Kontentə keç

Mündəricatı göstər

Gənclər, gəncliyinizi gözəl yaşayın!

Gənclər, gəncliyinizi gözəl yaşayın!

«Mənə həyat yolunu öyrədirsən» (ZƏB. 16:11).

NƏĞMƏ: 133, 89

1, 2. Bir şagirdin hadisəsi həyatda dəyişiklik etməyin mümkün olduğunu necə göstərir?

YUXARI sinifdə oxuyan Toni adlı bir şagird məktəbi yarımçıq qoymaq qərarına gəlir. Atasız böyüyən bu gəncin məktəbdə oxumağa heç bir həvəsi yox idi və həftəsonlarını kinoteatrlarda, ya da dostları ilə keçirirdi. O, nə davakar idi, nə də narkoman. Sadəcə olaraq, həyat onun üçün tamamilə mənasız idi. Toni Allahın varlığına da şübhə ilə yanaşırdı. Bir gün o, Yehovanın Şahidlərinə rast gəlir. Onlara öz şübhələri barədə danışır və suallar verir. Şahidlər ona «Həyatın əmələ gəlməsi. Beş vacib suala cavab» və «Həyat necə yaranıb?» adlı broşürləri verir.

2 Növbəti dəfə Şahidlər Tonini ziyarət edəndə görürlər ki, onun düşüncə tərzi tamamilə dəyişib. O, broşürləri o qədər oxumuşdu ki, ikisi də əzik-əzik olmuşdu. Toni demişdi: «Allah var, başqa cür ola bilməz». Toni Müqəddəs Kitab dərsi keçməyə başlayır və nəticədə onun həyata olan baxışı dəyişir. Əvvəllər məktəbdə pis oxuduğu halda, məktəbin ən yaxşı oxuyan şagirdlərindən biri olur. Onun yeni dini haqda məlumatı olan məktəb direktoru heyrət içində deyir: «Sənin davranışında və qiymətlərində inanılmaz dəyişiklik var. Bu sənin Yehovanın Şahidləri ilə əlaqəndən qaynaqlanmır ki?» Toni «bəli» deyib, direktora yaxşı  şahidlik verir. Məktəbi müvəffəqiyyətlə başa vuran Toni hal-hazırda öncül və yığıncaq xidmətçisi kimi xidmət edir. O, Yehova kimi gözəl Ata tapdığına görə çox xoşbəxtdir (Zəb. 68:5).

YEHOVAYA İTAƏT EDİN VƏ MÜVƏFFƏQİYYƏT QAZANIN

3. Yehova gənclərə nə məsləhət görür?

3 Toninin hadisəsi bizə bir daha xatırladır ki, Yehova gənclərlə yaxından maraqlanır. Yehova istəyir ki, gənclər həyatda uğur qazansınlar, ən gözəl həyat yaşasınlar. Buna görə də O sizlərə növbəti məsləhəti verir: «Cavanlıq günlərində Ulu Yaradanını xatırla» (Vaiz 12:1). İndiki zəmanədə bu, o qədər də asan deyil. Amma mümkünsüz də deyil. Allahın köməyi ilə siz təkcə gənclik illərində yox, bütün həyatınız boyu müvəffəqiyyət qazana bilərsiniz. Gəlin bunu Vəd edilmiş diyarı fəth edən israillilərin və Caluta qalib gələn Davudun nümunəsi əsasında araşdıraq.

4, 5. Kənan diyarını fəth etmiş israillilərdən və Calutu məğlub edən Davuddan nə öyrənirik? (Məqalənin əvvəlindəki şəkillərə baxın.)

4 İsraillilər Vəd edilmiş diyarın astanasında olanda Yehova onlara döyüşə hazırlaşmağı tapşırmadı (Qan. 28:1, 2). Əksinə, Onun qanunlarına itaət etməli və Ona etibar etməli olduqlarını söylədi (Yuş. 1:7—9). İnsan nöqteyi-nəzəri ilə bu məsləhət ağlabatan görünməyə bilərdi, amma bu, ən yaxşı məsləhət idi. Yehova xalqına kənanilər üzərində qələbə dalınca qələbə verdi (Yuş. 24:11—13). Bəli, Yehovaya itaət etmək üçün iman gərəkdir və bu iman həmişə müvəffəqiyyət gətirir. Bu həqiqət vaxt ötdükcə dəyişmir, keçmişdə olduğu kimi, bu gün də öz dəyərini qoruyub saxlayır.

5 Güclü döyüşçü olan Calutun boyu 2,9 metr idi və o, yaxşı silahlanmışdı (1 İşm. 17:4—7). Amma Davudun sapanddan və Allahı Yehovaya imanından başqa heç nəyi yox idi. Çox yəqin ki, Davud imansızların gözündə axmaq kimi görünürdü. Amma onlar çox yanılırdılar! Çünki axmaq olan Davud yox, Calut idi (1 İşm. 17:48—51).

6. Məqalədə nəyi müzakirə edəcəyik?

6 Ötən məqalədə həyatda daha xoşbəxt olmağımıza və müvəffəqiyyət qazanmağımıza səbəb olan dörd sahədən danışdıq. Öyrəndik ki, ruhani tələbatlarımızı təmin etməli, Yehovanı sevən insanlarla dostluq etməli, dəyərli məqsədlər qoymalı və Yehovanın bizə verdiyi azadlığı qiymətləndirməliyik. Gəlin bu mövzunu bir az da dərindən araşdırmaq üçün Zəbur 16-cı məzmurdakı prinsiplərdən bəzilərinə nəzər salaq.

RUHANİ TƏLƏBATLARINIZI TƏMİN EDİN

7. a) Ruhani düşüncəli insanı necə təsvir edərdiniz? b) Davudun nəsibi kim idi və bu onda hansı hissləri oyadırdı?

7 Ruhani düşüncəli insan Allaha inanır və hər şeyə Onun gözü ilə baxmağa çalışır. Belə insan rəhbərlik üçün Allaha üz tutur və Ona itaət etməyə qərarlı olur (1 Kor. 2:12, 13). Davud bu sahədə gözəl nümunədir. O, «Yehova nəsibim, payımdır, piyaləmə düşən paydır» deyərək Yehovanı tərənnüm edirdi (Zəb. 16:5). Bu paya Davudun pənahına sığındığı Allahla yaxın münasibəti daxil idi (Zəb. 16:1). Bəs bunların qarşılığında o, hansı hissləri keçirirdi? Davud yazmışdı: «Bütün varlığım şadlanır». Bəli, Yehova ilə sıx münasibətləri qədər Davuda xoşbəxtlik bəxş edən ikinci bir şey yox idi. (Zəbur 16:9, 11 ayələrini oxuyun.)

8. Hansı amillər insanın həyatına həqiqi məmnunluq qatır?

8 Həyatını zövq-səfaya, var-dövlətə həsr edən insan heç vaxt Davud kimi xoşbəxtlik duya bilməz (1 Tim. 6:9, 10). Kanadadan olan bir qardaş deyir: «İnsana  əsl məmnunluq gətirən bu dünyadan əldə etdikləri yox, hər bir gözəl payın Sahibi Yehovaya verdikləridir» (Yaq. 1:17). Yehova Allaha iman yetişdirib Ona ibadət etmək həyatınıza məna qatacaq və sizə sevinc bəxş edəcək. Bəs imanı necə artırmaq olar? Bunun üçün məcazi dillə desək, Yehova ilə birgə vaxt keçirməlisiniz, yəni Kəlamını oxumalı, yaratdıqlarını seyr etməli, xüsusiyyətləri, sizə olan məhəbbəti üzərində düşünməlisiniz (Rom. 1:20; 5:8).

9. Allahın Kəlamının sizi formalaşdırması üçün nə edə bilərsiniz?

9 Yehovanın bizə bəslədiyi məhəbbət hərdən ata kimi verdiyi düzəlişlərdən də görünür. Davud bu cür xeyirxahlıqla verilən məsləhətləri sevə-sevə qəbul edirdi. O demişdi: «Mənə nəsihət verən Yehovaya şükürlər olsun! Gecələr ürəyim də məni islah edir» (Zəb. 16:7). Bəli, Davud Yehovanın düşüncə tərzi üzərində dərindən fikirləşərək onları mənimsəyirdi və bu cür düşüncə tərzinin onu formalaşdırmasını istəyirdi. Əgər siz də belə etsəniz, Yehovaya olan məhəbbətiniz və Ona itaət etmək istəyiniz artacaq. Həmçinin ruhən yetkin məsihi olacaqsınız. Kristin adlı bir bacı demişdi: «Araşdırma aparanda və oxuduqlarımın üzərində dərindən düşünəndə mənə elə gəlir ki, Yehova bunları məhz mənim üçün yazdırıb».

10. Əşiya 26:3 ayəsində qeyd olunduğu kimi, ruhani düşüncəli olmağın hansı faydası var?

10 Ruhani düşüncə sizə dünyanı və onun gələcək aqibətini Yehovanın gözü ilə görməyə kömək edir. Bəli, Yehova sizə belə bir müstəsna bilik və dərrakə verib. Çünki O istəyir ki, siz həyatda nəyin daha vacib olduğunu ayırd edib, hikmətli qərarlar verəsiniz və gələcəyə əminliklə baxasınız. (Əşiya 26:3 ayəsini oxuyun.) Birləşmiş Ştatlarda yaşayan Coşua adlı bir qardaş deyir ki, Yehovaya bağlı qalanda insan nəyin vacib olduğunu, nəyin olmadığını aydın görə bilir. Doğrudan da elədir və bu, insana məmnunluq bəxş edir!

ƏSL DOSTLAR QAZANIN

11. Davud əsl dostlar qazanmağın sirrini nədə görürdü?

11 Zəbur 16:3 ayəsini oxuyun. Davud əsl dostlar qazanmağın sirrini bilirdi. O, Yehovanı sevənlərin əhatəsində olmağı zövqü-səfa adlandırırdı. Davud dostlarının «müqəddəs bəndələr» olduğunu söyləməklə onların təmiz əxlaqlı, düzgün insanlar olduğunu qeyd edirdi. Başqa bir məzmurçu da dost seçimi haqda oxşar fikirlər söyləmişdi. O demişdi: «Səndən qorxanlarla, buyruqlarına əməl edənlərlə dostam» (Zəb. 119:63). Ötən məqalədə araşdırdığımız kimi, siz Yehovaya itaət edən, Ondan qorxan insanlar arasında çoxlu yaxşı dostlar tapa bilərsiniz və vacib deyil ki, onlar sizinlə eyni yaşda olsunlar.

12. Davudla Yonatanın möhkəm dostluğunun əsasında nə dururdu?

12 Məzmurçu Davudun dostları təkcə həmyaşıdları deyildi. Onun «nəcib» adlandırdığı əziz dostunun adını xatırlayırsınız? Bu, Yonatan idi. Onların dostluğu Müqəddəs Kitabda qələmə alınmış ən gözəl dostluq örnəklərindəndir. Bilirsiniz ki, Yonatan Davuddan 30 yaş böyük idi? Bəs onların arasındakı möhkəm dostluğun əsasında nə dururdu? Hər ikisi Allaha iman edirdi, aralarında qarşılıqlı hörmət var idi. Allahın düşmənlərinə qarşı döyüşdə göstərdikləri şücaət də bir-birilərində qiymətləndirdikləri xüsusiyyətlərdən idi (1 İşm. 13:3; 14:13; 17:48—50; 18:1).

13. Dost əhatənizi necə genişləndirə bilərsiniz? Nümunə çəkin.

13 Davudla Yonatan kimi, biz də Yehovanı sevən və Ona imanını göstərən insanların əhatəsində «zövqü-səfa» çəkə bilərik. İllərdir Yehovaya xidmət edən Kera adlı bacı deyir: «Mənim dünyanın hər yanında  fərqli mədəniyyətdən olan dostlarım var». Siz dostluq dairənizi genişləndirməklə Allahın Sözünün və ruhunun birləşdirici gücünə şahid ola bilərsiniz.

DƏYƏRLİ MƏQSƏDLƏRƏ CAN ATIN

14. a) Həyatda dəyərli məqsədlər qoymaq üçün nə edə bilərsiniz? b) Bəzi gənclər ruhani məqsədlərlə bağlı hansı fikirdədir?

14 Zəbur 16:8 ayəsini oxuyun. Davudun həyatı Allaha ibadət üzərində qurulmuşdu. Siz də Yehovaya ibadəti həyatınızda hər şeydən üstün tutsanız və qoyduğunuz məqsədlərdə Yehovanın istəyini nəzərə alsanız, həyatdan məmnunluq duyacaqsınız. Stiven adlı bir qardaş deyir: «Qoyduğum məqsədlərə can atmaq, onlara çatmaq və geriyə boylananda nələrə nail olduğumu görmək mənə böyük məmnunluq bəxş edir». Başqa bir ərazidə xidmət edən bir alman qardaş deyir: «İstəmirəm ki, qocalanda geriyə boylanıb həyatda hər şeyi ancaq özüm üçün etdiyimi görüm». Ümid edirik ki, siz də bu cür düşünürsünüz. Əgər elədirsə, onda bacarıq və qabiliyyətinizi Yehovanı şərəfləndirmək və başqalarına kömək etmək üçün istifadə edin (Qal. 6:10). Qarşınıza ruhani məqsədlər qoyun və onlara çatmaq üçün Yehovadan kömək istəyin. Yehova bu cür dualara məmnuniyyətlə cavab verir (1 Yəh. 3:22; 5:14, 15).

15. Siz qarşınıza hansı məqsədləri qoya bilərsiniz? (« Bəzi faydalı məqsədlər» adlı çərçivəyə baxın.)

15 Siz hansı məqsədlər qoya bilərsiniz? Məsələn, ibadət görüşlərində öz sözlərinizlə şərh verməyi, öncül olmağı, yaxud Beyteldə xidmət etməyi məqsəd qoya bilərsiniz. Həmçinin əcnəbidilli ərazidə xidmət etmək üçün yeni dil öyrənmək olar. Tamvaxtlı xidmətdə olan Barak adlı bir gənc deyir: «Hər gün səhər oyananda gücümü Yehovaya sərf edəcəyimi bilmək heç bir işin gətirə bilməyəcəyi sevinci bəxş edir».

YEHOVANIN VERDİYİ AZADLIĞI QİYMƏTLƏNDİRİN

16. Davud Yehovanın qanun və prinsipləri haqda nə düşünürdü və nə üçün?

16 Zəbur 16:2, 4 ayələrini oxuyun. Ötən məqalədən gördüyümüz kimi, Allahın qanun və prinsipləri əsasında yaşamaq bizə azadlıq bəxş edir. Onların sayəsində yaxşını sevməyi, pisə isə nifrət etməyi  öyrənirik (Ams. 5:15). Məzmurçu Davud Yehovanı «yaxşılığımın mənbəyi» adlandırmışdı. Yaxşılıq sözü yüksək mənəviyyat, ləyaqət deməkdir. Davud yaxşılıq etməkdə Yehovaya bənzəmək üçün əlindən gələni edirdi. O həmçinin Yehovanın gözündə pis olan şeylərə nifrət etməyi öyrənirdi. Bunlardan biri bütpərəstlik idi. Bütpərəstlik insanın ləyaqətini alçaldır və Yehovanın layiq olduğu şərəfi bir başqasına verir (Əşy. 2:8, 9; Vəhy 4:11).

17, 18. a) Davud yalan ibadətin nəticələri barədə nə söyləmişdi? b) Bu gün nələr insanların «dərd-sərini» artırır?

17 Müqəddəs Kitabın yazıldığı dövrdə yalan dinlərdə əxlaqsızlıq da geniş yayılmışdı (Huşə 4:13, 14). İnsanlar bu cür ibadəti qəbul edirdilər, çünki əxlaqsızlıq günahlı bədənin istəyini təmin edirdi. Lakin bu cür ibadət əsl xoşbəxtlik gətirmirdi. Əksinə, Davud peyğəmbər demişkən, yalan allahlara ibadət edənlər dərd-sərlərini artırırdı. Üstəlik, onlar nə qədər körpənin həyatına bais olurdular (Əşy. 57:5). Yehova onların bu qəddarlığından ikrah edirdi! (Ərm. 7:31). Həmin dövrdə yaşasaydınız, sözsüz ki, valideynlərinizin Yehovaya ibadət etdiyinə görə şükür edərdiniz!

18 Bu gün də yalan din çox vaxt cinsi əxlaqsızlığa, hətta homoseksualizmə göz yumur. Bu cür işlərlə məşğul olanlar özlərini azad insan hesab etsələr də, çox vaxt Müqəddəs Kitabın yazıldığı dövrdəki aqibətlə üzləşirlər (1 Kor. 6:18, 19). Özünüz də gördüyünüz kimi, reallıqda insanlar dərd-sərlərini artırırlar. Odur ki, əziz gənclər, səmavi Atanızın sözünə qulaq asın. Əmin olun ki, Ona itaət etmək sizin rifahınızadır. Əxlaqsızlığın gətirdiyi acı nəticələr haqqında yaxşı-yaxşı düşünün. Onda görəcəksiniz ki, heç bir ani həzzə görə bu əzabları çəkməyə dəyməz (Qal. 6:8). Yuxarıda haqqında bəhs etdiyimiz Coşua deyir: «Sahib olduğumuz azadlıqdan istədiyimiz kimi istifadə edə bilərik, amma ondan sui-istifadə etmək heç də məmnunluq gətirmir».

19, 20. Yehovaya iman edib Ona itaət edən gənclər hansı nemətləri alacaqlar?

19 İsa Məsih davamçılarına demişdi: «Əgər mənim sözlərimə daima əməl etsəniz, deməli, siz, həqiqətən, mənim şagirdlərimsiniz. Siz həqiqəti dərk edəcəksiniz və həqiqət sizi azad edəcək» (Yəh. 8:31, 32). Bu azadlığa yalan dindən, cəhalət və mövhumatdan azadlıq da daxildir. Hələ bu harasıdır. Qeyd etdiyimiz kimi, gələcəkdə «Allahın övladlarının şanlı azadlığına» qovuşmaq ümidimiz var (Rom. 8:21). Məsihin sözlərinə daima əməl edərək bu azadlığı indidən dadın. Onda siz təkcə öyrənməklə yox, həm də həyat tərzinizlə «həqiqəti dərk edəcəksiniz».

20 Əziz gənclər, Yehovanın sizə bəxş etdiyi azadlığın qədrini bilin! Bu azadlıqdan ağılla istifadə edərək gələcəyiniz üçün gözəl təməl qoyun. Bir gənc qardaş demişdi: «İnsanın gənc yaşlarda azadlığından ağılla istifadə etməsi daha böyük qərarlarla üzləşdiyi vaxt köməyinə çatır. İstər bu, münasib iş tapmaq, ailə qurmaq, bir müddət subay qalmaq olsun, istərsə də başqa şey».

21. Əsl həyata aparan yolda qalmağa sizə nə kömək edə bilər?

21 Bu dünyada hətta yaxşı adlandırdığımız həyat belə çox qısa və etibarsızdır. Sabah nə baş verəcəyini heç kim bilmir (Yaq. 4:13, 14). Ona görə də bu dünyada ən ağıllı hərəkət əsl həyata — əbədi həyata aparan yolda yeriməkdir (1 Tim. 6:19). Əlbəttə, Allah heç kəsi bu yolla getməyə məcbur etmir. Hər kəs özü seçim etməlidir. Qoy Yehova nəsibiniz, payınız olsun! Yehovanın sizə verdiyi «yaxşı nemətlər»i qiymətləndirin (Zəb. 103:5). Əmin olun ki, Yehova sizə «əbədi səadət» və aşıb-daşan sevinc verməyə qadirdir (Zəb. 16:11).