Kontentə keç

Mündəricatı göstər

 TƏLİM MƏQALƏSİ 52

Valideynlər, uşaqlarınıza Yehovanı sevməyi öyrədin

Valideynlər, uşaqlarınıza Yehovanı sevməyi öyrədin

«Övladlar Yehovanın verdiyi mirasdır» (ZƏB. 127:3, haş.).

NƏĞMƏ 134 Övladlar Allahdan paydır

İCMAL *

1. Yehova valideynlərə hansı məsuliyyəti həvalə edib?

YEHOVA ilk insan cütünü yaradanda onların ürəyinə övlad sahibi olmaq istəyini də qoymuşdu. Müqəddəs Kitabda deyilir: «Övladlar Yehovanın verdiyi mirasdır» (Zəb. 127:3, haş.). Hansı mənada? Təsəvvür edin ki, dostunuz sizə külli-miqdarda pul əmanət edir. Hansı hissləri keçirərdiniz? Yəqin sizə etibar etdiyinə görə çox sevinərdiniz. Eyni zamanda, ola bilsin, əmanəti necə qoruyub-saxlayacağınıza görə narahatçılıq keçirərdiniz. Yehova ən yaxın Dost kimi valideynlərə puldan daha dəyərli bir əmanət etibar edir: onlara uşaqlarının qeydinə qalmağı və onların xoşbəxtliyini təmin etməyi tapşırır.

2. Hansı sualları nəzərdən keçirəcəyik?

2 Ər-arvadın uşaq sahibi olub-olmayacağını və yaxud uşağın nə vaxt olacağını kim müəyyən etməlidir? Valideynlər uşaqlarının xoşbəxt ömür sürməsi üçün nə edə bilər? Gəlin məsihi cütlüklərə hikmətli qərarlar verməyə kömək edəcək bir neçə Müqəddəs Kitab prinsipinə nəzər salaq.

ƏR-ARVADIN QƏRARINA HÖRMƏTLƏ YANAŞIN

3. a) Ər-arvadın uşaq sahibi olub-olmayacağına kim qərar verməlidir? b) Ər-arvadların ailələri və dostları Müqəddəs Kitabdakı hansı prinsipləri nəzərə almalıdır?

3 Bəzi mədəniyyətlərdə hesab olunur ki, yeni evlənənlər mümkün qədər tez uşaq sahibi olmalıdır. Hətta bu adət-ənənəni pozmamaları üçün bəzən ailələri və yaxınları onlara təzyiq göstərir. Asiyada yaşayan Cetro adlı bir qardaş deyir: «Yığıncaqda bəzi uşaqlı ailələr uşağı olmayan ər-arvadlara  övlad sahibi olmaları üçün təzyiq göstərirlər». Asiyada yaşayan Cefri adlı digər bir qardaş da deyir: «Bəziləri uşağı olmayan ər-arvadlara deyir ki, qocalanda onlara baxan olmayacaq». Amma hər bir cütlük uşaq sahibi olub-olmayacağına özü qərar verməlidir. Bu onların məsuliyyətidir, qərarı da özləri verməlidir (Qal. 6:5). Təbii ki, yeni ailə quranların əzizləri, yaxınları onların xoşbəxtliyini istəyir. Amma hər kəs yadda saxlamalıdır ki, övlad sahibi olub-olmamaq qərarı ər-arvadın verməli olduğu qərardır (1 Salon. 4:11).

4, 5. Cütlüklər hansı iki mövzunu müzakirə etməlidir və bunu nə vaxt müzakirə etsələr yaxşı olar? İzah edin.

4 Övlad sahibi olmağı planlaşdıran cütlük yaxşı olar ki, iki vacib məqamı müzakirə etsin: «Birincisi, nə vaxt uşaq sahibi olmaq istəyirlər; ikincisi, neçə uşaq istəyirlər». Bunu nə vaxt müzakirə etmək məsləhətdir? Nəyə görə bu iki məqam çox vacibdir?

5 Bir çox hallarda ər-arvadın uşaq mövzusunu ailə qurmazdan öncə müzakirə etməsi məsləhətdir. Nəyə görə? İlk növbədə ona görə ki, bu mövzuda həmfikir olmaları çox vacibdir. Bundan əlavə, onlar bu məsuliyyətin altına girməyə hazır olub-olmadıqlarını götür-qoy etməlidirlər. Bəziləri toydan sonra azı bir-iki il övlad sahibi olmamağı qərarlaşdırıb, çünki valideyn olandan sonra vaxtlarının və güclərinin çoxunu uşağa ayırmalı olacaqlar. Onların fikrincə, bir az gözləməklə ailə həyatına uyğunlaşmaq və bir-birinə daha sıx bağlanmaq üçün özlərinə zaman vermiş olacaqlar (Efes. 5:33).

6. Yaşadığımız dövrü nəzər alaraq bəzi ər-arvadlar hansı qərara gəlib?

6 Bəzi məsihilər isə, Nuh peyğəmbərin üç oğlunun və onların arvadlarının nümunəsini izləməyə üstünlük verir. Bu üç ər-arvad evlənən kimi övlad sahibi olmadı (Yar. 6:18; 9:18, 19; 10:1; 2 But. 2:5). İsa Məsih bizim dövrümüzü Nuhun vaxtına bənzətmişdi. Həqiqətən də, «son dərəcə çətin bir vaxt»da yaşadığımıza şübhə yoxdur (Mət. 24:37; 2 Tim. 3:1). Bunu nəzərə alan bəzi ər-arvadlar Yehovaya xidmətə daha çox vaxt ayırmaq üçün hələ ki, uşaq sahibi olmamaq qərarına gəliblər.

Övlad sahibi olub-olmamağı və neçə uşağının olmasını qərarlaşdırarkən bəsirətli cütlüklər məsrəfləri hesablayır (7-ci abzasa baxın) *

7. Luka 14:28, 29 və Məsəllər 24:3, 4 ayələrindəki prinsiplər cütlüklərə necə kömək edə bilər?

 7 Övlad sahibi olub-olmamağı və neçə uşağının olmasını qərarlaşdırarkən bəsirətli cütlüklər məsrəfləri hesablayır. (Luka 14:28, 29 ayələrini oxuyun.) Təcrübəli valideynlər bilirlər ki, uşağı böyüdüb boya-başa çatdırmaq üçün təkcə pul yox, həmçinin vaxt və güc lazımdır. Odur ki, cütlüklər növbəti sualların üzərində düşünməlidir: «Ailəmizin zəruri tələbatlarını ödəmək üçün ikimiz də işləməli olacağıq? Zəruri tələbatlarımızın nədən ibarət olduğu ilə bağlı həmfikirik? Əgər hər ikimiz də işləməli olacağıqsa, uşaqlara kim baxacaq? Onların düşüncə və davranışına kimlərin təsir etməsini istəyirik?» Bu məsələləri sakit şəkildə müzakirə edən cütlüklər Məsəllər 24:3, 4 ayələrinə əməl edir. (Ayələri oxuyun.)

Anlayışlı ər arvadına dəstək olmaq üçün əlindən gələni edəcək (8-ci abzasa baxın)

8. Ər-arvadlar nələri nəzərə almalıdır və qayğıkeş ər necə davranacaq?

8 Hər iki valideyn uşağa vaxtını və gücünü ayırmalıdır, uşaq buna layiqdir. Buna görə də ailədə bir neçə uşaq varsa və aralarında yaş fərqi azdırsa, valideynlərə hər uşağa lazımi diqqət ayırmaq asan olmur. Bir neçə azyaşlı uşağı olan bəzi valideynlər deyirlər ki, nə deyib, nə edəcəklərini bilmirdilər. Bu, ananı fiziki və emosional cəhətdən əldən sala bilər. Hətta ana o qədər yorula bilər ki, mütaliəyə, duaya və ya xidmətə müntəzəm vaxt ayırmağa gücü qalmaya bilər. Bundan əlavə, bəzən uşaqlı analar üçün ibadət görüşlərində diqqəti toplamaq və görüşlərdən fayda əldə etmək çətin olur. Əlbəttə, qayğıkeş ər istər ibadət görüşündə, istərsə də evdə uşaqlara baxmaqda əlindən gələn qədər arvadına dəstək olacaq. Misal üçün, ev işlərində həyat yoldaşına kömək edə bilər. Bundan başqa, o, ailəvi ibadətdən hər kəsin fayda əldə etməsi üçün var gücü ilə çalışacaq. Həmçinin müntəzəm olaraq ailəsi ilə birgə təbliğ xidmətində iştirak edəcək.

UŞAQLARA ALLAH SEVGİSİ AŞILAYIN

9, 10. Uşaqlarına kömək etmək istəyən valideynlər nə etməlidir?

9 Valideynlər uşaqlara Allah sevgisi aşılamaq üçün nələr edə bilər? Onları bu şər dünyanın təsirindən necə qoruya bilər? Gəlin bəzi addımlara baxaq.

10 Kömək üçün Yehovaya dua edin. Şimşonun valideynləri olan Mənuh və arvadının nümunəsinə nəzər salaq. Mənuh oğlu olacağını biləndə onun tərbiyəsi ilə bağlı Allahdan rəhbərlik diləmişdi.

11. Hakimlər 13:8 ayəsinə əsasən, valideynlər Mənuhdan necə örnək ala bilər?

 11 Bosniya və Herseqovinada yaşayan Nihad və həyat yoldaşı Mənuhdan nümunə götürüb. Onlar deyir: «Mənuh kimi, biz də Yehovaya yalvardıq ki, yaxşı valideyn olmağı öyrətsin. Yehova duamıza müxtəlif yollarla — ayələr, Müqəddəs Kitaba əsaslanan nəşrlər, ibadət görüşləri və toplantılar vasitəsilə cavab verdi». (Hakimlər 13:8 ayəsini oxuyun.)

12. Yusiflə Məryəm övladları üçün hansı nümunəni qoymuşdu?

12 Nümunə qoyun. Sözləriniz önəmli olsa da, əməlləriniz uşağınıza daha çox təsir etməyə qadirdir. Şübhəsiz, Yusiflə Məryəm İsa Məsihə və digər uşaqlarına gözəl nümunə qoymuşdular. Yusif ailəsini dolandırmaq üçün zəhmət çəkirdi. Bununla yanaşı, ev əhlinə ruhani şeyləri dəyərləndirməyi öyrədirdi (Qan. 4:9, 10). Qanuna əsasən, Yusifdən «hər il Yerusəlimə Pasxa bayramına» ailəsi ilə birgə getmək tələb olunmasa da, o, ailəsini də aparırdı (Luka 2:41, 42). Həmin dövrdə, ola bilsin, bəzi ailə başçıları ailəliklə səfər etməyin çətin olduğunu, çoxlu vaxt və pul apardığını düşünürdü. Lakin görünür, Yusif ruhani şeyləri qiymətləndirirdi və uşaqlarına da bunu öyrədirdi. Məryəm də Müqəddəs Yazıları yaxşı bilirdi. Şübhəsiz ki, o həm sözü, həm də əməlləri ilə uşaqlarına Allahın Kəlamına sevgi aşılayırdı.

13. Yusiflə Məryəmin nümunəsi bir ər-arvada necə kömək edib?

13 Yuxarıda adı çəkilən Nihad və həyat yoldaşı Yusiflə Məryəmdən nümunə götürüb. Bu nümunə onlara övladlarını Yehovanın yolunda böyütməyə necə kömək edib? Onlar deyir: «Həyat tərzimizlə övladımıza başa salmaq istəyirdik ki, Yehovanın prinsiplərinə uyğun yaşamaq insana xeyir gətirir». Nihad əlavə edir: «Uşağınızı necə görmək istəyirsinizsə, özünüz elə olun».

14. Nəyə görə valideynlər övladlarının kimlərlə oturub-durduğunu bilməlidir?

14 Övladınıza yaxşı dostlar seçməyə kömək edin. Həm ananın, həm də atanın övladlarının kimlərlə oturub-durduğundan, nə iş gördüyündən xəbəri olmalıdır. Valideynlər həmçinin uşaqlarının sosial şəbəkələrdə və telefonda kimlərlə ünsiyyətdə olduğunu bilməlidir. Çünki ünsiyyət etdiyi şəxslər uşağınızın düşüncə və davranışına güclü təsir edə bilər (1 Kor. 15:33).

15. Valideynlər Cesinin nümunəsindən nə öyrənə bilər?

15 Əgər valideynlər kompüter və mobil cihazlardan istifadə etməyi elə də yaxşı bilmirsə, nə edə bilərlər? Filippində yaşayan Cesi adlı bir ata deyir: «Texnologiyadan elə də başımız çıxmırdı. Amma bu, uşaqlarımıza elektron cihazların təhlükəli tərəflərini başa salmağımıza mane olmadı». Cesinin elektron cihazlardan başı çıxmasa da, uşaqlarına onlardan istifadə etməyi qadağan etmədi. O deyir: «Uşaqlarımı təşviq edirdim ki, bu cihazlardan yeni dil öyrənmək, ibadət görüşlərinə hazırlaşmaq, Müqəddəs Kitabı hər gün oxumaq üçün istifadə etsinlər». Əziz valideynlər, jw.org® saytında «Yeniyetmələr» bölməsindəki məsləhətləri uşağınızla birgə oxuyub müzakirə edirsiniz? Orada yazışmaq və internetdə şəkil paylaşmaqla bağlı gözəl məsləhətlər var. Uşaqlarınızla birgə saytda yer alan «Elektron cihazların qulusan, yoxsa ağası?» və «Sosial şəbəkədən istifadə edərkən ayıq ol» videolarına baxıb,  müzakirə etmisiniz? * Bu kimi materiallar uşaqlarınıza elektron cihazlardan ağılla istifadə etməyi öyrətməkdə sizə çox kömək edə bilər (Məs. 13:20).

16. Bir çox valideyn övladları üçün nələr edib və bu, hansı nəticələri verib?

16 Bir çox valideyn övladlarının nümunəvi məsihilərlə vaxt keçirməsinə şərait yaratmaq üçün əllərindən gələni edir. Misal üçün, Kot-d’İvuarda yaşayan Nideni və Bomin adlı bir cütlük tez- tez rayon nəzarətçisini evlərində qalmağa dəvət edirdi. Nideni deyir: «Bu, oğlumuza çox yaxşı təsir etdi. O, öncül xidmətinə başladı və indi rayon nəzarətçisinin köməkçisi kimi xidmət edir». Siz də övladınız üçün bu kimi şəraitlər yarada bilərsiniz?

17, 18. Valideynlər uşaqlarını nə vaxtdan öyrətməyə başlamalıdır?

17 Uşaqları körpəlikdən öyrədin. Valideynlər uşaqlara nə qədər tez tərbiyə verməyə başlasa, bir o qədər yaxşıdır (Məs. 22:6). Gəlin həvari Bulusla səyahətlər edən Timutinin nümunəsinə baxaq. Timutinin anası Evniki və nənəsi Lois onu «körpəlikdən» öyrətmişdi (2 Tim. 1:5; 3:15).

18 Kot-d’İvuarda yaşayan başqa bir ər-arvad, Jan-Klod və həyat yoldaşı altı uşağının hamısına Yehovanı sevməyi öyrədib. Onlara nə kömək edib? Bu ər-arvad Evniki və Loisdən nümunə götürüb. Onlar deyir: «Allahın Kəlamını uşaqlarımıza körpəlikdən — doğulandan qısa müddət sonra aşılamağa başladıq» (Qan. 6:6, 7).

19. Allahın Kəlamını uşağa aşılamaq nə deməkdir?

19 Uşağa Yehovanın Kəlamını aşılamaq deyilərkən nə nəzərdə tutulur? «Aşılamaq» sözü «tez-tez təkrarlamaqla öyrətmək və təlqin etmək» deməkdir. Bunu etmək üçün valideynlər müntəzəm olaraq uşaqları ilə vaxt keçirməlidir. Hərdən, ola bilsin, bəzi qaydaları uşaqlara dəfələrlə təkrarlamaq sizi yora bilər. Lakin valideynlər buna Allahın Kəlamını uşağa başa salmağın və onu tətbiq etməyin bir üsulu kimi yanaşa bilər.

Valideynlər hər bir uşağa necə tərbiyə verəcəyini müəyyənləşdirməlidir (20-ci abzasa baxın) *

20. Zəbur 127:4 ayəsini uşaqların tərbiyəsinə necə tətbiq etmək olar?

 20 Uşaqlarınızı yaxşı tanıyın. 127-ci məzmurda uşaqlar oxla müqayisə olunur. (Zəbur 127:4 ayəsini oxuyun.) Oxlar müxtəlif materiallardan və müxtəlif ölçüdə olduğu kimi, uşaqlar da bir-birindən fərqlənir. Buna görə də valideynlər hər bir uşağa necə tərbiyə verəcəklərini müəyyən etməlidir. Müasir İsraildə yaşayan bir ər-arvad hər iki övladını Yehovanın yolunda böyütməkdə onlara nəyin kömək etdiyi barədə deyir: «Hər uşağımızla Müqəddəs Kitab dərsini ayrı-ayrılıqda keçirdik». Uşaqlara dərsi bu cür keçməyin mütləq olub-olmadığına və bunun mümkünlüyünə, əlbəttə ki, hər bir ailə başçısı qərar verir.

YEHOVA SİZƏ KÖMƏK EDƏCƏK

21. Valideynlər Yehovadan hansı köməyi ala bilər?

21 Bəzən uşaqlara tərbiyə vermək valideynləri əldən sala bilər. Lakin uşaqlar Yehovadan hədiyyədir və O, kömək etməyə həmişə hazırdır. O, valideynlərin dualarını məmnuniyyətlə dinləyir. Və bu dualara Müqəddəs Kitab, nəşrlərimiz və yığıncaqdakı yetkin valideynlərin nümunəsi və məsləhətləri vasitəsilə cavab verir.

22. Valideynlərin övladlarına verə biləcəyi ən dəyərli şeylər hansılardır?

22 Deyirlər ki, uşaq böyütmək 20-illik layihədir. Lakin uşaq həddi-büluğa çatsa da, valideyn elə valideyn olaraq qalır. Onların uşaqlarına verə biləcəyi ən yaxşı şey məhəbbət, vaxt və Müqəddəs Kitaba əsaslanan tərbiyədir. Hər bir uşaq tərbiyəni fərqli qəbul edir. Yehovanı sevən valideynlərin tərbiyəsi ilə böyümüş bir çox məsihi Asiyada yaşayan Coanna Mey adlı bacının hisslərinə şərikdir. O deyir: «Aldığım tərbiyə haqda düşünəndə valideynlərimin verdiyi tərbiyəyə və mənə Yehovanı sevməyi öyrətdiklərinə görə ürəyim minnətdarlıqla aşıb-daşır. Onlar mənə sadəcə həyat bəxş etməyiblər, mənə mənalı həyat bəxş ediblər» (Məs. 23:24, 25). Milyonlarla məsihi eyni hissləri keçirir.

NƏĞMƏ 59 Həmd et Yaha!

^ abz. 5 Evli insanların mütləq uşağı olmalıdır? Əgər onlar uşaq istəyirlərsə, neçə uşaqları olmalıdır? Valideynlər uşaqlarına Yehovanı sevməyi və Ona xidmət etməyi necə öyrədə bilər? Məqalədə bu suallara cavab tapmağa kömək edən müasir nümunələr və Müqəddəs Kitab prinsipləri yer alır.

^ abz. 15 Həmçinin «Gənclərin sualları. Praktiki məsləhətlər» kitabının I cildinin 36-cı fəslinə və II cildinin 11-ci fəslinə (rus.) baxın.

^ abz. 60 ŞƏKLİN İZAHI: Məsihi cütlük övladın bəxş etdiyi sevinclə yanaşı, öhdəçilikləri də ölçüb-biçərək uşaq sahibi olub-olmayacaqlarını müzakirə edir.

^ abz. 64 ŞƏKLİN İZAHI: Övladlarının yaşı və dərketmə qabiliyyəti fərqli olduğu üçün valideynlər onlarla ayrı-ayrılıqda dərs keçir.