Kontentə keç

Mündəricatı göstər

İnsan genlərini idarə etməklə ömrü uzatmaq mümkün olub?

Ölməzlik axtarışında

Ölməzlik axtarışında

«Allahın bəşər övladlarına verdiyi məşğuliyyəti gördüm. O, hər şeyi vaxtında və gözəl etdi. İnsanların ürəyinə əbədiyyət qoydu» (Vaiz 3:10, 11).

SÜLEYMAN PEYĞƏMBƏRİN dediyi bu sözlərdə insanların yaşamaq istəyi dəqiqliklə öz əksini tapıb. Həyat qısa, ölüm isə qaçılmaz olduğundan insanlar həmişə uzun ömür arzusunda olublar. Tarix boyu insanların ölməzlik axtarışında olmasıyla bağlı çoxlu əhvalatlar, əfsanələr mövcuddur.

Məsələn, götürək Şumer hökmdarı Gilqameşi. Onun həyatı haqqında çoxlu əfsanələr var. Bu əfsanələrdən biri «Gilqameş dastanı»nda yazılıb. Guya o, ölümdən qurtulmağın sirrini öyrənmək üçün təhlükəli bir səfərə yollanır. Ancaq onun cəhdləri boşa çıxır.

Orta əsr kimyagəri öz laboratoriyasında

Eramızdan əvvəl IV əsrdə Çin kimyagərləri ömrü uzatmaq üçün iksir hazırlamağa çalışmışdılar. Onlar civə və mərgümüş birləşməsindən ibarət bir maddə hazırlamışdılar. Belə hesab olunur ki, bu iksir bir neçə Çin imperatorunun ölümünə səbəb olmuşdu. Orta əsrlərdə Avropada kimyagərlər qızılı insan orqanizminin həzm edə biləcəyi bir maddəyə çevirmək istəyirdilər. Onlar fikirləşirdilər ki, qızıl paslanmadığına görə insan ömrünü də uzada bilər.

Bu gün biologiya və genetika üzrə bəzi alimlər yaşlanmanın səbəbini tapmağa çalışırlar. Onların axtarışları göstərir ki, insanlar hələ də qocalığın və ölümün qarşısını almaq arzusundadır. Bəs bu axtarışların nəticəsi nə oldu?

ALLAH «İNSANLARIN ÜRƏYİNƏ ƏBƏDİYYƏT QOYDU» (VAİZ 3:10, 11)

MÜASİR DÖVRDƏKİ AXTARIŞLAR

İnsan orqanizmindəki hüceyrələri öyrənən alimlər qocalmanın və ölümün səbəbi kimi 300-dən çox nəzəriyyə irəli sürürlər. Son illərdə molekulyar bioloqlar laboratoriya heyvanlarının və insan hüceyrələrinin yaşlanmasını ləngitmək üçün genləri və zülalları idarə etməyə müvəffəq olmuşlar. Bu cür nailiyyətlər bəzi zəngin insanları «ölümün səbəbinin» araşdırılmasını maliyyələşdirməyə təşviq etmişdir. Bəs bu araşdırmalar hansı istiqamətlərdə aparılır?

İnsanın bioloji saatını geri çəkməyə cəhd edirlər. Bəzi bioloqlar düşünür ki, yaşlanmanın əsas səbəbi xromosomların uc hissəsi olan telomerlərdir. Hüceyrələr bölünəndə telomerlər genetik məlumatı qoruyur. Amma hüceyrə hər dəfə bölündükcə telomerlər qısalır. Nəticədə, hüceyrələrin bölünməsi dayanır və qocalma prosesi başlayır.

 2009-cu ildə Nobel mükafatı laureatı Elizabet Blekbörn və onun heyəti telomerlərin qısalmasını və nəticə etibarı ilə hüceyrənin qocalmasını ləngidən enzim kəşf etmişdilər. Lakin onlar etiraf edirlər ki, telomerlər «ömrü uzadan sehrli bir şey deyil. Onlar insanın adi ömür müddətindən artıq yaşamasını təmin etmirlər».

Hüceyrənin yenidən proqramlaşdırılması yaşlanmanı dayandırmaq üçün alimlərin əl atdığı digər bir üsuldur. Hüceyrələr qocalıb bölünə bilməyəndə yaxınlıqdakı immun hüceyrələrinə yanlış siqnallar göndərməyə başlayırlar. Bu isə iltihaba, xroniki ağrılara və xəstəliyə səbəb olur. Bu yaxınlarda Fransada alimlər qocalardan götürdükləri hüceyrələri yenidən proqramlaşdırmışdılar. Bu adamlardan bəzilərinin yaşı 100-dən artıq idi. Tədqiqat qrupunun rəhbəri Jan-Mark Lemetr bəyan etmişdir ki, onların apardıqları tədqiqat «hüceyrədə qocalma prosesinin əks istiqamətə yönələ bildiyini» aşkara çıxarmışdı.

ELM ÖMRÜ UZADA BİLƏR?

Bir çox alimlər deyirlər ki, qocalmanın qarşısını alan çoxlu müalicə üsulları olsa da, insan ömrünü indikindən artıq uzatmaq mümkün olmayacaq. Düzdür, insanların orta yaşama müddəti XIX əsrdən bəri artmaqdadır. Ancaq bu, əsas etibarı ilə gigiyena qaydalarına düzgün riayət edilməsi, infeksion xəstəliklərə qarşı müvəffəqiyyətlə tədbir görülməsi, antibiotiklərdən və vaksinlərdən istifadə olunması sayəsində mümkün olur. Genetik alimlərin bəziləri düşünür ki, insanın yaşam müddətinin uzunluğu artıq özünün son həddinə çatıb.

Təxminən 3500 il bundan əvvəl Musa peyğəmbər Müqəddəs Kitabda yazmışdı: «Yetmiş il ancaq yaşarıq, canı sağlam olan, bəlkə, səksənə yetişə. O da ki əzabla, qəm-qüssə ilə keçər, ömrümüz tez ötür, uçub gedirik» (Zəbur 90:10). Ömrü uzatmaq üçün insanların göstərdikləri cəhdlərə baxmayaraq, ömrün müddəti elə Musa peyğəmbərin dediyi kimi qalır.

Digər tərəfdən, bəzi tısbağalar 150 ildən çox yaşayır. Nəhəng sekvoya kimi ağaclar isə min illərlə yaşaya bilir. İnsan ömrünü bu və digər canlıların ömrü ilə müqayisə edəndə, adam fikirləşir ki, insan elə 70—80 il yaşamaq üçün yaranıb?