. Bəzən də olurdu ki, israilli borcunu ödəmək üçün övladlarından birini ya da özünü qul kimi satırdı. Azadlıq ilində isə qullar ailələrinin yanına qayıtmalı idi. Odur ki, heç kəs ömürlük qul olaraq qalmırdı! Bu tədbir Yehovanın nə qədər qayğıkeş olduğunu göstərir!

4, 5. Nə üçün qədimdə təsis olunan Azadlıq ili bizi də maraqlandırmalıdır?

4 Azadlıq ilinin israillilərə daha hansı faydası var idi? Yehova demişdi: «Aranızda yoxsulluğa düşən olmamalıdır, çünki Allahınız Yehovanın sizə irs olaraq verəcəyi diyarda Yehova sizə xeyir-bərəkət verəcək» (Qan. 15:4). Bu gün dünyada bunun tam əksi baş verir! Çox vaxt varlılar daha da varlanır, kasıblar isə daha da yoxsullaşır.

5 Biz Musanın qanunu altında deyilik. Yəni bizdən Azadlıq ilinə riayət edib qulları azad etmək, borcları bağışlamaq və insanları öz ev-eşiklərinə qaytarmaq tələb olunmur (Rom. 7:4; 10:4; Efes. 2:15). Bununla belə, Azadlıq ili haqda bilmək bizim üçün də vacibdir. Çünki Azadlıq ili Yehovanın bizi günahın əsarətindən azad etmək üçün gördüyü tədbiri xatırladır.

İSA MƏSİH AZADLIQ BƏYAN EDİR

6. Bəşəriyyətin nədən azad olmağa ehtiyacı var?

6 Hər birimizin azadlığa ehtiyacı var, çünki biz ən amansız quldarlığın — günahın əsarəti altındayıq. Günahlı olduğumuz üçün qocalır, xəstələnir və ölürük. Bunun həqiqət olduğunu güzgüyə baxanda, yaxud müalicə almaq üçün həkimə üz tutanda aydın görürük. Üstəlik, günahlı olduğumuz üçün səhvlərə yol veririk və bu bizi məyus edir. Həvari Bulus cismində yaşayan «günah  qanununun əsiri» olduğunu deyərək əlavə etmişdi: «Necə də yazıq adamam! Ölümə mübtəla olan bu cisimdən məni kim xilas edəcək?» (Rom. 7:23, 24).

7. Əşiya azadlıqla bağlı hansı peyğəmbərliyi etmişdi?

7 Nə xoş ki, Yehova bizi günahdan azad etmək üçün bir tədbir görüb. Bu azadlıq İsa Məsihin sayəsində mümkündür. Eramızdan əvvəl 8-ci əsrdə Əşiya peyğəmbər daha böyük azadlığın olacağını peyğəmbərlik etmişdi. İsraillilərin Azadlıq ili ilə müqayisədə bu azadlıq zamanı daha böyük işlər həyata keçəcək. O yazmışdı: «Külli-İxtiyar Yehovanın ruhu üzərimdədir, çünki Yehova məni həlimlərə müjdə vermək üçün məsh etdi. O, məni qəlbisınıqların yarasını sarımağa, əsirlərə azadlığı... xəbər verməyə göndərdi» (Əşy. 61:1). Bu peyğəmbərlik kimə aiddir?

8. Əşiyanın azadlıq haqda peyğəmbərliyi kimə aiddir?

8 Azadlığa dair bu vacib peyğəmbərlik İsa Məsih xidmətə başlayandan sonra yerinə yetməyə başladı. İsa böyüdüyü Nasirə şəhərində sinaqoqa gedib orada yəhudilərin qarşısında Əşiyanın yazdığı həmin sözləri oxuyanda növbəti sözləri özünə aid etmişdi: «Yehovanın ruhu üzərimdədir, çünki O, məni yoxsullara müjdə vermək üçün məsh etdi. O, məni əsirlərə azadlığı və korlara işığı təbliğ etmək, məzlumlara qurtuluş vermək, Yehovanın iltifat ilini təbliğ etmək üçün göndərdi» (Luka 4:16—19). İsa Məsih bu peyğəmbərliyi necə yerinə yetirdi?

İLK AZAD OLUNANLAR

İsa Məsih Nasirədəki sinaqoqda azadlığı bəyan edir (8 və 9-cu abzaslara baxın)

9. İsanın yaşadığı dövrdə bir çoxları hansı azadlığa qovuşmaq arzusunda idi?

9 İnsanlar Əşiyanın peyğəmbərlik etdiyi və İsanın oxuduğu azadlığı birinci əsrdən almağa başladılar. İsanın «eşitdiyiniz bu ayələr bu gün yerinə yetdi» sözləri bunu təsdiq edir (Luka 4:21). Onun oxuduqlarını eşidənlər ehtimal ki, Romanın əsarətindən azad olacaqlarını gözləyirdilər. Görünür, İsanın şagirdləri də eyni hissləri keçirirdi. Çünki qısa müddət sonra onlardan ikisi belə demişdi: «Eh, biz isə ümid edirdik ki, o, İsraili azad edəcək» (Luka 24:13, 21). Bilirik ki, İsa davamçılarını Romanın ağır boyunduruğuna qarşı üsyan etməyə səsləmirdi. Əksinə, o, «padşaha məxsus şeyləri padşaha» verməyi buyururdu (Mət.  22:21). Bəs həmin vaxt İsa Məsih insanlara hansı azadlığı bəxş etdi?

10. İsa Məsih hansı azadlığa yol açdı?

10 Allahın Oğlu insanları iki sahədə azadlığa çıxarmaq üçün gəlmişdi. Birincisi, İsa din xadimlərinin öyrətdiyi saxta təlimlərdən azad olmaq üçün yol açdı. Həmin dövrdə yəhudilərin bir çoxu insan adətlərinin və saxta inancların qulu idi (Mət. 5:31—37; 15:1—11). Xalqa Allah haqda öyrətdiklərini iddia edənlərin özləri Allaha düzgün ibadət etmədikləri üçün bir növ kor bələdçi idilər. Onlar Məsihi və onun vəd etdiyi ruhani nuru qəbul etməməklə qaranlıqda və günahın köləliyində qaldılar (Yəh. 9:1, 14—16, 35—41). İsa Məsih həqiqəti öyrətməklə və öz gözəl nümunəsi ilə həlim insanlara ruhani azadlığın yolunu göstərdi (Mark 1:22; 2:23—3:5).

11. İsa Məsihin azadlıq bəxş etdiyi ikinci yol hansıdır?

11 İsa Məsihin azadlıq bəxş etdiyi ikinci yol insanları günahın köləliyindən azad etməsi idi. Yehova Məsihin fidyə qurbanlığı əsasında fidyəyə iman gətirənlərin və ona uyğun yaşayanların günahını bağışlayırdı (İbr. 10:12—18). İsa Məsih demişdi: «Əgər Oğul sizi azad etsə, siz, həqiqətən də, azad olacaqsınız» (Yəh. 8:36). Sözsüz ki, bu, israillilərin Azadlıq ilində sahib olduqları azadlıqdan daha möhtəşəm idi! Çünki Azadlıq ilində azad olunan insan yenidən qula çevrilə bilərdi və istənilən halda, o, əvvəl-axır öləcəkdi.

12. İsanın bəyan etdiyi azadlıqdan ilk bəhrələnənlər kimlər idi?

12 Eramızın 33-cü ilinin Əllinci gün bayramında Yehova həvariləri və digər sadiq kişi və qadınları müqəddəs ruhla məsh etdi. Onları oğulluğa götürdü ki, gələcəkdə göylər həyatı üçün diriltsin və onlar İsa ilə hakimiyyət sürsünlər (Rom. 8:2, 15—17). Onlar Məsihin Nasirədəki sinaqoqda bəyan etdiyi azadlıqdan bəhrələnən ilk insanlar idi. Həmin kişi və qadınlar artıq yəhudi din xadimlərinin saxta təlimlərindən və Allahın Kəlamına əsaslanmayan adət-ənənələrdən azad olunmuşdular. Həmçinin Allah onlara ölümə aparan günahdan azad insanlar kimi baxırdı. Eramızın 33-cü ilində Məsihin davamçılarının məsh olunması ilə başlayan simvolik Azadlıq ili onun minillik hakimiyyətinin sonunda bitəcək. Bəs bu gündən o günə qədər nələr həyata keçəcək?

 MİLYONLARLA İNSAN ÜÇÜN AZADLIQ

13, 14. İsa Məsihin bəyan etdiyi azadlığı məsh olunmuşlardan başqa kimlər ala bilər?

13 Bu gün bütün millətlərdən olan milyonlarla səmimi insan «başqa qoyunlar»ın arasındadır (Yəh. 10:16). Allah onları Məsihlə birgə göydə hakimiyyət sürmək üçün çağırmayıb. Müqəddəs Kitabda deyilir ki, onlar yer üzündə əbədi yaşamaq ümidinə malikdirlər. Siz də bu ümidə sahibsiniz?

14 Siz artıq indidən məsh olunmuşların aldığı bəzi nemətləri alırsınız. İsanın axıdılan qanına imanınız sayəsində günahlarınızın bağışlanmasını diləyə bilərsiniz. Bunun sayəsində Allahın razılığını qazanmaq və Onun önündə təmiz vicdana sahib olmaq mümkündür (Efes. 1:7; Vəhy 7:14, 15). Həmçinin uzun illər əsiri olduğunuz saxta təlimlərdən azad olmaqla sahib olduğunuz nemətləri bir düşünün. İsa Məsih demişdi: «Siz həqiqəti dərk edəcəksiniz və həqiqət sizi azad edəcək» (Yəh. 8:32). Bu cür azadlığa sahib olduğumuz üçün necə də xoşbəxtik!

15. Gələcəkdə hansı azadlığı və nemətləri alacağıq?

15 Sizi qarşıda daha böyük azadlıq gözləyir. Yaxın gələcəkdə İsa Məsih yalan dinə və insan hakimiyyətlərinə qarşı qəti  tədbir görüb onları məhv edəcək. Allah Ona xidmət edən «böyük bir izdiham»ı qoruyacaq və onlara yer üzü cənnətdə gözəl nemətlər bəxş edəcək (Vəhy 7:9, 14). Çoxlu sayda insan diriləcək və Adəmin günahının bütün fəsadlarından azad olmaq imkanı əldə edəcək (Həv. 24:15).

16. Bəşəriyyəti hansı möhtəşəm azadlıq gözləyir?

16 Məsih minillik hakimiyyəti zamanı həmvarisləri ilə birgə bəşəriyyətin mükəmməl fiziki və ruhani sağlamlığa yetişməsinə kömək edəcək. Bu bərpa və azadlıq dövrü müəyyən mənada israillilərin Azadlıq ilinə bənzəyəcək. Beləcə, yer üzündə Yehovaya sədaqətlə xidmət edən hər kəs tamamilə kamil olacaq və günahın əsarətindən qurtulacaq.

Yeni dünyada biz faydalı və məmnunluq gətirən işlərlə məşğul olacağıq (17-ci abzasa baxın)

17. Əşiya 65:21—23 ayələrində Allahın xalqının gələcəyi ilə bağlı nə yazılıb? (Üz qabığındakı şəklə baxın.)

17 Yer üzündə həyatın necə olacağına dair peyğəmbərlik Əşiya 65:21—23 ayələrində təsvir olunub. (Ayələri oxuyun.) Həmin vaxt boş-bikar oturmayacağıq. Müqəddəs Kitabda deyilir ki, Allahın xalqı faydalı, məmnunluq gətirən işlərlə məşğul olacaq. Həmin dövrün sonunda isə «xilqət çürüklük əsarətindən qurtulub Allahın övladlarının şanlı azadlığına» qovuşacaq (Rom. 8:21).

18. Bizi parlaq gələcəyin gözlədiyinə nə üçün əmin ola bilərik?

18 Qədimdə Yehova xalqı üçün şənbə günü təsis etmişdi ki, onlar işdən istirahət edib, diqqəti ruhani işlərə yönəltsinlər. Sözsüz ki, Məsihin minillik hakimiyyəti zamanı da ruhani işlərə vaxt ayıracağıq. Allaha ibadət bu gün xoşbəxtliyimizdə əvəzsiz rol oynayır, bu həqiqət yeni dünyada da dəyişməz olaraq qalacaq. Məsihin minillik hakimiyyəti zamanı sadiq insanların hamısı həyatdan sevinc duyacaq, çünki hamımızın məmnunedici işi olacaq və hamımız Yehovaya ibadət edəcəyik.

NƏĞMƏ 142 Ümidimizdən bərk yapışaq

^ abz. 5 Qədimdə israillilərə azadlıq bəxş etmək üçün Yehova Azadlıq ili elan etmişdi. Düzdür, bu gün biz Musanın qanunu altında deyilik, lakin Azadlıq ili bizim üçün də məna kəsb edir. Gəlin Azadlıq ilinin Yehovanın bizim üçün gördüyü bir tədbirə necə bənzədiyinə və bundan necə faydalana biləcəyimizə nəzər salaq.

^ abz. 61 ŞƏKLİN İZAHI: Azadlıq ili ərzində qullar azad olunur və öz evinə, eşiyinə, ailəsinə qayıda bilirdi.